Maral üçün nekroloq
- 02 Oktyabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Cəhənnəmdən keçmiş mələk” romanına əlavələr silsiləsindən
Bircə
Şəhər yuxuluykən yola çıxdıq. Yolumuz çox uzağıdı. Qorxulu virusun qulaqları bizim şəhərdə də çıxmışdı. İki gündən sonra ciddi karantin başlanacaqdı…
Mən, Cavid, bir də Rüfətin qızı Aytac. Uşaqlarım üçün yaxşı yol hazırlığı görmüşəm. Bir termos çay, bir termos kofe, şəkərbura, qovurğa, arası soyuq kotletli dürməklər. Yol boş, gedən-gələn az. Cavid hərdən deyinir:
– Ana, yuxum gəlir, nəsə oxu, şeir de.
– Nə paxıllıqdı, yuxun gəlir, ver mən sürüm maşını, sən bir az mürgülə.
– Boyy, məni biyabır eləmə, sən alçaqdan oxu, mən yatmayacam.
Kəsmə şikəstə üstündə bir bayatı çağırıram:
Əzizinəm dan üzü,
Ötər quşlar dan üzü.
Mənim ölüm xəbərim
Çatsın sənə dan üzü...
– Eee ana, oynaq bir şey oxu, bunu saxla orda oxuyarsan.
– Oynaq nəyə deyirsən?
Aytac tez dillənir:
– Mama, “Can-cana” istəyir.
– Mən qələt eləyərəm elə mahnı oxuyan yerdə.
Özüm qəsdən uşaqların ikisinin də xatirələrini cırmaqlayan, hər ikisini kövrəldən mahnı oxumağa başlayıram:
Allah səni göydən yerə endirib,
Gözəllər gözəli, ay Şərəbanı…
İkisinin də gözləri dolur, Cavid dayana bilmir:
– Anaaa, bunu oxuma! Sən bunu oxuyanda hamı sağıdı, hamı bir yerdəydi. Aytac mənə qısılır:
– Mama, sən bunu oxuyanda kəndimiz, sənin gözəl çağların, o vaxtkı geyimlərin yadıma düşür. Məni ayaqlarının üstünə uzadıb bu mahnını oxuyurdun, mən də özümü göydən düşmüş bilib yatırdım.
Demək, qoxunun, dadın yaddaşı olduğu kimi musiqinin də çox etibarlı yaddaşı varmış…
***
Qatı dumana düşürük. Cavid bir əli sükanda, bir əli telində Maraldan danışıb kövrəlir:
– Ana, heç sən də onun kimi ola bilməzdin. Sən işdən gələnəcən məni şəlləyirdi kürəyinə, nə işi var eləcə görürdü. Öz balaları qalırdı yerdə, cibinə yığdıqlarını boynunun ardından qucağıma atırdı. Yeyib doyan kimi başlayırdım Maralın (uşaqlarının diliylə Cavid də həmişə onu adıyla çağırırdı) saçlarını yolmağa, başını qapazlamağa:
– Aç məni yerə qoy, – deyirdim, – öz uşaqlarını şəllə dalına.
Hər dəfə də mənə belə deyirdi:
– Ay Totu, qadan alım, sən kəllədə bir gözsən, sənə bir şey olsa tifağımız dağılar… Ana, mən bu “kəllədə bir göz” məsəlini gec anladım, əsgərlikdə olanda. Amma o vaxt elə bilirdim Maral mənə Təpəgöz deyir…
***
Cavidin xatirələri yolumuzu yaxın elədi. Rüfət bizi rayon mərkəzində qarşıladı. Aytacı, ata-baba evimizə gətirdiyimiz sovqatları onun maşınına yığdıq. Həmən yerdə həmişə Səməndər qarşılayardı məni.
Rüfət maşınından bir dəstə bənövşə gətirib mənə uzatdı:
– Baban qurban (hərdən belə də deyir), bunu sənə bizim damazlıq (qardaşımın neçə uşağı doğulub tələf olmuşdu, sonar bir qızı var, onu deyirdi) yığıb. Ala, iyləyə-iyləyə get Çənlibelə (ərə getdiyim kəndi həmişə belə adlandırır).
Rüfət qabaqda, biz arxada yola düzəldik…
Emin öldüyü gün getdiyim bu yol, o gün keçirdiyim hisslər birər-birər yadıma düşdü. Ayaqlarım titrəməyə başladı. Arada başımı irəli uzadıb Cavidin üzünə baxırdım:
– Həyəcanlı deyilsən ki?
– Bir az var, ana.
– Möhkəm ol.
Bizim döngəyə çatanda Rüfət başını maşından çıxarıb Cavidə dedi:
– Körpə kimi çıxdığın evə kişi kimi qayıdırsan, ürəkli ol, cibinin ağzını aç, ürəyin istəyənlərə pul ver, adına layiq yaslama yazdır.
