Məbəddən emalatxanaya
- 20 Fevral 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Povestdə meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş, ayının gözüylə də özünə baxmağı bacarsın. Şübhəsiz, meşə ayıdan baxanda özünü daha yaxşı görür, quşların səsi, qarışqaların səssizliyi ana təbiəti insan ağlından daha dəqiq, daha sərrast ifadə eləyir. Ovçu meşənin insan üzünə çoxdan bağlanmış harmoniyasına yol tapmağa çalışır, ancaq təbiətə tuşladığı hər güllə onu qoynuna dalmaq istədiyi panteistik cənnətdən, özünü təbiətdə əritmək zövqündən bir addım da uzaqlaşdırır. Saf təbiətin simvolu ayını öldürəndən sonra sivilizasiya meşəyə hücum çəkir, yeniyetmə qəhrəmanın bir zaman ov ovlamaq üçün hüzuruna yeridiyi, xeyir-duasını aldığı meşəni onun gözü baxa-baxa doğrayırlar, canlı ağaclar cansız materiala çevrilir.
F.Uğurlunun “Günəşin qatilliyi” yazısından
Uilyam Folknerin “Ayı” povesti haqqında
Fəxri Uğurlu
Aristokrat ailəsindən çıxsa da, Folkner, ali təhsil bir yana qalsın, düz-əməlli orta təhsil də almamışdı. Əvəzində özü özünə yaxşıca dərs vermişdi, antik müəlliflərdən, qədim dini mətnlərdən tutmuş yaşıdlarına qədər hamıdan, hər şeydən xəbəri vardı, hərçənd mütaliəli olduğunu danmaqdan, özünü dünyadan xəbərsiz sadə kəndli kimi aparmaqdan gizli bir zövq alırdı.
1949-cu ildə Nobel mükafatına layiq görüləndə əlli iki yaşlı Uilyam Folkneri ABŞ-da, demək olar, tanımırdılar, adını unutduğum bir tədqiqatçının Amerikanın cənub ştatlarında yazıb-yaradan müəlliflər, ortaya qoyulmuş ədəbi nümunələrlə bağlı kitabında onun adı belə çəkilməmişdi. Halbuki Avropada onun başına and içirdilər, Jan-Pol Sartr onu “söz tanrısı” adlandırmışdı, Alber Kamü onun “Rahibə üçün rekviyem” əsərini səhnələşdirmişdi. Bir sözlə, Folknerin şöhrəti öz vətəninə yalnız sivil dünyanı dolaşandan sonra yetişmişdi.
Bu şöhrəti yazıçı asan qazanmamışdı. Otuz yaşına çatanacan yazdığı iki romanla hələ özünü, öz yolunu tapa bilməmişdi. O illərdə yaşca ondan böyük dostu, arabir görüşüb söhbətləşdiyi yazıçı Şervud Anderson Folknerə dəyərli məsləhətlər verirdi. Belə məsləhətlərdən biri də bu idi ki, tanıdığı insanlardan, bələd olduğu həyatdan yazsın, savaş səhnələri yaratmaq, Nyu-York bogemasının işinə qarışmaq onluq deyil. Bundan sonra Folkner öz evinə qayıtdı, kiçik vətəninin timsalında ustadı Balzak sayağı xəyali bir ölkə yaratdı. Ölkəsinin adını Yoknapatofa qoydu – bir hindu qəbiləsinin dilində bu, “düzənlik boyu sakit axan çay” deməkdir.
Onun ölkəsinin ağdərili, qaradərili, qırmızıdərili əhalisinin cəmi sayı təxminən on beş min nəfərdir. Folkner onların hamısına eyni şəfqətlə, mərhəmətlə, bəzən də qəzəblə – eynən təsəvvüründəki Allahın öz yaratdıqlarına baxdığı kimi baxır. Hətta Yoknapatofanın xəritəsini də çəkmişdi. Heç kimə sirr deyil ki, qaradərili əhalinin çoxluq təşkil elədiyi bu cənub əyalətinin prototipi müəllifin öz dədə-baba yurdudur.
