• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Atalıq taxtından yıxılan kral

  • 21 İyul 2024
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Vilyam Şekspirin “Kral Lir” faciəsi haqqında

Fəxri Uğurlu

Şekspirin pyeslərində, ələlxüsus bütün dünyada tanınan, oxunan, səhnəyə qoyulan adı bəlli tragediyalarında vəhşi təbiətin bağrından qopmuş insan vücudunu gecə-gündüz yönəldən, vulkantək püskürüb zəlzələtək titrəyən, ildırımtək çaxıb dolutək yağan ehtiraslar başlıca hədəfdir. Məsələn, “Romeo və Cülyetta”, “Hamlet” faciələri insan ömrünü puç mübarizəylə yüklənmiş arabaya qoşan düşmənçilik, qisasçılıq kimi instinktiv impulsların törətdiyi fəlakətləri, “Otello” saf məhəbbəti qarabaqara izləyən qısqanclığın korluğunu, “Maqbet” hakimiyyət ehtirasının insan bətnində açdığı gizli lağımları, dərin uçqunları ifşa eləyir. Bu baxımdan “Kral Lir” faciəsində əsas hədəf valideynlik duyğusu, nəsil instinktidir.

Bu instinkt öz miqyasına, mərtəbəsinə görə adına şəhvət dediyimiz erotik instinktdən bir qat yuxarıda, ehtirasların ən alisi olan universal hakimiyyət instinktindən bir qat aşağıda qərar tutub. Fikir verdinizsə, mən miqyasdan, mərtəbədən danışdım, gücdən, qüvvətdən yox. Mənəviyyat sferasından fərqli olaraq instinktlər aləmində miqyasın böyüməsi, mərtəbənin yüksəlməsi gücün artmasına düz mütənasib deyil; eynən mifik Şeytanın tərsinə yeriməsi kimi ehtirasın da gücü böyüdükcə, ucaldıqca azalır. Nəfəs almaq, su içmək, yatmaq, qidalanmaq – bunlar ən ibtidai, ən primitiv, eyni zamanda ən güclü instinktlərdir, çünki insan bunlarsız bir neçə dəqiqə, bir neçə saat, uzaq başı bir neçə gün keçinə bilər, fəqət şəhvətini doyurmadan, nəsil artırmadan, heç bir hakimiyyətə yiyələnmədən lap yüz il də yaşayar.

Şeytani məntiqin tərsliyi, tərsinəliyi, paradoksallığı burasındadır ki, fərd ehtirasların ibtidaisindən alisinə doğru ucaldıqca, zəncirini, boyunduruğunu daha da yoğunlatdıqca özünü bu dünyanın bağlarından daha az asılı, daha azad hiss eləyir, keçilmiş mərhələlərə qayıtmaq istəmir. Bir udum nəfəs üzərində hakimiyyət bir qitə, bir planet üzərində hakimiyyətdən daha zəruridirsə də, vacib olanla vacib olmayanın arasında vurnuxan fərd çox vaxt ikincini seçir. Hakimiyyət hərisi tiranların, taxt-tac vurğunu despotların timsalında qoca tarix bu işlərə çox şahidlik eləyib – neçə-neçə krallar, qeysərlər, sultanlar hakimiyyətini, taxtını qorumaq üçün doğma övladının da, sevimli arvadının da başından keçib.

***

Ancaq kral Lir onlardan deyil, o, nəsil instinktinə daha çox güvənir. Qocaldığına görə kral səltənətinin torpaqlarını üç qızı arasında bərabər bölmək istəyir – hər pay qızlardan birinin cehizi olacaq. Görünən budur ki, kralın atalıq instinkti hakimiyyət ehtirasından güclüdür, o, taxt-tacsız keçinə bilər, amma qızlarından istək, itaət görməsə, yaşaya bilməz. Buna görə kral Lir pay bölgüsünə başlamamış övladlarının onu nə qədər sevdiyini onların öz dilindən eşitmək istəyir. Cehiz verilən torpaqların miqyası qızların ata məhəbbətinin şiddətindən asılı olacaq.