Cavid qardaşımı arxayın saldı:
– Baş üstə, dayı… Ana, burdan belə yolu sən göstərəcəksən.
***
Bələdçiliyimi elədim, eynən Emin ölən gün olduğu kimiydi – qapısı, darvazası açıq həyətdə qara geyimli adamlar qaynaşırdı. Yenə məni əsməcə tutdu. Həyət-bacanı görəndə Cavidin ilk sözü bu oldu:
– Ana, qovağın yoxdu.
Oğlum maşını sıralama dayanmış maşınların arxasında saxladı. Mən düşdüm, Cavid ləngidi. Ona zənlə baxdığımı görəndə tezcə dilləndi:
– Ana, ayaqlarım titrəyir, bir az dayan.
Oğlumun oturduğu tərəfə keçib ona “Korvalol” iylətdim, bir-iki qurtum isti kofe içirtdim:
– Uşaq deyilsən, özünü ələ al, – dedim, – qıraqdan bizə göz qoyurlar.
Toxtayıb maşından düşdü. Qucağımda yatılı apardığım bir əlcə uşaq indi ucaboy, gövdəli, göyçək bir oğlan olmuşdu. Ona şirin-şirin baxıb qulağına xısıldadım:
– Eynəyin olmasa, baban demiş, qənfet kimi oğlansan.
– Özündən bəri bax, – dedi.
***
Oğlumun qoluna girib iri yas çadırının qabağında sıraya düzülmüş adamlara sarı yeridim. Mağar Maralgilin gen həyətində qurulmuşdu. Arvad məclisini bir zaman mənim də yaşadığım evə salmışdılar. Çadırın qabağında kimsə qolundan tutub Cavidi məndən ayırdı. Sağa-sola baxına-baxına iyirmi altı il qabaq biryolluq çıxdığım, divarlarına oğlumun körpə nəfəsi hopmuş evə doğru addımladım. Sağdakı arx yerindəydi, suyu da sərin-sərin axmağındaydı. Qovağın enli kötüyünün dodaqları torpağa dirənmişdi. Məhlə xarabalığa oxşayırdı. Mənim cənnətimdən – limonxanamdan əsər-əlamət qalmamışdı. Elə bil bu həyətdə heç vaxt iri gövdəli qoz ağacları olmamışdı. Abad bağ-bağçanın yerində bir-iki keçəl-küçəl ağac gözə dəyirdi. Mahmud əminin sitrusluğunda bir cüt dəfnə ağacı boy-boya vermişdi.
Pilləkənin ayağında qarşıma çıxan Nərgizi görən kimi tanıdım, üzümə diqqətlə baxsa da, eltim məni tanımadı. Pilləkənin başında Sahib əminin böyük qızıyla burun-buruna gəldik, qollarını boynuma dolayıb hönkürdü:
– Gör fələk bizə neylədi, – deyib fəryad qopardı.
Sahib əmidən sonra iki cavan müəllim oğlu dünyadan köçüb bacılarını çirkinlibas eləmişdi. Atam iki qardaşın ikisinin də kirvəsi olmuşdu. Bir vaxt qəmzəsindən qan daman gəlin indi iki qatlanmış qarı kimiydi.
Evdəki arvadlar boyunlarını uzadıb bizə baxırdılar, Sahibin qızının kimi qucaqladığını, kimin üstünə ağladığını bilmək istəyirdilər.
Baldızım Bəsti üzümə uzun-uzadı baxıb əmisi qızına dedi:
– Ay Sevda, qonağını apar içəri, pilləkənin başında durma.
Sevda məni yenə qucaqlayıb qulağıma pıçıldadı:
– Yazıq əmim, yurdu boş qalmış əmim. Səni tanımadı ey bu girvənkəbaş.
– Heç istəmirəm tanısınlar, – dedim, – mən bura Maralın xətrinə gəlmişəm.
***
İçəri keçdik, onda mənə aydın oldu ki, evi söküb yerində yenisini tikiblər. Maralın şəkli zalın baş ucunda Eminin şəkliylə yanaşı durub gələnləri qarşılayırdı. İrəli yeriyib şəkli qucaqladım, eltimin xatirəsini bağrıma basıb bircə bunu deyə bildim:
– Canım sənə qurban!
Kimsə irəli şığıyıb şəkli əlimdən aldı, aparıb yerinə qoyub dedi:
– Hamımız dövlətin tapşırığına əməl eləməliyik. Virus hər yeri bürüyüb, ağlaşmaq olmaz, gələnlər çaylarını içib getsinlər.
