İBRAHİMXƏLİL
“Bohema”nın nə olduğunu bilmədiyim illərdə (təəssüf ki, bu söz 1975-ci ildə “Elm” nəşriyyatının buraxdığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə daxil edilməmişdi) unudulmaz müəllimim İsrail Mustafayev məndən xahiş elədi ki, mümkünsə, İosif Qrişaşvilinin 1977-ci ildə Tbilisinin “Merani” nəşriyyatında işıq üzü görmüş “Köhnə Tiflisin ədəbi boheması” adlı kitabını tapıb gətirim. Bu tapşırığı yarıtmadım: indinin özündə də xəcalətliyəm…
İsrail müəllim arada Provans trubadurları ilə əlaqədar Tiflisli Yetim Gürcüdən də söz açmışdı və heç kəsin gözləmədiyi halda tələbələrdən biri soruşmuşdu:
– Müəllim, məgər gürcülərin də yetimi olur?
O vaxtlar gürcülər haqqında belə heyran rabitəli rəvayətlər də gəzirdi ki, bəs deməzsənmi, guya onların dilənçisi, yetimi, biçarəsi (“Beçara”-“Biçarə” təxəllüslü gürcü aşığı Vasili Beriaşvili haqqında da sonralar oxudum) ola bilməz. Onda Gürcüstan paytaxtı firavan həyat səviyyəsi baxımından az qala Kampanellanın əfsanəvi “Günəş şəhəri” boyda xoş səda çıxarmışdı.
Sən demə, köhnə Tiflisin ədəbi boheması onun davamlı maddi imkanı olmayan və zəmanənin sərsəri, sərgərdan sırasına qatdığı şairlər, rəssamlar, aktyorlar imiş. Baxmayaraq ki, “bohema” sözünü ilk dəfə “dövriyyə”yə buraxan fransız yazıçısı Morje bu ad altında Parisin məşhur Latın məhəlləsində yaşayan və arada-sırada da qaraçılar qədər aşağılanan “xarici” tələbələri nəzərdə tuturmuş…
…Yetim Gürcü (1875–1940) qədim-qayım Tiflisin bütün taxça-boğça tarixi ərzində onun ən görkəmli nəğməkarı-ozanı olub. Faciəli taleli bu ustad bütün Tiflislilərin – gürcülərin, azərbaycanlıların, ermənilərin, aysorların, yunanların adət-ənənələrini, rəngarəngliyini, cizgilərini içinə-çölünə o qədər yoğura-yoğura hopdurub ki, indinin özündə də hərə onu öz adına çıxır.
Misilləmə misal üçün, Mirzə Levon Məlik Şahnazaryan iddia edir ki, bu Yetim Gürcü deyilən əslində erməni əsilli Arutyun Ağacanovdur. Yetim Gürcü haqqında həzin nəğmə qoşan və qoca dünyanın faniliyini, ötəriliyini də musiqisinə qatan Zəfər Təkgümüş isə buyurur ki, o unudulmaz xalq nəğməkarının babası Trabzon tərəflərdəndir və Osmanlı dövründə müsəlmanlığı qəbul etmiş lazlardandır.
Bəlkə də adi yetim olsaydı hərə onu özgə adına çıxardı. Hətta bir yetimdoyduran da bağışlayardılar. Axı yetimə “can-can” deyən doğrudan da çox olurmuş…
Kim bilir, Yetim Gürcünün vaxtında bu Vahid Vəhdət dünyasında neçə yetim, neçə də yetim malı yeyən var imiş? Yaradanın yetim malını yeyənlərə xəbərdarlığına baxanlar o qədərmi çox olub ki? Məgər yetim malını yeməklə “qarınlarına cəhənnəm odu atanlar” zülmkarlıqlarının fərqindəmi idilər? Yetim Gürcü bəlkə də elə bu üzdən belə əmin-yəmin yazırdı:
Başına vicdanın papağını qoy, –
Ey insan, təkcə bu papağı daşı…
Əsl adı Yetim İbrahim oğlu Dabğişvili olan bu xalq nəğməkarının həyatı-yaradıcılığı bu günümüzə və sabahımıza sanki bir melodramatik mesaj təsiri bağışlayır: belə ki, hansı məmləkət olursa-olsun – təbii ki, Gürcüstan və Azərbaycan da daxil olmaqla – həm öz yetimlərinə, yoxsullarına, işsizlərinə, həm də yetimlik, yoxsulluq təkcə təxəllüslərində, ləqəblərində deyil, ağrıyan həyatlarında da hər an özünü göstərən söz adamlarına, rəssamlara, aktyorlara sahib çıxmalıdır! Bəzilərində belə təkəmseyrək təəssürat da yarana bilər ki, bəlkə mən Yetim Gürcünün kimliyindəki “İbrahim oğlu” soyadına, adaşlığa-qardaşlığa tərəf çıxıb təəssübkeşlik edirəm. Qətiyyən! Sadəcə olaraq məhz Yetim Gürcü misallı yetimlərin sayəsində vətənin özü də yetimlikdən qurtarır. Və belə vətəndə ata yetimi də ola bilər, ana yetimi də, ata-ana yetimi də, amma bir nəfər də olsun vətən yetimi tapılmaz!..
…Kür çayının Meydan sahilində Yetim Gürcünün nəğmələrini xatırladan, içində-çölündə həm də digər yetimlərin hesab-kitab hüquqlarından xəbər verən abidəsi qoyulub. Deyilənlərə görə, yetim malını yeyənləri hələ o abidənin həndəvərlərində görən olmayıb. Bilmirəm…
P.S. Unudulmaz şair Fikrət Sadığın “Halbuki” adlı kitabına oğlu Orxan ön söz yazıb. Hörmətlə gətirdiyim bu sitat da oradandır: “Fikrət Sadıq şair əxlaqındadır. O heç vaxt adam və bazar malı satmayıb”. Hər dəfə Tiflisdə Yetim Gürcünün abidəsi yanında nədənsə Orxan Fikrətoğlunun atası haqqında yazdığını xatırlayıram. Çünki düşüncələrimdə Yetim Gürcü də şair əxlaqında olub və “adam və bazar malı” satmayıb.
Və hətta Tiflis boyda şahanə şəhər də Yetim Gürcüsüz (və bohemasız) çox yetim-yesir görünərdi…
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)
Epikür bağları (vegetasiya)