
Mayın 5-i şair, alim, pedaqoq Ağa Laçınlının 85 illiyidir.
1940-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində ali təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) “Natəvan” klubunun müdiri vəzifələrində çalışıb. 1970-ci ildən indiki Bakı Dövlət Universitetində dərs deyib, dünya ədəbiyyatı kafedrasının dosenti olub. 2007-ci il noyabr ayının 25-də vəfat edib. O vaxt doğma kəndi işğal altında olan şair Bakıda torpağa tapşırılıb.
Bu yazı xatirə deyil, olsa-olsa, ŞAİR və İNSAN haqqında yaddaşımı tərpədən, kağıza köçürməyə ehtiyac hiss elədiyim duyğulardı…
Əvvəlcə ŞAİR yazdım, çünki Ağa Laçınlını öncə ŞAİR kimi tanımışdım…
1970-ci illərin əvvəllərində, hələ orta məktəbdə oxuduğum illərdə Gürcüstana, uzaq Qaraçöpə də gəlib çıxan “Azərbaycan” jurnalında şeirlərini oxumuşdum, dilinin bənzərsiz təbiiliyinə, təbiətə hədsiz bələdliyinə, kökə möhkəm bağlılığına görə yaddaşımda qalmışdı, hətta bir neçəsini gündəliyimə də köçürmüşdüm. O vaxtdan Ağa Laçınlı da Məmməd Araz, Eyvaz Borçalı, İsa İsmayılzadə, Abbas Abdulla, Zəlimxan Yaqub… kimi şeirlərini gözlədiyim söz adamlarından oldu…
Sonra əl boyda kitabına rast gəldim, dilinin sehrini daha dolğun yaşadım…
Universitetdə oxuduğum illərdə özünü gendən tanıdım. Mənə dərs demədi, amma hər dəfə rastlaşanda elə bilirdim ki, lap çoxdanın tanışıyıq, arxayınca dərdimizi-sərimizi bölüşə bilərik. Ünsiyyətdə olduğum tələbələrindən də haqqında ancaq xoş söz eşidirdim.
Yaddaşım aldatmırsa, üçüncü kursda oxuyurdum, universitet qəzetində gen-bol çap olunur, hətta maaşsız-filansız işləyirdim. Bir dəfə məni dəhlizdə saxladı, soruşdu ki, filankəs sənsənmi? Dedim, bəli, mənəm. Dedi keçən nömrədəki yazında bir söz işlətmisən – “gözgörəti”, mənası nədi? Cavab verdim ki, bizdə “açıq-aydın”, “açıq-aşkar” mənasında işlədilir.
– Gözəl sözdü, – dedi, – çox gözəl sözdü. Siz tərəf haradı?
– Gürcüstandanam, – dedim.
– Deyirəm axı, – Ağa müəllim daha da mehribanlaşdı, – danışığın Abbasın (Abdulla) danışığına oxşayır, yazıların da İsanın (İsmayılzadə)…
Bir dəfə də Ağa müəllim xahişsiz-minnətsiz məni rus dili və ədəbiyyatından dərs deyən Abuzər İsmayılova tapşırdı: “Qərib oğlandı, – dedi, – üstündə gözün olsun. Elə bilərsən qohumumdu, yox, yazılarından tanıyıram…”
***
1980-ci illərdə ədəbi aləmdə ən yaxından tanıdığım İsa İsmayılzadənin ən çox bəyəndiyi şairlərdən biri Ağa Laçınlıydı. Poeziyayla bağlı söhbətlərində tez-tez onun şeirlərindən söhbət açırdı, deyirdi çoxları ideologiyaya uydu, zamanla ayaqlaşdı, lazım olanları yazdı; deyirdi Ağa dağlardan enmədi, öz içindən qırağa çıxmadı, şeirlərini oxuyursan, elə bilirsən qızıl külçəsidi, bircə sözünü tərpətmək olmur; deyirdi Ağa mənə şeir gətirəndə canım rahat olur, bilirəm ki, çapa hazırlamağa ehtiyac yoxdu, ancaq çapdan sonra oxuyuram; deyirdi onun da insafı yoxdu, dil töksən də, özü istəməsə, bircə misrasını almaq olmur.
İsa İsmayılzadə haqlıydı…
Ağa Laçınlıdan ötrü poeziya bostan yeri deyildi – çox əkib, çox götürməyə can atmırdı, bu səbəbdən, kitablarının sayına bir əlin barmaqları bəs elər…
Ağa Laçınlı zəmanəsinin cürbəcür mükafatlarına iddialı deyildi, ona görə də özünü əziyyətə salıb zorən şeirlər yazmadı…
Heç pedaqoji sahədə də Müəllimlikdən uca bir şey haqqında bir şey düşünmədi: böyür-başında fəxri adlar, mükafatlar, vəzifələr paylandı, o Özünün və Sözünün Abrını axıracan gözlədi…
Bir dəfə dedi o yolları getməyə nə var, amma istəmirəm ki, yazdıqlarıma görə sabah balalarım utansın, onda ruhum qan ağlayar. Dedim axı tamam iddiasız olmaq da bir şey deyil, qələm adamının haqqını almaması da haqsızlıqdı. Mənim iddiam Sözlə bağlıdı dedi, qismətimdən qaça bilmərəm.
