İBRAHİMXƏLİL
Təbii ki, “Qarı və pişik” adlı xalq nağılımızı biləndə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Norveçli Siqrid Unsetin əsərləri ilə tanış deyildim. Və “alaboyun” pişiyin nağıldakı sözlərini sinif yoldaşım Elmanla birlikdə sidq-ürəkdən mən də əzbərləyirdim:
Yük altı yaylağımdır,
Yük üstü qışlağımdır.
Kürsü üstə duraram,
Bığlarımı buraram.
…Siqrid Unsetin “Qazmada xoruzla pişik yaşayırdı” adlı hekayəsində belə bir epizod var: “Bir dəfə kral baş nazirlə gəzməyə çıxmalı oldu. Onlar xoruzla pişiyin yaşadığı torpaq qazmanın yanından keçirdilər.
– Bir zavallılara bax, – kral dilləndi, – bu qədər miskin torpaq qazmada yaşayırlar. Oh, baş nazir, bir ora get, orda yaşayanlara kralın adından min kron ver” (tərcümə N.Əbdülrəhmanlınındır).
Əlbəttə, kralın da (prezident də ola bilər), baş nazirin də arada-sırada yoxsul daxmalarının yanından keçmələri, hətta daxmanın içərisinə girdilər-girmədilər belə, iman və insaf dolu hadisələrdəndir. Amma krala və baş nazirə aid olanlar hərdən-birdən cəngli-cidallı və az-az da arazbarı moizəxan məsələlər olduğundan, birbaşa pişiyin adına keçirəm: çünki Mirzə Cəfər bəyin (Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin) irrasional iddialarına görə, qazmada xoruzla birlikdə yaşayan həmin pişiyin adı “Şarlotta” olub. Yenə də Mirzə Cəfər bəyə görə, bu, həmin papaqaldıqaç pişikdir ki, günlərin bir günü mifoloji-sehrli və sər-səlamət şəkildə o qədər uzaqlardan gəlib Süsən-Sünbülə çıxıb. Şarlottanın gəlişinə qədər Süsən-Sünbüldə bir kimsənin uğuruna pişik çıxardısa, adam dərhal uğurdan geri qayıdardı: xurafata elə inanardı!
Bəzi çoxbilmişlər bunu belə izah edirdilər ki, bəs deməzsənmi, yüksəkdən atılarkən bütün pişiklər yerə həmişə ayaqları üstə düşdükləri halda, Şarlotta nədənsə arxası üstə düşür…
…Ümumiyyətlə, mən pişiklərə (olsun itlər, ya da inəklər) yaxşı və məkrsiz adlar verilməsinin tərəfdarıyam. Amma bir də görürsən Mirzə Halaypozan pişiyinə – əlbəttə, kinlilik və düşmənçilik məqsədilə – Mirzə Tüpdağıdanın adını qoyur, Mirzə Virus da Mirzə Mikrobun: bu da əmanətdarlıqdan və bəsirətdən qıraq iş deyilmi?
Bu günlərdə “Lenta.ru” xəbər agentliyi “Baltik radiosu”na istinadən yaydı ki, siçovullarla mübarizə aparmaq məqsədilə Ermitajda daimi “qeydiyyat”da olan pişiyə ABŞ-ın yeni prezidentinin şərəfinə “Tramp” adını veriblər. Zalım Ermitajlılar, dilucusa demirlər, işdi-şayəd, yeni prezident inciyə bilər. Pəsinib eləmirlər, vallah!
…Burası da var ki, pişiklərə pişxidmət eləyən məşhurlar, hətta həyatını pişiklərə həsr eləyənlər də az olmayıb: Bayrondan Pikassoya qədər! Amma sözümün toz-tozanaq təkrarına bir də qayıdıram: misilləmə misal üçün, mən Heminqueyin öz pişiyinə “Kuba”, Fisceraldın da öz pişiyinə “Şopen” adlarını vermələrini qınayıram. Elə Mirzə Halaypozanın öz pişiyinə Mirzə Tüpdağıdanın adını verməyini də! Amma Vahid Vəhdət Dünyasında nələr olmur? Bir də gördün qan düşməninin yaşadığı şəhərin “İsgəndər” raketi ilə vurulduğu səbəbindən yaralı xoruzuna “İsgəndər” adını verən Salamiyyə ərəbinin dəvəsi ölən qonşusu da danasına mənim adımı verdi: çünki qulağına çatıb ki, yeni “İbrahim” qırıcısı da hazırlanır.
Heminqueyin “Kuba” adlı pişiyi demiş, bilirsənmi, yadıma nə düşdü? Adının pişiyə qoyulduğu, pulunu bolqar baltası kəsməyən Tramp bu yaxınlarda Kuba lideri Fidel Kastronu “zalım diktator” adlandırdı. Əgər Əyriqardan çox-çox uzaq olan Madrid tərəflərdə yazılanlara inansaq, sən demə, Fidel Kastroya həyatı boyu 600-dən artıq sui-qəsd cəhdi olubmuş! Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı və məxfi adı nədənsə “Şarlotta” olan sui-qəsd planının biri də Fidelin… məşhur saqqalını dibindən yox eləmək imiş! Bu yerdə Mirzə Cəfər bəy də kinayə və istehza dolu demirdimi: Pişiyimiz oğlan doğub!
P.S. Şarlotta (fr. Charlotte) – Şarl (Çarlz), ya da Karl kişi adının qadın adı variantıdır. Hansı minvalla ki, Karl müxtəlif dillərin fonetik normasına adaptasiya olub, az qala həmin oxrantılı oxşar minvalla ədəbiyyat üzrə Nobel mükafatı laureatı Siqrid Unsetin pişiyi də (əlbəttə, yenə də Mirzə Cəfər bəyə görə) Süsən-Sünbül tərəflərə adaptasiya oldu. Onun buralara gəlib çıxma səbəbini vaxtilə Avropada pişiklərin uğursuz hesab olunmasında görənlər də var. Yadında qalmış olar: bir zamanlar Avropada pişik bəsləyən xeyli qoca qadın pişiyi ilə birlikdə öldürülmüşdü.
…Az qala unutmuşdum: “Şarlotta” həm də asteroid (Marsla Yupiterin orbitləri arasında dövr edən kiçik planet) adıdır. Bəzi elmi mülahizələrə görə, bu asteroidin Yerlə toqquşmaq ehtimalı sıfıra bərabərdir. Allah eləməsin, bu ehtimal heç olmasa birə bərabər olsaydı, Mirzə Cəfər bəy dərhal deyərdi: “Məgər pişik balasını istədiyindən yemirmi?”
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)