Firuzə Davudqızı
***
…Qüssədən yerlə-yeksan olan Roza fikri darmadağın halda mənzilinə çatdı. Həyatdan küskün ifadə ilə ayaqlarını dalınca sürüyə-sürüyə salona daxil oldu. İşığı yandırmasıyla diksinib divara qısıldı. Çığırmamaq üçün özünü güclə ələ aldı.
Bir vaxtlar məşuqəsi olduğu Həmidin qarşıdakı kresloda ayaqlarını ayaqlarının üzərinə aşırıb əyləşdiyini gördü. O, əlindəki kiçik təsbehi saymazyana bir əda ilə oynada-oynada həmişəki nüfuzedici baxışlarıyla Rozanı süzürdü. Baxışları qadının canına üşütmə saldı. Ürəyi çırpına-çırpına ona baxsa da dili söz tutmadı.
Əslən tatar olan Roza Bakıda dünyaya göz açmış, üçgünlüyündə anası onu atdığı üçün uşaq evində böyümüşdü. Valideynlərinin kim olduqlarını belə bilmirdi. 16 yaşında bir təsadüf nəticəsində Həmidlə tanış olandan sonra həyatı bir başqa axarla davam etməyə başlamışdı. Uşaq evini tərk edəndən sonra əvvəlcə Həmidin sevgilisi, sonralar isə onun işlədiyi bütün cinayətlərdə seçilmiş qurbanlara qarşı istifadə etdiyi önəmli fiquru olmuşdu.
Dəfələrlə qaçıb qurtulmağa cəhd etsə də bacarmamışdı. Hər dəfə Həmid onu amansızcasına döyüb cəzalandırmışdı.
Beləcə, illərdir tanıdığı bu insanı həyat dəfələrlə ona tanıtmış, necə amansız biri olduğunu dönə-dönə sübut etmişdi. Bu səbəbdən onu qarşısında görəndə qorxudan özünü itirirdi.
Həmid qadının ürəyindən keçənləri üzünün ifadəsindən oxuyub eyhamla gülümsündü:
– Xoş gördük, əzizim! Bu vaxt, belə gec saatda haradan belə?
Roza iradla onu süzə-süzə soyuq səslə cavab verdi:
– Hava almağa çıxmışdım. Nədir, olmaz?
– Axx, Meri, Meri… – Həmid köks ötürdü. – Mənim ağılsız balacam! Sən nə üçün hələ də dərk edə bilmirsən ki, ixtiyarın öz əlində deyil. Alıb-verdiyin nəfəs də izlənir. – Roza Amerika kinoaktrisası Merilin Monroya bənzədiyi üçün Həmid ona bu ləqəbi vermişdi. Və artıq çoxları onu bu adla tanıyır, belə çağırırdı. Əsl adını Roza özü də çoxdan unutmuşdu.
Həmid eyni ahənglə sözünə davam etdi:
– Olmaya yenə köhnə xatirələrin izi ilə Əhmədovların qapısında sevgi-mərhəmət dilənirdin?
Roza dillənmədi. Həmid öz sualına özü cavab verdi:
– Buradan baxanda bilirsən necə görünürsən? Mənim tanıdığım Meri deyilsən. Hissləri qarşılıqsız qalan, rədd edilmiş zavallı bir ifadə var simanda. Belə görürəm sən doğurdan da hava almısan!
Roza onun rişxəndlə dediyi sözlərə gərilsə də sükutunu pozmadı.
– Ağılsız olsan da sonda bir ağıllı iş görə bilmisən. Toy ərəfəsi ürək bulandırmağın yerinə düşüb. – Həmidin dodağı qaçdı. – Təqdirəlayiqdir. Xəbərin olar da yəqin, bir neçə gün sonra jurnalistin toyudur. Heç bilirsənmi toya kimlər dəvətlidir? – Həmid dilini nırçıldatdı. – Xəyalından belə keçməz. Çox mötəbər şəxslər olacaq o məclisdə. Belə fürsət bir də ələ düşən deyil.