***
Bu səbəbdən onun əsərlərini şimal-cənub münaqişəsi kontekstində izah eləməyə çalışanlar çox olub. Vətəndaş müharibəsinə qədər Amerikanın cənubu quldarlığın, feodalizmin, aristokratizmin, mühafizəkarlığın, şimalı isə kapitalizmin, burjuaziyanın, texnoloji tərəqqinin, praqmatizmin rəmzi sayılırdı. Bunlar arasında mübarizə də köhnəliklə yeniliyin, durğunluqla inkişafın savaşı kimi qələmə verilirdi. Folknerin əsərlərinə də bu savaş kontekstində baxmaq tendensiyası vardı, elə indi də var. Belə baxış Folkner yaradıcılığına yanaşmanın ən asan, ən bayağı, həm də ən səmərəsiz üsuludur. Onun mənəvi boyunu bu arşınla ölçmək olmaz.
Eynən sələfi Balzakı da sosial orqanizmin tədqiqatçısı, ictimai münaqişələr salnaməçisi kimi təqdim eləyənlər çox olub. Bunu deyənlər Folknerlə Steynbekin, Heminqueylə Fisceraldın fərqini bilməyənlərdir. Yazıçı özü də əsərlərinə vulqar sosioloji baxışın tərəfdarı deyildi. “Emili üçün qızılgül” adlı məşhur hekayəsinin Amerikanın cənubuyla şimalı arasındakı barışmaz münaqişənin rəmzi kimi qələmə alındığını iddia eləyən tənqidçilərə o, belə cavab vermişdi: “Heç kim havadan asılı deyil, hər kəs öz keçmişinə söykənir, hamı həm keçmişinin, həm də gələcəyinin məhsuludur. Cənubla şimal arasındakı mübarizə, heç şübhəsiz, mənim bunu hara qədər dərk eləməyimdən asılı olmayaraq mənəvi irsimin, qazandığım təcrübənin mühüm bir hissəsidir. Yazıçı içində olduğu mühitdən, adamlardan danışır, bildiklərini söyləyir. Əgər kişinin şimalı, onu öldürən qadının isə cənubu təmsil eləməsində rəmzi məna varsa, mən burada belə yanaşmanın, belə simvolikanın olmadığını deyə bilmərəm. Amma bu, müəllifin şüurlu cəhdi deyil. Yazıçı öz qarşısına belə bir məqsəd qoymamalıdır ki, bax, mən indi xarakterlərdən birinin şimalı, o birinin isə cənubu təmsil eləyəcəyi bir hekayə yazmaq istəyirəm. Buradakı münaqişə daha çox şimalla cənub arasında yox, bəlkə də Allahla Şeytan arasında gedən bir münaqişədir…”
Gerçəkdən də, əsərdəki sosial fon başqadır, müəllifin sosial problemlərin həllinə girişməsi bir başqa. Diqqətli oxucu sezməmiş deyil ki, mən bu silsilədən olan yazılarımda hələlik sosial təfəkkür, ictimai düşüncə yiyəsi olan şair-yazıçı-filosofların yaradıcılığına baş vurmağa cəhd göstərməmişəm. Belə müəlliflər həm sayca çoxdur, həm də onların əsərləri daha çatımlıdır. Mənim indiyəcən haqqında danışdığım müəlliflərin hamısı ya poetik, ya da mistik təfəkkür sahibləridir.
Folknerin yaradıcılığında da sosial mənzərə yalnız fon rolunu oynayır; başqa sözlə, onun yaratdığı, məsələn, zənci, ya hindu obrazları Amerikada qaradərili, yaxud qırmızıdərili əhalinin problemlərinin həllinə (tutalım, Biçer-Stounun “Tom dayının koması” romanında, Fenimor Kuperin silsilə romanlarında olduğu kimi) diqqət çəkmək, onların siyasi azadlığına töhfə vermək məqsədi güdmür (hərçənd Folknerin əsərlərindən də o cür humanist nəticələri dolayısıyla çıxarmaq olar), insan acılarının, travmalarının, qorxularının psixoloji, bundan da ötə psixoanalitik mənzərəsini yaratmaq niyyətinə xidmət göstərir.
