Hikmət Nazim
“Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq. Ümumiyyətlə, Dövlət dilimizə – ana dilimizlə bağlı münasibətdə Ölünü də özbaşına qoymaq olmaz, yoxsa kəfəni yırtıb çıxar və bir də görərik ki, bu ölülər dünyanın hər yerindən boy verib görünən, nəhəng Palıd ağacının – Azərbaycan dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən ya bilməyərəkdən – fərq etməz. Bizim kəndlərin birində dalaşan iki nəfərin biri gecə ilə qonşunun bağındakı ağacların dibinə neft töküb onları qurutmuşdu”.
Fikirlər yazıçı Seyran Səxavətin 28 noyabr 2018-ci ildə Moderator.az saytında dərc olunan “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir” sərlövhəli yazısındandır. Mətndəki qrammatik, orqfoqrafik xətalara, durğu işarələrinin işlənməsi ilə bağlı səhvlərə toxunmuram, çünki müəllif, ola bilsin, yazını redaksiyaya əlyazmada göndərib, kompüterə köçürənlər diqqətsiz yanaşıb.
Üstəlik, həmin xətaların bir hissəsini Akif Əhmədov “Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil” adlı məqaləsində bircə-bircə təhlil edib, təkrarlamağa ehtiyac görmürəm.
Hə, əziz oxucular, Seyran müəllim Azərbaycan dilini “mühasirəyə alan” televiziya, radio, qəzet və xəbər saytlarının yol verdiyi xətaları sadalayandan sonra deyir “televiziya işçilərini söz azadlığı” adı altında özbaşına qoymuşuq, belə olmaz, gəlin onları da müəllimlər, həkimlər, hətta mollalar kimi attestasiyadan keçirək. Yadımdadır, bu yazı dərc olunandan bir gün sonra “Ədalət” qəzeti “Efirdə səslənən qüsurlu cümlələrlə necə mübarizə aparmalı?” sualı ilə yazarlar və redaktorlara müraciət edib sorğu hazırlamışdı.
Sualı cavablandıranlar arasında mən də vardım: “Seyran müəllim deyir televiziya işçilərini attestasiyadan keçirək. O zaman ortaya belə bir sual çıxır: 4 il dalınca ayaq döydükləri diplomları onlara niyə veriblər? Mən heç o müəllimlərin də, mollaların da attestasiyadan keçirilməsinə razı deyiləm. Qüsurlu cümlələrə gələndə isə onlarla mübarizəni ancaq işə götürən kanal rəhbərliyi, redaktorlar aparmalıdır, başqa yolu yoxdur. Kanal rəhbərliyi yaxşı redaktor dəvət etməli, o redaktor isə işlədiyi müxbirləri “yontub” adam eləməlidir”.
Yenə belə düşünürəm: hansısa müxbiri attestasiyadan keçirib nəyisə düzəltmək qeyri-mümkündür. Sən müxbiri attestasiyadan keçirirsən, amma efirə gedəcək (yayımlanacaq) yazılara məsul şəxs – kanalın, saytın, lap elə qəzetin redaktoru yerində qalır. O redaktoru işə götürən rəhbərlik yerində qalır. Ən önəmlisi, o rəhbərliyi təyin edən sistem dəyişmir. Fikrimcə, ürəyi istəyəndə bir kanalın rəhbərini çıxarıb o birinə rəhbər təyin edən sistem istəsə, heç bir sərəncamsız-filansız bir ay ərzində bütün problemlərin öhdəsindən gələ bilər. Lakin görünür, heç kim istəmir.
Yazının sonuna doğru müəllif biri-birinin ardınca təklif irəli sürür: “Dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsinlər; Dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar; Dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə cərimə olunsun (100)…”
Gəlişigözəl sözlərdir, ancaq bu təkliflər sözün və mətbuatın boğulduğu bir dövrdə nədən yazacağını, danışacağını qoy bir kənara, necə yazacağını və danışacağını belə bilməyən jurnalistlər üçün əlavə stress mənbəyidir. Bu gün Azərbaycan mətbuatında sözün həqiqi mənasında məzmun problemi var; hansısa kənddə üçayaqlı buzovdan, ağacın gövdəsinə həkk olunmuş “allah” sözündən yazmağa məcbur olan müxbirlər enerjilərini xərclədiklərinin fərqindədirlər. Bu barədə söhbətlərimizdə özləri də etiraf ediblər.
“Dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun” deyə yazısına davam edən hörmətli yazıçı, yaxşı olardı ki, medianın azadlığının boğulmağına diqqət çəkəydi. Media azad olmasa, istəyirsən müxbiri, aparıcını deyil, redaktoru, rəhbərliyi cərimələ, işdən çıxar – mümkün deyil, yenə heç nə düzələn deyil.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı