Firuzə Davudqızı
…Bir neçə gün sonra doğum evindən çıxıb evə gəldik.
Dilbər xanım mənim və körpəm üçün hər cür rahatlıq yaratdığı otağımıza gəlib, bizimlə maraqlandı. Beşikdəki nəvəsini bir xeyli oxşadıqdan sonra cibindən məxməri örtüklü bir qutu çıxardı. Üzəri zərif naxışlarla işlənmiş medalyonu olan qızıl boyunbağını boynuma asıb dedi:
– Azər dünyaya gələn gün ata hesab etdiyimiz bir insan hədiyyə edib bunu nəvəsinə. Mən də gəlinimə hədiyyə edirəm. Şükür Tanrıya, bu günü nəsib etdi. İnşallah, gün gələr sən də öz gəlinivə hədiyyə edərsən, gülüm.
Gözlərim dolmuş halda ona sarıldım. Dilbər xanım xeyir-dua verib, nəvəsini beşikdən götürdü, qucağına aldı.
– Xoş gəldin həyatımıza, körpəm! – deyə öpüb qoxuladı, əzizlədi. – Noğulum-şərbətim! Baldan şirinim! Səni bizə bəxş eləyən Allahıma çox şükür! Bir bilsən nənəni-babanı necə sevindirdin. Gülməyi unudan üzümüzü güldürdün! Allahım bu sevinci bizə çox görməsin, inşallah!
Ertəsi gün böyük məclis quruldu.Dua oxunub, körpənin qulağına adı söyləndi. Allahdan bu məsum varlığa gözəl və firavan həyat, uzun ömür, gözəl tale arzu edildi.
Sevincimizin həddi-hüdudu yox idi.
Bizi sevən hər kəs bu evə gözaydınlığına gəlmişdi.Hərağızdanbusözlər duyulurdu.
– Qədəmlərin mübarək, Araz bala!
Aylar sonra
…Gəlin gəldiyim bu ocağa, bu ailəyə, məni övlad kimi bağrına basmış bu insanlara hər keçən gün daha da bağlanır, sahib olduqlarım üçün Tanrıya şükür edib, özümü sözün əsl mənasında xoşbəxt sayırdım.
Araz isə evimizə doğan bir günəşdi, həyatımızı aydınlatmışdı.
İllərdir sakitlik və durğunluğun hökm sürdüyü bu evə yeni bir nəfəs gəlmiş, ev əhlinin həyatına məna qatmışdı.
Hər zaman ciddi ifadə ilə dolanan, güldüyünü heç görmədiyim qayınatamın əhval-ruhiyyəsi izah olunmaz dərəcədə dəyişmiş, kişi tamam başqa bir insan olmuşdu.
Nəvəsini qucağından yerə qoymur, onunla nəfəs alırdı. Günün istənilən saatı bir yerdə idilər. Bir tək Araz yuxuya gedəndə və ya mən uşağın qarnını doyuranda ayrılmaq məcburiyyətində qalırdılar.
Dilbər xanımın isə keyfinə söz ola bilməzdi. Dünyanın ən dəyərli sözlərini nəvəsinin şanına qoşub, ən şirin kəlmələrlə oxşayırdı.
Belə günlərin birində o, Arazın iri qara gözlərinə, alnına yayılmış ipək kimi şümal qara saçlarına, dolu sifəti, toppuş əlləri və ayaqlarına baxa-baxa Rənaya:
– Eynən Azərin körpəliyidir, Rəna, yadıva gəlir də… – deyə gülümsündü.
Rəna sahibəsinin sözlərinin təsdiqi olaraq eyni təbəssümlə:
– Yadımdan çıxar ki? İndi də gözlərimin önündədir. – dedi. – Bəzən elə zənn edirəm keçmiş günlərə qayıtmışam. Allah ömür versün.
– Atasına bənzəyəcək də gül balam, onun təkrarı olacaq, nənə qurban olsun elə hər ikinizə, – deyib, uşağı sonsuz məhəbbətlə bağrına basdı, dönə-dönə öpdü. Fərəhi köksünə sığmırdı.
Rəna isə xahişimi nəzərə alıb, mənə o günlərdən, yəni Azərin uşaqlıq çağlarından danışmağa başladı. Gözlərimi onun üzünə zilləyib, maraqlı bir əhvalat dinləyən adam sayağı acgözlüklə Rənanı dinləyirdim. Çünki mənə əziz olan bir insanı onu böyüdən, onun hər cəhətinə yaxından bələd olan insanların dilindən tanıyıb bir daha kəşf etmək dünyanın bütün maraqlı hekayətlərindən daha cəlbedici və maraqlı idi.
