Firuzə Davudqızı
Çarhovuzun yanına çatanda Ənvər ayaq saxladı. Masa arxasına keçib əyləşərək səbir və təmkinlə oğlunun gəlib çıxmasını gözləməyə başladı. Azər bura gəlib çıxanda o, əlinin işarəsi ilə oğluna öz yanında yer göstərdi.
Azər masa ətrafındakı stullardan birində atası ilə yanaşı əyləşdi. Gözlərini onun üzünə dikib gözlədi.
Ənvər düşüncəli baxışlarla Azərə baxaraq handan-hana tutqun əhvalda:
– Son dərəcə açıq danışacam səninən, odur ki, məni diqqətlə dinləməyini istəyirəm, – dedi. Sözünə bir anlıq ara verib, sonra qəti və kəskin səslə təkrar dilləndi. – Gəlinim də, nəvəm də burada bizimlə qalacaq. Bu fikri biryolluq çıxar ağlından. Bir də bu mövzuya qayıtma.
Azərin üzündəki ifadə dəyişdi:
– Nə səbəbə?
– Səbəbi bu saat izah edirəm sənə. – Ənvər bu sualı çoxdan gözləyirmiş kimi stulu irəli çəkib bir qədər də Azərə yaxın oturdu. Gözlərinin içinə baxa-baxa kökündə eyham yatan bir ahənglə: – Ailəsini düşünən oğlan odla oynamaz. Elə oturub, elə durar ki, sonra dizinə döyməsin. Mənim o gəlinim, o nəvəm yoxdur ki, sənin heyfini onlardan çıxsınlar. Elə et ki, mən o körpənin gözlərinin içinə baxa bilim. Elə et ki, ona hər baxanda ölüb-dirilməyim. Mən səni böyüdüb bu yaşa çatdırmışam ki, məndən sonra ocağımı sönməyə qoymayasan. Səni böyütməmişəm ki, mən diri ikən çırağımı söndürəsən. Elə bilirəm bu qədər kifayətdir.
Atasının qərarında qəti olduğunu bilməsi və onun sözünün qabağında söz deyə bilməməsi Azərin onsuz da qanını qaraltmışdı. Bu sözlərdən sonra isə ümumiyyətlə təbdən çıxdı.
– Heç cür anlaya bilmirəm, mən nə pis iş görmüşəm ki, bu qədər irad eşidirəm? – deyə Azər acı istehza ilə çiyinlərini çəkdi.
– Sən özüvə necə quyu qazdığının fərqində deyilsən, a kişi! – Ənvər bayaqdan qorumağa çalışdığı təmkinini pozdu, ixtiyarsız olaraq səsini göyərtdi. – Fərqinə varanda gec olacaq!
– Nöş belə kinayəli danışırsan? Mən neyləmişəm axı? Deyin, bilim də.
Ənvər oğlunun sualını cavabsız qoyaraq susdu. Azər dözməyib etirazla:
– Biz belə danışmamışdıq, – dedi.
Ənvər yenə də dillənmədi, susmağa davam etdi.
– Yaxşı bilirsiniz ki, mən hər gün işdən çıxıb bura gələ bilmərəm. Buna mənim vaxtım yoxdur.
– Nəyi necə eləyəcəyin artıq öz işindir. Mən dedim sözümü sənə. Burada qalacaqlar, vəssalam!
Azər dodaqlarını bir-birinə sıxdı. Hirs onu boğa-boğa susdu. Bu şəkildə atasını dinləməyə davam etdi.
– Qaldı iş məsələnə, günü bu gündən fəaliyyətinə son qoyursan. Bunu səndən istəmirəm, tələb edirəm!
Azər atasının onu bir-birindən ağır tələblər qarşısında çıxılmaz vəziyyətə salmasına donub qaldı. Mat-məəttəl onu süzdü.
Ənvər bu baxışları gördüyü halda sözünə davam elədi:
– Səndə olan məlumatları, kasetləri məhv eləginən getsün. Saxlama. Ümumiyyətlə qurtar bu işlərlə. Sənsiz də ötər bu işlər. Özüvə dar ağacı hazırlama.
Azər gərgin göründü. Fısıldayıb, hirsli-hirsli güldü:
– Bu da təzə çıxdı?
– Gözümün gördüklərindən, qulağımın eşitdiklərindən nəticə çıxarıb gələcək üçün tədbir alıram. Çatmır sənə?
