İran təranələri
- 12 Oktyabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bircə
Hamımızın içində bir Təbriz sevdası, Təbriz yanğısı var. Uşağıydım, kəndimizdə, nənəm demiş, “demaqrat” Saleh vardı. Yaxşı sənətkarıydı. Nənəm dalınca qardaşlarımdan birini yollardı:
– Denən, Saleh, durma gəl, hanamın qolu sozalıb.
Saleh çaparaq gəlib arvadın hanasını sazlayar, qollarını yağlayar, quruyub qaxı çıxmış sifətindəki cuqqu gözlərini çıppıldadardı. Nənəm bu arıq kişiyə süfrə açardı. Kişi loxmasını udduqca pambıq çiyidinə oxşayan gözlərindən su süzərdi.
– Balalarım, övrətim, atam-anam necoldu görəsən?
– Allah vayısın evini yıxsın, loxmanı ye, bəlkə də sağdılar.
– Yox ey, şah hamısını qırar, qoymaz indiyə qalalar, – deyib tikəsini güclə udar, zığıldaya-zığıldaya durub doqqazdan çıxardı.
Ağlım kəsmirdi, Salehin zülmünü qanmırdım. Əmim uşaqları başıma yığışanda yazıq kişini yamsılayıb onun müsibətinə lağ eləyirdim.
Gəlinə ayıran deməyən Dədə Qorqudu qanına bələnsin. Aşıq kəndə girməmiş gəraylısını başladı. Bir gün gəlin gülə-gülə “mən tək yaşamaq istəyirəm” dedi. Nə qədər qırqovullu aş yedirtdimsə yenə eyni açılmadı.
Evimiz ayrıldı, tək yaşamağa başladığım ilk ayda qəfil zavala gəldim. Sağ əlim quruyub daşlaşmağa başladı. Gəzmədiyim təbib, getmədiyim loğman qalmadı. Dərmanım tapılmadı.
Qardaşım məni İranın hər dəlmə-deşiyini tanıyan baldızının dimdiyinə verib Təbrizə yolladı. Baldız xətrimizi çox istəyirdi, qəhrimizi çox çəkmişdi.
Zülüm-zillətlə xəstəxanaların birində növbə tutub məni, təbrizlilər demiş, dükdürə göstərə bildi. Bir şələ iynə-dərman yükləndim, gecəni yoldaşımın həmişə düşdüyü evdə keçirib tezdən Bakıya qayıtdıq. Bələdçim yolu-rizi, iranlı tacirlərin bicliklərini, taksi sürücülərinin yerədöyülmüşlüklərini mənə qandırdı. Bir həftə sonra təkbaşına Təbrizə qayıdası oldum.
***
İkinci gedişim payızın əvvəlinə düşdü. Cəlilabad postundan lap erkən keçdim. Sırtıq, söyüşcül, pinti-palaq, uzun dırnaqlarının içi mazutlu, bu taydan gedənlərə pul kisəsi kimi baxan sürücülərin üzünü gor görsün. Miniyində qadın olan birinə yaxınlaşdım. Qiyməti ikiqat oxudu.
– Bir həftə qabaq bu yolu on manata getmişəm, indi noldu?
Sifəti cod tüklü, əlləri pələş motalqarın kişi qiymətlərdən xəbərim olduğunu görüb hörültülü səsinin havasını aldı.
– Yaxşı, sən on beş verərsən.
Razılaşmadığımı görən başqa birisi:
– Mən on iki manata aparram, – deyib irəli durdu.
Ona sarı yönəldiyimi görən motalqarın başladı bağırmağa:
– Osturum sənin ağzına, mənim müştərimi əlimdən alırsan?
Bunlar davaya başlayanda bir qıvraq kişi ağzını qulağıma uzatdı:
– Mənim bir nəfərə ehtiyacım var, gəl otur çıxaq.
Ağır yol çantamı gözümlə göstərib:
– Onu qoy maşınına, gedək, – dedim.
Maşın yerindən tərpənəndə dava hələ səngiməmişdi. Qarşıda beş saatlıq yolum vardı. Yol yoldaşlarımın hamısı Təbrizə həkimə gedirdi.
Boz dağların sırası bitəndə kvadratşəkilli alçaq evlər boy verirdi. Çox qəribə inşaat üslubları vardı – bir ev altda, bir ev üstdə. Həyətlər, yol qıraqları barlı alma ağaclarıyla doluydu. Bəzi yerlərdə almadan dağ qurulmuşdu. Başqa bir qəsəbədə balqabaq, yemiş tayaları lap küçənin ağzında boy verirdi.
Sürücü hərdən başını boz dağlara sarı uzadıb üzümə acı-acı gülürdü:
– Bax, oralar sizin Qərəbağdı.
Ha baxsam da, heç nə görə bilmirdim. Qırx dörd günlük müharibəyə hələ bir il qalırdı. Xəcalətimdən dillənə bilmir, içimdə yanıb yaxılırdım. Meşkini keçəndə kişi gülləsini düz ürəyimə tuşladı:
– Əvvəl mənim yekə TIR-ım vardı, yük daşıyırdım. Keçən il Şuşaya getmişdim. Bayaqdan bizi tamahkar, fürsətcil adlandırırsan, bəs özünüz niyə o cür yeri əldən verdiz?