Dilbər xanım nəvəsini əzizləyib oynatsa da, arabir məni süzürdü. Və mənim Azər adını hər duyduğumda gözlərimdəki işıltını gördükcə dodaqlarında təbəssüm dolanırdı.
Aradan keçən bu müddət ərzində həyatımızda elə ciddi bir dəyişiklik baş verməsə də yeniliklər də yox sayılmazdı.
Dilarə təhsil şöbələrindən birində işə düzəlmişdi. Bu səbəbdən artıq gec-gec görüşürdük. O, Arazı görmək üçün yalnız istirahət günləri Mərdəkana gəlir, yola düşənə qədər uşaqla vaxt keçirirdi.
Bacılarım üçün qəribsəmişdim. Nə vaxtdır görüşmürdük.
Eşitdiyimə görə, Türkanın ailə həyatı heç ürəkaçan deyildi. Əri ilə aralarında bitib-tükənməyən bir gərginlik vardı. Deyilənə görə bir-biri ilə heç cür dil tapa bilmir, yola getmirdilər. Hətta bir neçə dəfə Türkanın acıq edib ata evinə qayıtdığını da duymuşdum. Anamın tələbi ilə geri dönmüşdü.
Fatimə ilə telefonda danışırdıq. Sonuncu dəfə o, bizə 2 ay əvvəl atamla gəlmişdi. Etiraf etməsə də hiss edirdim ki, bizə gəlməsinə anam imkan yaratmır. Atamın isə işləri ona ailəsi ilə maraqlanmağa fürsət vermir.
Bütün bunlar məni üzsə də, səsimi çıxarmırdım. Dilbər xanım və hətta Azər də bir neçə dəfə atamgillə görüşməyi təklif etsələr də mən istəməmişdim.
Onsuz da heç vaxt xoş rəftarını görmədiyim Şahnaz xanımın adamı qılınc kimi kəsən tənəli, eyhamlı sözlərini duymamaq, sərt baxışlarını görməmək üçün bu fürsətdən imtina etmişdim.
Gözləyirdim atam bir gün özü gəlib qapımı açsın.
Tək təsəllim onun toy günü mənə verdiyi məktub idi. Darıxanda, həsrəti bağrımı dələndə həmin məktubu oxuyur, hər oxuyanda kövrəlirdim. Məktubla bağlı məni düşündürən çox şey vardı. Lakin özümə etiraf etməyə, dilimə gətirməyə gücüm çatmırdı.
Nədənsə mənə elə gəlirdi ki, bu təkcə mənə verilən xeyir-dua deyildi, baş verəcəklərə qarşı öncədən edilən vəsiyyətə bənzəyirdi. Məktubda gizli qalan və üstü açılmayan bir həqiqət vardı.
Beləcə günlər öz axarı ilə ötüb keçirdi.
Araz altıncı ayına qədəm qoymuşdu, biz hələ də Mərdəkanda idik.
Azər hər gəlişində bizi özü ilə şəhərə aparmaq istədiyini bildirsə də atası bu məsələnin üstündən sükutla keçir, dinib bir söz demirdi. Səbəb isə gün kimi aydın idi, kişi nəvəsindən ayrılmaq istəmirdi.
Bir axşam Rusiyadan qayıdan Azər aeroportdan birbaşa Mərdəkana gəlmişdi.
Onun gəldiyini xəlvətcə mənə xəbər verən Rənanı bağrıma basıb o ki var öpdüm. Rəna əlimdən güclə qurtulub, güləş ifadə ilə:
– Allah ayırmasın sizi! – dedi. – Sizə baxanda insan həyata bağlanır, yaşamaq istəyir.
Arazı ona verərək ildırım sürətilə otaqdan çıxdım. Sevincim aşıb-daşırdı. Onu görmək, ona sarılmaq istəyirdim. Salonda oturmuş qayınatam və qayınanamın yanından tamam sakit addımlarla ötüb keçsəm də, dəhlizdə addımlarımı yeyinlətdim.
Həyətə yüyürüb, onu buradaca qarşıladım. Günlərdir yolunu gözlədiyim insanı görər-görməz ürəyim sinəmdən qopacaq qədər şiddətlə çırpınmağa başladı.
Azər maşından enmişdi, Vüsətlə ayaqüstü hal-əhval sormaqda idi.
Vüsət məni görəndə Azərdən ayrıldı, bizi tək buraxmaq üçün xeyli kənarlaşıb, gözdən itdi.
Mənim yarı yolda dayanıb üzümdə sevinc dolu bir ifadə, həyəcanla ona baxdığımı görən Azər qollarını yana açdı. Baxışları ilə məni yanına çağırdı. Bunu görəndə daha gözləmədim, ona doğru yüyürüb çılğın bir hərəkətlə boynuna sarıldım. Ətrini burnuma çəkə-çəkə pıçıldadım:
– Nə yaxşı ki, gəldin!
Qolunu boynuma dolayıb mənimlə birlikdə addımlayan Azər ona maraqlı olan bir neçə sual verdi. Ən əsası isə Arazı xəbər aldı.
Beləcə danışa-danışa pilləkənlərə doğru getməyə başladıq. Evə keçdikdən sonra mən mətbəxə, o, salona üz tutdu.
Valideynlərinin yanında heç vaxt uşağa tərəf baxmayan, onu qucağına götürməyən Azər günlərdir üzünü görmədiyi Arazın ona can atdığını görsə də özünü görməzliyə vurmuşdu. Halbuki bu an onun uşaq üçün necə qəribsədiyini, onu bağrına basmaq üçün necə uçunduğunu halından anlayırdım.
Bir qədər sonra Azər otağa keçmişdi.
Qayınanam həmişə olduğu kimi Arazı götürüb onun yanına yollandı.
Bir qədər sonra mən otağa keçəndə Azər Arazla ikisi idi. Taxtda Arazın yanına uzanıb onun çılpaq qarnından öpür, qıdıqlayıb güldürürdü.
Gördüyüm qədəri ilə Araz halından çox məmnun idi. Hər gün bu saatda beşiyində çoxdan yatmış olduğu halda indi yatmaq könlündən belə keçmirdi.
Taxtın kənarında əyləşib məmnuniyyətlə onları seyr eləməyə başladım.
Azər bir xeyli oğlumuzla əylənəndən sonra çevrilib bir an zəndlə üzümə baxdı. Nisgili baxışlarından oxunurdu. Həzin səslə dilə gəldi:
– Necə darıxmışam, bir bilsən, isti yuvam üçün, dünyanın heç bir xəzinəsinə dəyişməyəcəyim öz cənnətim üçün. – Saçlarında gəzdirdiyim əlimi tutub, biləyimdən öpdü. – Bu əlləri tutmaq üçün! Bu gözlərə baxmaq üçün! Arazım üçün!
– Biz də darıxmışıq, – deyə məhəbbətlə ona baxdım. Adətim üzrə qolunun altına girdim, belini qucdum. Uzun, dərin baxışlarla gözlərini gözlərimdən çəkməyən Azərin ilıq nəfəsini bu an üzümdə, boynumda hiss etdim. Bir əli ilə yüngülcə məni özünə sıxıb nəvazişlə dodaqlarımdan öpdü.
Biz məhəbbətin ağuşunda yenicə özümüzü unutmuşduq ki, bu müddətdə barmaqları arasında tutduğu oyuncağı bütün cəhdi ilə ağzına sıxıb mızıldayan, donquldanırmış kimi cürbəcür səslər çıxaran Araz diqqətdən kənar qaldığını bizə sezdirmək üçün dodaqlarını büzüb əl-qol atmağa, xırda dabanlarını durmadan döşəyə çırpıb ağlamağa hazırlaşdı.
Azər məni buraxmadan digər əlini gözəyarı uzadıb Arazın qarnını, əlini, ayağını sığalladı. Və beləcə onu sakitləşdirməyə çalışdı. Lakin bu Arazı qane etmədi. Bir anlıq səsini kəssə də, Azər təkrar mənə yaxınlaşmaq istəyəndə yenidən səs-küy saldı.
Azər özünü zorla ələ alıb dodaqlarını dodaqlarımdan yarı könül ayırdı. Narazı halda of çəkdi. Yarı ciddi, yarı məzəli bir şəkildə Araza:
– Cığallıq eləməginən də, atam, qurban olum sənə, – deyə az qala xahiş etdi.
Araz bu sözə bənd imiş kimi daha yüksək səslə ağlamağa başladı.
Sonda ona tabe olduq. Azər özünü Arazın yanına yıxıb, döşəyə dirsəkləndi.
– Həri, brat! Sözüvü deginən, tələbin nədir?