Azər demək istədiklərini deyə bilmədiyi üçün köks ötürdü. Ənvər bunu görəndə:
– Başıva qiymət qoyulub sənün, a kişi, var xəbərün? Barəndə qərar çıxarılıb!
Azərin bu sözə acı istehza ilə dodağı qaçdı.
Ənvərin sifəti bir az da tündləşdi:
– Gülməli gəlir, yoxsa zarafat hesab edirsən?
Azər nəzərlərini ətrafda dolandırıb, yenə fısıldadı. Əslində atasının haqlı narahatlığına söz tapa bilmədi.
– Haqqında gəzən söz-söhbətlərdən necə, xəbərin var? Səni xəfiyyə kimi tanıdırlar insanlara, belə söz-söhbət gəzir ki, yuxarıda oturanlardan birinin xəfiyyəsisən. Buna görə sənin üzünə qapılar açıqdır. Yenə sadalayım?
– Kim necə düşünür düşünsün. Belə olmadığını sən məndən də gözəl bilirsən. Mən kiminsə atasına söymürəm, həqiqət nədirsə onu da çəkib işıqlandırıram. Təhrifsiz. Həqiqətləri bilmək xalqın haqqıdır.
– A kişi, mənə Məlikməmməd nağılı danışma! – Ənvər oğlunun sözünü ağzında qoyub, əlini hiddətlə masaya çırpdı. – Nə deyirəmsə ona qulaq as! Məhv elə getsin! Qurtar bu işlərlə!
Azər atasının gözlərinin içinə baxa-baxa inadla:
– Bunu məndən istəmə! – dedi. – Bu öz tarixini məhv etmək deməkdir! Mən yalnız öz müqəddəratımı düşünüb bunu etsəm millətimə xəyanət etmiş oluram. Xəyanətkarın isə vətən təəssübündən danışmağa haqqı ola bilməz. Gələcək nəsil həmin faktlarla aydınlaşıracaq nəyin doğru, nəyin səhv olduğunu. Gec-tez haqq yerini tapacaq və tapmalıdır da. Belə gedə bilməz. Bu millət erməni dığasının qarşısında aciz qalacaq millət deyil. Hamımız bilirik ki, bu həqiqətdir. Onlara day-daylıq edənlər bu millətin səbir kasasını çoxdan daşırıblar.
Ənvər zəndlə oğlunun üzünə baxdı:
– Mövqeyində düz ola bilərsən, amma özünə cızdığın yol düzgün yol deyil. Belə mübarizə səni uçuruma aparır. Özü də gözübağlı. – dedi. – Hər şeydən əvvəl bunu unutma ki, həqiqəti məhz həqiqət olduğu üçün sevməyənlər var və sənin bu addımların onları qıcıqlandırır. Yadında saxla, ən ağır cinayətləri törətmiş qatı cinayətkar belə özünü müdafiə etmək, özünə bəraət qazandırmaq üçün onu bu işə təhrik edən xırda bir səbəb, bir bəhanə irəli sürür. Özünü hərtərəfli haqlı göstərir. Demir ki, cinayətkaram, cinayət törətmişəm, deyir ki, bu səbəbdən bu cinayətə getmişəm. Başa düşdün? Sən… çiynində elə bir dinamit bağlaması gəzdirirsən ki, bütün nəslini yer üzündən siləcək gücdədir, xəbərin yoxdur.
– Çiynimi əzən bir yük daşıyıram, doğrudur, amma bu sən deyən deyil, bu, kameraya sığmayan vətən yüküdür. – Azər köks ötürüb, yenidən dilləndi. – Millətimə ürəyim yanır, ata, çünki haqqı tapdanır, əzilir. Oyanmalıdır artıq, azadlıq uğrunda mübarizəyə qalxmalıdır. Bu xalq ona qızıl teştdə qan qusduran imperiyanın caynağından xilas olmalıdır. Vəziyyət günü-gündən gərginləşir. Açılan sabahlarımız bu gedişlə yaxşı heç nə vəd vermir.
– Adə, ay… – Ənvər sözünün ardını dilinin ucundan zorla geri qaytardı. Tərs-tərs Azəri süzdü. Dilini-dodağını gəmirərək hirsini güclə qovub, fikrini tamamladı. – Sən əvvəlcə öz aqibətin barədə bir fikirləş. O körpəni düşün. Ona rəhmin gəlsün.
– Onu düşünməsəm əgər, haqqı danmaq naminə bütün təklif və şirin vədləri qəbul edərəm. Daha rahat, daha yüksək yerlərdə şellənərəm özümçün. Amma mənə belə yaşamaq lazım deyil. Mən bu millətin düşməni deyiləm, rüşvətə əyilib əqidəmi dəyişmərəm ki, sənin nəvən də gələcəkdə mənə görə xəcalət çəksün.
Ənvər oğlunun onu dinləmək fikrində olmadığını görüb, narazılıqla başını buladı:
– Sənə bu şəraiti yaradanlar o demək deyil ki, səninlə həmfikirdirlər. Sadəcə gözlərini yumub, qulaqlarını bir müddətliyə qapayıblar ki, sən özünü sərbəst hiss edib bütün məharətivi sərgiləyəsən. Əllərində səninlə bağlı daha çox dəlil-sübut olsun deyə susurlar. Siyasət içində oynanan siyasi oyunlardır bunlar, ayıl artıq!
Azər qısa sükutdan sonra qəti səslə:
– Bu mənim işimdir, – dedi. – Mən öləcəyəmsə, bu yolda da öləcəyəm, ata, amma əqidəmi dəyişməyəcəm.
Ənvər ağır bir hərəkətlə ayağa qalxdı:
– Dediyim sözləri qulaqardına vurmaginən, – deyib oğlundan ayrıldı.
Azər isə bu anlar güclü bir əl kimi xirtdəyinə yapışıb onu boğan düşüncələri, varlığını lərzəyə salan əsəbi və dilxor halı ilə təkbətək qaldı. Belə məqamlarda köməyinə çatdığını düşündüyü siqaretə sarıldı.
Acgözlüklə sümürüb, ikiəlli başını sıxdı, sakitləşməyə çalışdı.
Və beləcə onu məngənə kimi sıxan, rahatlıq verməyən fikirləri ilə bir xeyli burada yubandı.
***
…Dəqiqələr sonra o, nəhayət, evə qalxdı. Mətbəxin qapısı önündən keçəndə məni burada tək görüb içəri gəldi.
Dünəndən bir-birimizi dindirib-danışdırmırdıq. Çox cəhd etsəm də məni saran qısqanclıq hissinin önünə keçə bilməmiş və dalaşmışdıq. Bunu evdəkilərə hiss etdirməsək də küsülü idik.
Baxışlarından gərginlik yağırdı. Hiss olunurdu ki, atası ilə söhbəti ürəkaçan olmayıb. İçəri keçməsinə baxmayaraq gözlərimin içinə baxa-baxa susurdu.
Əhvalının belə vaxtında yenidən mübahisə edib bir-birimizin könlünü qırmamaq üçün durmayıb getmək istədim. Qarşısından çəkilməyimə belə fürsət yaratmadı. Yolumdan çəkilmədən nəfəsi üzümə vura-vura səsini bir qədər qısaraq gərgin tonda:
– Bərəkallah da, hörmətimiz, etibarımız elə bura qədər imiş də yanıvızda. Əcəbdir, – dedi.
Üzünə baxsam da qəsdən dillənmədim. Bayaq o, evə gələrkən gözümün ucu ilə belə ona tərəf baxmamağım Azərə yaman yer eləmişdi. Çünki bu günədək məndən görmədiyi, adət etmədiyi rəftarı görmüşdü. Özünü açıq-aşkar pərt hiss edir və bunu heç cür qəbul edə bilmirdi. Odur ki, hirsini tökməyə bəhanə arayırdı. Tələbkar və eyni zamanda amiranə bir səslə:
– Sonuncu dəfə olsun məni bu sifətlə qarşılayıb, belə soyuq baxışlarla üzümə baxmağın. Aydın oldu?
Kinayə ilə üzünə baxdım:
– Başqa nə əmriniz var?
Eyni baxışlarla gözlərini gözlərimdən çəkməyən Azər bir az da hiddətləndi:
– Mən nə əmr verməyi, nə də əmr almağı sevirəm. Qarşılıqlı anlaşmanı üstün sayıram. Məncə çox uzandı bu mövzu, özü də mənasız yerə! – dedi. – Sevmirəm belə şeyləri! Qalsın yadında. Və bir də təkrarlanmasın! – Daha nə isə demək istəyirdi ki, bu vaxt Rəna mətbəxin qapısı ağzında göründü. Bizim burada olmağımızdan xəbərsiz olduğu üçün duruxdu. Azər çevrilib bir baxışla ona necə baxdısa Rəna tez-tələsik:
– Bağışlayın, – deyib göz qırpımında qapının ağzından yoxa çıxdı.