Bir sözlə, Yoknapatofa Amerikanın yox, bütövlükdə dünyanın, onun əhalisi də ABŞ xalqının yox, cəmi bəşərin simvoludur. Folknerin Balzakdan əxz elədiyi bu üsuldan (şəbəkə üsulu – personajların müxtəlif əsərlərdə əsas, yaxud da epizodik rollarda zühur eləməsi) sonralar Selincer, Markes kimi böyük yazıçılar da yararlanacaqdılar.
***
“Ayı” povestini də dediyim cür bayağı üsullarla izah eləməyə cəhdlər göstərilib. Guya Folkner təbiət-cəmiyyət qarşıdurmasında tərəf tutur, guya yazıçı sivilizasiyaya, tərəqqiyə qarşıdır, təbiətin, Bazarov demiş, məbəddən emalatxanaya çevrilməsiylə heç cür barışmır. Folkner özü bu məsələyə münasibət bildirəndə demişdi ki, bunlar havayı söhbətlərdir, tərəqqiyə qarşı çıxmağın nə mənası, nə də faydası var, tərəqqi dayanarsa, dünya məhv olar. Bununla da, əslində, əsərinin bu yönümdə yozulmasına etirazını bildirmişdi.
Folknerin “Ayı”dan on il sonra yazılmış “Qoca və dəniz” povesti haqqında dediklərini eynilə onun öz əsərinə də aid eləmək olar. Folkner deyirdi ki, Heminquey özünün şah əsərində, nəhayət, Allahı tapıb, buna qədər onun qəhrəmanları vakuumda, çəkisizlikdə dolaşırdılar; Allah balığı da, qocanı da, akulaları da eyni dərəcədə sevir, onların hamısına eyni dərəcədə acıyır. O da “Ayı” povestində meşəyə, meşə sakinlərinə, insanlara özünün tapındığı, inandığı Allahın gözüylə baxmağa çalışıb. Ayı heyvanları, insanlar ayını ovlayırlar. Hər biri də özlüyündə haqlıdır. Başqa sözlə, insanın təbiətdə ona əlahiddə status verməli olan xüsusi üstünlükləri yoxdur, yəni insan məxluqatın əşrəfi, kainatın mərkəzi-filan deyil, yer üzündə belə bir mərkəz ümumiyyətlə yoxdur.
Folknerin allahı panteistik tanrıdır. Təbiətə qovuşmağa, meşələrdə azmağa, torpağa qarışmağa bütün varlığıyla can atan “oksfordlu zahid”in panteizm duyğusu bu əsərdə özünün ən dərin ifadəsini tapıb. Panteistik allahın olmağıyla olmamağının elə bir fərqi yoxdur, ancaq hər halda ümid verməsi baxımından olmağı olmamağından azca üstündür. Belə tanrı yaratdıqlarının ağrılarına, əzablarına biganədir, onların səsini, yalvarışlarını eşitməz. Onu qəddar fələkdən, demək olar, heç nə ayırmır.
Folknerin yeniyetmə qəhrəmanı meşəni özünə vətən bilir, öz cənnətinə baş vurub heyvanlarla, quşlarla, ağaclarla arasından sərhədi götürmək istəyir. O düşünür ki, meşə heç kimin şəxsi mülkü ola bilməz, o hamınındır, onu alıb-satmaq olmaz. Xüsusi ayinlərdən sonra təbiətin qapı-pəncərəsi, darvazaları gəncin üzünə açılır, meşə onu övladlığa götürür, ancaq günün birində sivilizasiyanın rəhmsiz maşınları o darvazaları əzib keçib ana təbiətin sərhədlərini də, qaydalarını da pozur. Meşə məbəddən, ana qoynundan emalatxanaya, fabrikə çevrilir, meşə sakinləri sığınacaqsız, müdafiəsiz qalırlar…
***
Folknerin başqa əsərlərində olduğu kimi bu povestin də süjeti hamar, düzxətli deyil, təhkiyə anaxronikdir. Ondan on altıya, on altıdan on səkkizə, on səkkizdən iyirmi birə qədər müxtəlif yaşlarda səhnəyə çıxan baş qəhrəman oxucuya üçüncü şəxsin təkində təqdim olunsa da, müəllif hər şeyə, hər kəsə, bütün hadisələrə onun gözüylə baxır. Folkner elə bil bizə yeni bir əhvalat danışmır, eşitdiyimiz, bildiyimiz nələrisə xatırladır; üstəlik də, müəllif kimi hadisələri idarə eləmir, prosesin arxasınca gedir, ona şahidlik eləyir.