Roza Həmidin yeni planlar üzərində baş sındırdığını göydə tutdu. Ona olan nifrəti bir az da alovlandı. Həmid isə başdan-ayağa Rozanı süzüb:
– Hmm… Nə qədər inkar etsə belə səninlə az, ya çox, bir keçmişi olub cənab Əhmədzadənin. Bunu istəsə də dana bilməz. Və həmin keçmiş həyatı boyu onu izləyən qara kölgəyə dönməlidir. Amma bu gün bura Ənvərin oğlundan söz açmağa gəlməmişəm. Onunla işimiz qalır sonraya. İndi isə Feliksin göstərişi var. Plan dəyişib.
Roza Həmidi dinləmək istəməyib otağına keçmək istədi. Ayağa qalxıb onu yolundan saxlayan Həmid qolunu qadının boynuna doladı. Ağzını Rozanın qulağına tutub şübhəli-şübhəli soruşdu:
– Belə narahat edir bəgəm, mənim burada olmağım səni? Yoxsa o qoca qurdun şəstinə toxunur? Ruh görmüş kimisən, zağ-zağ əsirsən.
Roza titrəsə də susmağa davam etdi.
– Tez-tez gəlir səni ziyarətə? – Həmid kökündə hikkə yatan bir səslə soruşdu.
– Demə ki, qısqanıram. – Roza ironiya ilə gülümsündü. Nifrət və qəzəblə əlavə etdi. – Məni ona sən hədiyyə etmisən, nədir, yoxsa peşmansan?
Üzünün əzələsi gərginliklə səyriyən Həmidin dişləri bir-birinə sıxıldı.
– Bura bax, balaca, sənə deyən olub ki, mənə neyçün “Əqrəb Həmid” ləqəbi verilib?
Roza titrəyə-titrəyə başını tərpətdi.
– Elədirsə, mənim nələrə qadir olduğumu da, çox güman, bilirsən.
– Bilirəm. – Roza udqundu.
– Afərin!
Həmid bunu deyib, əlindəki təsbehi şax tutaraq Rozanın üzünə döyəclədi.
– Danışmazdan əvvəl hərdən uşaq evindən çıxıb gedəsi yerin olmadığı, küçədə mərhəmət diləndiyin anlarını yadıva salginən. Əgər o vaxt taleyin məni sənün rastıva çıxarmasaydı indi ucuz mehmanxana guşələrində qucaqdan-qucağa gəzən ucuz fahişə idin, bunu unutma!
– Səncə belə deyil? Nə dəyişib ki?
– Çox şey! – Həmid çəmkirdi. – Fərqi çoxdur, qanmazın biri qanmaz! Dərk etmirsən ki, əl üstündə gəzirsən?
– Məni sənə lazım olan adamlara satdığını əcəb minnətə döndərib vurursan başıma. Oyuncağınam sənin! Fərq budur, öz iradəmlə deyil, sənin göstərişinlə edirəm bunu!
– Mumla!
– Cana yığılmışam, Həmid! Sizin çirkli işlərinizə bulaşıb batdıqca batmaq istəmirəm!
– Avazın yaxçı gəlir. Mənə görə başqa nə qulluğun?
– Rədd olun həyatımdan!
– Bəs belə deginən də! Qara qızın dərdi varmış!
– Buraxx! – Roza dartınıb onun əlindən çıxmaq istədi, bacarmadı.
– Feliksin göstərişi var dedim! Əməl etməlisən! – Həmid Rozaya nə edib-etməyəcəyi barədə əlüstü məlumat verdi.
Roza Həmidi dinləyib sarsılmış halda başını buladı.
– Zakirin qulağına çatsa mənim dərimi üzər. Bu boyda risk edə bilmərəm.
– Zakiri bilmirəm, amma Feliks sənün onun əmrinə qarşı çıxdığını öyrənsə bunu Zakirə həvalə etməyəcək. Özü bir tədbir görəcək. İndi məsləhət sənün. – Təsbehin ucunu Rozanın boyun-boğazında gəzdirərək sözlərinə davam etdi. – Heyifdür bu hüsnü-camalın ki, vaxtsız-vədəsiz məzarda yata. Heç rəvadırmı bu gözəlliyə? Feliks bu zərif boğazını elə ustalıqla üzər ki, ruhun belə inciməz, əzizim. Qaldı ki, o qoca qurda, onun da vaxtına bir şey qalmayıb. Qoy kef eləsün bədbəxt qoca. Əlbət, burnundan gələcək. Hələ ki, möhlət verilib. Bu həyat insana bir saman çöpünü belə əvəzini almadan vermir, balaca. Bunu unutma. Və sakitcə sənə deyiləni elə.
Roza sonsuz nifrətlə Həmidə baxdı. Çünki vaxtilə Azərlə də Həmidin göstərişi, cızdığı plan və vasitəçiliyi ilə tanış olmuşdu. Feliksin planına görə, Roza Azəri özünə aşiq edib, sonra onun adına ləkə yaxdırmalı, həbsə atdırmalı idi. Lakin sonradan oğlana vurulub, aşiq olmuşdu. Ürəyinə hakim kəsilən məhəbbətin təsiri ilə öz vəzifəsini unudan qadın dəlicəsinə sevdiyi insana pislik etməkdən boyun qaçırıb, Həmidin təkid və hədələrinə rəğmən bundan qətiyyətlə imtina etmişdi. Bunun müqabilində isə Həmid qurduğu planla Rozanı cəzalandırmış, sonra da xarici ölkələrdən birinə yola salmışdı. Azərə qarşı hissləri aradan illər keçməsinə baxmayaraq heç dəyişməmişdi. Bu səbəbdən bir az əvvəl Azərlə görüşü, aralarında keçən xoşagəlməz mübahisə onun əzablarına əzab qatmışdı.
Bir yandan da Həmidin tələbi, hədə-qorxusu onu tamamilə boğaza yığmışdı.
Bir neçə gün sonra
Bu gün evimiz yaxın qohumlar, ailə dostları, tanışlarla dolub-daşırdı. Tanıdığım hər kəs burada idi. Məni yola salmaq üçün gəlmişdilər.
Saatlar, dəqiqələr bir-birini əvəz edir, vaxt yaxınlaşırdı. Az sonra oğlan evi gələcək və mən ata ocağını həmişəlik tərk edib, bir başqa ocağa gəlin köçəcəkdim.
Bu saat, bu anlar onun yolunu gözləmək ona qovuşacağımı bilməkdən daha çox həyəcan verirdi mənə.
Bədənnüma güzgünün qarşısında özümü bəyaz gəlinlikdə seyr elədikcə bu günün gerçək olduğuna inanmaqda hələ də çətinlik çəkirdim. Qəribə və izaholunmaz duyğular içində idim. Kövrək və həm də çox sevincli.
Onu düşünərək gülümsünür, səsim gəldikcə “Sevirəm!” deyib ona olan eşqimi bütün dünyaya bəyan eləmək istəyirdim.
Hamının gözü məndə, mənim isə xəyalım onun yanında, ruhum bir başqa aləmdə idi. Kimsə məni duymurdu, mən isə xoşbəxtliyin mənə vermiş olduğu bəxtiyarlıqdan qanadlanıb uçaraq hayqırmaq istəyirdim:
“Sən ey iki ayrı canı bir qəlbdə birləşdirən, insanı ağlasığmaz çılğınlıqlara vadar edən eşq! Sirrin nədir?
Nədir səni bu qədər güclü, belə alovlu, belə sönməz edən?
Hansı rəngdə, hansı ətirdəsən? Bəlkə bir çiyələk ətri qədər xoş, bir gül qönçəsi qədər təmizssən…
Sən nağıllardakı “biri varmış, biri yoxmuş” məsəlindəki hər zaman var olansan…
Nə yaxşı ki, varsan, ey tükənməz eşq!
Dərin okeanlar qədər mavi və təmiz, dünyanı öz gözəllikləri ilə xilas edəcək qədər qüdrətlisən!