Birinci böyük qız Qonerilya, ondan sonra ortancıl qız Reqana nitq söyləyir. Dediklərindən belə çıxır ki, onlar üçün atalarına məhəbbət hər şeydən vacib, hər hissdən ucadır. Yaşlandıqca ərköyünləşmiş, özünə vurğunluğu qıcqırmağa başlamış kral onların boğazdan yuxarı saxta mədhiyyələrindən xoşallanır. Söz üçüncü qıza – Lirin ən sevimli övladı Kordeliyaya çatanda o deyir ki, atasını nə qədər sevməyə borcludursa, o qədər sevir; əlbəttə, o, sevgisinin bəlli bir hissəsini gələcək həyat yoldaşına, gələcək övladlarına bağışlamalı, onlar arasında bölməlidir. İkisi də ərli olan böyük bacılar bu məsələnin üstündən keçdikləri halda hələ ərə getməmiş Kordeliya məhəbbətindən ərinə də pay saxladığını gizlətmir, ürəyindən keçənləri olduğu kimi mərdi-mərdanə dilə gətirir.

Bu səmimi etiraf kralı çox qəzəbləndirir, o, sevimli sonbeşik qızını lənətləyir, Kordeliyanı ata payından məhrum eləyir. Xudbin kral qızlarının rəğbətini, məhəbbətini, sədaqətini bütünlüklə, son damlasına qədər canına çəkmək istəyir, ona görə də böyük bacılar ona sevgilərini, itaətlərini ən isti, ən ülvi, ən ali kəlmələrlə ifadə eləyəndə Lirin korşalmış atalıq instinkti bundan çox məmnun qalır.

Səltənət iki paya bölünür, nankor Kordeliyaya cehiz verilmir. Bu səbəbdən ona elçi düşən iki nəfərdən biri – Burqundiya hersoqu öz namizədliyini geri götürür. Həm kral Lirin, həm də Burqund hersoqunun əməlindən sarsılan ikinci namizəd – nəcib Fransa kralı Kordeliyanı alıb öz ölkəsinə aparır. Kralın ədalətsiz qərarını açıq etirazla qarşıladığına görə onun ən yaxın adamlarından biri qraf Kent Lirin qəzəbinə gəlir. Sadiq əyan qraf Qloster isə saraydakı gərgin səhnəni, gələcək fəlakətlərin anonsunu səssiz narazılıqla yola verir. Qloster hələlik öz başına gələsi müsibətdən xəbərsizdir…

Pyesdə hadisələr təxminən miladdan min il əvvəl Britaniyada cərəyan eləyir. İsa Məsihin zühuruna hələ min il qalır, personajlar antik, ibtidai tanrılara tapınırlar. Əslində isə onların sitayiş elədiyi bir tanrı var, o da ana təbiətin özüdür.

***

Əsərdə ata-bala sədaqətinin sınağa çəkildiyi ikinci bir xətt, paralel süjet də var. Qraf Qlosterin iki oğlundan Edqar onun qanuni, Edmund isə qeyri-qanuni övladıdır. Qanunla Edmunda atasının sərvətindən pay düşmür, ona görə də o, sadəlövh, qəlbitəmiz böyük qardaşı Edqarı ləkələmək üçün plan cızır, qardaşının adından məktub yazıb atasını Edqarın ona tələ qurduğuna, qəsd hazırladığına inandırır. Bu biri yandan qardaşını da inandırır ki, atası ona çox qəzəblidir, bu qəzəb Edqara çox baha başa gələ bilər, buna görə də o buralardan qaçsa yaxşıdır.

