Cümləmizin Cavid qapısı (vitraj)
İBRAHİMXƏLİL
Dövrünün məşhur tarixçisi, fəqihi və səyyahı, “Tarixi-Təbəri” əsərinin müəllifi Təbəriyə (IX-X əsrlər) görə, Tiflisin altı qapısı olub: Meydan qapısı, Rabat qapısı, Kars qapısı və sairə… Qapıların bəzisinin adı “qala”, “istehkam” mənasını verir. Belə tərcümanlığa qalsa, Narınqalanın ilk adı da “Qısqanclıq qapısı” anlamında işlənib…
…Qış qapını döyhadöydür. Bu qışağzı, bu qarqabağı Tiflis yolundayam və bir azdan şəhərin cənub qapısından giriş edəcəyik. Mənə hər dəfə belə gəlib ki, Tiflisdə Tiflislə bağlı olan, reyhanəli romantizmi ilə Sınıq körpüdən bəriləri də rövnəqləndirən qələm sahiblərimizdən birinin – Hüseyn Cavidin adını daşıyan bir adi gözlə görünməyən, amma bəsirət və həsrət gözü ilə görünən qapı var. Və Mirzə Qələm də, mən də qədim-qayım Tiflisə hər dəfə bu qapıdan giririk.
Hava soyuqdur. Çox zaman adamın şeir yazmaq xəstəliyi belə havalarda baş qaldırır. Qələm dostum Salam Sarvan nədənsə belə havaları nəzərdə tutaraq xəbərdarlıq edir ki, belə soyuq havada sevmək cana ziyandır… Salamın bir bəndini arazbarı pıçıldaya-pıçıldaya sirli-əsrarlı Cavid qapısından şəhərə necə girdiyimizin fərqində də olmuram:
Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində.
…əlimiz çatan qadın yarımız deyil,
ayağımız çatan torpaq yerimiz deyil…
Təbii ki, vaqifanə mənada, Tiflisin Qalaktion qapısı da var, Terenti Qraneli qapısı da var, Yetim Gürcü qapısı da… Bu yerdə çox istəyirəm ki, qapılar – eynən əskidə olduğutək – “istehkam”, “qala” anlamını da verməsin; ehtiyac adamları qapı-qapı gəzdirməsin, ədalət divan qapısında axtarılmasın, bir kimsə qapı dalında qalmasın, ocağı sönüb qapısı bağlanmasın…
Cavid Əfəndi 1911-1917-ci illərdə Tiflisdə yaşayıb. “Ana” və “Keçmiş günlər” adlı ilk kitabları Tiflisdəki “Şərq” mətbəəsində çap edilib. Meydanda, Kür sahilində yerləşən “İttifaq” məktəbində müəllimlik edib: Yusif bəy Xanbudaqov və İbrahimxəlil Hacılarovla həmkar olub. “Hər qaranlıqda bir nur çırpınar”, “Eşqlə sənə hər kainat olar təslim” deyə yazan şair Birinci Dünya müharibəsinin qarşısına da təbərlə, toppuzla, tüfənglə deyil, leylək qələmlə, “Şeyx Sənan”la çıxıb.
Məgər hər Tiflis, Təbriz, ya da Paris suyu içən şair Yaradana xatir bu cür yaza bilərdimi:
Kəssə hər kəs tökülən qan izini.
Qurtaran dahi odur Yer üzünü!..
Bunu səhhət və ehtiyac üzündən Kaxetə gedib oralarda tabelçi işləyən Cavid Əfəndi yazdı. Misilləmə misal üçün, Mirzə Qələm deyir ki, əgər onunla eyni dövrdə yaşasaydım, gedib əvəzində tabelçilik eləyərdim ki, Cavid Əfəndi də oturub Tiflisin “Cavid qapısı”na yeni rənglər qataydı, tabelçiliyə görə “düşərgə”mi də “Naxçıvandan göndəriblər” adıyla ailəsinə verərdim.
…Vaqif Bayatlı “Ulduz”da işləyirdi. Yox, mən Cavid Əfəndinin “nə yıldızlı yalan”ını demirəm, Vaqif bəyin “Uldiz”unu deyirəm. Şeirlərini hər yetənə oxumağı sevməyən Vaqif bəy birdən-birə “Göyüzündən enən çiçəy”ini oxudu:
Cavid Əfəndi! Kim var insan adında
hamımız günahkarıq göyüzünün altında…
…Mirzə Qələm demiş, necə günahkar olmayaq ki, Hüseyn Cavidin 135 illiyi Naxçıvanda, Bakıda, Gəncədə, İstanbulda keçirilir, amma yaradıcılığının işıqlı illəri dolu Tiflisdə hələlik sükut hakimdir. O da Azərbaycan səfirliyinin, SOKAR-ın gözləri qabağındaca!..
Mirzə Qələmə təsəlli verirəm ki, niyə bu qədər qəm yeyirsəm, məsələ yubileydə deyil ki, məsələ “Cavid qapısı”ndadır! Onsuz da biz hər ilin 24 oktyabrını – Cavid Əfəndinin doğum gününü Əyriqarın ətəklərində bayramlaşmırıqmı? Hətta Naxçıvan Əyriqarına – yazıçı qardaşım Əlabbasın əyriqarlı “Qiyamçı”sına da savab və səxavət salamlar göndərmirikmi?..