Pisliklərə qalib gələn, yaralara məlhəm olansan, ey eşq!
Səni duymaq, səni hiss etmək, səni onunla tanımaq böyük nemətdir!”
Ətrafıma yığılan, deyib-gülən qızların səs-küyündə gözüm birdən açıq qapı arxasında dayanmış atama sataşdı.
İztirablı baxışlarla mənə baxırdı. Baxışlarında dünyanın özü boyda bir dərd-qəm vardı.
Bacılarım, əmiqızları və digərləri onu görüb bizi tək buraxmaq üçün otağı tərk elədilər.
Belə bir gündə – əynimdə gəlinliklə atamı qarşımda görəndə sıxıldım. Baxışlarımı yerə dikib, rəng verib, rəng alaraq nə deyəcəyini gözlədim.
Nəhayət, ayaqlarının donu açıldı. Özünü toplayıb mənə yaxınlaşdı. Çiyinlərimdən yapışıb diqqətlə üzümə baxdı və birdən dəli kimi bağrına basdı. Yanğılı bir ah keçdi sinəsindən. Bu anların ağırlığına davam gətirə bilməyib kövrəldim.
– Ata! – deyib hönkürərək ona daha möhkəm sarıldım. – Ata, səni çox sevirəm! Çox! Çox, lap çox sevirəm! Sənsiz bir günüm olmasın!
Dünən bütün gecə gözümə yuxu getməmişdi. Səssizcə otaqdan çıxaraq ayaqlarımın ucunda dəhlizə, oradan da pilləkənlərə doğru getmişdim. Salona enmək istədiyim halda işıqları yanılı görüb pilləkənin başında ayaq saxlamışdım.
Atam salonda idi. Gecədən ötməsinə baxmayaraq oyaq idi. Divanda iki əlli başını sıxıb oturmuşdu. Dərdini kimsəyə deyə bilməyən, öz-özü ilə tək vuruşan bir adam təsiri bağışlayırdı kənardan. Pilləkənə çöküb məhəccərlərin arasından səssiz-səmirsiz bütün gecəni atamı, onun kədərə-qəmə bürünmüş iztirablı halını seyr eləmişdim. İndi də eynilə dünən gecəki əhval-ruhiyyədə idi. Doluxsunmuşdusa da bunu bütün cəhdi ilə üzə vurmamağa çalışırdı. Tutqun səslə:
– Xoşbəxt ol! – dedi. Dərin köks ötürüb sözlərinin davamını gətirmək üçün özündə yenidən qüvvə aradı. – Sənin xoşbəxtliyini həyatda hər şeydən çox istəyirəm. Bəlkə o zaman dinclik tapdım.
– Ata! – Göz yaşlarım yanaqlarımı yuya-yuya sızladım. – Məni bağışla! Bilirəm inciksən məndən! Üzünə ağ oldum! Keç təqsirimdən! Həyatda hər şeyə dözərəm, amma sənin mənə küskün olmağına tab gətirə bilmərəm. Əfv et!
Atam qəhərini boğazında əridib yenə köks ötürdü. Çiyinlərimi yüngülcə sıxıb məni sakitləşdirməyə çalışdı. Handan-hana güclə dilləndi:
– Sən mənim balamsan, ata ilə övlad arasında küsülülük ola bilməz. Get, xoşbəxt ol. Özünlə xeyir-bərəkət, uğur apar o evə. – Bunu deyib cibindən bir zərf çıxardı. Mənə uzatdı. Əlinin titrədiyini aydın gördüm.
– Nədir bu?- Sual dolu nəzərlərlə ona baxdım.
– Qızının taleyindən həmişə nigaran olan, alıb-verdiyi hər nəfəsdə onu düşünən hər bir atanın qızına nəsihəti, xeyir-duası, verə biləcəyi ən qiymətli cehizdir. Öz evində oxuginən və çalış itirməyəsən. Gün gələr, bu kağız parçasının sənin üçün nə qədər dəyərli olduğunu dərk edərsən. – dedi, alnımdan öpdü. Diqqətlə gözlərimin içinə baxıb göz yaşlarından islanmış yanaqlarımı sildi. – Həyatdır, bu sabah nələr olacağını heç birimiz bilmirik. Amma nə baş verirsə-versin bircə bunu bil, yetər mənimçün. Bil ki səni təsəvvür edə bilməyəcəyin qədər çox sevirəm, qızım.