Birinci pərdənin ikinci səhnəsində Edmundun monoloqu:

Sən mənim tanrımsan, gözəl təbiət,
Tabeyəm mən sənin qanunlarına, –

misralarıyla başlayır. Edmund onu çıxdaş eləyən, ixtiyarsız, sərvətsiz qoyan ictimai normalardan narazıdır, bic doğulduğuna, üstəlik, qardaşından bir neçə yaş kiçik olduğuna görə özü kimi adamların onu ata irsindən məhrum eləməsi Edmundu hiddətləndirir. Düşünür ki, heç kimdən əskik deyil, ana təbiət onu da başqalarını yaratdığı üsulla vücuda gətirib (yeri gəlmişkən, mütəxəssislərin hesablamasına görə, pyesdə “təbiət” sözü qırx dəfədən artıq təkrar olunur ki, bu da müəllifin fəlsəfi dünyagörüşüylə bağlı qənaətə gəlmək üçün çox tutarlı arqumentdir). Bəs eləysə nədən o, ata malından məhrum olunmalıdır? Məgər o bu dünyaya öz xahişiyləmi gəlib? Əgər bütün bu dəlillər nəzərə alınmırsa, Edmund öz başına özü çarə qılmalıdır, qardaşını gözdən salıb ata mülkünə sahib çıxmalıdır.

Onun planı baş tutur, Edqar qaçıb çöllərə düşməyə məcbur olur.

***

Əvvəldən razılaşdırıldığı kimi, Lir birinci ayı yüz nəfərlik məiyyətiylə Qonerilyanın evində qalır, növbəti ayı isə Reqananın sarayında keçirəcək. Qonerilya ilk günlərdən atasına xoş üz göstərmir, nökərlərə ərköyün qocanın nazıyla oynamamağı tapşırır. Lir hakimiyyətini faktiki təhvil versə də, kral ədalarından əl çəkməyib. Qızı ondan ətrafındakı yüz ədəbsiz müftəxorun yarısını ixtisara salmağı tələb eləyir. Qoca hökmdar hiddətlənsə də, gücü heç nəyə çatmır, Qonerilya hər addımda ona indi artıq özünün söz yiyəsi, hökm sahibi olduğunu xatırladır.

Kürəkəni hersoq Albani qocaya acısa da, arvadının sözünün üstünə söz deyə bilmir, Qonerilya ərini yumşaq davranmaqda qınayır, həlimliyini ona nöqsan tutur. Kralın qəzəbinə gəlib sürgünə göndərilmiş sadiq (həm də sabiq) qraf Kent təğyiri-libas olub yenidən onun qulluğunda durmağa başlayır. Lir ortancıl qızı Reqanaya məktub yazıb onu Kentlə ünvanına göndərir. Atasıyla eyni vaxtda Qonerilya da bacısına çaparla namə yollayır.

Lir özünü inandırır ki, ikinci qızı onunla mərhəmətli davranar, axı o, qızlarına təkcə həyat yox, həm də dövlət, səltənət verib. Qonerilyadan ayrılanda atası onu belə qarğıyır:

Dinlə, ey təbiət, gözəl ilahə,
Dinlə bu qocanın qarğışlarını:
Əgər bu rəzili, bu həşəratı
Uşaq doğmaq üçün yaratmısansa,
Dəyiş qərarını, dəyiş hökmünü,
Qurut qısırlıqla ana bətnini,
Çürüt nəsilvermə məharətini.
Şərəfsiz cisminə şərəf olacaq
Bir övlad görməsin dünyada heç vaxt.
Hərgah doğacaqsa, görüm dərd doğsun,
İztirab əbədi dağlasın onu…
Onun əzab dolu, əziyyət dolu
Ana qayğısını, məhəbbətini
Rişxəndlə, nifrətlə qarşılasınlar.
O zaman hiss edər, o zaman bilər:
Əfi bir ilanın, qorxunc gürzənin
Bədənə sancılmış zəhər dişindən
Min dəfə yamandır nankor bir övlad!