Haqqa qovuşandan sonra bir silsilə şeirini oxudum, gördüm Ağa Laçınlı tamamilə haqlıdı, qələmindən çıxan bütün zamanların şeirləridi, bir qətrə də olsun, yad duyğu qarışmayıb…
***
Ağa Laçınlının övladları Fəxri Uğurlu, Oqtay Qorçu, Azər Qaraçənliylə 1990-cı illərin əvvəllərində, Əlisəmid Kürün “Yol” qəzetində tanış oldum.
Uzun müddət bilmədim ki, Fəxri Ağa Laçınlının oğludu, eləcə də Ağa Laçınlı Fəxrinin atasıdı: Ağa müəllim övladlarından, övladları da atalarından yerli-yersiz danışmağı xoşlamazdılar. Bu “sirr” də İsa İsmayılzadənin sayəsində açıldı: bir dəfə Ağa müəllimlə onun kabinetində rastlaşdıq, söhbət əsnasında dedi, Ağanın oğlu da istedadlı yazıçıdı, bəlkə tanıyırsan, Fəxri Uğurlu imzasıyla yazır; Ağa müəllim də yarızarafat-yarıciddi əlavə elədi ki, vallah, onun yazıçı olmağında mənim əlim yoxdu…
Sonra Fəxriylə uzun müddət bir yerdə işləyəsi olduq, bir dəfə də olsun, Ağa Laçınlının onun işinə qarışdığını, kiminsə yazısını xahiş elədiyini, ya da mətbu imkanlarından yararlanmaq istədiyini görmədim, heç oğlunun qəzetində öz yazılarını çap etdirdiyini də xatırlamıram; bircə onu deyirdi ki, ehtiyatlı olun, sözün məsuliyyəti ağırdı, çalışın sözə görə üzünüzə söz gəlməsin; bir də deyirdi çalışın, siyasətə çox da baş qoşmayın, yenə də ən abırlısı elə ədəbiyyatdı.
Amma yazılarımızı oxuyurdu. Rastlaşanda zarafatla mənə deyirdi sən bizim ədəbi nəsli məndən yaxşı tanıyırsanmış; deyirdi Vidadi Paşayevdən, İsa İsmayılzadədən, Vidadi Məmmədovdan o qədər yazılmalı şeylər var ki, bir kitab bəs eləməz; deyirdi yazmaq istəyirəm, amma mənə elə gəlir nə qədər ki, yazmamışam, sağdılar, elə ki, yazdım, həqiqətən dünyalarını dəyişəcəklər, ona görə də bəlkə elə hələ yaddaşımda sağ qalmaları üçün yazmıram.
Ağa Laçınlının bu həqiqəti indi mənim üçün daha da aydın olur: vaxtsız itirdiklərimizin hər biri haqqında yazmağım məndən ötrü gerçəkliklə çar-naçar barışmaq kimi görünür. Elə indi də beynimdən keçir ki, təki Ağa Laçınlı sağ olaydı, bu yazını heç yazmayaydım…
***
İnsan Ağa Laçınlını elə həmin illərdə tanıdım. Xəstələndiyi vaxt azacıq diqqət göstərmişdim, 60 illik yubileyində tədbirin təşkilində bir balaca iştirakım olmuşdu – bütün bunları unutmurdu. Yubiley tədbirinə güclə razı salmışdıq, səhnəni, kürsünü, təntənəli məclisləri xoşlamırdı, deyirdi başıma çox adam yığılanda darıxıram.
Amma Natəvan klubundakı o yubiley gecəsində Ağa Laçınlını tanımaq olmurdu. Tanıdığım neçə ildə dilindən öz şeirlərini eşitməmişdim, o gecəsə səhnədə tamam başqa Ağa Laçınlı vardı. Məclis bitəndən sonra yarızarafat-yarıciddi dedi elə bilirdilər qocalmışam, Allah qoysa, sizi yığıb Laçına apararam, o dağların başında görərsiniz analar necə oğullar doğub…
Çox təəssüf ki, arzusu sağ vaxtında gerçəkləşmədi, hələ də Ağa Laçınlının şeirlərindən boy verən o dağlar yolumuzu gözləyir…
Ekran-efirdə, qəzet-jurnal səhifələrində, kürsülərdə görünməyi xoşlamasa da, Ağa Laçınlı yaradıcılığının miqyasını sonralar dərk elədim; hələ işıq üzü görməmiş şeirləri öz yerində, klassik Çin və yapon ədəbiyyatından tərcümələri bəlkə də bir gecə sanballı kitab olar. Ağa müəllim çevirdiklərinin yalnız kiçik bir qismini çap etdirməyə imkan tapdı, o şeirləri oxuyanda da Sözə qarşı nə qədər həssas və tələbkar olduğunu aydınca görmək olur. Kitabının nəşri üçün kiməsə ağız açmaq ondan ötrü bəlkə dünyanın ən ağır işiydi, ona görə də bütöv bir ömrə bəs eləyəcək zəhmətinin nəticəsi hələ arxivində yatıb qalır.