Kişi bombasını ağzıma atmışdı, partlayıb içimi çilikləmişdi. Səsim çıxmırdı ki, cavab qaytaram. Keçid məntəqəsində mənə görə dalaşan taksinin sürücüsü maşını lap yaxına sürüb mənim sürücümə yağlı bir söyüş söydü, sonra qaza basıb getdi. Bir az toxtadım, o söyüş ürəyimdən tikan çıxartdı.
– Niyə cavab verə bilmədin, – dedim, – bizdə belə söyüşə görə adam öldürürlər, bilirsənmi?
Hırıldadı, burnunun qabağından sallanan, üstü əyri-üyrü xətlə yazılmış şirmayı əşyanı sığalladı:
– Bunu da Şuşadan almışam. Oxuya bilərsən bura nə yazılıb?
Bəzəkli şirmayıya gözucu baxıb:
– Mənə maraqlı deyil, – dedim.
– Baba (təbrizlilər qadına da belə müraciət eləyirlər), ta niyə cırnayırsan, ora bir vəli söz yazıblar, qoy oxuyum, sən də bil.
İçimdən ilanquyruğu sızıltı keçdi:
– Oxu görək nə yazılıb?
Kişi başladı höccələməyə:
– “Atamız Adəm, anamız Həvva hay olub, yer üzünə burdan, Şuşidən yayılıblar. Biz qovuşduq, miatsum yenidən doğuldu”.
– Bə sən niyə onu ordan asmısan? O yazılanlara inanırsan?
Maşına oturandan “sən”lə danışırdıq, çünki adam “siz” başa düşmürdü. Bəlğəmli səsi boğazında qaynaq verdi, lığlığalı gülməyə başladı:
– Baba, nə deyim, mən inanmasam da, başqaları inanır axı.
– Onda bayaq səni söyüb gedən kişinin dediklərinə də mən inanıram.
Pörtəldi, bəlğəm boğazında yenə qaynamağa başladı:
– Yox, baba, o, yalan dedi.
– Adam gözünün içinə dedi ki, səni qolun birindən, qıçın birindən doğan qəhbə anan var.
– Mən onun müştərisini əlindən aldım, inanma dediyinə.
– Onda sən də erməniyə inanma, asma elə şeyləri maşınından. Axmaq adam oğurluq keçiylə gəzməyə çıxar.
Təbrizə çatmağa az qalmış kişi maşından düşüb bir evə girdi. Arxadan uzanıb həmən şirmayını qopardım. Yol yoldaşım qadın həyəcanla üzümə baxdı:
– Birdən acığı tutar ey.
Kişi qayıdanda arasından şirmayını qopardığım topa şey – təsbeh, bəzəkli saplar, imamların xırda şəkilləri hələ də yellənirdi. Klinikanın qabağında düşən kimi ilk işim həmən şirmayını qırıqlayıb küləyə vermək oldu.
***
Bir gecə evində qaldığım təbrizli xanım mənə uzun bir siyahı vermişdi. Dediklərinin hamısını almışdım, üstəlik də xeyli şirniyyat yüklənib gəlmişdim.
Şələni kimin arabasına qoymusansa onun mahnısını oxumalısan. Yükümü qapının ağzındakı tanış qadına bir kilo şokolad müqabilində saxlamağa verib içəri keçdim. Xəstələrin çoxu quzey Azərbaycandan gələnləriydi. Yerli adamlar əllərində sığorta çekləriylə gəlir, tez də yoxlanıb gedirdilər. Bizimkilərinsə qabığını soyurdular. İçəridə maklerlik eləyən arvad, kişi əlindən tərpənmək olmurdu, gecə qalmağa yer, aptekdən dərman almaq, tərcüməçilik kimi xidmətlər təklif eləyirdilər.
Mənim burada iki günlük işim vardı. Əlimi qəribə cihazın içinə salıb dərisini qaşıdılar. Uzun enli otaqda qadınları kişilərdən gərdəyə bənzər pərdə arakəsmələr ayırırdı. Birdən bura ilk gəlişimdə evində qaldığımız Rüqəyyanın oğlunu gördüm. Onun da qoluna bir cihaz bağlamışdılar. Oğlanı görəndə çox sevindim – evi rahat tapacaqdım, gətirdiyim yükü aparmağa köməkçim olacaqdı.
Di gəl, cavan oğlan qaşqabağını sallayıb durdu, heç salamımı da almadı. Cihaz qolundan açılanda qapıdan güllə kimi çıxdı. Maraq mənə güc gəldi, döymə qaşlı, şişmə dodaqlı tibb bacısını dilə tutdum:
– Oğlanın qoluna nə gəlib?
– Baba, bir vaxtlar havalı olub, ot çəkib, sonra da qolunu doğrayıb. İndi pəsdərgah (yəni polis) olacaq deyə o kəsiklərin yerini sildirir.
Həkimlik işlərimi bitirib Rüqəyyanı yığdım:
– Mən Təbrizdəyəm, dediklərinin hamısını alıb gətirmişəm. Oğlunu da burda gördüm. Taksiyə oturub sizə gəlmək istəyirəm.
O başdan bir xeyli səs çıxmadı.
– Baba, biz Ərdəbildəyik, bir həftə sonra gələcəyik. Başının çarəsini qıl.
– Bəs axı sən bu dəfə qalmağımın da pulunu almısan, həm də sənə xeyli sovqat gətirmişəm. Ağırdı, onu özümlə gəzdirə bilmərəm.
– Yox, baba, mən uzaqdayam, heç nə eləyə bilmərəm.
– Onda gətirdiklərimi bura qoyuram, nə vaxt istəsən gəlib apararsan.
Dediklərim yekəpər, kök Rüqəyyanın döşünə yatdı. Sovqatı həvalə elədiyim qadının telefon nömrəsini alıb sağollaşdı.
Qaldım qərib yerdə, tanımadığım diyarda xudru tək. Klinikanın qabağında iri bir park vardı, keçib oturdum bir çinarın dibində. Payız küləyi məni üşüdürdü, acından ölürdüm, qaranlıq gecə üstümə əsnəyirdi. Bir də gördüm yekəqarın Rüqəyya çadrada cin görmüş fərə kimi döyükə-döyükə gəlir. Özümü bir az da ağacın daldasına verdim. Bir neçə dəqiqə sonra qadın əlində mənim ağır zənbilim beş addımlığımda dayanmışdı. Qulaqlarım uğuldayırdı. Bircə gecə evində qalmışdım, özümlə apardığım yeməyi yeyib, onun sidikli döşəyində danı diri tutmuşdum. Dediyi puldan artığını vermişdim. İndi mənim ağır sovqatımı sürüyüb aparır, bəs məni niyə küçənin ortasında qoyur?
İstədim irəli durub qolundan yapışam, niyə məni aldatdığını soruşam. Bacarmadım, elə oturduğum yerdəcə qaldım.
Sonralar öyrəndim ki, məni küçədə Rüqəyyanın oğlu qoydurub. Qolundakı kəsikləri sildirdiyini gördüyümdən qorxub hardasa danışaram, işinə pəl vuraram.
Rüqəyya taksiyə minib gedən kimi yenidən klinikaya girib həkimin yanına qalxdım:
– Evində qalacağım qadın məni aparmadı, qaldım küçədə, neyləyim?
Kişi duruxdu:
– Baba, “Məşhəd” oteli yaxındadı, get ora.
– Oteldə tək qala bilmərəm.
Həkim tibb bacılarını başına yığıb farsca xeyli danışdı. Sonra məni göz qapaqlarının üstü tikişli bir qadına qoşdu:
– Baba, bu xanımı yaxşı tanıyıram, bunun da otel haqqını ödə, bu gecə səninlə qalsın.
Diyircəyə oxşayan xanımın yanına düşüb otelə getdim.
Çəlikli qoca kişiyə bizim pulla on beş manat verdim. Otel dedikləri köhnə, çirkli ikimərtəbə binaydı. Birinci mərtəbədə bizə xırda bir otaq verdilər. Köhnə çarpayılara, içindəki yunu dombaq-dombaq kirli döşəklərə, mələfələrə yaxın gedə bilmədim. Yaxşı ki, özümlə hər ehtiyatımı götürmüşdüm. Evdən gətirdiyim mələfəni zənbilimdən çıxarıb sərib çarpayının ortasında domuşdum. Qadın çadrasını soyunanda heyrətə gəldim, qara çuvalın içindən modern bir xanım çıxdı – saçları dəblə kəsilib çiyninə tökülmüş, dodaqları şişirdilmiş, dırnaqları boyalı. Qoftasını sıyırıb lifçikli oturdu qabağımda. Bədəni ağ mərmər kimi parıldayırdı. Boyasız dırnaqlarıma, bürmələyib təpəmə yığdığım saçlarıma, qayış biləklərimə baxıb utanırdım.
– Gözünə nə olub? – ilk sualım bu oldu.
Gəlin qəhqəhə çəkdi:
– Baba, gözümün üstünün ətini kəsdirmişəm.
– Niyə?
– Qoy qəşəng olum da.
Şər qarışmışdı, adamlar küçədə qaynaşırdı. Pəncərəni açırdım – şəhərdən gələn üfunət məni boğurdu, örtürdüm – içərinin iyindən ölürdüm. Qısa vaxtda xanımla dostlaşdıq.
– Evinə nəsə alacaqsansa, dur gedək axşam bazarına.
***
Təbriz bazarı qarışqa yuvası kimi qaynayırdı. Bazardan ətrafa daha kəskin iy yayılırdı. Hər addımda pazı (qırmızı çuğundur) dilimləyib qaynadıb satırdılar. İri qazanlardakı kartof soyutmasını alanların çoxu eləcə ayaq üstə yeyirdi. Təzə bacılığım Nərgiz yol boyu mən xeyli təlimatlandırdı:
– Alacağın şeyi gözünlə mənə göstər, qiymətini soruşum. Qonaq olduğunu bilən kimi qiyməti baha deyəcəklər.
Xeyli bazarlıq elədim – meyvə qurusu, cürbəcür halvalar, çay… Nə aldımsa Nərgiz satıcı kişilərin çənəsinin altına yeriyib:
– Baba, mənim faizimi ver, – dedi.
Otelə qayıdanda onun faiz dediyi mənimkindən bir az kəmiydi. Nərgiz bu faiz söhbətini mənə qandırdı: tutalım mən bir kilo halva alsaydım, ona üç yüz qram halva verirdilər. Axı məni bazara o aparmışdı.
Taksi sürücüsü hansı klinikaya xəstə aparırdısa ordan, oteldən, yeməkxanadan, dükandan, bazardan faiz alırdı. Xəstəxananın qabağında adamlar dururdu, xəstə yiyələrini iri apteklərə aparıb ordan yaxşı pul alırdılar. Bir sözlə, özləri üçün zəncirvari sistem qurmuşdular. Heç yerdə işləməyən bu adamlar mənim kimi xəstələrin qanını sümürürdülər.
O gecə Nərgiz çox şeydən danışdı. Saçlarımı onun ustasına kəsdirmək, qaşlarımı onunku kimi döydürmək, bir sözlə, min manata özümü yenidən yığdırmaq üçün məni çox dilə tutdu. Dediklərinin başıma batmadığını görüb başqa varianta əl atdı:
– Burda yaxşı bir kişiyə ərə gedə bilərsən. Heç olmasa sağalana kimi.
– Bəs deyirlər İranda qadınların hüquqları tapdanır, onları əzirlər, başlarına oyun açırlar. Sən heç işləmirsən də, hardan pul tapıb özünə bu qədər maya qoyursan?
– Niyə, baba, dədəm ölüb, onun maaşını alıb yeyirəm, – deyib şaqqanaq çəkdi.
Bakıdan apardığım yeməyi birlikdə yedik. Otelin at sidiyinə oxşar çayından içdim. Öyrəndim ki, qaldığım yerdən üç xiyaban o yanda ustad Şəhriyarın məqbərəsi yerləşir. Yazıq Səməndər də bu şəhərə onu deyib gəlmişdi. Sağ gəlib səlvər qayıtmışdı. İndi də bu nabələd gecədə mənim fikrim-zikrim o küçədə qalmışdı. Qardaşım məhz orda zavala gəlmişdi deyə mübhəm bir qüvvə məni ora çəkirdi.
Yelbeyin xanımsa bığı başı kimi qara xınalı tösmərək, enli, yekəburun otel işçisiylə dil mazağına çıxmışdı.
– Gəl mənimlə gedək Şəhriyarın məqbərəsinə, – dedim.
– Baba, dəlisən, indi ora bağlıdı. Sübh olsun gedərik.
Onun sözünə qail olmadım. Nənəm deyərdi yol yoldaşını eldən, quşu yuvadan götür. Ehtirası fışqıran birisinin mənim halımdan nə xəbəri olacaqdı. Çantamı qapıb özümü eşiyə atdım, otelin qabağındakı taksilərdən birinə oturub məqbərəyə sürdürdüm. Sürücü maşını bir az aralıda saxladı:
– Baba, indi ora bağlıdı.
Düşüb aralıdan tamaşa eləməyə başladım. Məqbərənin içində zəif işıq yanırdı. Qapının yanına Şəhriyarın qoca vaxtlarının iri şəklini vurmuşdular. Narın külək xəzəli süpürüb ayağıma çırpdıqca səksənirdim. Dörd yana dörd gözlə baxırdım, elə bilirdim Səməndər hardansa buralardan çıxacaq, bir-birimizə sarılıb illərdi içimizdə daşıdığımız Təbriz həsrətinin üstünə su səpəcəyik.
Gecə keçirdi, xiyabanda avara-avara gəzirdim. Qardaşım isə heç yerdən boy vermirdi. Çinarlardan birinin altında oturanda sinəmdən bir səs fışqırdı:
– Təbrizin küçələri dolanbadolan, ay Səməndər…
Həm ağlayırdım, həm oxuyurdum. Bəlkə elə qardaşım da bu çinarın dibində oturub, əlini onun gövdəsinə sürtüb. Bəlkə qorxub, qərib eldə qolundan tutanı, əlini alnına qoyanı olmayıb. Bunları düşündükcə elə bilirdim kimsə məni içimdən şallaqlayır, canım göynəyirdi…
Mən otelə qayıdanda ağcamaya gəlin çirkin, pinti kişiylə çox mehriban danışırdı. Qaşqabağımı sallayıb otağa keçdim. İçərini ətir, ənlik-kirşan iyi bürümüşdü. Nərgiz dalımca gəldi:
– Ağa deyir qonağı da çağır, çay içək.
– Pox yeyir sənin ağan, get çayını iç.
Gülüşü gözündə dondu:
– Həylə demə baba, yaxşıcana kişidi. Deyir hər şey mənnıxdı.
Qadının həyasızlığı məni təbdən çıxardı:
– İndi fikrin nədi, onunla yatmaq istəyirsən?
– Yox, baba, eləcə danışıb gülərıx.
– Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq?
Nərgiz üzümə key-key baxırdı. Dediyimi qanmazdı. Qəribə bir təpər gəlmişdi canıma, ilk dəfə tək gecələyəcəyim bu şəhərdə heç nədən qıypınmırdım:
– Özün get, danış da, gül də. Amma sən bayıra çıxan kimi mən qapını bağlayıb yatacam.
Qırımımı görən gəlin çıxıb kişiyə nəsə deyib qayıtdı. Gecə qapı bir neçə dəfə cırmaqlandı, Nərgiz hər dəfə yerində qurcuxdusa da mənim söyüşlərimi eşidib başını yastıqdan qaldırmadı.
Dan sökülənə qədər beynimdəki dolaşıq kələfi aça bilmədim. “Qorxulu Tehran”nın epizodları gözümdə canlandı. Geyincəkli yatsam da, üstümə sərdiyim məhrəba məni qızdırmadı.
Xəstəxanadakı işlərimi günortayacan bitirib dərmanlarımı aldım. Yükümü qabğarıb taksi durağına getdim. Bu müddətdə Nərgiz də quyruğumla süründü. Ayrılanda çox təkid elədi deyə telefon nömrəmi ona verib sərhədə gedən maşınların birinə oturdum.
Yol yoldaşlarım cavan ər-arvadıydı. Bir aydan çoxmuş Təbrizə gəldikləri. Gəlinin döşlərini kökündən sıyırmışdılar. Yoldaşı çox kədərliydi, amma gəlin deyib gülürdü. Yolu yarı eləmişdik, gördüm qucağım, əlim, qolum hamısı uzun-uzun sarışın tüklərdi. Pəncərə açıldıqca külək tük topasını burnumun qabağında oynadırdı.
Arada gəlin hava almağa düşəndə əri yavaşca pıçıldadı:
– Kimyaterapiyadan sonra yoldaşımın saçları tökülməyə başlayıb. Neyləyirəmsə başını bağlada bilmirəm.
– Narahat olmayın, mənə xoşdu.
Ayrı nə deyəydim? İki körpə balasını evdə qoyub təbib dalınca gəlmişdi. Özüm bir vaxt saçlarımdan az çəkməmişdim, dərdbilməzlər mənə çox gülmüşdülər. Beləcə, bütün yol boyu o göyçək gəlin topa-topa birçəklərini açıq pəncərədən boz dağlara tərəf sovurdu. Güldü, ağladı, qışqırdı, susdu. Yoldaşı özü tərəfə uçan tüklərin hamısını dənləyib bir torbaya yığdı.
Sərhədə çatanda paltarlarım, ayaqqabılarımın içi, saçlarımın arası tel-tel tüküydü. Hətta ağzıma, dişlərimin dibinə belə tük dolmuşdu.
***
Bir müddət sonra yenidən üz tutdum Təbrizə. Bəri üzdə soyuq, quru hava vardı, sərhəddən o tərəfə hər yan Sibir çöllərinə bənzəyirdi. Yol yoldaşlarım ata-balaydı, Cahid kişi tək oğlunu göz həkiminə aparırdı. Yol boyu Təbriz tərəfdən gələn sürücülər bizim maşını əyləyib soruşurdular:
– Baba, getsəm mal (biz tərəfdən gələnlərə deyirdilər) taparam görən?
– Tərpən, boş qayıtmazsan.
Hava sakit, göydən piltə-piltə qar tökülür. Sürücü çürümüş dilini dinc qoymadı:
– Bizim evlər palçıq badından tikilərdi. Ermənilər Qərəbağı alandan sonra günümüz göyərdi. Elə olurdu bütöv kəndi bizə satırdılar. Alırdıq, söküb daşıyıb özümüzə ev tikirdik.
Cahid kişi Ağdamın kəndindən idi. Sürücü danışdıqca az qalırdı havalana:
– Ə, siz nə pis adamlarsız, ə! Ə, nətər yaşayırsız o evlərdə, ə?
Gördüm sürücü bir az da danışsa, qardaş bunu qanına bələyəcək.
– Ay qağa, boş verin, – dedim, – ta ondan keçib. Deyir dağ ağrı çəkdi, bir siçan doğdu. İndi biz bax o siçan doğan dağıq.
– Ay bajı, mən qurulu evimi, bağımı, barxanamı qoyub gəldim. Tikdiyim evin içinə yığışammadım. Yoldaşım bax bu oğluma hamiləydi, o halda evin palçığını daşıdı. Bəlkə elə ona görə uşağımın gözü mayıf oldu.
– Hamısı keçdi getdi, barı Allah uşağınızın axırını xeyir eləsin.
Uşaq dediyim yekə kişiydi. Qarlı dağları aşdıqca biçarə ata qoyul-qoyul ovulurdu. Pudluq, qırıq daşlarla yöndəmsiz tikilmiş evlərin yanından keçdikcə azeylənirdi:
– Ay Şahin, ay bala, bəlkə də bizim evin daşıdı, daşıyıb burda tikiblər.
