(Çabua Amirecibinin xatirəsinə)
İBRAHİMXƏLİL
Bu yerdə arazbarı sözün təkrarına bir də qayıtmaq lazım gəlir: deyilənə görə, Stendalın cənazəsinin dalınca beş-altıca nəfər gedirmiş; amma… o “beş-altıca”nın biri böyük Balzak imiş! Və XIX əsrdən bu günə qədər davam edən bu “Parissayağı dəfn” məsələsi nə Fransaya, nə də bizə başucalığı gətirməyib.
Nə demək istəyirəm?
Günlərin bir günü şair Nizami Paşa Saraclının poeziya günü ilə bağlı Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevə telefon açdım. Mahir müəllim mərhəmanə mərifətlə dedi ki, üzrlü sayın, Çabua Amirecibinin dəfnindəyəm. Mahir müəllimə ustad Şəhriyarın “bizdən də bir salam deyən sağ olsun” misrası ilə təşəkkür elədim. Məni dünyanın ucqar adamı olaraq Mahir müəllimin siyasətçi tərəfindən artıq, ziyalı tərəfi həmişə zinətli və zindədil edib. Beləliklə, Çabua Amirecibinin timsalında Mahir Dərziyev əbədiyyət qarşısında öz bədii ədəbiyyat borcunu verdi, biz isə hələ də durub başqa bir Stendalın, özgə bir Çabua Amirecibinin dəfnini gözləməli olacağıq.
Etiraf edim ki, cənab Çabua Amirecibinin cənazəsinin dalınca gedənlərin sayını Mahir müəllimdən soruşmadım. Sadəcə olaraq, ustadın Mtasminda panteonunda dəfn edilməsini bilməyim də kifayətdi. Çünki bilirdim ki, Günəş əslində heç vaxt və heç yerdə gecələmir. Məsələ burasındadır ki, cənab Çabuanın əsl adında (Mzeçabuk) bir Günəş tərkibi də var. Yaşadığım Kazreti qəsəbəsi dünyanın qızıl çıxan yerində yerləşir və Günəşin də arada-sırada dünyanın qızıl çıxan yerindən doğmağı var, ya da ən azından qızıl çıxan yerlərə bol-bol boylanmağı var. Yoxsa buralarda topa-topa günəş saçaqları hardandır?.. Eynən mifologiyadakı “qızıl beşik”dən doğan Günəş misallı. “Çabua” təxəllüslü Mzeçabuk bilməmiş deyildi ki, onun ədəbi ərazisində, bədii sözünün sərhədləri daxilində yaşayan adam (oxucu) gürcü olmaya da bilər; yəni azərbaycanlı (ya da rus, yaxud fransız) da ola bilər. Çünki bədii sözün təmas nöqtələri elə bəşəridir, elə cazibəli mahiyyət və təzahür doludur!
Atası repressiya qurbanı, anası da on il azadlıqdan məhrum olan cənab Çabuanın özü də düz 25 (!) il həbs cəzası almışdı. Dünyanın düzəlməyi, ədalətin bərqərar olmağı məgər eləmi asandır? Ona görə də Çabua Amirecibi günlərin bir günü Data Tutaşxia obrazında doğdu: Günəşi “qızıl beşik”də boğa bilməmişdilər, Günəş qızıl taxta çıxanda qanına qəltan eləməyi bacarmamışdılar. Ona görə də Günəş az-az qanqırmızı qan rənginə çalırdı, amma adamlara, ağaclara, dağlara, dənizlərə qanlı-qanlı, düşməncəsinə baxmırdı. Qətiyyən! O, dünyaya ədalət üçün gəlirdi.
Ədalət demiş, hələ məktəbdə ədalətdən, ədalətsizlikdən, haqdan, nahaqdan söz düşəndə bizə öyrədirdilər ki, sırf zalım, ya da sırf xeyirxah adam yoxdur. Sən demə, biz özümüzdə çox vaxt özümüzün sosial mənşəyimizin yükünü də daşıyırıq…
Amma maraqlı (həm də ağrılı) burasındadır ki, dünyanın qaçaqlar və qaçaqçılıq sayəsində deyil, hüquqlar və qanunlar sayəsində yaşadığını bilsək də yeniyetməlik və gənclik illərimizdə Data Tutaşxiyaya, Koroğluya, Til Ulenşpigelə, Qaçaq Nəbiyə bu qədər rəğbətimiz-hörmətimiz vardı. Əlbəttə, Data Tutaşxia (Ç.Amirecibi) bilməmiş deyildi ki, hələ 1179-cu ildə, çariça Tamaranın vaxtında Gürcüstanda oğurluq və quldurluq əleyhinə qanun qəbul edilmişdi. Yəni sonralar arada-sırada oğrularla, quldurlarla bir sıraya qoyulan qaçaqlara da qandal vurulub, onları da Sibir sürgünləri gözləyib. Amma günün bu günündə də damarlarımızda bir bu qədər “qaçaq qanı”nın axmağı görəsən hansı sərhesab səbəbdəndir? İndi ki, qanunlar hamı üçün eyni məna daşımalıdır, bəs onda nədən dünyada Günəşi siyah rəngə boyamaq istəyənlər də bu qədər çoxdur? Niyə cəmi cahanda kasıbın, fağırın haqqı bu qədər tapdalanır?..