1877-ci ilin payızında on yaşlı Ayzek Makkaslin özündən on altı yaş böyük əmisi oğluyla meşəyə ova gedir. Bir pəncəsi tələyə düşdüyündən şikəst olmuş Ben adlı nəhəng qoca ayı illərdir ovçuların girinə keçmir, kimsə onu nə ovlaya, nə tuta bilir. Qoca Ben meşənin həm simvolu, həm padşahıdır. Çikeso adlı hindu qəbiləsinin sonuncu nümayəndəsi, yetmiş yaşlı ovçu Sem Fazers oğlana ovçuluğun qaydalarını, rituallarını öyrətməyə başlayır. Ustadı ona anladır ki, fermerlərin, ovçuların başına illərdən bəri oyun açan Qoca Beni tutmaq üçün onlara yaxşı, igid bir ov iti lazımdır. Əlbəttə, düşərgədə it çoxdur, ancaq onlar ayı ilə döşləşməyə yaramır.
Ənənəyə görə, ov mövsümünün bir günü nəhəng ayının izlənməsinə həsr olunmalıdır. Ovçular mövqelərini tutandan sonra Ayzek hiss eləyir ki, Qoca Ben haradansa onu izləyir. Fəqət ayının harada olduğunu, haradan baxdığını kəsdirə bilmir, anlayır ki, Beni vurmaq heç vaxt ona qismət olmayacaq. Onda belə təsəvvür yaranır ki, Qoca Ben ölməzdir. Meşə padşahının nəzərlərini öz üzərində duyması yeniyetmə oğlanın təbiətlə kontaktının alındığına işarədir.
Növbəti ilin iyununda Ayzek mayor de Speynin düşərgəsinə yenidən qayıdır. Mayorla dostları dincəlməkdəykən oğlan gizlicə Qoca Benin sorağına çıxır. Hamı elə bilir ki, Ayzek yaxınlıqda dələ ovlayır, yalnız Sem Fazers onun niyyətindən duyuq düşür, uşağı inandırır ki, əlitüfəngli gedəcəksə, Qoca Ben özünü ona göstərməyəcək. Ertəsi gün Ayzek tüfəngini düşərgədə qoyub yalın əllə meşənin dərinliyinə baş vurur. Meşədə saatını, kompasını da bir ağacdan asıb, ana təbiətin qoynuna tam “təmizlənmiş”, “anadangəlmə” şəkildə girir, başqa sözlə, təbiəti diksindirməmək, meşəni ürkütməmək üçün sivilizasiya əlamətlərini məbəddən eşikdə saxlayır. Bundan sonra əliyalın, köməksiz uşaq qoca ayının izinə düşür, yol-riz tanımadan cəngəllikdə qarasına hərəkət eləyir. Az keçmiş Qoca Ben özünü oğlana göstərir, sonra da balıq səssizcə dəryaya qərq olan kimi qımıldanmadan, tərpənmədən meşənin dərinliyində əriyib itir. Balıqdan ötrü dərya nədirsə, Qoca Bendən ötrü də orman odur. Meşənin ağsaqqalı cəngəllikdə azmış məsum uşağa doğru yolu nişan verir, oğlan ağlasığmaz bir fəhmlə start mövqeyinə qayıdır.
Ayzekə elə gəlir gördüyü ovçular hər il bu düşərgəyə ov ovlamaq, quş quşlamaq üçün yox, bir pəncəsi zədəli ayını ziyarət eləmək üçün gəlirlər. Özləri də yaxşı bilirlər ki, Qoca Beni ələ keçirmək onlara heç vaxt müyəssər olmayacaq.
