“Düz bazar”, yoxsa bazar?
Hikmət Nazim
Yatsam yuxuma da girməzdi ki, bir gün Rövşanə Ağasəfqızının verilişi haqqında yazacam. Əslində, televizora baxan adam da deyiləm. “Feysbuk” dostlarımdan biri status yazmışdı ki, efirdə ədəbiyyat söhbəti gedir. Maraqlı gəldi. Həm də mövzu bu yaxınlarda trendə çevrilən “Hər yer ədəbiyyat” həştəqi idi deyə baxdım.
Söhbət oktyabrın 28-də yayımlanan “Düz bazar” verilişindən gedir. Sosial şəbəkələrdəki paylaşımlardan az da olsa məlumatım vardı ki, dinləmə mədəniyyətinə görə tez-tez tənqid olunan Rövşanə xanım verilişinə dəvət etdiyi qonaqların sözünü kəsir. Sual verir, qonaq iki kəlmə danışmağa macal tapmamış özü davam edir. Çox güman ki, reytinq xətrinə gərəksiz müdaxilələrlə camaatı biri-birinə qarşı qoyur…
Dünyada da kifayət qədər reytinqli verilişlər var. O verilişlərdə aparıcı sual verib durur bir kənarda. Heç bir şəkildə müdaxilə etmir. Yalnız o halda müdaxilə edir ki, görür sualdan sonra yaranan mübahisə artıq əlbəyaxa davaya çevrilib. Onda da mühafizəçiləri çağırır, onlar gəlib camaatı sakitləşdirirlər. Yenə deyirəm, heç bir halda telejurnalist söhbətlərin mərkəzində olmur. Rövşanə xanımın verilişində isə…
Bütün bunları gözümün altına alıb bir stəkan çay süzdüm, kanalı verilişin yayımlandığı ARB telekanalına çevirdim. Ümid edirdim aparıcı heç olmasa bu dəfə verilişi fərqli aparar, çünki qonaq qismində müasir yazarları çağırmışdı. Üstəlik, bildiyim qədərilə, bu tanınmış aparıcımız Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, filologiya elmləri namizədidir. Ədəbiyyat xatirinə sözü qonaqlarına buraxacağını gözləyirdim.
Nə yazıq ki, veriliş başlayandan bitənə qədər reqlament gözlənilmədi. Sual verib özü uzun-uzadı danışır, nə oturana aman verirdi, nə durana – yalnız reklam aralarında araya sakitlik çökürdü. Bəlkə onda da danışırdı, sadəcə biz tamaşaçılar onu görmədik. Bir sözlə, “Düz bazar” verilişi əməlli-başlı bazara çevrildi.
Diqqətimi çəkən çox önəmli bir məsələ də budur ki, müsahibinin sözünü ağzında qoymağı bir yana qalsın, aparıcının sual vermək tərzini də qüsurlu hesab edirəm. Verdiyi suallar da ritorik xarakter daşıyır. Müsahib nə danışacağını bilmir, reqlament itir. Misal üçün, verilişə dəvət olunan gənc yazarların birindən soruşdu: “Mən sənin kitabını niyə oxumalıyam?”
Mütaliə zövq məsələsidir və bunu hər kəs bilməlidir. İstəyərsən oxuyarsan, istəməzsən oxumazsan. Mənim Fyodor Dostoyevskini oxumamağım onun böyüklüyünə kölgə salmır. Sadəcə, oxumuram. Yüz il də dolanıb keçsə, nə Dostoyevskinin ruhu, nə ümumilikdə dünya ədəbiyyatı “yoxluğum”un ağrısını hiss edəcək… Ola bilsin, mən itirirəm, o da mənim problemimdir.
Hə, o gənc suala sualla cavab verdi ki, axı, Dostoyevkini niyə oxudular? Yaxşı sualdır. Populyarlaşana qədər özü bunu bilirdi? Təbii ki, yox. Ümumiyyətlə, bu sualı yazıçı deyil, tənqidçi cavablandırmalıdır. Rusiyada Vissarion Qriqoryeviç Belinski kimi tənqidçi olmasaydı, bu gün nə Puşkin bu qədər məşhur olacaqdı, nə Dostoyevski…
Dostoyevskinin bioqrafiyasında da yazılıb: “…Məşhur tənqidçi Belinski romanı (1846-cı ildə çap olunan “Bədbəxt insanlar” romanı – H.N.) oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi”. Şair Nikolay Nekrasov da onun haqqında eyni fikirdə olub, “Yeni bir Qoqol doğuldu” deyib. O vaxta qədər bunu kim bilirdi? Heç kim.
Bütün bu nüanslardan xəbərsiz görünən Rövşanə xanım gəncin sözünü qəribçiliyə salıb soruşdu ki, özünü Dostoyevski ilə bir tutursan? Bu, qarşıdakını aşağılamaq kimi görünür və fikrimcə, etik deyil. Bu hal nə filoloqa yaraşar, nə telejurnalistə… Çox istərdim ki, Rövşanə xanım bu tənqidi qeydlərimizi gələcək verilişləri üçün nəzərə alsın.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?