Göründüyü kimi, kral Lirin nəzərində bir insanın təbiətin verdiyi doğub-törəmək qabiliyyətindən məhrum olması, bətninin quruması, soyunun kəsilməsi onun ən böyük bədbəxtliyi, fəlakətidir. Bundan da betər bədbəxtlik, fəlakət övladın nankor çıxmasıdır. Demək, nəsil instinkti kamına çatmayanda da, çatanda da, dünyaya övlad toxumları səpmək ehtirası bar verməyəndə də, verəndə də insanı bədbəxt eləyə bilər. Məşhur məsəldə deyildiyi kimi – cəhənnəmdə bir daş var, götürən də peşmandır, götürməyən də…

***

Reqana atasını böyük bacısından betər qarşılayır. Qonerilyanın əri hersoq Albanidən fərqli olaraq Kornuol hersoqu arvadından da qəddardır. O, Lirin elçisi Kentin ayaqlarını kündəyə vurdurur, krala sadiq Qlosterin gözlərini çıxardır. Bir sözlə, burada kral Lirlə böyük qızının evində olduğundan da pis davranırlar. Reqana onu layiqincə qarşılamağa hazır olmadığı bəhanəsiylə atasından yaxasını qurtarmağa çalışır, ona yüz cangüdənindən böyük bacısının tələb elədiyi kimi əllisini də yox, yalnız iyirmi beşini saxlamağı məsləhət görür.

Az sonra bacılar belə bir ortaq qərara gəlirlər: qocanın heç bir mühafizəçiyə ehtiyacı yoxdur. Bu səhnədə qoca Lirin ata hiddəti, üsyanı ərşə dirənir, kral Qonerilyaya üzünü tutub belə deyir:

…Ancaq sən yenə də mənim qızımsan,
Canımsan, qanımsan, ruhumsan mənim.
Nə deyim, bəlkə də mənim canımda
Yaranmış, kök atmış bir xəstəliksən.
Bəlkə törəmisən xarab qanımdan,
Çirk etmiş çibansan, qorxulu şişsən,
Hovlamış yarasan, irinli fırsan…

Beləcə, canını, malını verdiyi iki qızının dönüklüyünü görəndən sonra kral Lirin doğmalıq, qohumluq bağlarına, ata-bala münasibətinə, nəsil instinktinə heç bir etimadı qalmır, övladı mərəzə, çirkə, çibana, irinə bənzədir (Atalarımız da pis deməyib: “Övlad can yonqarıdır”). Qızlarının əlindən ölümcül yara alan qoca havalanıb çöllərə düşür. Ölümün astanasında onun bütün həyatı boyu bəslədiyi xəyallar çiliklənir, illüziyaları puça çıxır.

Bəli, bütün canlılartək insanın da döl verib artmaq, balasını boya-başa çatdırmaq, öz nəslinin qayğısına qalmaq kimi təbii haqqı, vəzifəsi var; fəqət heyvandan, quşdan, həşəratdan fərqli olaraq insan gərək övladına, valideyninə mənəvi tellərlə də bağlana bilsin, yoxsa heyvani münasibətdən uzağa getməyən valideyn-övlad ittifaqı bütün saxta birliklər kimi gec-tez iflasa uğrayar. Kral Lirin qızlarına bağlılığı mənəvi yox, öz eqosunu doyurmağa hesablanmış instinktiv bağlılıqdır, onun övlad heyranlığı ruhani məhəbbət deyil, vücudunu yer üzündə yaşatmağa yönəlmiş (hərçənd patriarxal cəmiyyətin qanunlarından çıxış eləsək, nəsli oğlan yaşadar, Lirinsə oğlu yoxdur) cismani-bioloji istəkdir. Bu səbəbdən böyük qızları onunla heyvanat aləmində olduğu kimi davranırlar – atalarından paylarını alıb azadlığa çıxandan sonra onu qəddarcasına unudurlar.