***
On üç yaşının tamamında Ayzek Makkaslin artıq təcrübəli ovçudur. Günün birində oğlan ustadı Sem Fazerslə birgə Qoca Beni pusquya salır. Özünə güvənən ağılsız ov köpəyi ayının üstünə cumanda Ayzek iti qurtarmaq üçün irəli atılır, Qoca Ben ürküb hadisə yerindən uzaqlaşır. Bundan sonra ustadla şagird ayıya güllə atmadıqlarına görə bir-birini qınayır. Oxucuda belə təəssürat yaranır ki, onlar şüursuz şəkildə bu oyunu bitirmək, meşə padşahını taxtından salmaq istəmirlər.
Növbəti ilin yay tətilində Ayzek yenə yaşadığı əyalət şəhərindən düşərgəyə yollanır. Artıq o, bir maral ovlayıb. Qoca Sem qədim hindu ovçuluq ənənəsinə uyğun olaraq maralın qanını onun üzünə yaxır, belə demək olarsa, artıq Ayzeklə meşənin nikahı bağlanır, ana təbiət onu köynəyindən keçirir. Sonra o, bir ayı da ovlayır.
Bir gün də düşərgə yaxınlığından dayça leşi tapılır. Kimi dayçanı bəbirin, kimi canavarın, kimi də Qoca Benin yırtıb-dağıtdığını güman eləyir. Ancaq təcrübəli ovçu Sem Fazers leşin üstündəki izlərdən anlayır ki, at balasını vəhşi it öldürüb. Üç gün ərzində qoca hindu köpəyi pusquya salıb dama qatır, onu uzun müddət ac-susuz saxlayıb yavaş-yavaş ələbaxım öyrədir. Aslan adı verdiyi bu bədheybət köpəyin köməyilə Sem Qoca Beni ovlamaq niyyətindədir.
Noyabrda Ayzek də aralarında olmaqla ovçular komandası yenidən düşərgəyə toplaşır. Bu dəfə dəstədə Bun adlı zalım, duyğusuz bir nəfər də peyda olur. Bədheybət köpək qısa vaxtda ona mehir salır, hətta onunla bir komada, bir yataqda gecələyir. Aslan Qoca Benin izinə düşürsə də, çaya çatanda izi itirir. Bir il sonra köpək ayının yolunu kəsə bilir, ancaq Bunun güllələri hədəfdən yayındığına görə Qoca Benə aradan çıxmaq müyəssər olur. Sonrakı il ov mərasimi dekabra qədər uzanır. Nəhayət, ovçular ayını pusquya sala bilirlər. Aslan ləqəbli köpək Qoca Ben ləqəbli ayını boğazlayır, ayı isə caynağını itin qarnına keçirir. Köpəyin köməyinə çatan Bun bıçağını ayının kürəyinə saplayır. Qoca Ben canını tapşırır, bir neçə gün sonra ağır yaralı it də ölür.
Qoca Benin zərər vurduğu əlliyə qədər adam Aslanı təntənəylə dəfn eləyir. Ovun qızğın yerində qəfil yıxılan Sem Fazers də bərk xəstələnir, hərçənd həkim onun sağlam olduğunu, həyatına ciddi bir təhlükə görmədiyini söyləyir. Həkimin optimist proqnozuna baxmayaraq az sonra qoca Sem də Aslanın yanında torpağa tapşırılır. Elə bil onun da canı Qoca Ben ləqəbli ayıda, Aslan ləqəbli köpəkdəymiş.
Ayının zədəli pəncəsini də onların yanına gömürlər. Bu dünyada bir-birinə qənim kəsilmiş üç seçkin varlıq əbədi sülh şəraitində dinc yanaşı yatır. Hər üçü panteistik tanrının bu dünyada onların boynuna qoyduğu missiyanı ləyaqətlə yerinə yetirib: Qoca Ben – ayıların, Aslan ləqəbli köpək – itlərin, Sem Fazers – ovçuların ən yaxşısıdır. Folkner bununla təbiətdə düşmənçiliyin üzdə olduğunu, əslində bütün canlıların bir başlanğıcdan törəyib eyni kökə, qaynağa qayıtdığını bizə əyani şəkildə göstərir.