Bunu deyib məndən ayrılan atam qapının kandarında cib dəsmalını gözlərinə sıxdı.
Onu bu halda görməyim məni yandırıb-yaxdı. Qulağıma nənəmin irad yağan səslə atama dediyi sözlər gəldi:
– Nadir, bəsdir, özüvü ələ alginən, balamsan. Qızını gəlin köçürən tək sənsən bəgəm? Bəsdir, aa… öz evinə gedir də. Ailə qurur. Nöşün özüvə də, uşağa belə zülm edirsən?
Nənəmin sözləri kövrək qəlbimi daha da kövrəltdi. Əlimdəki zərfə baxa-baxa təkrar doluxsundum.
Atam səsi titrəyə-titrəyə cavab verdi:
– Bir anlıq elə zənn etdim Zərifə canlanıb qarşımda dayanıb, ana. Tablana bilmədim, – dedi.
Atamın bacısı Zərifə ilə əkiz olduqlarını eşitmişdim. Hətta ona çox bənzədiyimi deyənlər də olmuşdu mənə. Atam onun adını eşidəndə, ya da onu xatırlayanda halı xarab olurdu. Günlərlə özünə gələ bilmirdi.
Nənəm qəhərləndi. Atamın sözlərinə qarşılıq yanıqlı bir ah çəkdi:
– Cigərimi yandıran bala, özü getdi, geridə qalanları heç düşünmədi. Bilmədi necə ağır bir yük qoydu çiyinlərimizə. Bilmədi. Heç olmasa bu gün ruhu şad olsun! – deyə sözarası atama dərman içməyi tapşırdı.
Zərfdə nə yazılması məndə maraq oyatdı. Səbir edə bilməyib, keçib divanda əyləşərək zərfi açdım. Kağızda yazılanları nəzərdən keçirə-keçirə halbahal oldum.
İlk cümlə iri hərflərlə başlayırdı: “Qızım! Döyünən ürəyim! Ən dəyərli varlığım, qızım! Cənnət açarım! Sənə bir ömür boyu xoşbəxtlik arzulayıram. Sən həyatda hər şeyin ən gözəlinə layiqsən, balam. Ayağına daş toxunsa, bil ki o daş mənim ürəyimə toxunub, məni sızladıb. Alıb-verdiyim nəfəsim qızım. Dilimə gətirə bilmədiyim, kağıza köçürməkdə belə aciz qaldığım çox sözüm var. Bunlardan ən önəmlisi sənə xoşbəxtlik diləməkdir. Sənə dönə-dönə xoşbəxt ol deyirəm! Allah səni və ailəni hər zaman pənahında saxlasın. Üzün hər zaman gülsün. Getdiyin ocağa sevinc apar.
Səni çox sevən atan!”
Gözlərimdən çıxan yaş damlası sətirlərin üzərinə düşdü.
Nə qəribədir ki, mən bu günədək atamın yazı xəttini heç görməmiş, maraqlanmamışdım. Görəsən niyə?
…Dəqiqələr sonra qohumların əhatəsində “Vağzalı” sədasında evdən çıxıb maşına əyləşərkən gözlərim hələ də atamı arayırdı. Onun iztirablı baxışları gözümün önündən çəkilib getmirdi.
Həmin gün bizim şərəfimizə qurulan toy məclisi saysız-hesabsız qonağın, dostların iştirakı ilə möhtəşəm keçdi.
Toyun ertəsi günü Rusiyaya yola düşdük. Və burada Azərlə birlikdə yaşadığım on gözəl gün həyatım boyu unuda bilməyəcəyim şirin xatirəyə döndü…
(Ardı var)