Vətənə güllə atmaq (transalp)
- 11 Avqust 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
İBRAHİMXƏLİL
“Güllə” demiş…
Unudulmaz N.Nekrasovun “в кармане моем миллон” (“Cibimdə bir milyon var”) misli-fəvvarə misrasını oxuyanda nə Mirzə Qələm, nə də mən buna qətiyyən inanmamışdıq. Ona görə yox ki, Nekrasov misilli şairlərin belə, cahıl cibləri çox vaxt “sökük” olurdu, bəlkə də daha artıq bu ürbənd üzdən ki, onda az qala Bağdaddan da betər gündəydik; üstəlik də qəpiyə güllə atırdıq.
…Bəzən mahiyyətlə təzahür, təsadüflə zərurət, ya da hərəkətlə sükunət arasında bir güllə mənzili boyda məsafə olur. Bir güllə mənzili – güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə olaraq hesablanır və təbii ki, sıxılmış zaman vəziyyətində kimə görəsə üç santimetr, kimə görəsə üç kilometr filhəqiqət fərqinə gəlir. Həm də bu “bir güllə mənzili” bədii sözdə arada-sırada elə simvola çevrilir ki, arazbarı sıxıntıları Süsən-Sünbüldən Sinqapura qədər də gedib çıxa bilir.
…Doğulduğum 1957-ci ildə Nobel mükafatı laureatı Qabriela Mistral vəfat edib. Elə həmin ildə də Alber Kamyu Nobel mükafatına qovuşub.
Hazırda yaşadığımız 2017-ci illə uzaq 1957-ci il arasında olan “məsafə”ni hərdən-birdən “güllə mənzili” ilə hesaba vururam. Nədən? “Bir güllə mənzili” adlı rapsodiyada bu sufirəng sualın cavabı cəhdlərim var. Bu haqda bir ayrı vaxtda…
…1945-ci ilin payızında Alber Kamyunu ABŞ-a dəvət edirlər. Amerikan vizasını almaq üçün anket doldurmalı olan Kamyu “ABŞ prezidentinə güllə atmaq niyyətiniz yoxdur ki?” sualına təbii ki, “yox” cavabını vermişdi. İndi sərhəd keçənlərə belə ucuz suallar verilmir, amma mən oxuyanda ki, hazırda dünyada öz vətənini tərk etmək istəyən 700 milyondan çox adam var, onda unudulmaz Ənvər Məmmədxanlı demiş, “həyatım ağrıyır”…
Yeri gəlmişkən, 1997-ci ildə Bakı səfərimdə Sınıq körpüdə mənə də az qala “Kamyu anketi” sualına oxşar sual ünvanlamışdılar. Amma Kamyu hara, biz hara? Hər nə isə…
Avropa həsrəti ilə Aralıq dənizində boğulan bütün afrikalılara və suriyalılara uca Tanrıdan reyhanəli rəhmət yağışı dilədikdən sonra bunu da deməliyəm ki, indi “fiqural” Fransada yaşayan Dədə Vasif Dədə Ağasif oğlunun dəm-dəsgah dilində bir zamanlar xalq şairi Süleyman Rüstəmin bu beyət-bidət bəndi bitmişdi:
Qoy cəbhədə qurban gedim mən əsgər;
təki anam yadlara baş əyməsin.
Yağış kimi yağan odlu güllələr
mənə dəysin, vətənimə dəyməsin.
Sonralar Dədə Vasif Dədə Ağasif oğlu anasını da Fransaya götürdü. Deyilənə görə, anası Marseldə dəfn edilib, əlbəttə ki, müsəlman qəbiristanlığında, amma bir güllə mənzilindən də çox-çox uzaqlarda… Yəni – əlbəttə, Mirzə Qələmə görə – istər ananı Marseldə dəfn elə, istərsə də vətənə güllə at…
Amma Vahid Vəhdət dünyasında nələr olmur?
Bəlkə də yoxsullar küfrə yaxın yaşadıqları üçün gedib elə Fransada yaşasalar yaxşıdı? Kim bilir… Yəni oralarda vətənə qarşı gülləni gülləyə düzsələr də vətənə xətərmi yetişər?
Mətləbdən aralı düşməyək (dolayısı ilə, Aralıq dənizinə düşməyək)…
Bilmirəm Kamyunun Alp dağlarına həsr olunmuş yazısı varmı?..
…“İgid”, “bahadır” mənasını verən “alp” sözü məni çoxdan çəkir; hətta şair dostum Nizami Paşa Saraclı və gənc yazıçı dostum Atif Abbasovla birlikdə bir “Alplar” jurnalı nəşr etmək istəyimiz də var.
…Ötən il Türkiyədə hərbi çevriliş – Türkiyənin ən qaranlıq gecəsi – cəhdinə görə həbs olunanlar arasında bir neçə nəfər “Alp”ı da görəndə Alplar tərəfimiz ağrıdı. Mirzə Qələm isə hirsini açıq-aşkar boğa bilmədi:
– Ay sizi Alp Ər Tonqanın, Alp Arslanın, Alp Tarxanın, Alp Təkinin (və sairə) qılınc və qan bahasına aldıqları “alp” titulunun qalü-bəla qarğışı tutsun! – deyə hayqırdı. – Vətənə qarşı döyüşərək vətənə heç cür qəhrəman ola bilməyəcəyi həqiqətini bilə-bilə vətənə güllə atan generaldan filhəqiqət fərqli olaraq Alpların vətənə güllə atmaq haqqı yoxdur! Qətiyyən yoxdur! Çünki, eynən Alp çəmənlikləri misallı, alp adamların başı vətənin qarlarına və buzlaqlarına dayanır!.. Padşahın tacına yox!
Mirzə Qələmi güclə sakitləşdirirəm. Özü də nə ilə? Hələ sağlığında “Qərbin vicdanı” adlandırılmış Kamyunun “Sizif əfsanəsi” ilə!..
P.S. Dünən Türkiyədə “darbeçi” generalın (A.A.) məhkəməsini göstərirdilər…
…hələlik ancaq bizim xəyal gücümüzdə kök salan və arada-sırada xəyal qırıqlığına da uğrayan “Alplar” jurnalına gəlincə, Sınıq körpünün o biri üzünə çərən-pərən çatdırıblarmış ki, bu “Alplar”dan can Azərbaycana arazbarı xeyir gəlməz. Bu yerdə xalq yazıçısı Mirzə İbrahimov demiş, “Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi”.
…amma, qardaşım, axı məhəbbət gülləsi də olurmuş – yenə də Mirzə Qələmə görə – və unudulmaz Mirzə Ələkbər Sabir hərdən-birdən vətənə belənçi güllələr də atırmış… Amma Sabir həm də ciyərinə nahaqdan dəyən güllələri öz qızıllanası əlləri ilə çıxarmağı da bacarırmış…
Bütün hallarda, günlərin bir günü dünyada bircə “bir güllə mənzili” də qalmayacaq, dünyada bircə bir “gül mənzili” olacaq. İnşallah!..
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya) • Odissey Əyriqarda (eponim) • Toğlugötürən (motiv) • Ujurumda yaz havası (trayektoriya)