…“Ulduz”lu vaxtında Vaqif Bayatlıya əlyazması redaktorun otağına çatmamış itən bir şeir göndərmişdim. Deyilirdi ki, Allahım, Sənə mənim də üçcə bəndlik sözüm var, amma türkcə danışdığın günü bilmirəm, yoxsa buralarda bir Şeyx Sənan qırığı olaraq, şeirimi də gürcücəmi deməliyəm? Kaş bizi bir millət edəydin! Buyursana biləm: eşqdə bir “donuz çobanı” olmaqmı daha çox günah sayılır, yoxsa axıracan yabanı qalmaqmı?..
…Qədimlərdə şəhərlərin qala qapılarını düzəldən ustanın adı qapının bir yerinə yazılırdı. Məsələn, dəmirçi İbrahim ibn Osman Gəncənin qala qapılarını hazırlamışdı.
Əslində şair qapıları düzəldilmir, yaradılır: yəni indiki dildə, burada canlı kreativlikdən söz gedir! “Cavid qapısı”nı mən uydurub eləmirəm, unudulmaz şairimizin özü haqq eləyib! Qoy onun adına bir hücrə, bir döngə olmasın, fərq etməz; bu misilli Cavid qapısı ki var! Zənnimcə, sonralar Sibirin İrkutsk tərəfində – Tayşetdə sürgündə olarkən Tiflisdə adını daşıyan “Cavid qapısı” da tez-tez yuxusuna girməliydi Şairin! Axı o, Şeyx Sənanı əmanətdar Tiflisə nahaq yerə əmanət eləməmişdi:
Lakin ən son yerin, zəki Sənan! –
Olacaq son nəfəsdə Gürcüstan…
Vahid Vəhdət dünyasında nələr olmur?
P.S. Axşam marşrutu ilə qayıdıram. Tiflisin həmişə açıq olan Cavid qapısından çıxantək onun iki misrasını “Sevda”lı (Cavid Əfəndinin eyniadlı əsərinə işarədir) Tbilisi-Bolnisi yollarına pıçıldayıram:
Məni öldürsələr də mən yaşarım,
Tərk edib xəlqi… Xaliqə qoşarım!
Qoy bizə Sınıq körpünün bəri üzündə arada-sırada sözün baş hərfinin hansı hallarda böyük yazıldığını “öyrədən” – eynən mənfur repressiya illərində öyrədiləntək – “Dədə” Mirzə Toxmaqvuran da bilsin və agah olsun: həm qrammatik (cümlə), həm də lüğəvi (cümləmiz – hamımız) mənada, Mirzə Qələmin də, mənim də cümləmizin baş qapısı Cavid qapısıdır!
…Unudulmaz Arif Mustafazadə də Cavid Əfəndinin vurğunu idi.
Müəllifin başqa yazıları:
-
Bu dağların Abbası (retro)
-
Təkayaq (izomorfizm)
-
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
-
Bilbaoda Bayraq günü (olimpias)
-
“Kor xəlifə” Tiflisdə (antipod)
-
Oturduqca oyun oynamaq (reaksiya)
-
Bizim mizantrop Hökumət (təzkirə)
-
Mükafat marafonu (praemium)
-
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
-
Emin Elsevərin baş keçidi (retro)
-
İbrahimxəlil süfrəsi (inversiya)
-
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
-
Neyron yuvaları nişangah altında (innovasiya)
-
Əyriqarın qardaşı (ucqar havası)
-
Borçalı butaforiyası (debüt)
-
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
-
Can (aqape)
-
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
-
Letargiyada erməni latayırları (kontrast)
-
Bulfüzul “burun”u (otolarinqologiya)
-
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
-
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
-
Məhəmməd Əli Əyriqarda (bandaj)
-
Mənim Şiraz tərəfim (leytmotiv)
-
Süsən-Sünbül sofistləri (ritorika)
-
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
-
Pikasso Əyriqarda (80×60)
-
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
-
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
-
Əyriqarda pyedestal mövsümü (evfemizm)
-
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
-
Dəmir əsəbli dağlar (sinergiya)
-
Qafilin qandığı qrafa (eksklüziv)
-
Alın yazısını alın təri ilə silmək… (fraqment)
-
Yetimdoyduran (al dente)
-
Şarlotta (təzadlar)
-
Epikür bağları (vegetasiya)
-
Yetim Gürcü (boheme)
-
Şeytanı ağlatmaq (introspeksiya)
-
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
-
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
-
Əyriqar qalxanı (silentium)
-
Stokholm suvenirləri (trauer)
-
Kürəvi ildırım (versifikasiya)
-
Odissey Əyriqarda (eponim)
-
Toğlugötürən (motiv)
-
Ujurumda yaz havası (trayektoriya)
-
Vətənə güllə atmaq (transalp)
-
Qardaşım ədəbiyyat (litera)
-
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
-
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
-
Data Tutaşxia üçün tavakababı
-
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)