***
Üstündən bir neçə il də keçəndən sonra gənc Ayzek Makkaslin köhnə ovlaqları gəzməyə gedir, ustadı qoca Semin, Aslan adlı köpəyin yatdığı yamacı ziyarət eləyir. Oğlan duyur ki, Sem onun gəlişindən xəbərdardır. Onda belə bir möhkəm qənaət yaranır ki, təbiətin qoynunda, meşədə ölüm yoxdur, bu torpağın altında yatanlar puça çıxmayıblar, eləcə öz əzəllərinə, mənbələrinə, vətənlərinə dönüblər. Onlar haldan-hala düşə-düşə, dondan-dona girə-girə, rəng alıb rəng verə-verə daim hərəkətdədirlər, onlar dan işığıyla oyanıb gün uzunu ormanda min biçimdə zühur eləyir, gecəylə yuxuya dalıb dinclik tapırlar. Əlbəttə, Folknerin ruhun ölməzliyinə, fərdi əbədiyyətə inandığını söyləmək üçün əlimizdə tutarlı dəlil yoxdur, ancaq onun panteistik cənnətə ümid bəslədiyi ən azı bu əsərini oxuyan kəsdə şübhə doğurmaz.
Mayor de Speyn ovlaq yerlərini meşə təsərrüfatıyla məşğul olan şirkətə satıb. Kəsik ağaclar meşənin ortasından çəkilmiş dəmiryolla sivilizasiya mərkəzinə daşınır. Orman bir xeyli seyrəlib, keçəlləşib. Adamlardan, texnikadan ürkən zavallı ayı hələ mişar dəyməmiş bir ağacın başında otuz altı saat ac-susuz daldalanıb sivilizasiyanın gözündən yayınmağa çalışır. Ağacdan-ağaca atılan dələlər böyür-başındakı ağaclar kəsildiyindən tək qalmış bir evkalipt ağacının üstündə aşağı-yuxarı qaçışırlar, qırxa qədər dələ həyəcanla öz sonunu gözləyir.
Ağacın altında oturmuş zalım Bun – Qoca Benin müxənnət qatili öz xidməti müqabilində artıq sivilizasiyadan, kapitalist dünyasından payını qoparıb – onu şirkətə mühafizəçi götürüblər. Sökük silahının hissələrini çəkiclə döyəcləyən Bun gözünü yerdən qaldırmadan dələlərə işarəylə quduz bir tərzdə bağırır: “Rədd olun buralardan! İşiniz olmasın onlarla! Birinə də barmağınız dəyməsin! Hamısı özümündür, hamısı mənimdir!”
***
Folkner təsəvvüründəki Allahın yaratdığı dünyanı olduğu kimi qəbul eləyir, onu dəyişməyə, söküb yenidən qurmağa çalışmır. Onun fəlsəfi yanaşmasından belə nəticə çıxara bilərik: biz bu dünyanın, həyatın, yaradılışın mənasını anlamaqda acizik, nəyin nədən, kimin kimdən üstün olduğunu, xeyirin harada, şərin harada olduğunu heç vədə qanmayacağıq, ona görə də bu dünyaya gəlişimizi xoş təsadüf, uğurlu qismət kimi qəbullanıb təbiətə, təbii qanunlara uyğun ömür sürməliyik.
O yolu ki biz getməliyik, onsuz da gedəcəyik; ya könüllü gedəcəyik, ya da sürüyə-sürüyə aparacaqlar. Təbiət bizim taleyimiz, valideynimiz, biz də onun bir parçası, zərrəsiyik. Yaxşı olar taleyimizin pişvazına könüllü çıxaq, onun görüşünə öz ayağımızla gedək, ona sözsüz təslim olaq, yoxsa o gec-tez bizi cəzalandıracaq. Təbiəti öyrətməyə yox, ondan öyrənməyə çalışaq. Onun qisası amansız olur.
Bu mənada Uilyam Folkner çox dərin, çox da yetkin bir stoik, sivilizasiyaya pəncərədən baxan zahiddir. Öz ömrünü də bu qədim, müdrik təlimin qaydalarına uyğun yaşayıb.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!