Sonra yönü Qarabağa çönüb ağlayırdı…
Təbrizə girəndə qar bir az da gücləndi. Sürücümüz evinə zəng eləyib qızıyla danışdı:
– Anana denən qar bərk yağır, o tərəfdən gələn yoxdu, evə gəlim?
Qız anasıyla məsləhətləşib kişiyə cavab verdi:
– Anam deyir gəlməsin, yenə qayıtsın Cəlilabada.
Kişi telefonu qapatdı. Cahid qardaş təəccübləndi:
– İndi sən bizi tovlayırsan, arvad qoymasa evə gedə bilməzsən?
– Yox, baba, gəl deməsə, gedə bilmərəm.
– Niyə?
– Üzü dönüb məni boşasa, neylərəm?
– Necə yəni, arvad səni boşaya bilər?
– Bəli, baba, əvimi də yıxar.
Cahidin gözləri kəlləsinə çıxdı. Mən bunların qayda-qanunlarını bir az bilirdim deyə başladım ellimi toxtatmağa:
– Bunların bir yaxşı qanunları var. Evlənəndə mehriyyə adlı sənədə qol çəkirlər. Mehriyyə də böyük məbləğdə puldan, qızıldan ibarət olur. Boşananda kişi evdən tək canıyla çıxar, boyun olduğu pulu, qızılı arvada ödəməyincə yenidən evlənə bilməz, yoxsa o kişini dara çəkərlər.
***
Otelin qabağında məni Nərgiz əmməsiylə (atasının bacısıyla) gözləyirdi. Gecəni onlar da mənimlə oteldə qaldılar. Bir həftəlik həkimliyim vardı. Qar, soyuq göz açmağa macal vermirdi.
Gətirdiklərimin bir xeylisini üçümüz iki günə yeyib qurtardıq. Xəstəxanaya birlikdə gedirdik. Avtobusa qadınlar qabaqdan, kişilər arxadan minirdi. Hərdən çaşıb özümü kişilər minən yerdən avtobusa dürtürdüm.
Üçüncü gün məni dilə tutub Nərgizin evinə apardılar. Nənəm demiş, bu teylənmişin üç oğlunun biri evlənib ayrılmışdı, biri nişanlanıb qaynanasıgilə yığışmışdı, biri də zindanda yatırdı. Əri çoxdan ölmüşdü.
Burda qaz, su, işıq həqiqətən su qiymətinəydi. Otaqlar çox istiydi. Bir az dincələndən sonra Nərgiz məni sobanın yanında qoyub özünü aşxanaya (mətbəxə) verdi.
– Baba, indi sənə gör nələr bişirəcəyəm.
Bu qədər get-gəldən sonra ikinci dəfəydi onun evini görürdüm. İkimərtəbə tikilinin ancaq birinci mərtəbəsindən istifadə eləyirdilər. Otaqların hamısı, dəhliz ta qapının ağzına kimi xalçayla döşəliydi. Evdə nə mebel, nə də stol-stul vardı. Təbrizdə getdiyim evlərin hamısını belə gördüm: divarların dibiylə döşəkçələr düzülür, arxasından da xalçalar asılır. Hamı yerdən oturub bardaş qurur.
Axşama qonum-qonşu, Nərgizin qudaları mənim gəldiyimi eşidib başımıza yığıldılar. Təbrizlilər biz tərəfin şirniyyatlarını, şokoladlarını çox bəyənirlər. Nə illah elədimsə əndamı açılmış gətirdiklərimdən bircə xısma ortalığa çıxarmadı. Əvəzində bişirdiyi aşı, şorbanı bəh-bəhlə süfrəyə düzdü. Aş dedikləri də pörtdənmiş düyü, soğanda qovrulmuş kök. Mən orda ancaq onların şorbalarını içə bildim – bildiyimiz perlovadan zirincli şorba. Nərgiz mənim gətirdiyim bir zənbil yeməyi, şirniyyatı necə gizləmişdisə, zənbilimi yalnız evə döndüyüm gün həyətdəki qar topasının altından tapa bildim.
Açıq-saçıq, ənlik-kirşanlı, dəbli xanımları görəndə İranda olduğumu unudurdum. Hamısı dolu əndamlı, qabarıq sinəli, buruq saçlıydı. Qapalı yerdə onların bir başqa dünyası vardı. O gün gecəyarıyacan arvadlar yeyib içdilər, bir-birinin qaşlarını, dodaqlarını müzakirə elədilər. Sap salıb üzlərinin tükünü təmizlədilər, deyib güldülər.
– Ay Nərgiz, sənin bu qonağın heç xoşuma gəlmədi, – biri dedi, – nolardı içməyə bir şey gətirsəydi. İçərdim onu, gedib ərimi öldürərdim.
İçəridəkilərin Məhbub çağırdıqları, büllur kimi səs çıxaran bu əcuzanın dedikləri mənə maraqlı gəldi:
– Ərini niyə öldürmək istəyirsən?