Ağa Laçınlının son şeirlər toplusunun nə vaxt işıq üzü gördüyünü də dəqiq bilmirəm; şair və şeir bolluğunda ŞAİR və ŞEİRin boğulması onu çox ağrıdır, fiziki ağrılarından artıq əzab verirdi.
***
Hər rastlaşanda Ağa Laçınlı mənə “Səni Fəxridən ayırmıram” deyirdi, buna qeyd-şərtsiz inanırdım, çünki onun övladlarına nə qədər bağlı olduğunu bilirdim; amma bir həqiqət də var: Ağa müəllim heç vaxt övladlarından ötrü dil tərpətmədi, qapılar döymədi, üstəlik, işlərinə də qarışmadı. Bəzən söhbətlərimizdə buna görə özünü günahlandırır, amma başqa cür hərəkət eləyə bilməyəcəyini də başa düşürdü.
Ata kimi övladlarının gələcəyindən nigaran idi. Dəfələrlə Fəxridən xəbərsiz məni çağırıb söhbət eləmişdi, böyük qardaşısan, təsir göstər, yaşı ötüb keçir, ailə qurmaq vaxtıdı demişdi. Arzusu çin olanda da, şübhəsiz, Ağa Laçınlı dünyanın ən xoşbəxt insanıydı. O sevinci təsvir eləmək indi məndən ötrü çox çətindi, çünki ağlıma böyük işıq topasından başqa bir şey gəlmir…
Sonra Azərlə bağlı qayğılarını dilə gətirdi, “böyük qardaşlıq” eləməyi mənə tapşırdı…
Amma özü də bilirdi ki, qismət deyilən bir şey var, onu tələsdirib-gecikdirmək çətindi…
Bir dəfə zəng vurdu, dedi rəhmətlik İsa (İsmayılzadə) yuxuma girib, yaman nigaran gördüm, onunla bağlı bir şey yoxdu ki? Dedim 65 illiyi yaxınlaşır, kitabını çapa hazırlayıram, bəlkə balaca bir tədbirimiz də oldu. Dedi İsa bir kitabla, balaca tədbirlə anılası şair deyil, amma neyləyəsən, zəmanəmiz belədi.
Tədbir olanda zəng vurdum, nasaz idi, gələ bilməyəcəkdi, dedi üzrlü say, İsaya borclu qaldım, Allah ömür versə, borcumu qaytararam…
Amma Ağa Laçınlının İsaya borcu vur-tut bir neçə kəlmə səmimi sözdən ibarət idi, o sözlərdə nə qədər təbiilik, yanğı, bir də təəssüf olacağını mən bilirdim…
“SÖZÜN AĞASI” (həm də sahibi, yiyəsi mənasında) deyimini ilk dəfə İsa İsmayılzadədən eşitmişdim, mənim yanımda Ağa Laçınlının təbiət şeirlərindən birini oxuyub axırda bu ifadəni dilinə gətirmişdi…
Sonra İsa müəllim özüylə Ağa Laçınlı arasında duyum yaxınlığından danışmış, demişdi Ağanın xoşbəxtliyi ondadı ki, poeziyanı sosiallaşdırmağa çalışmır; indi onun dediklərinin kağıza köçürülmədiyinə təəssüflənirəm, yazılsaydı, şübhəsiz, Ağa Laçınlı yaradıcılığının İsa İsmayılzadə yozumunu oxumaq çox maraqlı olardı…
Bu yazı ərəfəsində Ağa Laçınlının əlim çatan şeirlərini bir də oxudum, gördüm ki, İsa İsmayılzadə haqlıdı: ahıl vaxtında qələmə aldığı şeirlərə işıqlı kədər qarışsa da, havası neçə illər əvvəlki təbiiliyini, duruluğunu saxlayıb, bu da Ağa Laçınlının sözlərlə çəkilmiş portretindən başqa bir şey deyil.
Bir dəfə, səhv eləmirəmsə, gözəl şairimiz Abbas Abdulla Ağa Laçınlıdan söhbət düşəndə dedi Moskvada oxuyasan, olduğun kimi qalasan, vallah, ağlabatan deyil, amma Ağa bunu bacarıbsa, deməli, qeyri-adi adamdı, şeirlərini oxuyanda elə bilirsən Laçından qırağa çıxmayıb, heç Bakıda da yaşamayıb…
Moskvada oxumağın Ağa Laçınlıya rus dilini öyrənməkdən, dünya poeziyasına bələd olub dilimizə çevirməkdən başqa nədəsə kömək elədiyini ağlıma gətirə bilmirəm.
Ağa Laçınlı TƏBİƏTDƏNGƏLMƏ və TƏBİƏTƏN Şair idi…
Ağa Laçinlı bütün mənalarda SÖZÜN AĞASIydı, amma ömrünü SÖZƏ XİDMƏTlə keçirdi…
Belə xoşbəxtliksə çox az adama nəsib olur…
Nəriman Əbdülrəhmanlı
2014, may