İbrahimxəlil
“Cümləmizin Cavid qapısı”nda da yazmışdım: qədim-qayım Tiflisin müxtəlif adda tarixi şəhər-qala qapıları olub: Meydan qapısı, Rabat qapısı, Qars qapısı və sairə… Bizim könül verdiyimiz ədəbiyyat varlığın bədii-obrazlı inikası olduğundan yazıçı-şair xəyallarımızda, duyğularımızda Tiflislə bağlı olan şairlərin, yazıçıların adları ilə adlanan xəyali və əmanətdar şəhər qapıları da olmalıdı: misilləmə misal üçün, Rustaveli qapısı, Qalaktion qapısı… Yetım Gürcü, Mirzə Cəlil, Cavid, Naira (Qelaşvili) qapıları…
Əgər Rustavi, ya da bizim Bolnisi səmtindən – məsələn, xəyali Qalaktion, ya da Cavid “qapı”sından – Tiflisə mübarək qədəm bassanız, çox güman ki, ilk dayanacaq yeriniz Ortacala olacaqdır. Çünki Tiflis bizə neçə illərdir ki, Ortacaladan açılır: bəzi qiymətli qalın kitabları ilk dəfə həyəcanla açanda ortadan necə sirli-tilsimli açılırlarsa – elə…
…İndi Ortacalada düz bu dayandığım yerdə birdən-birə bilmirəm hardan, hansı arazbarı və sərhesab səbəbdən yadıma düşən bir ifadəni xatırlayıram. Şair dostum Afiq Muxtaroğlu səsləndirmişdi. Oskar Uayldın “Xoşbəxt şahzadə”sindən simli-tilsimli bir sitatdı: “Quşcuğaz şəhərin başı üzərinə qalxdı; işıqlı və təmtəraqlı evlərdə kef çəkən varlıları və onların darvazaları ağzında boyunlarını bükən kasıbları gördü”.
Şair oldun, ya da yazıçı, filhəqiqət fərq etməz, Tiflisə gələndə gərək dibləri sökük cibində – zira, Yetm Gürcünün cibləri misallı, şair cibi çox zaman “sökük” sayılır – azından əlli lari ola. Əlbəttə, geri getmək yolpulundan savayı! Çünki xəngəl yemədinsə, üstündən də bir soyuq “Bakuriani” suyu içmədinsə, hələ bundan da xeyli əvvəl yeraltı keçiddə öz gitarası ilə, hər səhər bu ədalətsiz dünyaya etiraz əlaməti olaraq daha inadla işləyən Qarsia Lorkanın gitarasına oxşayan gitarası ilə, yeraltı alatoranı əridən gənc oğlana qardaşcasına beş lari vermədinsə, deməli, sənin Tiflis səfərindən danışmağa dəyməz.
Və yeri gəlmişkən, Afiq cəmi iyirmi addım aralıda yerləşən türməyə batmanqılınc baxa-baxa bunu da demişdi:
– Vaxt tapıb, bir Uayldın “Türmə tövbələri”ni də oxu.
Ortacaladakı türmə yaxınlığında arada-sırada bir qeyri-müəyyənlik və bu qeyri-müəyyənliyə dözümsüzlük göstərmək halları da baş verir. Bəlkə də nevrozla bağlıdır. Bilmirəm.
Hərdən-birdən də Piqmalion effektinə – pozitiv ümidlərə və nikbinliyə köklənən, insan nəyə inanırsa, onu əldə edir effektinə – bağlanmağa çalışıram. Amma içimdəki “türmə havası” keçmir ki, keçmir. Ortacalanın insan dayanacaqları yerləşən yerində türmə tikmək kimin ağlına gəlib görəsən?
Buralar çala-çuxurlu cala yerləri olub. Adından da dərhal nəzərə çarpır. Bu çayqırağı calalarda qələm meşələr var imiş. Bəzi tarixi qaynaqlarda Tiflis hətta “ağac şəhər” olaraq da xatırlanır. Təbii ki, bu, daha çox ağacdan tikildiyi səbəbindəndi. Amma…
Birdən-birə adama elə gəlir ki, bir zamanlar o da buralarda bir ağac imiş. Onu da ağaclar qarışıq qıraraq, kıxmığ-kıxmığ, yonqar-yonqar eləyərək yerində tikililər ucaldıblar.
Mənə ayrı-ayrı vaxtlarda Valeh Hacılar da deyib, Allahverdi Təhləli də, Rafiq Hümmət də və günlərin bir günü Tifisə qonaq gələn Əlabbas da: onlar Tiflisə ilk gəlişlərində sanki bir manuskript – qədim əlyazma dalınca gəlirlərmiş. Özü də papirus, perqament, ya da kağız üzərində yazılsın – fərq etməzmiş.
O qədim əlyazmalarda nələr yazılıbmış? Bax, ədəbiyyat obrazlı şəkildə həm də bunun axtarışındadır. Hətta bəzən bir şair, bir yazıçı ömrü elə bircə əlyazmaya, bircə naməyə, bircə məktuba, bircə səhifəyə xərclənib gedir. Özü də yazıçı ömrü, şair ömrü mövzular üzərində, indi bu küçədən keçən bəzi dikdabanlı xanımlar misallı, “dikdaban”la gəzişmirlər, duyğularla gəzişirlər. Yazıçılıq əzabını, iztirabını ancaq qələm sahibləri bilər!
Amma bəzi padşahlar manuskriptdən, əlyazmalardan niyə bu qədər əndişələniblər? “Əlyazmaları – tonqallara, yazıçıları – xəndəklərə!” əmrini verən padşahın dili necə olub ki, qurumayıb?
Birdən adamların ağaclara oxşarlığı nizamında adama belə gəlir ki, onun bir qolundan, ağac budağı misalı, bir “manuskript”, bir əlyazma asılıb. Və yar gələn yola kölgə salan da ağac deyil, əslində həmin əlyazmada yazılan yazıdır. Yeri gəlmişkən, baxmayaraq ki, indi bəzi redaksiyalarda əlyazmalar qəbul olunmur, bilgisayarlarda yazılan variantlar qəbul olunur, bizim redaksiya həm də əlyazmalarla işləyir. Axı o qədim zərif nəfəs nəyə desən dəyər!
Və qədim manuskript təəssüratı ilə bir şeir də mən yazdım: “Mən bir ağac idim Ortacalada” adlanır. İndi çoxdan kəsilmiş o ağacın yerində sanki bu türmənin yarıişıqlı kiçik pəncərəsi durur. Və o yarıişıqlı kiçik pəncərəyə baxa-baxa, bəzi ağacların niyə elə ayaqüstə öldüyünü düşünə-düşünə, birdən-birə Azaflı Mikayılın hüzn dolu misraları yada düşür:
Mən dustağa bir xəbər ver,
Açılırmı yaz, ay bülbül?..
…El köçürmü dağ sərinə,
Dönürmü aran yerinə?..
Mən bu dəfə də bizim bölmə rəhbəri, qələm qardaşım Allahverdi Təhləlinin çağırışı ilə gəlmişəm. Dövründə Tiflisə dərin tellərlə bağlı olan Mirzə Fətəlinin, Mirzə Cəlilin, Sabirin, Ünsizadə qardaşlarının, Cavidin çərxi-pir və çərxi-lacivərd çağırışlarından dərs alıb, biz də bir-birimizin çağırışlarımıza yarıalmatək oxşar arazbarı minvalla gəlirik.
Allahverdi:
– Türmənin yanında düşərsən, – deyib. – Yolu keçib, Azadlıq meydanına gələn marşruta minərsən, 40 nömrə ilə 176 nömrə gəlir.
Əvvəlcə sola, sonra sağa boylanıb, küçəni ehmallıca keçirəm.
Görünür, həbsxanalarla azadlıq meydanlarının pünhan bağlılıqları da var imiş…
Özünü dünyanın ən böyük liberal-demokratlarından sayan Jirinovskinin türmə ilə bağlı dediklərini Allahverdi də bilir: “Həbs düşərgələrində şairlərin, yazıçıların beyinləri yaxşı işləyir. Dostoyevski özünün böyük romanlarını nədən yaxşı yazırdı? Çünki 10 il katorqada qalmışdı. Bəs indi niyə normal yazışı, şair yoxdur? Ona görə ki, onlar həbsxana görməyiblər. O üzdən də yaza bilmirlər. Yaza bilmədiklərinə görə onları həbs etmək lazımdır”.