– Baba, mənimlə qəşəng kinolara baxmır, eləcə yatır, duranda da bitini axtarır.
– Özün tək bax, neylirsən onu.
– Tək baxanda da xarab oluram axı. Bax bu malı (əlini dik döşlərinin üstündən göbəyinə qədər sürüşdürdü) bir azdan qarışqalara peşkəş eləyəcəyəm. Baba, olmaz ki, elə burda bunu mənim ərim yesin? – Deyib bərkdən qaqqıldadı. -Bəxtim olsaydı, oynaş qoynuma girərdi, qonşu da üstümü örtərdi.
Mənim tanıdığım Təbrizdə qadının görəcəyi elə bir ev işi olmur. Bir az tənbəli heç yemək də bişirmir. İşdən gələn kişi qollarını çırmalayıb girir mətbəxə.
Oğlan nişanlanan kimi köçür qızgilə. Nişanlı qız oğlan evində nişanlısıyla bir otaqda yata bilir. Toya qədər demək olar ki, birgə yaşayırlar. Əgər qız hamilədisə, toyu tezləşdirirlər. Kişi işə gedəndən sonra qadın qonşu arvadlara qoşulub dükan-bazarı gəzməyə çıxır. Çox vaxt heç nə almır, eləcə gəzib dolaşıb günorta yeməyinə evə qayıdır. Bir sözlə, oralarda qadının kəsdiyi başa sorğu-sual yoxdu.
Kişinin ağlının ucundan keçməz ki, boşadığı arvadı tapıb öldürsün. Belə qətllər Təbrizdə barmaqla sayılacaq qədər azdı. Oralı qadınları bezdirən tək şey qara çadradı.
Nəşə, tiryək xüsusi bazarlarda satılır, istədiyin vaxt ala bilərsən. Bunu da soruşdum onlardan:
– Niyə sizdə ən təhlükəli şey açıqda satılır, şərabsa qadağan olunub?
Nərgizin əmməsi Rəfiqə xanım qəribə cavab verdi:
– Baba, nəşəni çəkən kimi səni yuxu tutur, amma ərağı içəndə şirə dönürsən. Ona görə də bizim mollalara nəşə sərf eləyir. İçki bizdə tiryək kimi sərbəst satılsa, xalq ayağa qalxıb rejimi bir anda devirər. Ona görə də xalqı yuxuya verirlər.
Mən onlara öz güzəranımızdan danışırdım, çoxu inanmırdı. Deyirdim kişiylə bərabər işləyirik, körpə uşağımız varsa, onu qaçaraq bağçaya, ya dayəyə verib özümüzü işə çatdırırıq. Axşam uşağı götürüb dükan-bazara qaçırıq. Evə gəlib yemək hazırlayırıq, süfrə açırıq. Sonra təmizlik, ütü… Hələ evdə qaynana-qaynata varsa, qayğımız ikiqat ağır olur.
Bizim bir günə gördüyümüz işi onlar bir aya görmürlər. Təbrizdə neçə evdə qaldımsa heç birində mələfə, yorğan üzü, yastıq üzü görmədim. Qapıya yaxın dolab kimi yer olur, evin mitili ora atılır. Qonaq gələndə yorğan-döşək üzlənmir, kimsə girib o kahadan içi əsgiylə dolu yastıq, döşək, yorğan gətirib yerə salır, sabah həmin mitili başqasının altına sərirlər. Ona görə də iydən-qoxudan mitilə yaxın durmaq olmur. Su cağıldayıb gedir, nazlı-qəmzəli xanımlar o suyun altına girib dabanlarının kirini yumurlar.
O qarlı qışda Təbrizdə keçirdiyim o bir həftəni Allah ömrümə yazmasın.
***
Getdiyim klinikada hamı qəribə bir xəstəlikdən, öldürücü qripdən danışırdı. Bununla belə bizim insanlar o taydan sel kimi axıb gəlirdilər, təbiətən tənbəl olan bir mahala yem yeri olurdular.
Nərgiz ehtiyat qoftamı, əl dəsmalımı, qalın çəkmələrimi məndən qoparıb özününkü eləyəndə qorxmağa başladım. Elə həmən gündən onlara hesab verməyi tərgitdim, yolpulumu, aparacağım dərmanların haqqını çantamda gizləyib qorğanmağa başladım. İki dəfə pul verib Nərgizi qırmızı ət dalınca göndərdim, hər dəfəsində başqa şeylər alıb mənə kələk gəldi.
Sonuncu axşam yığışıb otelə getdim ki, səhər tezdən orda qalan yerlilərimə qoşulub Bakıya qayıdım. Nərgiz yenə quyruğuma düşüb gəldi. Mən iylənmiş mitildə daş kimi yatdım, osa parik başlı, loppaz bığlı kişiylə dəhlizdə mırt vurdu.