***

Kent yağışlı-tufanlı çöllükdə Liri tapıb havalanmış kralı bir komaya aparır. Buraya evsiz-eşiksiz, ac-susuz zavallılar, yaşadığı cəmiyyətdən, ailəsindən çıxdaş olunmuş xəstələr, dəlilər, yiyəsizlər toplaşıblar. Sərt təbiətin amansız qoynunda onlar həyatın maskasız-niqabsız gerçək simasıdırlar. Hələ dünən kral taxtında oturub hökm verən Lir indi adam sifətindən çıxmış bu adamlarla bir uçuq komanı bölüşür. Yalnız burada – həyatın dibində yoxsulların çəkdiyi əzabları yaşamaq ona nəsib olur. Bu əzabları çəkdikcə onun hovlamış qürurunun köpü yatır.

Tom adı altında gizlənib özünü dəliliyə vurmuş Edqar da onların arasındadır. Gözləri çıxarılmış Qloster didərgin oğluyla çiyin-çiyinə səfillər ordusunun sıralarında sürünəndə həqiqət ona əyan olur, Edmundun onu aldatdığını, qardaşını şərlədiyini, ümumən ölkədə baş verən fəlakətlərin mərkəzində durduğunu anlayır. Edmund kral Lirin hər iki qızıyla şıdırğı alverə girəndə, mənsəb, hakimiyyət üçün həm əri öldürülmüş Reqana, həm də ərinin qanına susamış, ona ərinin qətlini sifariş vermiş Qonerilya ilə evlənmək əhdi bağlayanda zavallı Edqar kor atasının əlindən tutub səhrada ona bələdçilik eləyir.

Hər bir instinktin, emosiyanın, ehtirasın iki qütbü, iki başı var. Qlosterin övlad instinktinin də iki başından biri Edqar, o biri Edmunddur – biri yaşadır, o biri öldürür; biri müsbət, o biri mənfi emosiyadır; biri yaşamaq ehtirasının, o biri ölüm qorxusunun təcəssümüdür.

Eynən kralın da törəmə ehtirasının müsbət qütbündə gündüz kimi həyat paylayan Kordeliya, mənfi qütbündə gecə kimi ölüm saçan Qonerilya-Reqana bacıları keşik çəkir. Hər iki atanı övladlarına bağlayan nəsil instinktlərinin mənfi qütbləri bir-biriylə çox asanca dil tapır – cüt bacılar Edmundun rəğbətini qazanmaq uğrunda ölüm-dirim yarışına girirlər. Müsbət qütblərinsə hərəsi bir diyarda didərgin ömrü yaşayır – Edqar məcburi sürgündə, Kordeliya könüllü sürgündə. Yaxşıları bir araya gətirmək həmişəki kimi çətindir. Doğrudur, son məqamda xain Edmundu yenə də itaətkar övlad Edqar aradan götürür, ancaq bu nikbin sonluğun bütövlükdə faciəvi aqibəti dəyişməyə heç bir təsiri olmur.

***

Bacıların rəqabəti onunla nəticələnir ki, Qonerilya Reqananı zəhərləyir. Bu da onlar üçün təbii sonluqdur, çünki şər məqsədlər uğrunda ittifaqa girənlər, şər müstəvisində birləşənlər gec-tez bir-birini yeməyə məhkumdurlar. Qonerilyanın özünü öldürməsi də çox təbiidir, çünki hər bir aqressiv niyyət, təcavüzkar instinkt ikibaşlı xəncər kimidir – bir ucu başqasını, o biri ucu insanın özünü kəsər.

Kordeliya son anda atasının harayına yetsə də, onu müşayiət eləyən fransız ordusu məğlubiyyətə uğrayır. Bununla belə, kiçik qız ölüm ayağında olan atasına azacıq təskinlik verməyə, atası da ondan üzr diləməyə macal tapır. İntəhası, kralın bu gecikmiş xoşbəxtliyi də uzun sürmür, Edmundun göstərişiylə qətlə yetirilmiş Kordeliyanın ipdən asılı cəsədi qocaya fələyin, həmin o yaradıcı, doğucu təbiətin sonuncu zərbəsi olur. Pisliklə birgə yaxşılıq da qara torpağa gömülür, ana təbiət verdiklərini rəhmsizcəsinə geri alır. Fitnə-fəsad dəyirmanı Edmundu da dişli təkərinin altında qoyan zalım fələk insaflı hersoq Albaninin, mərhəmətli Edqarın timsalında bəşər nəslinin gələcəyinə optimist baxmaq üçün pessimizm girdabında çabalayan oxucuya xırdaca bir şans verir.

***

Kral Lir nəyin cəzasını çəkir, onun günahı nədir? Yalnız təkəbbürün, qürurun, özünəvurğunluğun, ərköyünlüyün müqabilində bunca ağır cəza həddindən artıq çoxdur. Bəs onda nə?

Məsələ burasındadır ki, Şekspirin qalan məşhur faciələri kimi bu pyesi də didaktik poema, nəsihətamiz pritça deyil. Şekspir resept vermir, resepti onun yazdıqlarından biz özümüz hasil eləyə bilərik.

Mənə qalsa, dahi dramaturq insanı hər cür ehtirasdan xali dinc həyata, stoiklərin apatiya, epikürçülərin ataraksiya, buddistlərin nirvana dediyi bir ruhani mərtəbəyə, mənəviyyat qatına çağırır. Şahzadə Hamlet çiynində ata yükü gəzdirirdisə, kral Lir kürəyində üç övladının cəsədini daşıyır. Hər iki hal insanın ayrıca fərd olmasına, müstəqil şəxsiyyət kimi formalaşmasına ölümcül əngəl törədir.

Əgər kral Lir də Əyyub peyğəmbər kimi mömin həyat sürsəydi, ya imperator Mark Avreli kimi müdriklik mərtəbəsinə qalxa bilsəydi, nə özünün, nə də övladlarının faciəsinə səbəb olardı. Onun faciəsi instinktlərə, heyvani-cismani bağlara həddindən artıq etimad bəsləməsindən doğur. Bioloji övlad həm də mənəvi övlada çevrilmirsə, gec-tez mütləq ona həyat verənin qəniminə çevriləcək.

P.S. Mətndən sitat gətirdiyimiz parçalar mərhum tərcüməçi Sabir Mustafanın çevirməsindən götürülüb.

“Yeni Azərbaycan” qəzeti 

Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Anar

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Kapridə ədəbsiz ölüm

Həyat dozanı aşanda

Zəlzələ hikməti

Düşmənə ezam olunan qeyrət

Qatil kimdir?

Qum dəryasında əsirlik

Dilinin altında gizlənmiş yazıçı

Stalin üçün yazılmış əsər?

Ölməz Tanrının oğlu

Köpək balıqları üçün ziyafət

Sağ qalmaq üçün ölmək

Qaranlıq fələyin hökmü altında

Ağıldan müdrik gözəllik

Bir sülalənin intiharı

İman cəngavəri, əxlaq zadəganı

Traktat dilində poeziya

Kollektiv təhtəlşüurun elçisi

Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!

Bədənin cəhənnəmindən ruhun cənnətinə

Qırmızı qanın qara fəsadları

Adsız məzara işləyən tarix

Sözü özünə bənzəyən şair

Məbəddən emalatxanaya

Uçmaq istəyən balıq

Yazıçının tutmayan fəlsəfi calağı

Panteizm tanrısının xəstəlikləri

Kir götürməyən ruhun gücü

Puç ömrün aqibəti

Gözləməklə keçən ömür

Təkliyinə çarmıxlanmış nəsil

Kuklaxana

Kişi əmrinə möhtac kişi düşməni

Qadının kəşfi

Qürubqabağı sevgi 

Gilənar qırğını 

Tanrı sorağına çıxan bəndələr 

Cəhənnəm – başqalarıdır

Stalinin bəyəndiyi antisovet əsər

Üçündən biri yeni

  • 19 İyul 2024
  • comments

Bayden seçkidən çəkildi

  • 21 İyul 2024
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Din
  • Elm
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda