Bədənin cəhənnəmindən ruhun cənnətinə
- 27 Dekabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Aligyeri Dantenin “İlahi komediya” dini-mistik poeması haqqında
Fəxri Uğurlu
Bu ölməz alleqoriyanı xristianların müqəddəs kitabının təfsiri də saymaq olar. Hərçənd o müqəddəs kitabın heç bir bölümündə, fəslində cəhənnəmin, ərafın, ya cənnətin belə “dəqiq”, təfərrüatlı, təfsilatlı təsviri verilməyib. Bu da, necə deyərlər, Danteyə vəhy göndərilmiş, nazil olunmuş kitabdır.
Şair özü qatı xristian, İsa Məsih aşiqiydi. Hətta o dərəcədə ki, İsadan əvvəl yaşamış Homer, Vergili, Platon, Aristotel… kimi dahiləri, müdrikləri cənnətinə buraxmamışdı. Hamı bilir ki, dünyaya gəlişinin vaxtını, yerini seçmək insanın əlində deyil. Belə isə Dantenin cəhənnəmin sərin yerinə (heç olmasa bu məsələdə insaflı tərpənib) atdığı nəhənglərin suçu nədir, bilmək olmur. Bir sözlə, onun cənnətində yalnız xristian müqəddəslərinə (o da hər müqəddəsə yox), xaçpərəst övliyalara, bir də sevgilisi Beatriçeyə yer var.
***
Dante mistik səfərinə müdrikliyinin oğlan çağında, özü demiş, bu dünyadakı ömrünün tən yarısında, yəni otuz beş yaşında (ancaq dilədiyi ömrü başa vurmaq başıbəlalı şairə qismət olmayacaqdı) qədim Roma şairi, dünya şöhrətli “Eneida” dastanının müəllifi, özünə ustad saydığı Vergilinin bələdçiliyilə çıxmışdı. 1300-cü ilin Pasxa bayramı ərəfəsində başlanmış səfər on gün sürmüşdü. Bu on günlük səfərin təəssüratından üç bölümlük, yüz nəğməlik “Komediya” (Əsərin adına “ilahi” sifəti sonradan, deyilənə görə, intibah dövrünün incilərindən biri “Dekameron”un müəllifi Covanni Bokkaççonun təşəbbüsüylə artırılıb. Onu da xatırladaq ki, o zamanlar “komediya” sözü indiki anlamında işlənmirdi, bu janra faciə ilə bitməyən, nikbin sonluqla qurtaran əsərlər aid olunurdu) yaranmışdı. Yüz nəğmənin otuz dördü “Cəhənnəm”in, otuz üçü “Əraf”ın, qalan otuz üçü də “Cənnət”in payına düşür.
“İlahi komediya” alleqorik əsərdir. Dantenin səfəri insan ruhunun mənəviyyatın (eləcə də mənəviyyatsızlığın) qatlarına səfəridir. Onun vahiməli zülmət meşədə azması öz ağlının, nəfsinin dolanbaclarında azıb itməsinə işarədir. Dantenin yaradıcılığı haqlı olaraq orta əsrlər çağının sonu, yeni dövrün başlanğıcı sayılır. Başqa sözlə, ağır qəflət yuxusundan Avropanın oyanışı, yenidən dirilişi Dantedən başlanır. Bu, ədəbiyyatın tarixin gedişatına nə qədər təsir göstərdiyini, daha da dəqiq desək, tarixi yönəltdiyini bir daha sübuta yetirir.
Qaranlıq meşədə ustadı Vergiliylə tapışması antik dəyərlərin orta çağ zülmətindən yenicə çıxmaqda olan xristian Avropasına gətirilməsiylə yeni bir epoxanın başlandığını müjdələyir. Bu epoxanın adına indi ərəbcə İntibah, latınca Renessans deyilir.
Azdığı meşədə Dante bəbir, aslan, dişi canavar kimi yırtıcılarla qabaqlaşır. Bu vəhşilər insanı pis yola çəkən şəhvət, xudbinlik, tamah kimi ehtirasların simvollarıdır. Qorxudan bağrı yarılan Dantenin hayına ustadı Vergilinin ruhu çatır. Bəlli olur ki, antik şairi onun yardımına sevgilisi Beatriçe göndərib – Danteni bu dünyada himayə eləyən mərhəmətli, vəfalı qadın cənnətdən cəhənnəmin birinci qatına enməklə Vergilidən öz aşiqinin harayına yetməyi, ona yol göstərməyi təvəqqe eləyib. Bundan sonra ustadla şagirdin o dünyaya səfəri başlanır.
***
Cəhənnəmin doqquz qatı var. Onun girişində yazılıb ki, bura gələn ümidlərini eşikdə qoysun.
Birinci qat Limb adlanır, buraya xaç suyuna çəkilməmiş körpələrin, bir də bütpərəstlik dövrünün şöhrətli kişilərinin – qəhrəmanların, alimlərin, filosofların, şairlərin, o cümlədən Vergilinin ruhu yerləşdirilib. Onlara əzab verilmir, buradakı ruhlar sadəcə qəm-qüssə çəkirlər, çünki xristian olmadıqlarına görə onlara cənnətdə yer yoxdur.
Yeraltı səltənətin ikinci qatında kimi hara yerləşdirməyi Minos adlı iblis müəyyənləşdirir. Parisin Yelenası, Antoninin Kleopatrası kimi şəhvət, ehtiras köləsi olan gözəllər bu qatda məskunlaşıblar. Onlar ara verməyən güclü qasırğanın burulğanında daim fırlanır, daşdan-daşa, qayadan-qayaya çırpılırlar.
Üçüncü qata Serber adlı üçbaşlı azman köpək keşik çəkir. Burada tamahkarların, qarınquluların ruhu leysan yağış altında palçıq içində eşələnir. Dante üçüncü qatda bir yerlisiylə rastlaşır, onunla doğma şəhərinin taleyini müzakirə eləyir.
Plutos adlı əcinnənin ixtiyarına verilmiş dördüncü qatda israfçılarla xəsislər cəza çəkirlər. Bunların arasında tanınmış ruhanilər, papalar, kardinallar da var. Buradakılar Sizif əzabına məhkum olunublar – müdam ağır bir daşı dağın zirvəsinə qaldırırlar, ardınca daş üzü aşağı, dağın ətəyinə yuvarlanır, sonra proses yenidən başlanır.
Beşinci qatda kinli, tənbəl ruhlara əzab-işgəncə verilir, onlar çirkli gölməçədə bataqlıq qurbağası kimi yaşayırlar. Kinlilər dayanmadan bir-biriylə savaşırlar, tənbəllərsə bataqlığın dibində mürgü döyürlər.
Növbəti qatda onlar Dit adlı cəhənnəm şəhərinə düşürlər. Burada alovu ərşə dirənən məzarlardan ah-nalə səsləri gəlir. Bu məzarlarda kafirlərin, müqəddəslik libasına bürünmüş dəccalların ruhu od tutub yanır. Altıncı qatda Dante daha bir həmşəhərlisinə, ondan sonra dostunun atasına rast gəlir. Şair antik filosof Epikürü də hansısa günahına görə cəhənnəmin altıncı qatına atıb.
Dağların arasındakı yeddinci qatı öküz başlı rəhmsiz Minotavr qoruyur. Buradakı qaynar, qanlı çayda tiranların, quldurların ruhuna işgəncə verilir. Çayın kənarındakı kentavrlar onların üstünə daim ox yağdırırlar. Həmin adam başlı atlardan biri qəhrəmanları suyun üstündən adladır. Qanlı çayın o tayında onlar yarpaqsız ağaclar, tikanlı kollar görürlər. Məlum olur ki, bunlar da özünə qəsd eləyənlərin ruhudur. Onları cəhənnəm quşları müdam didib-didişdirib bədənlərinə dözülməz yaralar vururlar. Qumara qurşanıb var-yoxunu uduzanların ruhunu isə burada quduz köpəklər daim sağa-sola qovurlar. Sələmçilərə də bu qatda əzab-əziyyət verilir. Respublika vətəndaşı Dante antik Roma diktatoru, respublikanın düşməni Yuli Sezara cəhənnəmin birinci qatında – Limbdə yer ayırsa da, onunla eyni xislətli Makedoniyalı İsgəndəri yeddinci qata yerləşdirib. Anlamaq olmur ki, bu iki tiran arasında hansı mahiyyət fərqi var.
Səkkizinci qat özü də on bölməyə, daha doğrusu, on xəndəyə ayrılır. Qadınları pis yola çəkən aradüzəldənlərə, riyakarlara, kilsə vəzifələrini piştaxtaya çıxaranlara, falçılara, cadugərlərə, münəccimlərə, rüşvətxorlara, oğrulara burada olmazın işgəncələr verilir. İsa Məsihi təkidlə çarmıxa çəkdirən baş yəhudi ruhanisi də bu qatda məskunlaşıb. Adı bəlli Odisseyi (Ulissi) də burada tapmaq olar.
Nəhayət, doqquzuncu – sonuncu qat, yerin təki, planetin dibi. Cəhənnəm sultanı, altı yarasa qanadlı, üç başlı Lüsifer donmuş çayın içində öz səltənətinə keşik çəkir. Burada xainlərə, satqınlara işgəncə verilir. Lüsiferin bir ağzından İsa Məsihə dönük çıxmış İudanın, o biri ağızlarından Sezara xəyanət eləmiş Brutla Kassinin bədəni sallanır. İblis onları çənəsinin altında saqqız kimi çeynəyir. Ən ağır işgəncə İudanın payına düşür.
Bu əzabların sonu yoxdur, cəhənnəm işgəncələri əbədidir.
***
Qəribədir ki, Dantenin günahkarları cəhənnəmdə cismani əzablar çəkirlər. Məgər təsəvvür olunan o dünyada, ruhlar aləmində insana fiziki əzab verilməsi mümkündürmü? O dünyanın gerçəkliyinə inansaq, qarşımıza sual çıxar: axı orada bədən, ümumiyyətlə cism, materiya olmur, belədə cəza hansı üsulla, necə verilir? Söhbət mənəvi işgəncədən, tutalım, vicdan əzabından getsəydi, yenə nəsə anlamaq olardı. Onda da başqa sual çıxır ortaya: “mənəvi əzab” ifadəsi doğrudurmu? Mənəviyyat, vicdan olan yerdə əzab-işgəncə ola bilərmi?
Məncə, “vicdan əzabı” düzgün ifadə deyil. Vicdan əzab çəkdirməz, vicdan əzabdan qurtarar. Əzabı vicdansız çəkər. Vicdan günahkarın yox, günahların cəzasıdır. “Vicdan əzabı” dedikləri mazoxistik vəsvəsədir, hər bir sadistik aktı müşayiət eləyən fizioloji haldır. Bu halı normadan artıq yeyən, normadan artıq içən, nifrətinin, şəhvətinin, bütün başqa cismani həzzlərinin başını buraxan hər kəs az-çox keçirir. Bu deyilənlərə inansaq, daha qəliz sual çıxar qarşımıza: ümumiyyətlə, hansı dünyada olur olsun, ruha əzab-işgəncə verməyin mexanizmi varmı?
Ancaq anlayıram ki, Dantenin poeması dini-fəlsəfi alleqoriyadır, onu bu cür qavrayıb bu cür də qəbul eləmək lazımdır. Belə yanaşanda yuxarıda verilən suallara da hacət qalmır.
***
Cəhənnəmdən çıxandan sonra Dante keçmişdən gəlmiş ustadıyla birgə Əraf dağına yönəlir. Ərafdakı günahların cəhənnəmdəki günahlara bənzəri çoxdur, amma əgər cəhənnəm sakinləri üçün qurtuluş yoxdursa, əraf sakinləri haqqında bunu demək olmaz. Burada günahlardan arınmağa ümidi, imkanı olan ruhlar məskunlaşıb, antik faciələrdə olduğu kimi onlar da katarsisdən keçib təmizə çıxa bilsələr, cənnət qapısı üzlərinə açılar. Dante həm antik ədəbiyyat bilicisi, həm də tipik bir xristian kimi bununla demək istəyir ki, Tanrıya yol şübhədən, əzabdan, zülümdən, bir sözlə, Şeytanın darvazasından keçir. Hərçənd özü əzab çəkmir, bütün işgəncələrə tamaşaçı kimi qıraqdan baxır. Fəqət onun bir üstünlüyü var: onu cənnətə sevgilisi Beatriçe çağırır.
Əraf yeddi qatdan ibarətdir: birincidə dikbaşlar, ikincidə paxıllar, üçüncüdə qəzəblilər, dördüncüdə acizlər, beşincidə xəsislərlə israfçılar, altıncıda acgözlər, yeddincidə zinakarlar günahlardan arınma, təmizlənmə növbəsi gözləyirlər. Burada daha çox sağlığında günah işlədən, ancaq günahını yumağa hansısa üzürlü səbəbdən fürsət, imkan, macal tapmayan ruhlar məskunlaşıb.
Bəlli bir məqamdan sonra Vergili Danteni tək qoymağa məcbur qalır, bütpərəst olduğuna görə Tanrıya, onun cənnətinə çox da yaxınlaşa bilməz. Buradan o yana şairi Beatriçe aparır (əslində elə bura qədər gətirən də o idi).
Dante gerçək həyatda onunla vur-tut ikicə dəfə kəlmə kəsmişdi – birinci kərə özünün doqquz, qızın səkkiz yaşı olanda, ikinci kərə bundan doqquz il sonra. Qalan vaxtlar Beatriçe Portinarini yalnız aralıdan görmüşdü, ancaq bu, qızın onun ilham pərisinə, platonik sevgisinə çevrilməsinə əngəl olmamışdı. Varlı bir adama ərə gedən Beatriçe iyirmi dörd yaşında vəba epidemiyasından ölmüşdüsə də, Dante qələminin qüdrəti sayəsində indiyə qədər sağdır. Sonradan Cemma Donati adlı varlı qızıyla evlənən şair nədənsə onun adını əbədiləşdirmək qayğısına qalmayıb.
***
Ərafın qatlarını geridə qoyandan sonra Dantenin üzünə on qatlı cənnətin qapıları açılır. Burada o, Beatriçe ilə az qala həyatda olduğu kimi – göz-gözə, sözsüz danışır, Dante ilə ideal sevgilisi bir-birini bir baxışdan anlayır. Şair söyləyirdi ki, onun vəzifəsi insanları bədbəxtliyin zirzəmisindən qurtarıb xoşbəxtlik mərtəbəsinə qaldırmaqdır. Bu, əslində şairlikdən də yuxarı missiyadır, İsa peyğəmbərin, onun həvarilərinin missiyasının davamıdır.
Oxucular, ədəbiyyatçılar, naşirlər “İlahi komediya”nın “Cəhənnəm” bölməsinə daha çox əhəmiyyət versələr də, “Cənnət” bölümü həm yazılması, həm oxunması, həm də qavranması baxımından əvvəlki iki bölümdən xeyli çətindir. Buna da təbii baxmaq lazımdır, çünki pisliyi təsvir eləmək ideal obraz yaratmaqdan, ideal duyğuların tərcümanı olmaqdan qat-qat asandır (həm də insanların əksərinə şər xeyirdən maraqlı görünür). Məsələn, Dante cənnət mələklərini dəstəylə uçub cənnət çiçəklərinə qonan arı ləşkərinə bənzədir. Belə saf, ətirli yaşantılar hər adamın içində tumurcuqlaya bilməz.
Şair cənnətin hər qatına bir göy cisminin adını verir. O buraya müxtəlif ranqlı möminləri – İsanın həvarilərini, adlı-sanlı xristian ilahiyyatçılarını, rahibləri, rahibələri, əzabkeşləri, missionerləri yerləşdirir. Ancaq cənnət sakinlərinin heç də hamısı əvvəldən pak, müqəddəs olmayıb, onların arasında böyük günahlar işləyib sonradan tövbə eləyənlər, günahından arınanlar, buxovunu qıranlar da var.
Donuq, ölü cəhənnəmdən fərqli olaraq cənnət bulaqları həyatın özü kimi daim çağlayır, cənnət suları gecə-gündüz dövr eləyib yaşamın qaynağını qurumaqdan, soğulmaqdan qoruyur. Cənnət başdan-başa Allahın nuruna qərq olub, həm də ruhun məqamı ucaldıqca bu müqəddəs işıq da gurlaşır. Burada səslərin, rənglərin, işıqların mükəmməl harmoniyası hökm sürür. Buranın sakinləri cəhənnəmdəkilər kimi əzablarına buxovlanmayıb, burada insan azaddır, əks halda Beatriçe aşiqinin köməyinə çata bilməzdi. Dante alleqorik dillə belə bir harmonik həyatın yer üzündə də yaranmasını arzuladığını bizə söyləyir.
Cəhənnəmin tərsinə cövlan eləyən cənnətdə insan ruh kimi, işıq topası kimi dolaşır. Bura hər kəsin öz mənəvi potensialını ən yüksək səviyyədə reallaşdıra biləcəyi bir yerdir. Cəhənnəmdə biz əzab çəkən, işgəncə verilən bədənlərin fəryadını, ah-naləsini eşidirdik, cənnətdə isə Tanrı nurundan məst olmuş ruhların pıçıltısını dinləyirik.
Buradan belə nəticə çıxarmaq olar ki, cəhənnəm bizim bədənimiz, cənnət isə ruhumuzdur. Bu düşüncədən yola çıxsaq, məncə, “İlahi komediya”nın yeddi yüz illik sirrinə daha asan vara bilərik.
***
Dantenin zamanında normal insan ömrünün uzunluğu yetmiş il sayılırdı, hərçənd çox az adam bu yaşa çatırdı. Şair ömrünün tən yarısında mistik səfərə çıxdığını deyəndə dindən gələn bu təsbiti nəzərdə tuturdu. Ancaq özü 1321-ci ildə – cəmi əlli altı yaşında cənnətlə cəhənnəm arasında savaş meydanına çevrilmiş doğma planetdən ayrıldı.
Bundan əvvəlsə doğma vətənindən ayrılmışdı. İtalyan ədəbi dilinin banisinə, ölkəsinin ən qüdrətli, ən şöhrətli ədibinə yurdunda dinclik, rahatlıq tapılmamışdı. 1302-ci ildə mənsub olduğu ağ qvelflər partiyasının gözünə qatılıb Florensiyadan qovulanda Dantenin otuz yeddi yaşı vardı. Ondan sonra şair öz yurdunu bir də görmədi, on doqquz illik sürgün həyatının yekununda qürbətdə canını torpağa, ruhunu işığından, eşqindən sərxoş olduğu tanrısına tapşırdı.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında