Firuzə Davudqızı
Üçüncü hissə
Valideynlərinin fikrini hələ də öyrənə bilməməsi Azəri düşündürürdü.
Günlər sonra o, yenə Mərdəkana gəlmişdi. Anası ilə masa arxasında ikən fürsət tapıb bu mövzuya toxundu:
– Nə oldu, ana, bir qərara gələ bilmədiniz?
Oğlunun qəfil sualına Dilbərin üzü buludlandı. Lakin Azərin cavab gözlədiyini görüb, susmağın yersiz olduğunu anladı. Və handan-hana dilləndi:
– Əlbət ki, atanın da bir bildiyi var, oğlum, tələsmə. Bizim də istədiyimiz sənin xoşbəxtliyindir.
Azər bu cavabın ahəngindən xeyir əlamət sezmədisə də, diqqətlə anasına baxaraq:
– Aydındır, – dedi. Baxışlarını yerə dikib, yeməyini yeyirmiş kimi görünərək əlavə etdi. – Amma bu bildiyiniz hər nədirsə, hər iki tərəf razılığa gəlsəniz yaxşı olar.
Dilbər gözünü bir xeyli oğlunun üzündən çəkmədi. Azərin bu cavabından sonra zahirən soyuqqanlı görünməyə çalışsa da, ürəyini narahatlıq bürüdü. Bu andan etibarən dincliyi tamamilə pozuldu.
Axşam düşdü.
Azər otağına çəkilib, taxtda yenicə uzanmışdı ki, qapı döyüldü. Qalxıb qapını açdı. Rəna idi.
– Atanız sizi salonda gözləyir.
Azər razılıq edib, salona keçdi. Anasını da burada gördü. Tutqun əhvalda, sükut içində divanda əyləşmişdi.
Bunu diqqətindən qaçırmayan Azər sual dolu nəzərlərlə atasına baxdı.
Ənvər bu baxışların mənasını oğlunun gözlərindən oxusa da, xeyli sükut içində dayandı. Deyəcəyi sözü özlüyündə bir daha ölçüb-biçib, sonra tamam ciddi ifadə ilə dedi:
– Bildiyim qədəri ilə cavab gözləyirsən bizdən. Gəldiyimiz qərarı, fikrimizi bilmək istəyirsən. Haqqındır. Buna etirazım yoxdur. – Sözünə bir neçə saniyə ara verib, köks ötürdü. Lakin oğlunu çox intizarda saxlamadı. Birbaşa mövzuya keçdi. – Sənə deyəcəklərimə diqqətlə qulaq as!
Valideynlərinin əhval-ruhiyyəsi, atasının danışığı və səsinin ahəngi Azərə hələ ilk baxışdan müəmmalı görünmüşdü. Salona daxil olanda ab-havadan gözü su içməmişdi. Lakin söhbətin hara varacağını bilmək üçün səbrini basırdı. Vəziyyətin aydınlaşması isə uzun sürmədi. Atasının son dərəcə qəti və kəskin sözləri onu sanki yuxudan ayıltdı.
– Nadirin qızından uzaq dur! Həndəvərinə belə getməginən!
Azərin üzündəki ifadə dəyişdi, qaşları çatıldı.
– Səbəb?
O, sualı atasına ünvanlasa da, baxışlarını çevirib şübhə ilə anasına baxdı.
Dilbər oğlunun üzündəki ifadəyə tab gətirə bilməyib, doluxsundu. Gözlərini ondan qaçırdı. Atasının səsinə Azər yenidən ona doğru çevrildi.
– Səbəbi bilmək istəyirsən?
– Bilməliyəm də. Nöşün uzaq durmalıyam ki?
– Mən məsləhət görmürəm. Qohum olmağı da unut getsin. Onlarla bizim söhbətimiz tutan deyil.
Atasının açıqladığı qərar Azəri yerlə yeksan etdi. Sarsılmış halda valideynlərini süzdü:
– Nə baş verib? Nə eşitmisiniz?
– Alınası iş deyil. Qısa və konkret!
Atasının bu cavabı Azəri qane etmədi.
– Ya mənə bu işin baş tutmasına əngəl törədən səbəbi açıqlayın, tamamilə açıq danışın. Ya da mən günü sabah ərizəmi yazıb xahiş edirəm ki, iş yerimi dəyişsinlər. Çıxıb birdəfəlik gedim buralardan.
Ənvərin sifəti tündləşdi. İxtiyarsız olaraq səsini bozartdı:
– Vicdansızın balası! Danışdığı sözə bax da bunun, di gəl özündən çıxma! Şərt kəsirsən məninən?
Azər atasının hiddətlə onu süzdüyünü, əhval-ruhiyyəsinin dəyişdiyini görüb, tamam sakit səslə fikrinə aydınlıq gətirdi:
– Şərt kəsmirəm. Əks təqdirdə deyirəm, öz aqibətimi həll edim. Açıq söyləyirəm ki, burada yaşamaq mənə çətin olacaq.
Ənvər oğlunun sözünü ağzında qoyub, ona çəmkirdi:
– Mən hələ sağam, deməli, sənin aqibətin barədə düşünmək iqtidarındayam. Sənin öz başından qərar verməyin tezdir hələ ki. Tələsmə!
Azər dodaqlarını bir-birinə sıxıb, susdu. Ənvər çox çalışsa da hiddətini cilovlaya bilməyib, əsəbi tonda ona təkrar irad tutdu:
– Başa düşə bilmirəm. İstədiyimiz olmayanda bəyəm üz döndərib, baş götürüb getmək lazımdır? Çətinlik görməmişik ala, biz?
Azər narazılıqla başını buladı. Fısıldadı. Bunu görən Ənvər daha kəskin və əmiranə bir səslə:
– Baş tutan iş deyil! Qəbul elə, yığış otur yerində! Bu mövzuya bir də qayıtma! – dedi.
Dilbər ürək ağrısı ilə oğlunu süzüb, yalvarış dolu nəzərlərlə ərinə baxdı.
– Ənvər…
– Mən Nadirlə qohum olmağı məsləhət bilmədim! Bilməyəcəm də! – Ənvər onun sözünü ağzında qoyub, səsinin tonunu qaldırdı.
– Bu qədər? – Azər tutqun ifadə ilə atasına baxdı.
– Aydın olmadı? Başqa nə eşitmək istəyirsən ki? – Ənvər tərs-tərs oğlunu süzdü.
Azər gözucu anasını süzüb, daha heç nə demədi. Üzünü çevirib, iti addımlarla salonu tərk elədi.
Baxışlarını oğlunun arxasınca dikib, gözünü ondan çəkməyən Ənvər rəng verib, rəng alaraq daha da gərildi.
Dilbər oğlunun dalınca yüyürüb, pilləkəndə ona çatdı:
– Azər! Hara oğlum? Bir söz deginən, üzmə məni! Hara gedirsən?
– Bilmirəm. – Azər pilləkəni enə-enə dala baxmadan tutqun səslə qısa cavab verdi.
– Getmə! – Dilbər qolundan tutub onu saxladı.
Anasını diqqətlə süzən Azərin sakit səsi duyuldu:
– Bir az hava alıb, qayıdıram. Narahat olmaginən.
– Doğru sözündür? – Dilbər narahat baxışlarla onu süzdü.
Azər köks ötürüb, bu anlar keçirdiyi hisslərin təsiri ilə güclə cavab verdi:
– Həri. Get evə sən. – Bunu deyib, yeyin addımlarla maşına doğru getdi. Əyləşib açarı burdu.
Vüsət artıq darvazanın önündə idi. Qapıları taybatay açıb hazır dayanmışdı.
Azər getdikdən sonra Dilbər qəm-qüssə içində evə daxil oldu. Girişdə Rənanın ona zillənmiş məyus baxışları ilə qarşılaşdı. Rəna sahibəsinin halını-tövrünü görüb, ehtiyatla ona səsləndi:
– Xanım…
Dilbərin çəkdiyi əzab baxışlarından bəlli idi. Rəna bu baxışların qarşısında büzüşüb, təkcə bunu deyə bildi:
– İnşallah, hər şey yoluna düşər, üzülməyin.
Dilbər əlinin işarəsi ilə ona bundan artıq davam etməməsini bildirib, salona keçdi.
Ənvər hələ də salonun ortasında idi, yerindən tərpənməmişdi. Rəngi boğulmuş, qaşları çatılmış halda baxışlarını bir nöqtəyə zilləmişdi. Üzünün ifadəsi alt-üst olmuş bir insanı andırırdı.
Dilbər qınaq dolu baxışlarla onu süzüb:
– Səni tanıya bilmirəm! – dedi.
Ənvər düyünlənmiş qaşlarının altından iradla ona baxdı. Dillənmədi. Dilbər bunu görsə də susmadı:
– Bir zamanlar sevgisi uğrunda mübarizə aparan, hər kəslə üz-üzə dayanmağı gözə alan Ənvər deyilsən sən!
Ənvər ona ünvanlanmış sözlərin ağırlığına tab gətirməyən bir ifadə ilə köks ötürüb, susmağa davam etdi.
– Niyə belə etdin? Niyə? Cavab ver! Necə rəva görürsən ki, iki sevən insan bir-birindən ayrı düşsün? Yəni heçmi Azəri düşünmürsən? Onun hisslərini bu qədərmi ciddiyə almırsan?
Ənvər sükutunu pozdu:
– Bu izdivac Azər üçün doğru seçim deyil.
Dilbər hissləri ilə bacarmadı, az qala üsyan etdi:
– Uşağımın gözümün önündə əzab çəkməsinə dözə bilmirəm, Ənvər!
– Hələ qəbul etməyə gücü çatmır, amma gələcəkdə mənə haqq verəcək. Zakirin əl uzatdığı qızı mən necə gəlin gətirim axı, evimə?
– Həmin qız mənim oğlumu seçib! Zakirin oğlunu qəbul etməyib!
– Məsələ də budur! – Ənvər Dilbərin sözünü ağzında qoydu.
– Deməli, sən oğlunun müqəddəratını Zakirin istəyinə, tələbinə uyğun həll edəcəksən?
– Çox şey var ki, Azər fərqində deyil. Buna görə də anlamaqda çətinlik çəkir məni. Ya fərqində deyil, ya da bilə-bilə problem axtarır özünə! – Ənvər istər-istəməz səsini qaldırdı. – Mən diri ikən oğluma quyu qazıb məzarda sakit yatmaq fikrində deyiləm. Hələ nəfəsim üstündədir, bacardıqca qorumağa çalışıram. Məndən sonra nə olacaq bəs?
Dilbər göz yaşlarına hakim ola bilmədi. Cavab vermək əvəzinə çarəsizlik içində hönkürdü. Ənvər:
– Məni düz başa düş. Bundan belə sakit yaşamaq istəyirəm. Mənə bu yaşdan sonra öhdəsindən gələ bilməyəcəyim problem gərək deyil. Bilə-bilə balamı oda ata bilmərəm, – dedi.
Dilbər daha da kövrəldi.
– Azərə baxanda 30 il əvvəlki səni görürəm, Ənvər. İstəmirəm oğlumuz da bizim taleyimizi yaşasın. İstəmirəm. Buna tab gətirə bilmərəm. Hissə qapılıb yanlış hərəkət edəcəyindən qorxuram.
– Böyük səhvə yol vermiş olar.
– O, bu dəqiqə nə etsə, bunu səhv saymır, Ənvər. Eşq insanın ağlını əlindən alır, gözünü bağlayır. Bilmirsən bəyəm? Yaşamısan ki, bu hissləri. Sən də bir zamanlar onun düşdüyü vəziyyətdə idin. Kimsəni dinləmədin. Qəlbinin hökmü ilə hərəkət etdin. O da bunu edəcək, gec-tez edəcək.
– Mən ona sözümü dedim!
Ənvər dildə belə dedisə də, odla su arasında qaldığını anlayıb, gərginliklə fısıldadı.
…Həmin gecə gözunə yuxu getməyən Ənvər yata bilməyəcəyini anlayaraq yataqdan qalxdı. Əynini geyinən zaman Dilbərin də oyaq olduğunu hiss etdi. Lakin dinib-danışmadan dəhlizə çıxdı. Azərin geri dönüb-dönmədiyini bilmək üçün onun otağının qapısına yaxınlaşdı. Qapını üstufca aralayıb içəri baxdı. Azər üzüstə taxtda uzanmışdı. Amma yuxuya getmədiyi aydın görünürdü.
Ənvər daxilən qəribə bir yüngüllük duyub, səs salmadan qapıdan aralandı. Eyvana çıxdı. Siqaret çıxarıb damağına qoyaraq alışdırdı. Məhəccərə dirsəklənib, dərin düşüncələr içində aramla çəkməyə başladı.
Ertəsi gün səhər yeməyi zamanı Azəri masa arxasında görməyib, Rənadan onu xəbər aldı. Rəna tərəddüd yağan baxışlarla onları süzüb, dillənməyə məcbur oldu:
– Sübh tezdən qalxıb getdi. Heç bir söz demədi.
Dilbər sarsılmış halda çevrilib ərinə baxdı. Ənvərin bir nöqtəyə zillənib qalan baxışları Rənanın bu cavabından sonra bir az da sərtləşdi. Dinib-danışmadan çayını içməyə başladısa da, oğlundan bu günədək görmədiyi, gözləmədiyi bu saymazyana hərəkət onu hədsiz gərdi.
Vəziyyəti belə görən Dilbər baxışları ilə Rənanı mətbəxə göndərdi. Məyus halda başını aşağı salıb, gözucu ərinin əhval-ruhiyyəsini izlədi. Lakin belə bir məqamda söz deməyə cürət etmədi.
Ənvər isə bu anlar özünü burulğana düşübmüş kimi sanırdı.
O, bu qərara dünən gəlməmişdi. Məsələnin əslini-kökünü bilməyən Azər və anası 20 gün bundan əvvəl Ənvərə bir zərf gəldiyindən xəbərsiz idilər.
20 gün əvvəl
Vüsət evə keçmədən qapının ağzındaca Rənadan Ənvəri xəbər aldı. Rəna ona:
– Salondadır, – deyə cavab versə də ərinin üzündəki ifadə onda maraq doğurdu.
– Nə olub, Vüsət?
Vüsət onun sualını cavabsız qoyaraq tamam ciddi ifadə ilə salona daxil oldu. Ənvərə yaxınlaşıb ona bir zərf uzatdı:
– Bunu sizə verməyimi istədilər.
– Kim?
– Cavan bir oğlan idi. Birinci dəfə idi görürdüm. Sizə çatacağını deyib gözləmədi, getdi.
Ənvər zərfin kimdən gəldiyi barədə bu an heç bir ehtimal edə bilmədi. Düşüncəli halda zərfi Vüsətdən aldı. Vüsət bundan sonra daha gözləmədi. Salonu tərk elədi. O, gedəndən sonra Ənvər fikri darmadağın olmuş halda bir xeyli zərfi süzdü. Onu düşündürən sualın cavabını tapmaq isə cəmi bir neçə saniyə çəkdi. Zərfdən çıxan fotoşəkli görəndə tutulub qaldı. Hər şey bir yana, şəkildə oğlunun yanındakı qızın siması ilk baxışdan ona keçmişdən boylanan bir üzü, baxışları xatırlatdı. O anda qəribə və anlaşılmaz hisslər keçirdi. Təxminini doğrulamaq üçün şəklə bir də nəzər saldı. Diqqətlə baxdı. Və öz-özünə: “And içərəm ki, bu uşaq Kamalın qızıdır. Anasının siması var üzündə. Eynən ona oxşayır” deyə düşündü. Qarmaqarışıq sualların cəngində boğuşmağa başladı. “Çərxin sınsın sənin, fələk, yenə nə oyunlar hazırlayırsan mənə? İndi hansı fəlakəti, müsibəti yazıbsan taleyimə?”