Qadını tanıdım – Maralın “qara pıspısa” ayaması qoyduğu qardaşı arvadıydı…
Gələnlərin çoxu dağılışandan sonra Maralın şəkliylə üz-üzə qaldım. İri köşək gözləri, ağ bənizi, al yanaqları mənə töhmət yağdırırdı: “Niyə satdın məni bu xoryatlara, niyə bir dəfə qapımı açmadın, ziyarətimə gəlmədin?” O məni baxışlarıyla yamanladıqca mən suçlu-suçlu susub ağlayırdım. Sevda da ara vermədən qulağıma pıçıldamağındaydı:
– Görürsən, səni tanımadılar.
Gözüm lal Kərimin gəlininə – Cavidin süd anasına zillənmişdi. Baxışlarımız bizi ələ vermişdi. Gəlin oturduğu yerdən iməkləyə-iməkləyə qənşərimə gəldi, baxdı, baxdı, birdən qışqırdı:
– Ay Allah, mən kimi görürəm!
Bir az da onunla qucaqlaşıb ağlaşdıq. Evdə qara geyimli qadınlar gəzişib danışırdılar, ancaq mən heç nə eşitmirdim…
***
Mahmud əmi qovaqdan yelləncək asmışdı. Evdə heç kim olmayanda körpə dostlarıma qoşulub yellənirdim, uçurdum, onlarla gizlənqaç, dava-dava oynayırdım, evciyimə şüşə, güzgü qırıqları daşıyırdım, arada da yüyrükdəki çağamı yüyrüyürdüm…
Bu dəm başına bıçaq çəkilən cöngənin böyürtüsünə bənzər bir səs yelləncəyimin ipini qırıb məni tappıltıyla yerə çırpdı.
– Bibiii, deyirlər sən burdasan!
İlahi, bu ki mənim qaragöz Bəhruzumdu! Bir dəstə qadına baxıb devikirdi, məni tanımağa çalışırdı. Yerdən bir balaca dikələn kimi oldum. Tosqun, üzü tüklü pəhləvan Bəhruz çiyinlərimdən tutub məni yerimə oturtdu, balacalığında olduğu kimi dizlərimin üstünə yıxılıb ağlamağa başladı:
– Maral getdi, bibi, Maral bizi yetim qoydu. Ölənəcən Maralın gözü sizi gəzdi, sizi axtardı. Totunun indiki halını elə görmək istəyirdi…
– Görüntülü danışırdıq, qadan alım, Cavidi görürdü anan, – ona toxtaqlıq verməyə çalışdım. – Hərdən deyirdi dur ayağa ayaq üstə görüm səni, birdən də deyirdi indi saçını qarışdır, eləcə baxım sənə.
– Ay bibi, hər il payınızı torbalara yığıb ağzını tikirdi, siz gəlmədikcə içini bizə verirdi, o biri il torbanı yenidən doldururdu.
Baldızımla eltim ağızlarını ayırıb bizə mat-mat tamaşa eləyirdilər. Bəsti bir az dinşəyəndən sonra Nərgizə dedi:
– Booyy, ay qız, bu Bircəymiş ey, bayaqdan tanımamışam!
İkisi də yaxın gəlib məni öpdü. Mən böyüyüb yekə kişi olmuş körpəmin başını sinəmə sıxıb ağlayırdım, onu ovutmağa çalışırdım. Sahib əminin qızı qəfil bir nalə çəkdi:
Eləmi sənəm səsinə,
Səs ver sənəm səsinə.
Yaman həvəsim gəlir,
Öz kimsənəm səsinə…
– Səni burdan didərgin salan fələyin gözü oxlansın! Öldü azman kişilər, Sahib əmin, Misir əmin çoxdan haqqın dərgahına qovuşub. Ona görə səni burda tanıyan olmadı.
Qara pıspısa yenə aranı qatıb yası urvatsız elədi:
– Ağlaşmaq olmaz, hamı durub dağılışsın.
Cəld yerimdən qalxdım. Bəhruz dayısı arvadına çəmkirdi:
– Bəsdi də, bəsdi!..
***
Bir zaman həm də kirvəliyini elədiyim Bəhruzun qoluna girib pilləkəni endim. Aşağıda məni keçmiş qonşularım – o vaxtın təzə-tər gəlinləri, indinin qartımış arvadları gözləyirdilər. Onlarla da ayaqüstü görüşdüm. Cavidin süd anası dedi:
– Ay Bircə, nolar sən dillənmə, görək Cavid məni tanıyacaqmı.
Başımda bir dəstə arvad yas çadırına doğru ayaqlandım. Cavidi uzaqdan görcək baldızım çığırıb şivən qopardı:
– Belin qırılsın, ay Emin, Cavid evimizə gəlib!
Bəhruz Bəstinin ağzını qapadı:
– Hələ bir diliniz də var?!
Cavid quruyub qalmışdı, heysiz əlləri yanına düşmüşdü, onu qucaqlayanlara qol aça bilmirdi. Nərgiz irəli dürtülüb soruşdu:
– Totu, tanıdın məni?
Oğlum üzümə baxıb qırmızı-qırmızı:
– Yox, tanımadım, – dedi.
Bu səfər mən dilləndim:
– Sənin süd anan bu xanımların arasındadı, görüm tanıya biləcəksənmi?
Cavid arvadlara ötəri nəzər salıb lal Kərimin gəlininin biləyindən tutdu:
– Mənim süd anam budu.
Qadın oğluma sarılanda baldızım yenə dilləndi:
– Yekə kişi olmusan, get atanı, babanı, nənəni, əmilərini ziyarət elə.
Cavid özünü eşitməzliyə vurdu. Gözüm aralıdan Elgizi aldı – qızlarının üçü də atalarının yanında boy-boya verib bizə baxa-baxa ağlaşırdılar. Cavidi yanaladım:
– Bax, onlar sənin əmin qızlarıdı, irəli dur onlarla görüş, qucaqla üzlərindən öp.
– Ana, dayım tapşırıb tez qayıdaq, – deyib oğlum maşına sarı getmək istədi.
Əl atıb onun biləyindən yapışdım:
– Qadan alım, insafın olsun, get əminlə, əmin balalarıyla görüş. Get atanın, Maralın qəbrini ziyarət elə.
Cavid üzümə dik baxıb sakitcə dedi:
– Getmirəm.
Baldızım illər öncəki sifətini yenə üzünə geyindi:
– Yaxşı dərs veriblər sənə, heç getmə, – dedi, – heç gedən gününüz olmasın.
Sahib əminin qızı Bəstiyə çəmkirəndə burnumdan qan açıldı. Eminin sağlığında olduğu kimi bir anda qanıma bələndim. Məni daldaya çəkib üzümə, başıma buz döşədilər. Halımın fənalaşdığını görən Cavid qaçıb əmisi qızlarını bağrına basdı, qızlar da oğluma bərk-bərk sarılıb bir müddət onu buraxmadılar. Bəhruz dəsmalla gah burnumun qanını silir, gah saçlarımı geri yığır, gah da məni güldürməyə çalışırdı:
– O qızlarla (Elgizin qızlarını deyirdi) heç vaxt evcik oynamadıq, onları yaxınımıza buraxmadıq. Maralı qoymadıq o qızları sevələsin.
– Çox nahaq, – dedim, – gör nə qəşəng qızlardı.
Baldızım arada arvadları yarıb mənə sarı boylanırdı. Qanımın səngidiyini görəndə yenə çənəsinə cəh verirdi. Yenə əvvəlki kimi ağzıma qan dadı, burnuma qan iyi dolmuşdu. Elə bildim burda bir az da ləngisəm, indi yuxutək xatırladığım o günlər, o adamlar yenidən canlanacaq, hansısa qüvvə məni ömürlük buralara mismarlayacaq.
Cəld qalxıb Cavidin qoluna girdim:
– Hamıyla görüş, gedək.
***
Artıq bığlı-saqqallı kişilərə dönmüş körpələrim boyaboy düzüldülər. Hamısını dönə-dönə öpüb qucaqladım. Baldızım hələ də donquldanırdı. Maşındakı şirniyyatı Maralın nəvələrinə, lal Kərimin gəlininə, qonşu arvadlara, Sahib əminin qızlarına payladım. Cavidin pul kisəsinin ağzını açıb qızların hərəsinə bir əllilik verdim. Oğlumun məxsusi aldığı şərfi süd anasına bağışladım.
Biz maşına oturanda Nərgiz əlində ağır zənbil yanını basa-basa özünü yetirdi:
– Ay Bircə, kənd payıdı, bayram payıdı.
Eltimin gözlərinin içinə baxıb:
– Çox sağ ol, – dedim, – payın artıq olsun, mən də o payı sizin özünüzə qaytarıram.
Bəsti hələ də deyinirdi. Bəhruz Maralın sağlığında Cavidə oxşadıb yanından ayırmadığı toppuş nəvəsini qucağına almışdı. İllər öncə oğlum yuxudaykən gecəylə çıxdığım evi indi yanımda bir igid oğlan tərk eləyirdim. O uzaq gecə camaat qapıya çıxıb qaranlıqda bizə səssizcə əl eləyirdi. İndi həmin el günün günorta çağı bizi yas qapısından hayla-küylə yola salırdı.
Böyümüş körpələrimin, bir də Maralın azman şəklinin baxışlarını kürəyimdən güclə qoparıb gedirdim. İçim tamam boşalmışdı.
Maşını yerindən tərpədəndə Cavid dedi:
– Ana, geri baxma.
Sonra üzünü qəbiristanlıq səmtə tutub hönkürdü:
– Maral, məni bağışla.
Hər yanı duman almışdı, çiskin ara vermədən çisələyirdi…
Bakı, 6 aprel 2020