Dərdini götürüb Loğman dalınca gələn zavallılara yerli adamların verdiyi zülümlər Təbrizi gözümdə kiçildib düymə boyda eləmişdi. “Dayı tikən körpünü sel aparmaz” misalıydı gözümdə Təbriz. Bir zamanlar paytaxtımız olmuşdu, başı çox qovğalar çəkmişdi. Şah İsmayıl bu şəhərdə taxta çıxmışdı. İndi müqəddəs şəhərin manşırlı yerlərində tiryək, anaşa satılırdı. Rejim xalqı ac-yalavac qoyub ələbaxım öyrətmişdi. Halbuki biz Təbrizə xəstəyə dərman misalı yay qarıtək baxırdıq…
Xalqın Fərəh Pəhləviyə ithafən hələ də “Şahnaz” adlandırdığı xiyabanla yeridikcə rus şairi Yesenin yadıma düşürdü. Lotular onu Bakıda gəmiyə mindirib İrana aparmaq adıyla Mərdəkan tərəfdə düşürmüşdülər. Yanılmıramsa iki il Bakını Hafizin vətəni bilib qalmışdı, İran gözəllərini vəsf eləyən şeirlər yazmışdı.
Sevimli Şahanə, gözəl Şahanə!
Ona görəmi ki, şimaldanam mən,
Elə bil böyükdür orda ay bir az.
Nə qədər füsunkar olsa da Şiraz,
O, yaxşı deyildir Ryazan çölündən…
Hələ Qriboyedov… Aşura günü Təbrizə çatan konsul gördüklərindən dəhşətə gəlmişdi; deməyəsən xalq meydanlarda qətl sındırırmış. Bədbəxt şair çara məktub yollayır ki, burda hansısa müharibə başlayıb, camaat bir-birini qırır. Həmin Qriboyedov İrandakı ermənilərlə əlbir olub yerli xalqı çox incidir. Çox keçmədən cəzasını alır, əxlaqsızlığının qurbanı olur, öz otağında qanına bələnir.
Təbriz erməniləri şəhərin ən yaxşı yerində kompakt şəkildə yaşayırlar. Nərgiz erməni məhəlləsini mənə uzaqdan göstərib dedi ki, onlar müsəlman əhaliyə çox qaynayıb qarışmazlar, qonşuluq münasibəti saxlamazlar, xeyir-şərləri də qapalı keçirilər.
Kəsəsi, Təbriz daima bizim yaralı yerimiz, bitməz hicranımız, əlçatmaz sevdamız olub. Fəqət zaman, mühit ora adamını çox dəyişib. Orda nə qədər aldadılsaq da, Təbriz sevgimiz ləkə götürmür.
Bir ara Nərgizin əmməsinin qonağı oldum. Arvadın bir cüt oğlu qohumlarının başıma gətirdiklərini mənə unutdurdu. Böyük qardaş Vahidin otağının divarından Elçibəyin iri şəkli asılmışdı. Oğlan şəkli sığallayıb necə ağladısa mən də ona qoşuldum. Ardınca sazını sinəsinə basıb oxudu:
Çağırıram uzaqlardan,
Haray, dağlar, haray, dağlar.
Ürəyimdə sənə sözüm
Var, ay dağlar, var, ay dağlar…
Mizrabı son pərdəyə vuranda hönkürüb məni qucaqladı:
– Sizin orda gördüyünüz, amma bizim həsrət qaldığımız gözlərə qurban.
Vahidin bu sözü Təbrizi yenidən mənə qaytardı…
Nənəm cəhrəsinin dalında, hanasının başında eyzən belə oxuyardı:
Töyrüzdən gələn atlar,
Nalları qızıl atlar.
Yardan namə gəlməsə,
Bağrımın başı çatlar.
Ah bu Töyrüz yolları…
Xəyal atımdan yıxıldıqca düşürdüm yastı evlərinin dodaqlarından lülə-lülə buz sallanan sirli-soraqlı şəhərə. Vədəni tamam eləyib bələni aşmalıydım.
***
Qardan, sırsıradan, üfunətdən qaçırdım. Təbrizin bazarından yayılan qoxu saçlarıma hopmuşdu. Sərhəddə dişinəcən yüklü cəfakeş qadınlarımızı görəndə həm sevindim, həm də onlara yazığım gəldi. Canı ağrıyanı, döşü kəsilmişi, qadınlığı çıxarılmışı, o taya keçib evinə ucuz ərzaq daşıyanı, balaca dükanına mal aparıb bir tikə ruzi qazananı – hərəsi bir cürə yazığıydı. İran tərəfin lopa bığlı, iri gövdəli polisi dərmanı, çayı, düyünü, yağı buraxırdı, çox şeylərə göz yumurdu, ancaq bizim sərhəd işçilərimizin o ərzaqları nimdaş geyimli qadınların əlindən alıb dağıtması adamı yandırıb tökürdü.
Sərhədə gecə çatmışdım. Növbədə çox gözlədim. Keçidi keçənə qədər soyuqdan ziyitdim. Mən gələndən bir həftə sonra “koronavirus” deyilən ölət aləmə car olundu. Düz bir ay ağır xəstə yatdım. Bəlkə də virusu Azərbaycana mən gətirmişdim, nə bilmək olardı. Elə o gün-bu gündü sağalıb tay-tuşa qoşula bilmirəm…
Avqust 2023-cü il