Tiflisdə serotonin sevdası (senzitiv)
İbrahimxəlil
İçimdəki “duyğular imperiyası”ndan və “tanrı krallığı”ndan çıxıb təalipərvər Tiflisin akklimatizasiyaları üzdən oxunan Azadlıq meydanına düşürəm. Biz tərəflərdə “mart çıxdı – dərd də çıxdı” deyirlər. Martın çıxmağına hələ var: ayın əvvəlləridir. Amma hava günəşlidir. Zəng gəlir. Allahverdidir. Ağ günləri ağ kəfəndə – şehləyib, tumurcuqlayıb boylandığı ağ kağızda olan qələm dostum Allahverdi Təhləli. Meydanda üşüyə biləcəyimdən nigarandır. İçimi-çölümü, başqa sözlə, arada-sırada “tanrı krallığımı” sarıb-sarsıdan sindromlardan az qala özüm qədər arazbarı xəbərdardır Allahverdi. Dilimə qəsr olan dişlərim dişlərimə dəyməsin deyə özümü-sözümü bərkidə-bərkidə Allahverdiyə deyirəm ki, təki üşüyəndə də azadlıq meydanlarında üşüyək.
Bələdiyyə binasının qənşərində gözləyirəm. Allahverdi ilə jurnalımızın yeni sayını görüşəcəyik.
Mənimki günəşdir! Gördümmü – üşümək-soyuqlamaq fobiyalarım da fəhs olur.
Bu gün bazar…
Bu gün məni
ilk dəfə Günəşə çıxardılar…
…bu anda nə qovğa,
nə hürriyyət, nə qadınım…
Torpaq, Günəş və mən –
bəxtiyaram…
Təbii ki, ustad Nazimin sözləridir. Yadımda qalan melanxoliyadan uzaq misralarını xatırlayıram. Seyrağıb adamlara ha yazmayıb. Məhbəs həyətində məhbus həyatından bizə yazıb.
…Əlbəttə, bilə bilmərəm ki, 1883-cü ilin yanvarında Cəlal Ünsizadə, ya da 1906-cı ilin aprelində Mirzə Cəlil – Tiflisdə “Kəşkül” və “Molla Nəsrəddin” adlı jurnalın nəşrinə başlayan o iki unudulmaz ustad – indi mən dayandığım yerdən keçərkən hansı duyğular içində idilər, səhər-səhər bir loxma çörək yemişdilərmi, ayaqqabıları su keçirirdimi? Ya da mən bu günəşli gündə Nazim Hikmətin “günəşli” şeirini xatırladığım misallı, könüllərinə kimin şeiri düşmüşdü? “Salınız yadınıza o günləri ki, ananız sizə bu dildə layla çalırdı” – birdən-birə Tiflisin düz bu naqafil naməli nöqtəsində yaddaşında Araz tərəfləri vərəqləyə-vərəqləyə Kür səmtə bu həzin sözləri pıçıldayan Mirzə Cəlilin odu sönməyən səsini sanki aydınca eşidirəm…
…Nazimə gəlincə, Nazimin də özünə xoş ovqat düzəltməyi, mutluluq mahiyyəti aşılamağı aşılmaz dağlar qədər müşkül deyildimi? Yox, ustadın Salonikidə doğulub Moskvada vəfatı hüznünə toxunmuram. Cəlal Ünsizadə, Mirzə Cəlil və Nazim Hikmət ədəbi təmas nöqtəsində, sadəcə, bunları deyirəm ki, o vaxtlar bioakustik korreksiya metodu işlənib hazırlanmamışdı. Hələ beyinin bioelektrik aktivliyini artırmaq yolları yeni-yeni aranırdı. Sinir sisteminin əsas funksional və quruluş vahidi olan neyronların “melodiya”sını, beyin “musiqi”sini dinləmək hələ bir kimsəyə müyəssər olmamışdı. Sevinc və xoşbəxtlik hormonları – serotonin, dofamin, endorfin, oksitosin – əvəzi olaraq “Kəşkül” gəlirdi, “Anamın kitabı” gəlirdi. Hələ Şekspir də bir ayrı! Neyron yolları poeziya ilə dəyişilirdi, pozitiv emosiyalar əlyazmalardan alınırdı, kitablardan doğurdu, ziya təsadüf qədər zərurətdən alovlanırdı; eynən Nazimin bir şeirində yanmamış papirosunu güllə atəşi yandıran məhbus misallı…
Dünya heç də həmişə günəşli və göyqurşağılı olmur. Təbii ki, bunu qədim-qayım Tiflisdə gün işığı düşməyən “Ziya” mətbəəsinin həyətində “Kəşkül”ün növbəti sayına baxan Cəlal Ünsizadə – bu üns: bu qovuşma, bu ülfət nəyə desən dəyərdi! – də bilirdi, ümidləri arada-sırada poçt qutularında yanıb-sönən Mirzə Cəlil də bilirdi, öz xətti-rüzgar xəyalında vaxtilə Gülhanəyə yaxın yerdə redaktə elədiyi “Aydınlıq” jurnalını canlandıra-canlandıra Varnadan İstanbula boylanan Nazim Hikmət də bilirdi. Amma görəsən bu nə sirri-xudadır ki, “Kəşkül”ün, “Molla Nəsrəddin”in, “Aydınlıq”ın zillətini, əziyyətini bilə-bilə “ən kasıb kişinin dəstərxanına bənzəyən ədəbiyyat süfrəsi”nin (ifadə qələm qardaşım Əlabbasındır) qırağını biz bir an da olsun tərk etmədik. Üstəlik də hər yeni günə sanki Günəşə ilk dəfə çıxarılırıqmışıq kimi baxdıq! Çünki ədəbi aləmdə, duyğular dünyasında, ziyada, insanşünaslıqda yaşamaq – “Körük” misallı jurnal buraxmaq da daxil – doğrudan da könül məsələsi imiş! Pisliklərinin şüuraltında sevgisizlik olanlarla bizim nə işimiz?!
…Əyriqarın ətəklərinə yaxın yaşayan Mirzə Qələmin inhisar iddialarına görə, “Dağların səsi” əsərində şimal şəfəqlərini tez-tez xatırlayan Kavabatanın yaradıcılığında “sevmək” sözü düz min dəfə işlənib, amma bircə dənə də olsun “nifrət” sözü isə… yerli-dibli yox imiş. Nə deyim, Mirzə Qələmin anaxronizmlərinə bələd olsam da, mən Şekspiri bilirdim; özü də fərqli göstəricilərlə. Amma filhəqiqət fərq etməz: çünki ən əsası, Nazim nümunəsindəki “Günəş plankası” misallı, əbədi ədəbi göstəriciləri qoruyub saxlamaq lazımdır…
…Sonra Azadlıq meydanına qovuşaqovuş olan Allahverdini görüb ona sarı addımlayıram.
…Tiflisə Şeyx Sənan dağı tərəflərdən sanki serotonin yağır.
P.S. Aradan bu qədər vaxt keçdi. İndi iyun da çıxır. Sabah ikinci sayımız işıq üzü görür. Ona görə bu yazı da bir bu qədər gecikdi.
Bütün hallarda, məgər bu mutluluğu – hər nə qədər gecikmiş də olsa – haqq etmədikmi?
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Kürəvi ildırım (versifikasiya)
Ujurumda yaz havası (trayektoriya)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)