Dinarın dörddə biri (irrasional)
İBRAHİMXƏLİL
Süsən-Sünbüldə əbəs yerə demirlərmiş: yay oğurluğu qışda deyilər. Yayda süsən-sünbüllülərin başı Suriya sınaqlarına, Qarabağ qəzavü-qədərinə, futbol fürsətlərinə qarışdı, sarımsaq oğurluğu yaddan çıxdı. İndi qışın boşluğunda bəs nədən danışasan?..
…Mirzə Maşallah tez-tez qonşuya sarımsaq dalınca gəlirdi. Mirzə Hörmət də bir verdi, iki verdi, üç verdi, iyirmi üçüncüdə: “Axı özünüz niyə sarımsaq əkmirsiniz?” – südəmər sualına cavab istədi. Mirzə Maşallah da köhnə-kürüş cavab verdi: “Sarımsaq əkmək bizim ailəyə düşmür” – dedi.
Mahiyyətlər və təzahürlər, təsadüflər və zərurətlər dünyasında nələr olmur? Mən də artıq neçənci dəfə nəsrimizin “ağır artilleriyası” sayılan unudulmaz Süleyman Rəhimovun “Pəri çınqılı” hekayəsini oxuyurdum. Sənin də yadında qalmış olar: hekayədə bir “seyrəksaqqal” Sarımsaq oğlundan da söz açılır.
Hər nə isə…
Sabahlarınız üstünüzə xeyirliyə açılsın! Səhər xəbər çıxdı ki, bəs deməzsənmi, Mirzə Hörmətin sarımsaq sahəsi tamamilə talan edilib. Bütün izlər də gedib Mirzə Maşallahgilə çıxırdı. Açıq-aşkar bilinən ayaq izlərindən dolayı, Süsən-Sünbüldə sarımsağa hamıdan çox aludə olan da, sarımsağın sağlamlıq üçün əhəmiyyətindən saatlarla nitqlər söyləyən də təkcə Mirzə Maşallah idi. Tərəqqi yolunu tutan eli var olsun! Mirzə Maşallahın Tiflisdə də, Bakıda da topdağıtmaz evlərinin olduğunu söyləyirdilər. Onun ortancıl oğlu Kazretidə qızıl zavodunda işləyirdi. Bəzi ağzıgöyçəklər söz gəzdirirdilər ki, bəs deməzsənmi, “keçid dövrü”ndə, əzəllər dovşanı araba ilə tutan (elə bunun da oduna düşən), amma sonralar zəifləyən hökumətin vaxtında zavoddan qızıl oğurlayıbmış. Belə çıxırdı ki, onlara sarımsaq əkmək düşmür, amma haram buyrulan oğurluq düşür!
Süsən-Sünbül susmağı sevir, çünki deyib özünü pis eləmək buralarda dəbdə deyil.
Yenə də təkcə Yetim İbrahim (adaşım və uzaq qohumum) dilləndi. Dedi ki, ay Mirzə Maşallah, indi qəhətlik və aclıq illəri deyil ki, oğurluğa görə sənin əlin kəsilməsin. Solaxay olduğunu da hamımız bilirik, sarımsağa hansı əlinlə toxunmusansa, o əlin kəsilməlidir.
Amma Yetim İbrahim depressiyalı adamdır. Süsən-Sünbül də onun belə “divanə” çıxışlarına alışıb: sözünü ciddiyə almır. Həm də gərək bu halda elin gırt yarısının əli kəsilə!..
Yetim İbrahim mənə danışıb ki, hansı zamanlardasa – gərək ki, Yəmən tərəflərdə – dinarın dörddə biri və ondan çox məbləğ oğurlandıqda oğrunun əli kəsilirmiş. Dinar da bəzi ərəb ölkələrində və Xorvatiya, Serbiya, Makedoniya kimi məmləkətlərdə pul vahididir. Yetim İbrahim qədim qızıl dinarın çəkisinə qədər bilir. Bu dəfə də onu sakitcə dinləyirəm. Onda söhbətinin davamı olaraq, Yetim İbrahim mənə “fil xəstəliyi” deyilən bir xəstəlikdən də danışır. Əsasən ağcaqanadlar tərəfindən yayılan bu xəstəlik zamanı insan bədəninin bir hissəsi həddən ziyadə böyüyürmüş. Yetim İbrahim deyir ki, bizim Süsən-Sünbülün iştahı, hərisliyi, nəfsi eynən “fil xəstəliyi” misallı böyüməyə başlayır. Bunu da deyir ki, bu yaxınlarda “Təmiz insanlar cəmiyyəti” yaratmaq istədim, amma qorxdum ki, gələ oğrular girə.