Etraf edim ki, bu sözləri oxuyanda elə bilirdim təkcə “liberal-demokrat” belə deyə bilər. Sən demə, “qəlb – qırılmaq üçün yaradılıb” deyə düşünən “ağıl tutulmaları”na sahib sosial-demokrat da, leyborist də, hətta respublikaçı da var imiş. Amma çox hayıf!
Əxlaqi dəyərdən, vətən-vilayət varlıqdan tutmuş, psixoterapevtik effektə, sedativ təsirə malik olan bədii söz, obrazlı inikas türməli deyil, türməsiz həyat peşindədir! Hər nə qədər “türmə tənhalığı”ndan boy versə də! Sıxıntılar üzündən quru qaxacı çıxan şairi görəndə “elə bil türmədən gəlib” deyə pıçıldayanlar tapılsa da… Çünki immunitet yaradan bəzi peyvəndlər misallı, bəzən bədii söz qarşısını almağa çalışdığı virusdan da yaranır.
İstər Şekspir qapısı olsun, istər Orxan Vəli, istərsə də Qalaktion, ya da Mirzə Cəlil qapısı, ədəbiyyat qapıdan qanla girmir, “qadan alım” dolu ədalətlə girir. Dağıtmır, dağıntılar altında qalanları çıxarır. Nifrəti körükləmir, sevgini, mərhəməti körükləyir, yeni nəfəs verir. Bizim ədəbiyyat dərgilərimiz olan “Körük” də, “Şəfəq” də eynən elə…
…Qədim Romanın Tullianum və Londonun Tauer türməsindən tutmuş, ta bütün türmələrin Aya daşınmasını tələb edən trollara qədər… bu qədər ağır yükü nə çiyinlərdə daşımaq olar, nə də ürəklərdə.
Bunları qələm daşıyır, kağız daşıyır, bunları söz daşıyır.
Adamlar ağaclara da, qədim və müasir əlyazmalara da çox, həm də çox oxşayırmış…
Və günlərin bir günü Ortacala tərəflərdə bir oxuyan tapılar:
Bu, tarixdi – cazibəsi çalada;
kimə çardaq, kimə çarmıx əylədi…
…Mən bir ağac idim Optacalada;
baltaçılar kıxmığ-kıxmığ eylədi…
Sonra kağız düzəltdilər canımnan,
ağ kitabı ağ kəfənə yozaram?
Bircə dönüb baxsan – qələm qolumnan –
mən öz canım üstündəcə yazaram…
Mən bir ağac idim Ortacalada,
canımdadı şimşəklərin çaxmağı.
Tiflis ağac şəhər idi bir zaman, –
yadımdadı atəşlərdən çıxmağı…
…Gürcüstan Yazıçılar Evinin giriş qapısında məni Allahverdi qarşılayır. Bu məşhur binada da zərif Ortacala cazibələrinin təcəssümü olmalıdı…
P.S. Bilmirəm göydən üç alma düşməyini hər dəfə Ümumdünya cazibə qanununun ayağına yazmaq nə dərəcədə düzgündür. Bu, heç olmasa ayda-ildə bircə dəfəsə ədəbiyyatın, ədəbi-bədii cazibənin adına yazılmamalıdırmı? Təkcə Şekspirlə, Tolstoyla, yüzlərlə başqa-başqa şairlər və yazıçılarla deyil, həm də səmavi kitablarla nəfəs-nəfəsə, can-cana, ruh-ruha yaşayan ədəbiyyatın…
…Öz aramızdır, yazıçılar evi alma qoxuyur. Üzünü gizlədiyim heyrətlə gah Birliyin rəhbəri Bağater Arabulinin, gah Allahverdinin… gah da öz üst-başıma baxıram. Sanki bu almalar bizdən tökülübmüş və alma ətri də həm bizdən, həm də yazılarımızdan gəlirmiş…
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Kürəvi ildırım (versifikasiya)
Ujurumda yaz havası (trayektoriya)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Tiflisdə serotonin sevdası (senzitiv)