Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)

897 0

İBRAHİMXƏLİL

…orda ayla, illə, burda müxtəsər dillə, o necə deyərlər, qara vəzir ortalığı qarışdırmaqda olsun, sizə hardan, nədən danışım, simvollardan.

Misilləmə misal üçün, hansı musiqili və rəngli minvalla ki, göyərçin sülh simvoludur, yelkən ümid simvoludur, həmin həm də ocaqgözü oxşar minvalla, mən bu Novruz bayramı ərəfəsində ənənəvi olaraq gürcü dostuma göstərdiyim Novruz simvolu olan səməni ilə bərabər dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun “Baharın qızı” adlı rəsm əsərinin surətini də göstərdim. Heyrətini gizləyə bilməyən dostum çox məmnun qaldı. Tərif olmasın, bu işarələr-rəmzlər dünyasında belə anladım ki, unudulmaz Mirzə Cəlil demiş, yəni “gürcülər içrə yatmamış”am…

Etiraf edirəm: Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın, Xəzərdən, Arazdan bu qədər uzaqlarda uzun illər arzu eləmişəm ki, yazı – bu gözəllər gözəli bahar fəslini mənim üçün (əlbəttə, Azərbaycan tərəflərdən) hər il bir gözəl yazı – mətn gətirəydi! Və Vahid Vəhdət dünyasının ucqar deyilən yerinə qardələndən, novruzgülündən, zoğal çiçəyindən dolayı, baharı bir il Ənvər Məmmədxanlı gətirib, bir il Məmməd Araz, bir il Elçin, bir il Vaqif Bayatlı… sonralar – rəssamlığa da vurulduqdan sonra – Səttar Bəhlulzadə, Pikasso…

Məhz onların sayəsində evim-eşiyim az qala hər gün bayram olan “xublar evi”ndən daha “xanədan” olub!

…builki yazı mənim üçün “Baharın qızı” gətirdi; buna görə Sakit müəllimə və məni bu əsərlə tanış edən rəssam dostum Rizvan İsmayıla təşəkkürlərimlə birgə  bayram təbriklərimi də yetirirəm!

Sakit müəllimin bu əsərinin açarı sanki qədim və orta əsrlər ədəbiyyatımızdakı müstəqil şeir forması olan “bahariyyə”nin özüdür! Bu bir. İkincisi, Novruz bayramı mövzusunda yaradılmış əsərlərdən Səttar Bəhlulzadənin “Xonça”sı, Elmira Şahtaxtinskayanın “Qutablar”ı, Xalidə Səfərovanın “Novruz”u, Rizvan İsmayılın “Novruz gecəsində sərvlər”i sevdiyim əsərlər sırasındadır. Təbii ki, Allahın altı böyükdür, altında da bütün rəssamlara və əsərlərə yer var. Amma Novruz mövzusu ilə bağlı bəzi arazbarı nigarançılıqlarım da var idi və şükürlər olsun ki, “Baharın qızı” çatmayan simvollarımı sahmana saldı. Çünki Sakit müəllimin fəlsəfəsi, müsbət enerji daşıyıcıları, pozitivləri, rəngləri ürəkdən vurmağı o qədər böyükdür ki, lap istəsən də onun əsərlərini təkcə Azərbaycana sığışdıra bilməzsən, onlar elə qohumluq əlaqələri candan-ciyərdən olan Sazlı Abdullanın sazı misallı, öz-özünə “çalına-çalına” da dünyaya çıxa bilirlər!

…gürcü dostum elə beləcə də demişdi:

– Bu ziyadə zövq aldığım əsəri böyük məmnuniyyətlə qəlbimin dərin guşəsindən asdım. Novruza aid bir neçə sualın-müəmmanın cavabını da tapdım.

Burasını da söyləyim: demək olar, indi dünyanın çox gülüstan guşələrində az qala bütün bayramları təftiş edən “təftişçi”lər, kritikanlar-tənqidbazlar peyda olub; onlara görə, sən demə, bayramlar əslində insanların “imperatordan çörək və tamaşalar” istəmələri səbəbindən yaranıbmış.