Doğrudur, Yetim İbrahimin o boyda malı-mülkü yoxdur ki, gecəykən oğru apara, amma imanı elə möhkəmdir ki, indiyəcən şeytan qopara bilməyib.
Yaxşı ki, stresi, depressiyası ilə bağlı, Yetim İbrahim son vaxtlar çox oxumur. Xəbəri yoxdur ki (amma bəlkə də var), İbn Salman bircə tablo üçün 450 milyon sayıb: özü də “Dünyanın xilaskarı” adlı tablo üçün. 300 milyona ev alanlar var, 200 milyonu yar yollarına səpələyənlər var… Çoxu da oğurluqda-rüşvətdə adı hallananlardır. Təbii ki, əlləri də yerli-yerində…
P.S. Dünən yuxuda nələr görsəm yaxşıdır? Görürəm ki, Əyriqarın ətəklərində yenicə doğan günəşə baxıram. Elə gözəl mənzərədir ki, bunu ancaq uca Yaradan yarada bilər! Baxmağa o qədər aludə oluram ki, gecdən-gec kiminsə cibimə girdiyini hiss edirəm. Oğru hardan bilsin ki, ucqar şairinin cibləri də sökük olur, oralarda pulmu tapılar?
Amma son anda oğrunun üzünü də görürəm: eynən Jessica Maya (Türkiyə istehsalı olan “Yeni gəlin” filmində baş rolda çəkilib) bənzəyir!
…belə qadının əlinin kəsilməyinə ömürbillah razı olmaram!
…sonra öz qələm tutan barmaqlarıma baxıram.
…arada-sırada yaman kəsiləsi barmaqlardır!
Müəllifin başqa yazıları:
· Bu dağların Abbası (retro)
· Təkayaq (izomorfizm)
· Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
· Bilbaoda Bayraq günü (olimpias)
· “Kor xəlifə” Tiflisdə (antipod)
· Oturduqca oyun oynamaq (reaksiya)
· Bizim mizantrop Hökumət (təzkirə)
· Mükafat marafonu (praemium)
· Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
· Emin Elsevərin baş keçidi (retro)
· İbrahimxəlil süfrəsi (inversiya)
· Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
· Neyron yuvaları nişangah altında (innovasiya)
· Əyriqarın qardaşı (ucqar havası)
· Borçalı butaforiyası (debüt)
· Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
· Can (aqape)
· Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
· Letargiyada erməni latayırları (kontrast)
· Bulfüzul “burun”u (otolarinqologiya)
· Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
· Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
· Məhəmməd Əli Əyriqarda (bandaj)
· Mənim Şiraz tərəfim (leytmotiv)
· Süsən-Sünbül sofistləri (ritorika)
· Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
· Pikasso Əyriqarda (80×60)
· Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
· Hər kəsin öz yağışı (nəqşi-zəmir)
· Əyriqarda pyedestal mövsümü (evfemizm)
· İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
· Dəmir əsəbli dağlar (sinergiya)
· Qafilin qandığı qrafa (eksklüziv)
· Alın yazısını alın təri ilə silmək… (fraqment)
· Yetimdoyduran (al dente)
· Şarlotta (təzadlar)
· Epikür bağları (vegetasiya)
· Yetim Gürcü (boheme)
· Şeytanı ağlatmaq (introspeksiya)
· Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
· Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
· Əyriqar qalxanı (silentium)
· Stokholm suvenirləri (trauer)
· Kürəvi ildırım (versifikasiya)
· Odissey Əyriqarda (eponim)
· Toğlugötürən (motiv)
· Ujurumda yaz havası (trayektoriya)
· Vətənə güllə atmaq (transalp)
· Qardaşım ədəbiyyat (litera)
· Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
· Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
· Data Tutaşxia üçün tavakababı
· Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
· Cümləmizin Cavid qapısı (vitraj)