Mövlud Mövludun xatirəsinə
İBRAHİMXƏLİL
Sizə həsb-hal haralardan xəbər verim – Hüznəfza tərəflərdən; Hüznəfza tərəflərdə kimdən – təğyiri-libas Toğludan…
…O, dişləri çıxar-çıxmaz Anasını əmməyi tərgitdi; çünki Ağ Qoçun həyat hekayələri ona az qala ana südündən şirin gəlirdi. Bir dəfə Araz qırağında tanış olduğu Balaca Qara Balıq onun süddən tərgidiyini biləndə tən-dürüst soruşdu ki, axı onun toğlu olmağına hələ var, axı quzular ana südüylə bəslənərlər. Onda cavidan-cavidan cavab verdi ki, qoy anamın südü məndən sonra gələn qardaşlarıma-bacılarıma qalsın.
Doğrudur, Ağ Qoçun həyat hekayələrində arada-sırada Qara Qoçdan da danışılırdı, amma belə məlum olurdu ki, əslində ən qorxulu nağıl Toğlugötürən haqqında olandır. Əlbəttə, Toğlunun kami-dil könlündən gələcək günlərin birində bir Ağ Qoç olmaq da keçirdi. Amma Balaca Qara Balıq ona ana dilinin ən həzin-füzun çalarlarında pıçıldamışdı ki, bu əriş-arğac – yaylaq yolları da daxil – dağların bu üzüylə bitmir, hələ dağların o biri üzü də var!
…Bir dəfə də olsun Anasına da, Ağ Qoça da – elə yaşıdlarına da – demədi ki, hanı mənim bağ otum, hanı mənim dağ otum? yulafım-yoncam, ya da oyuncaqlarım hanı? Əksinə, həmişə özü onlara nəsə verməyə, nə iləsə sevindirməyə çalışdı: “vətən” deyilən bu qoyunlar, quzular, toğlular, dağlar, dərələr idisə, onda niyə bir umacağı olmalıdı?! Özü də bu, dişi toğluların yağışdan sonrakı göy üzütək gözəl gözlərində böyümək üçün deyildi. Qətiyyən!
Balaca Qara Balıq ona əcdadlarının utanc yeri hesab elədiyi Panurq sürüsündən də danışmışdı; özü də elə danışmışdı ki, dil-dodaq belə, inciməmişdi, görünür, ana dilində qorxulu nağıl da şirin səslənirmiş. Sadəcə olaraq buna heyrətlənirdi ki, Balaca Qara Balıq da, Ağ Qoç da, Qara Qoç da, şələquyruq tülkü də, dünən dişi Toğlunun az qala əsə-əsə (ona saçaq-saçaq sığınmağından bildi) göstərdiyi uzaqdakı yalquzaq da, adını eşidib üzünü görmədiyi tabü-tavan Toğlugötürən də bir dildə danışırlar, amma bir-birlərinə də bir bu qədər uyuşmurlar. Bunun Balaca Qara Balığın danışdığı həmin o qorxulu nağılla bir əlaqəsi ola bilərdimi?..
…sürü yiyəsinə acıqlanan Panurq ondan bir qoyun alıb dənizə atır, baxıb qanmayan sürü də özünü həmcinslərinin ardınca suya tullayır…
O, özünü haralardan-haralara günahkar sayırdı. Və yazmağa başladı: and olsun qələmə və yazılanlara!
…Sonra Əyriqarın ətəklərində daşlar-qayalar üzərinə oyulmuş yığcam və aydın ifadəli yazılardan, lirizmlərlə dolu lapidar yazılardan danışmağa başladılar. Bu yazılarda düz yola düzəlməsi arzulanan Qara Qoç açıq-qırmızı rəngdə də verilirdi, yaylaqların-yamacların günəşinə, yağışına çətir tutmamaq həvəsi vurğulanırdı, “seçilmiş” toğluları başqalarından qabağa salmamaq haqqından-hüququndan sahmanlı söz açılırdı. Toğlugötürən də ədlə-ədalətə dəvət olunurdu: axı toğlular da yazıqdılar…
Daha sonra Qara Qoçun “Hədasəti-sinn” (“Yaşca kiçiklər”) adlı kitabçası yayılmağa başladı. Kitabçada deyilirdi ki, Toğluya ayıblar olsun ki, belə-belə böyük qələtlər eləməyə başlayıb. Yəni bizə latayır söz tullayır-tullasın, amma axı qızılquşkimilər dəstəsinin nəsli kəsilmək üzrə olan bir nümayəndəsinə qarşı – yəni Toğlugötürənə qarşı – belə nalayiqlərə yol vermək olmaz! Qorunması üçün zəruri tədbirlər alınmış Toğlugötürənə cəmi canımız-başımız qurban! Bə nə!.. Leşlə, cəmdəklə qidalananları da Toğlugötürən fikirləşir axı!
…və belə seyrağıb söz yaymağa başlandı ki, bəs deməzsənmi, guya Toğlunun hündürlük qorxusu, yəni akrofobiyası var imiş! Balaca Qara Balıq da üzüb buralardan İsveç tərəflərə köçmüşdü. Toğlu bir məsləhət eləyərdi. İndi neyləsin? Əlində də bir bu qədər işi var idi… Qara Qoça heç bir hündürlük qorxusunun olmadığını necə sübut etsin?..
Ağ Qoçun bir öyüdündə deyilirdi ki, gərək ən çətin anlarda da özünü Günəş və Ay qədər məcbur eləyəsən! Yəni hər gün doğmalısan! Hər gün!.. Sonacan da diri və duru qalmalısan!
Amma o, hündürlüyü, “hündürlük qorxusu” ilə üz-üzə, göz-gözə qalmağı seçdi. Qarşı yatan dağların “Qorxulu nağıllar” adlanan ən hündür yerinə çıxdı. Və Toğlugötürəni də ilk və son dəfə burda gördü.
Və təğyiri-libas Toğlu bircə kərə “Ucal!” dedi və hoppandı. Amma yerə yıxılmaq yerinə… göyə düşdü… Sınıq körpüdən uzaqlarda buna “möcüzə” də deyənlər tapılır.
Mətləbə hələm-həlbət dəxli oldu-olmadı, deyirdim ki, görəsən qədim dövrlərdə bəzi mafraq məmləkətlərin bəzi ödəmələri pul əvəzinə “toğlu” hesabı ilə aparmaları tağalaq təsadüfmü imiş?..
P.S. Səhər o başdan car çəkildi ki, bəs deməzsənmi, qayalara oyulmuş bəzi lapidar yazılar qanayıb…
Toğlunun… ucaldığı yerdən də bir alışqan tapılıbmış…
…eşitdim indi Hüznəfza tərəflərdə “intihara yox!” kampaniyası başlayıb.
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya) • Odissey Əyriqarda (eponim)