Nisbətən sakitləşən və əlini ağzına salıb şirin-şirin sovurmaqda olan Arazın ona baxaraq şeytan-şeytan qığıldayıb, gülməsi Azərə elə bil od vurdu. Tüstüsü təpəsindən çıxa-çıxa məni süzdü. İkimizi də gülmək tutdu.
Səhər oyananda gözlərimi açar-açmaz onu görməyim mənim ən məsud səhərim demək idi.
Nə zaman ki, bir yerdə idik, həmin günlərdə hər yuxuya gedəndə onun futbolkasının yaxasından yapışıb yatırdım. Bu məndə artıq adət halını almışdı. Lap körpə uşaq kimi.
Yanımda olduğuna əminlik duyğusu, gedəcəyini bilmək qorxusu idi bu vərdişin adı.
Dilə gətirməsəm belə ondan ayrı qalmaq mənə necə zülm edirdisə, çıxıb gedəcək düşüncəsi ilə ürəyim daim narahat idi.
Yaxasına kilidlənmiş barmaqlarımı yaxasından götürüb, əyilib üzündən öpdüm. Saçlarını sığallayıb, dərin-dərin qoxuladım. Bu mənim onsuz keçən günlər üçün bu gündən topladığım yeganə gücüm, tək qüvvəm idi.
Necə şirin yatmışdısa yanından ayrılanda duyuq belə düşmədi. Daha sonra eyni qaydada Arazımı da öpüb, geyinib, səs salmadan otaqdan çıxdım.
Sübh tezdən idi.
Səhər erkəndən təmiz havada, xüsusilə də yaşıllıqların qoynundakı gül bağçasında gəzməyi çox sevirdim.
İri, dairəvi daş pilləkəni quş kimi uça-uça endim. Bağçaya doğru yol aldım.
Burada bir xeyli yubandım.
Üzərində şeh damlaları parlayan qızılgüllərin arasında gəzinə-gəzinə sinə dolusu nəfəs alırdım. Tanrının yaratdığı bu gözəlliyə biganə qalmaq qeyri-mümkün idi.
Qulağıma dəstə ilə pırr eləyib yem üstünə cuman göyərçinlərin qurultusu doldu. Vüsətlə Rəna artıq oyanmışdılar.
Vüsətin bir qayda olaraq səhər açılan kimi ilk işi göyərçinləri qəfəslərindən açıb buraxaraq onlara yem vermək idi. Daha sonra bağa-bağçaya enib, öhdəsinə düşən işlərlə məşğul olacaqdı.
Rənanın artıq mətbəxdə hənirtisi gəlirdi. Səhər yeməyi üçün hazırlıq görürdü.
Bütün bunları, mənim üçün artıq doğmalaşan evin səmimi və istiqanlı insanlarını üzümdə bəxtiyarlıqdan doğan bir təbəssümlə seyr edirdim.
Həyətə keçəndə Vüsətlə qarşılaşdım. O məni hər səhər burada görməyə artıq vərdiş etsə də hər dəfə olduğu kimi baxışlarını qaldırıb üzümə baxmadan ədəb- ərkanla:
– Sabahınız xeyir, xanım, – dedi.
Razılıq edib, yoluma davam elədim.
Vüsət bağçanın taxta barmaqlı kiçik qapısından bağçaya daxil oldu.
Yaxşı bilirdim ki, bayaqdan həyətdə yubanıb mənim bağçadan çıxmamı gözləyir. Çox mərifətli, öz işində, sakit və ədəbli insan idi. Dindirməsələr dinməz, qadınla, qızla danışanda heç vaxt üzünə baxmazdı.
Bir sözlə, ər və arvad hər ikisi qızıl kimi insanlar idi.
…Otağa qayıdanda Azər artıq oyanmışdı. Beşiyində dünyadan xəbərsiz mışıl-mışıl yatan Arazı lentə alırdı.
Buna artıq vərdişkar idim.
O, hər gəlişində uşaqla keçirdiyi dəqiqələri, onun hər bir hərəkətini – gülüşünü, xumar yatışını bu günlərdən bir xatirə olaraq lentin yaddaşına köçürürdü.
Kənardan məmnunluqla onları seyr edirdim ki, Azər mənim otaqda olduğumun fərqinə varıb, çiyninin üstündən mənə baxaraq gülümsündü.
Həmin gün vaxtın necə keçdiyini hiss etmədik. Gün batıb, şər qarışdı.
(Ardı var)