Zərfdə fotoşəkildən başqa bir kağız parçası da vardı. Ənvər özünü toplayıb, kağızda nə yazıldığı ilə maraqlanmaq istədi. Dırhal tanıdı – qardaşı Zakirin xətti idi. Zərfi ona göndərənin də Zakir olduğuna məhz bu andan sonra daha şübhə etmədi. Məktub bu sətirlərlə başlayırdı: “Sənə qardaş deməyə dilim də gəlmir. Yoldaş qanun adamı, bu sətirləri diqqətlə oxu! Bu şəklə diqqətlə bax!”
Ənvərin baxışları yenidən əlində tutduğu fotoşəklə doğru yayındı. Sonra yenidən kağızda yazılanları nəzərdən keçirdi: “Təxmin edirsən bu kimin qızıdır? Yaddaşını bir qurdala, bəlkə sənə kimisə xatırlatdı. Cavabı tapdığın gün zəhmət olmasa oğluna öyüd-nəsihət ver. Tənbeh et ki, sənin yolunu getməsin”.
Ənvər qardaşının ona tuşladığı eyhamlı sözlərdən sonra beyninin içində dəhşətli bir uğultu hiss elədi. Bununla belə oxumağa davam etdi. Zakir xəbərdarlıq məktubunu bütün hiddəti və qəzəbi ilə yazmışdı. Keçmişini onun üzünə çırparaq kin-küdurətinin hələ də keçib-getmədiyini aşkar surətdə bəyan edirdi: “Bəlkə də unutmusan, odur ki, yadına salıram. Sən həmin Ənvərsən ki, başqasının adaxlısını toyu günü qaçırıb, sevirəm deyə özünə bəraət qazandırdın. Oğlundan da ancaq beləsini gözləmək olardı. Ot kökü üstə bitər, belə yerdə deyiblər. Vaxt elə, şəhərə tərəf üz tut, bax gör oğlun nə məharətlər göstərir. Nələrə səbəb olub. Onda təqsir görmürəm, çünki sənin belindən gəlib, sənin oğlundur. Amma sən elə bir kişinin oğlu idin ki, onun adı gələndə böyükdən-kiçiyə hamı ehtiram göstərirdi. O cür hörmət sahibinin adını sən batırdın! Sinəsi dağlı getdi bu dünyadan. Amma mən atam olmayacam sənə. Susub, vurmayacam ürəyimə. Çünki mənim oğlumun canı belə ucuz deyil. Əlbət ki, edilən hər pisliyin mütləq bir cavabı vardır!”
Ənvər bu anlarda keçirdiyi gərginliyi vücudunun bütün hüceyrələrində hiss edib duyur, sinəsi təlatümlə qalxıb-enirdi. Kağızı əzib ovcunda sıxdı. Daxilən sanki qardaşı ilə danışdı: “Mənim tərbiyə verib böyütdüyüm oğul biqeyrət ola bilməz. Belə şərəfsizliyi qəbul etməz ki, nişanlı bir qıza könül verib, onu yoldan çıxara. Onun nə sənin, nə də sənin oğlunun varlığından xəbəri belə yoxdur. O ki qaldı qisas almaq fikrinə düşsün. Mən həyatım boyu qisas almaq düşüncəsi ilə yaşayan bir insan olmamışam. Oğluma da bunu təbliğ etməmişəm. Əgər belə bir fikrim olsaydı, bunu övladın əliylə etməzdim. Özüm bacarardım! Həm də aradan 30 il keçəndən sonra yox, məqamında!”
Kresloya çöküb, özünü toplamağa çalışdı. Bir xeyli məktubda yazılanların təsirindən qurtula bilmədi.
Bu dəmdə Dilbərin səsinə fikirdən ayrıldı. Büruzə verməməyə çalışsa da bu anlar daxilində tufanlar, qasırğalar qopmaqda idi…
(Ardı var)