Data Tutaşxia üçün tavakababı
İBRAHİMXƏLİL
Hələ orta məktəbdə ədalətdən, ədalətsizlikdən, haqdan, nahaqdan söz düşəndə bizə öyrədirdilər ki, sırf zalım, ya da sırf xeyirxah adam yoxdur. Üstəlik, onu da deyirdilər ki, biz özümüzdə çox vaxt özümüzün sosial mənşəyimizin yükünü də daşıyırıq.
Əlbəttə, şagird səviyyəsində bilirdik ki, dünya qaçaqların, qaçaqçılığın sayəsində deyil, hüququn, qanunların sayəsində yaşamalıdır.
Amma hər dəfə Koroğludan, Qaçaq Nəbidən, İncə Məmməddən, Data Tutaşxiadan, Til Ulenşpigeldən, Qaçaq Kərəmdən oxuyanda, eşidəndə kərəmli və yumşaq uşaq könlümüzdən Qaçaq Nəbi olmaq keçirdi, Data Tutaşxia olmaq keçirdi, Til Ulenşpigel olmaq keçirdi: təki nazilən haqqı, azalan ədaləti yerinə qoyaydıq. Təki xalqa məhəbbəti ifadə edəydik, keşkə padşahın xəzinəsini, qızıl kisələrinin ağzını da yoxsullara açaydıq, pulsuz çörək paylayaydıq…
Mahir müəllimlə (söhbət tanınmış ziyalı, Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından iki çağırış Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevdən gedir) uşaqlıq və yeniyetməlik dövrümüzdən, ağ atlı, ağ çuxalı xəyallarımızdan, yuxularımızdan danışırıq. Özü də könlümüz də, gözümüz də yönü dağlara tərəf danışırıq. Bir-birimizə bunu da etiraf edirik ki, ikimizin də uşaqlıq arzularımızda, hətta gənclik yuxularımızda da “qaçaqlıq” illərimiz olub.
…yadımdadır, günlərin bir günü Mahir müəllimi telefonla arayaraq Nizami Paşa Saraclının nəzərdə tutduğumuz poeziya gününə dəvət elədim. O da mənə mərhəmanə mərifətlə dedi ki, üzrlü sayın, Çabua Amirecibinin dəfnindəyəm, qayıdan kimi danışarıq.
Cənab Çabua biz tərəflərdə məşhur “Data Tutaşxia” romanının (romanı dilimizə yazıçı-tərcüməçi Emin Elsevər çevirib) müəllifi kimi tanınır. Biz tərəflərdə “Tutaşxia” soyadının tərkibindəki “tutaş”a, “tutaşmağ”a həmişə nahaqla, yaramazlıqla, batillə tutaşmaq kimi baxıblar.
Buna qədər mən Moskvada nəşr olunan “Литературная газета”da Yevgeni Yevtuşenkonun Çabua Amirecibiyə həsr olunmuş “99 xula-xup” adlı gözəl şeirini oxumuşdum. Xula-xupun (ingiliscə: hula hoop) bədii gimnastikada istifadə olunan çənbər-qurşaq mənasından savayı, məcazi-mətnaltı iztirab, əzab mənası da var ki, Yevtuşenko bu şeirində cənab Çabuanın hüzn dolu sürgün-düşərgə həyatını qələmə almışdı.
İndi Mahir müəllimə deyirəm ki, onda da, indinin özündə də onun Amirecibilər ailəsi ilə dostluq eləməyi könlümü çox xoşhal eləyir. Həm də ustad Şəhriyarın “bizdən də bir salam deyən sağ olsun” mənasında. Çünki adamlar tanıyıram ki, Sovetlər dağılandan bəri gürcü cəmiyyətinə inteqrasiyadan, əbədi dostluğumuzdan danışır, layihələr həyata keçirir, amma bircə nəfər də olsun gürcü dostu yoxdur.
…sən demə, Qaçaq Nəbini canlandıran “Qanlı zəmi” filmində Niyaməddin Musayevin böyük ustalıqla oxuduğu “Anama deyin” (sözləri tanınmış şair, həmyerlimiz Eyvaz Borçalınındır) mahnısını Mahir müəllim də çox bəyənirmiş:
Anama deyin:
balası gələr,
dağları dələr;
gözləri gülər…
Dağlara deyin:
çəkməsin birdən
dumandan pərdə;
dözmərəm dərdə…
“Toz görən qəhri” ilə “yollara yar deyən” analarımız-atalarımız, onlardan da öncə babalarımız-nənələrimiz ümid eləyiblər ki, məhz onların övladları dağları dəlmək bahasına da olsa, ədalətin zəfər çalmasına səbəb olacaqlar.