Sınıq körpünün bəri üzündə də deyənlər tapılır ki, bəs deməzsənmi, Novruzun digər simvollarından olan Keçəl, Kosa personajları haralardan çıxıb? Onlarla Avropanı “fəth etmək”mi olar? Hətta Baharın qızı da yanlış simvoldur… burada Moskvanın əli var imiş, üstəlik, Baharın qızı ilə “xalqın ulu tarixi təhrif olunur”muş… Baharın qadın zərifliyi və qadın zəfəri ilə qədəm qoyduğundan adamın xəbəri yoxdur; təəssüf…

İncəsənətin təyinatından bixəbər, hər motivdə min bir nöqsan “tapan” Süsən-Sünbül “trol”u isə daha uzaqlara gedib yazmışdı ki, bəs deməzsənmi, cəmi cahandakı azərbaycanlı ailələri səməni üçün hərəsinə bu qədər taxıl əksə, gör dünya taxıl “birja”sı haralara yuvarlanar…

Mahiyyətlər və təzahürlər, təsadüflər və zərurətlər, sabitlik və dəyişkənlik  dünyasında nələr olmur? Bu qədər “arşınmalçı” çoxluğunda nə deyəsən?

Gül kimi əsərlərindən bildiyim qədər… Sakit müəllim misallı sənətkarlarınkı məna, məniyi-əsrar axtarmaqdır, mənafilərə-mənafizlərə vaxt xərcləməyə vaxtlarımı var?..

…təbii ki, milli qaynaqlarımıza, Azərbaycan və dünya rəssamlıq məktəblərinin dərin köklərinə könül bağlarıyla sarılan, nəticədə özü də bir Bağ olan Sakit müəllim bu əsərini Novruz simvoluna çevrilsin deyə çəkməyib. Amma mən bu yaz Xəzərin, Arazın, Xankəndinin Novruz salamını məhz “Baharın qızı”ndan aldım. Bu əsərdə Borçalı elementləri də var, Göyçə, Gəncə rəmzləri də. Yoxsa gəmidə durub gəmiçi ilə… yumurta döyüşdürməyə nə var ki!

Bilmirəm ustad Heminqueyin “bayramı həmişə özünlə gəzdirməlisən, özündə daşımalısan” ifadəsi hörmətli Sakit müəllimə rast gəlibmi? Amma Sakit müəllimin özünü hələlik ancaq əsərlərində görsəm də yəqin bilirəm ki, o, can Azərbaycanda o az-az görkəmli simalardandır ki, lap qışın ortasında da çəkib yazı-baharı gətirə bilir! İnsana özünün haralardan gəlib haralara getdiyini, kökünü, etnosunu, haqqını, batinini, durnalarını xatırladır… Məgər bundan böyük – əlbəttə, Allaha xatir – savab və səxavətmi olur?..

Bəziləri Azərbaycanı tanıtmağa illər xərcləyir, hərdən-birdən müvəffəq də olmur, amma Sakit müəllimin fırça tutan barlı barmaqlarında bu, an məsələsidir! Ən ali rəssam olan Allah verən də buna demirlərmi?!

P.S. Müxtəsəri, builki Novruzda bərəkət payımı “alın yazısını alın təri ilə silən” Sakit müəllimin əsərindən aldım…

…bir az aralıda Mirzə Tüpdağıdan saxsı sındırır ki, bəlkə… paxıllıq dərdi bu sınıq saxsı ilə gedə. Nə deyim, şəfasını Abşeron qaya rəsmləri versin…


Müəllifin başqa yazıları:  

Bu dağların Abbası (retro)

Təkayaq (izomorfizm)

Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)

Bilbaoda Bayraq günü (olimpias)

“Kor xəlifə” Tiflisdə (antipod)

Oturduqca oyun oynamaq (reaksiya)

Bizim mizantrop Hökumət (təzkirə)

Mükafat marafonu (praemium)

Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)

Emin Elsevərin baş keçidi (retro)

İbrahimxəlil süfrəsi (inversiya)

Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)

Neyron yuvaları nişangah altında (innovasiya)

Əyriqarın qardaşı (ucqar havası)

Borçalı butaforiyası (debüt)

Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)

Can (aqape)

Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)

Letargiyada erməni latayırları (kontrast)

Bulfüzul “burun”u (otolarinqologiya)

Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)

Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)

Məhəmməd Əli Əyriqarda (bandaj)

Mənim Şiraz tərəfim (leytmotiv)

Süsən-Sünbül sofistləri (ritorika)

Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)

Pikasso Əyriqarda (80×60)

Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)

Hər kəsin öz yağışı (nəqşi-zəmir)

Əyriqarda pyedestal mövsümü (evfemizm)

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)

Dəmir əsəbli dağlar (sinergiya)

Qafilin qandığı qrafa (eksklüziv)

Alın yazısını alın təri ilə silmək… (fraqment)

Yetimdoyduran (al dente)

Şarlotta (təzadlar)

Epikür bağları (vegetasiya)

Yetim Gürcü (boheme)

Şeytanı ağlatmaq (introspeksiya)

Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)

 

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id