…“Data Tutaşxia” romanı belə başlayır: “Və insana verilmişdir”. Bu sitat da romandandır: “İnsanların ağlının yeddi kilidlə möhkəm bağlanmış qapısı sındırılıb açıldı”. İki zidd qüvvə – Xeyir və Şər həmişə yanaşı olduğundan insana nələrin verildiyini də, nələrin insanın əlindən alındığını da, əsatir ünsürlərini də, mənəvi problemləri də müəllif yaxşı bilirdi. Onun filosofluğu da, “qaçaq”lığı da fəlsəfənin həm müdrik, həm də şehli, təzətər tərəfidir. Cənab Çabuanın qəhrəmanları ilə – Data Tutaşxia, Muşni Zarandia və qraf Seqedi (bu keçmişə yönəldilmiş – “tərsinə çevrilmiş durbin”) ilə Tbilisidən uzaq yollarda da, elə Tbilisi küçələrində də nə qədər desən yeriyib-yüyürmüşəm (bu barədə “Data Tutaşxia ilə birlikdə Tiflis turu” adlı yazım var).
Qoca Qafqaz həm də melanxoliyanın ağır formalarından uzaq bu qəbil hüzn-həsrət dolu çalarlarla da əlamətdardır ki, analarımız-atalarımız, onlardan da öncə babalarımız-nənələrimiz ümid eləyiblər ki, məhz onların övladları, hətta dağları dəlmək bahasına da olsa, gəlib ədalətin zəfər çalmasına səbəb olacaqlar! Data Tutaşxianın əqidə və silah qardaşı (bir qarından çıxmasalar da) Qaçaq Nəbinin nəğməsini xatırladıram:
Anama deyin:
balası gələr,
dağları dələr;
gözləri gülər…
dağlara deyin:
çəkməsin birdən
dumandan pərdə;
dözmərəm dərdə…
Çabua Amirecibinin xatirəsinə həsr olunmuş yazı yazanlardan biri də dünyalarca məşhur şair Yevgeni Yevtuşenkodur. Onun yazdığı “99 xula-xup” adlı şeiri Moskvada nəşr olunan – yenə də dünyalarca məşhur – “Literaturnaya qazeta” çap eləmişdi. Yadımdadır: həmin şeir dekabrın 11-də işıq üzü görmüşdü. Sonralar ABŞ-da vəfat edən şairi öz vəsiyyətinə əsasən aprelin 11-də (yenə də 11: Vahid Vəhdət dünyasında nələr olmur?) vətəni Rusiyada – yazıçıların Peredelkino qəsəbəsindəki qəbiristanlığında, Nobel mükafatçısı Boris Pasternakın yanında dəfn elədilər.
…Görünür, xula-xupun (ingiliscə: hula hoop) bədii gimnastikada istifadə olunan çənbər-qurşaq mənasından dolayı, vaqif yazarlara məxsus bir məcazi-mətnaltı əzab-iztirab mənası da var ki, Yevtuşenko da cənab Çabuanın hüznlü lirizmlərlə dolu sürgün-düşərgə həyatının əzab-iztirab tərəfini verib: yəni hər birimiz (bəlkə cənab Çabuanın ölməz qəhrəmanı Data Tutaşxia istisna ola!) çənbərlərlə oynayıb çörəkpulu qazanan yarıçılpaq gözələ baxıb məmnun qala bilərik, amma bütövlükdə həyat, həbs düşərgəsi, sürgün, Sibir soyuğu (olsun Alyaska soyuğu), çənbərlərimizin hər gün daralması, yazılarla düşüncələrə qapılmağımız – həyatımızın vaqifanə tərəfi budur! Əslində çənbərlərlə oynayıb pul qazanmaq, yəni heç vaxt o çənbərlərdən, o hula hooplardan çıxa bilməmək faciədir və məhz o faciələrdən ibarət dünyanı düzəltmək üçün dünyaya Data Tutaşxia gəlir, Til Ulenşpigel gəlir, Koroğlu adı altında Rövşən gəlir. Bircə arazbarı fərq burasındadır ki, biri Çabua Amirecibinin qələmi ilə gəlir, o biri Şarl de Kosterin, digəri xalq dastanı ilə baş-başa, ürək-ürəyə gəlir. Və sairə və ilaxır…
Üstəlik, bədii gimnastika bədii ədəbiyyat deyil və bədii gimnastikada çənbərlərin, yaxud çənbərlərlə nümayiş olunan nömrələrin sayı 99 və artıq da ola bilər. Bədii əbədiyyat isə hər hərfin-hürufatın və hər rəqəmin faciəsinin (əlbəttə, sevincinin də) hekayəsidir.
Mənim anlamımda Amirecibi (Əmirecibi) də vaqif yazar olaraq “əmir oğlu” olub, yəni bir vaxtlar Şərqdə yazı yazmaq, katiblik eləyib salnamə-kitab üzü köçürmək ancaq əmir oğullarına etibar olunub mənasında deyirəm; axı mirzə-katib elə “əmirzadə”nin, “əmir oğlu”nun ixtisarıdır. Bu da öz yerində.
Amma çox istərdim ki, Yevtuşenkonun o şeirini cənab Çabua sağlığında oxuyaydı. Özü də təkcə yazıçılara sağlığında qiymət verək anlamında yox! Çünki əslində bütün yazarlar “həyat qoşunu”nun (ifadə Afaq xanım Məsuda məxsusdur) qabağında çox vaxt yalqızdırlar və bəlkə bu yalqızlığın, tənhalığın altını üstünə heç olmasa onların bir-ikisinin digər bir-ikisinə yazdığı həzin-füzun (həm də Rustaveliyə, Füzuliyə, Hüqoya, Tolstoya qohum mənasında) yazılar çevirəydi. Yeri gəlmişkən, Oklahoma ştatında öz hüznlü əsrini ləyaqətlə başa vurmuş olan Yevgeni Yevtuşenkonun özünə də xalq yazıçısı Anar “Zamanın amansız üzü” adlı vaqifanə bir yazı yazıb (ümid edirəm ki, oxuyubsan) və bu yazı heç də Yevtuşenkonun Çabua Amirecibiyə ünvanladığı “99”dan geri qalmır. Anar müəllimə hər şeydən dolayı, “Zamanın amansız üzü”nə görə, Yevtuşenkoya Çabuanın xatirəsinə yazdığı “99 xula-xup”a görə, unudulmaz Amirecibiyə isə… dünyaya dünyanı düzəltməyə gələn “Data Tutaşxia”ya görə talibanə təşəkkürlərimi bildirirəm.
P.S. Bəzi mətləblərə “Data Tutaşxia ilə birlikdə Tiflis turu”nda toxunduğum üçün burada son verirəm. Çünki çox vaxt yüzə bir qalanda, yəni 99-la 100 arasında nöqtə də gələ bilər, tire işarəsi də gələ bilər. Eynən Çabua Amirecibinin – o boyda bədii söz sahibinin həvəsinin və nəfəsinin yer aldığı, yəni onun doğum və ölüm illəri arasındakı tire işarəsi misallı: 1921-2013.
Həm də 99 çənbərli (mühasirələr dolu və hərdən də ölüm dərəcəsində olan həsrət misallı) 99 rəqəmi hər nə qədər sekramental-müqəddəs olursa olsun, bəlkə elə əsas məna, ana mətləb, əslində, məhz 99-la 100 arasındadır.
…Burasını da deyim ki, indi beynəlxalq sularda bir “Çabua Amirecibi” tankeri də üzür.
Müəllifin başqa yazıları:
-
Bu dağların Abbası (retro)
-
Təkayaq (izomorfizm)
-
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
-
Bilbaoda Bayraq günü (olimpias)
-
“Kor xəlifə” Tiflisdə (antipod)
-
Oturduqca oyun oynamaq (reaksiya)
-
Bizim mizantrop Hökumət (təzkirə)
-
Mükafat marafonu (praemium)
-
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
-
Emin Elsevərin baş keçidi (retro)
-
İbrahimxəlil süfrəsi (inversiya)
-
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
-
Neyron yuvaları nişangah altında (innovasiya)
-
Əyriqarın qardaşı (ucqar havası)
-
Borçalı butaforiyası (debüt)
-
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
-
Can (aqape)
-
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
-
Letargiyada erməni latayırları (kontrast)
-
Bulfüzul “burun”u (otolarinqologiya)
-
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
-
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
-
Məhəmməd Əli Əyriqarda (bandaj)
-
Mənim Şiraz tərəfim (leytmotiv)
-
Süsən-Sünbül sofistləri (ritorika)
-
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
-
Pikasso Əyriqarda (80×60)
-
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
-
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
-
Əyriqarda pyedestal mövsümü (evfemizm)
-
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
-
Dəmir əsəbli dağlar (sinergiya)
-
Qafilin qandığı qrafa (eksklüziv)
-
Alın yazısını alın təri ilə silmək… (fraqment)
-
Yetimdoyduran (al dente)
-
Şarlotta (təzadlar)
-
Epikür bağları (vegetasiya)
-
Yetim Gürcü (boheme)
-
Şeytanı ağlatmaq (introspeksiya)
-
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
-
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
-
Əyriqar qalxanı (silentium)
-
Stokholm suvenirləri (trauer)
-
Kürəvi ildırım (versifikasiya)
-
Odissey Əyriqarda (eponim)
-
Toğlugötürən (motiv)
-
Ujurumda yaz havası (trayektoriya)
-
Vətənə güllə atmaq (transalp)
-
Qardaşım ədəbiyyat (litera)
-
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
-
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
-
Data Tutaşxia üçün tavakababı
-
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
-
Cümləmizin Cavid qapısı (vitraj)
-
Dinarın dörddə biri (irrasional)
-
Sərhəddə yaşamaq (senzitiv)