…Mahir müəllim hələ düz 1179-cu ildə Gürcüstanda (çariça Tamaranın vaxtında) oğurluq və quldurluq əleyhinə qanun qəbul edilməsindən danışır. Və əlavə edir ki, tarixçilərin dilində belə bir ifadə də dolaşıb ki, hər əsrdə bir “orta əsrlər” də mövcud olub. Yəni cahillik, nadanlıq küləkləri əsib, oğru ilə doğrunu ayırd eləmək çətinləşib, haqla batili fərqləndirmək məchula dirənib. Quldurlar azadlıq atəşi ilə alışıb-yanan məcburən qaçaqların aləmpənah adlarından da sui-istifadə ediblər.
Sınıq körpü sınağına (nə var sınıq könüldə var demirdilərmi?) arazbarı yaxın sözümüz nəhayətdə gəlib bu günlərə çıxır. İndi də qanunun aliliyindən, hüquqi dövlətdən, hakimiyyətin mənbəyi olan xalqdan, şəxsiyyətin hüquqlarının təminindən, dövlətin və şəxsiyyətin qarşılıqlı məsuliyyətindən danışırıq. Mahir müəllimə zarafatla deyirəm ki, sanki bir az öncə damarlarımızdan “qaçaq qanı” axmırmış!..
O da mənə Ş.Monteskyönün müdrik deyimini xatırladır: “Qanunlar hamı üçün eyni məna daşımalıdır”. Təbii ki, hamı deyəndə, misilləmə misal üşün, Baş nazirlə Başkeçid çobanının da eyni hüquqa malik olduqları nəzərdə tutulur. Bunu orta əsrlərdə kral oğluna xatırlatsaydın başın cəllad kötüyündə şehləyərdi…
Burası da var ki, indi insan istər Himalayın zirvələrində olsun, istər Alpların, istərsə də Altayların, sidq-ürəkdən anlamalıdır ki, qanunlar ondan ucalardadır! Vəssalam!
P.S. Birdən-birə mənə belə gəlir ki, bir tavakababı süfrəsində oturmuşuq; özü də süfrə əsl qafqazlı süfrəsidir, amma çaxırsız; özümüz də bir azdan Qara dəniz tərəflərə yola çıxasıyıq. Demosfen də deməmişdimi ki, çaxır içən ilə su içən eyni səviyyədə fikirləşə bilməz. Aranları dağlara daşıya-daşıya… fikirləşirik. Müxtəsəri, Siserondur, Til Ulenşpigeldir, Monteskyödür, Qaçaq Nəbidir, Data Tutaşxiadır, Lev Qumilyovdur, Lecbəddinli Qaçaq Emindir (Azərbaycanın Milli Qəhrəmanı Cəlil Əziz oğlu Səfərovun babası), Mahir müəllimdir, şair Afiq Muxtaroğludur, şair Zirəddin Qafarlıdır, mənəm…
Vahid Vəhdət Dünyasında nələr olmur?..
…burası da var ki, bütün ulduzlar Allahdan aşağıdadır!..
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)
- Əyriqarın qardaşı (ucqar havası)
- Borçalı butaforiyası (debüt)
- Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
- Can (aqape)
- Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
- Letargiyada erməni latayırları (kontrast)
- Bulfüzul “burun”u (otolarinqologiya)
- Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
- Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
- Məhəmməd Əli Əyriqarda (bandaj)
- Mənim Şiraz tərəfim (leytmotiv)
- Süsən-Sünbül sofistləri (ritorika)
- Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
- Pikasso Əyriqarda (80×60)
- Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
- Hər kəsin öz yağışı (nəqşi-zəmir)
- Əyriqarda pyedestal mövsümü (evfemizm)
- İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
- Dəmir əsəbli dağlar (sinergiya)
- Qafilin qandığı qrafa (eksklüziv)
- Alın yazısını alın təri ilə silmək… (fraqment)
- Yetimdoyduran (al dente)
- Şarlotta (təzadlar)
- Epikür bağları (vegetasiya)
- Yetim Gürcü (boheme)
- Şeytanı ağlatmaq (introspeksiya)
- Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
- Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
- Əyriqar qalxanı (silentium)
- Stokholm suvenirləri (trauer)
- Kürəvi ildırım (versifikasiya)
- Odissey Əyriqarda (eponim)
- Toğlugötürən (motiv)
- Ujurumda yaz havası (trayektoriya)
- Vətənə güllə atmaq (transalp)
- Qardaşım ədəbiyyat (litera)
- Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
- Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)