Azər baxışlarını təkrar mənə doğru çevirdi.
– Onsuz da gərginəm, bu saat əli çıraqlı sakitlik arayıram. Gəl belə edək də, lazımsız bir söhbətə görə aramızda soyuq divarlar hörməyək.
Sözünü bitirib mətbəxi tərk elədi.
…Bir qədər sonra mən Arazı yatırmaqda idim ki, qapı sakit bir şəkildə açıldı. Azər idi.
Gəldiyini hiss edən kimi ürəyim çırpınmağa başladı. Lakin son dərəcə soyuqqanlı bir tövrlə beşiyi yelləməyə davam etdim.
Ona tərəf baxmasam da addımlarının mənə doğru gəldiyini hiss edirdim.
Elə bu anda o, əlini əlimin üstünə qoyaraq yüngül bir həmlə ilə beşiyi yerindəcə saxladı, yelləməyimi əngəllədi.
Mən baxışlarımı qaldırıb altdan yuxarı ona baxdığım halda o, beşiyin içərisinə doğru əyilib Arazın üzündən öpdü. Ətrini, qoxusunu burnuna çəkib pıçıldadı:
– Gecən xeyrə qalsın, dostum!
Onun bu davranışı ürəyimi riqqətə gətirdi. O isə dərin baxışlarla bir xeyli uşağı süzdü. Saçlarını nəvazişlə sığalladı.
Digər əli hələ də əlimin üstündə idi və necə titrədiyimi aşkar hiss edirdi.
Zahirən daşürəkli görünməyə çalışsam da onunla cəmi bir gün küsülü qalmağa belə hünərim çatmırdı. Sarılmamaq üçün özümü zorla tutub durmuşdum. Üstəlik, bu hansısa ötüb keçmiş bir münasibətin ucbatından baş verdiyi üçün məni yandırırdı. Özümü qınayır, axmaqlıq etdiyim üçün özümə acığım tuturdu. Amma nə edim ki, hisslərimlə bacara bilmirdim. Onu bir başqa qadının yanımda çəkilən adına belə qısqanırdım.
Azər əlini əlimin üstündən götürüb yanımdan aralanmaq istədiyi anda ürəyimlə bacarmayıb biləyindən yapışdım. Suda boğulan adam kimi ikiəlli bərk-bərk sıxdım. İxtiyarsız olaraq dilimdən bu sözlər çıxdı. Özümə belə açıqlamağa çəkindiyim bir etiraf kimi:
– Səninlə hər zülmə, hər zillətə dözərəm. Ac-susuz qalaram, quru torpağın üstündə yaşamağa razı olaram, amma başqa biri ilə bölüşməyə… qətiyyən! Buna tab gətirə bilmərəm. Son dərəcə açıq söyləyirəm və gizlətmirəm. İmkan vermə ki, şübhə ilə yaşayım.
Azər sözlərimi heyrətlə qarşılayıb üz-gözünü turşutdu:
– Bu nə axmaq fikirlərdir dolub beynivə? Dəli olmusan sən?
Bir anda ayağa qalxıb dəli kimi ona sarıldım:
– Həri, səni görən gündən ağılla vidalaşmışam, – deyib dönə-dönə boyun-boğazını öpdüm. – Bir də dalaşmayaq, xahiş edirəm.
– Dalaşmaq istəyən mənəm, ay qız, yoxsa sən? – Azər mat-məəttəl məni süzdü. – Bu nə oyundur çıxarırsan?
Üzümü köksündə gizlədib, təqsirkar-təqsirkar dilləndim.
– Eee, yaxşı da. – Şıltaq bir əda ilə sinəsinə vurdum. – Barışdıq de.
Azər bilmədi mənə acığı tutsun, yoxsa başa düşməyə çalışsın. Çaşbaş halda başını buladı, acı təbəssümlə dodağı qaçdı:
– Böyüsəydin, əcəb yaxçı olardı.
– Yavaş-yavaş da, Arazla birlikdə, – deyib məhəbbətlə belini qucdum, bəxtiyarlıqla gülümsədim.
Çünki o, artıq üzünü saçlarımda gizlədib, ətrimi burnuna çəkməkdə idi.
İlahi, mən necə qəribsəmişdim bu oğlan üçün. Bunu bir daha dərk edir və sevincimdən uçurdum.
(Ardı var)