Ölməz Tanrının oğlu
- 19 Avqust 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Boris Pasternakın “Doktor Jivaqo” romanı haqqında
Fəxri Uğurlu
Romanın ideyasını Pasternaka Axmatova vermişdi, ona Hötenin “Faust”u tipində bir əsər yazmağı təklif eləmişdi. Hərçənd muzanın “sifarişi” yerinə yetiriləndən sonra Anna Andreyevna romanı bəyənməmişdi.
Müəllif üzərində işləməyə başladığı ilk aylarda romana “Ölüm olmayacaq”, “Şam yanırdı”, “İnnokenti Dudorov”, “Oğlanlar və qızlar” kimi adlar qoymaq istəsə də, sonda “Doktor Jivaqo”nun üstündə durmuşdu.
Kitabda hadisələr 1903-cü illə 1929-cu il arasında baş verir. İkinci Dünya müharibəsi başa çatar-çatmaz əsər üzərində işə başlayan yazıçı doktor Jivaqonun qəziyyəsini on ilə başa gətirir. 1955-ci ildə romanın əlyazmasını “Novıy mir”, “Znamya” kimi ittifaq miqyaslı jurnallara təqdim eləyən Pasternak hər yerdən mənfi cavab alır, ona antisovet mahiyyətinə görə romanın dərc olunmayacağını bildirirlər.
Çarəsiz qalan müəllif yaradıcı həyatının başlıca mənası, yekun sözü saydığı (deyirdi ki, bütün əvvəlki yaradıcılığı bu romana hazırlıq olub) əsəri bir əcnəbi jurnalistin vasitəsilə ölkədən xaricə ötürür. Romanın tərcüməsini rəhbərlik elədiyi nəşriyyatın ədəbi agenti olan həmin jurnalistin zəmanətiylə cəmi bir neçə aydan sonra çapa imzalayan italyan naşir Filtrinelli (özü də sovetlərə rəğbət bəsləyən kommunist idi) “Doktor Jivaqo”nun qısa zamanda bütün Avropaya ayaq açmasına körpü salır. Müəllif onun romanı dərc eləmək qərarına gəldiyini biləndə naşirə belə yazır: “Siz mənə öz edam mərasimim üçün dəvətnamə göndərdiniz”.
***
Boris Pasternakın adı şair kimi Nobel mükafatına namizədlər siyahısına hələ bundan on il qabaq düşmüşdü, ondan bəri şairin imzası həmin siyahılarda ildən-ilə adlayırdı. Romandan sonra Nobel komitəsinin üzvləri tərəddüdü bir kənara qoydular, 1958-ci ildə Pasternak dünyanın ən ali ədəbi mükafatına layiq görüldü.
Ancaq belə böyük bir yaradıcılıq zəfərinə sevinməyə ona vaxt-imkan qıymadılar, sovet hökuməti məkrli ideoloji düşmənlərin verdiyi mükafatı geri qaytarmağı SSRİ Yazıçılar İttifaqının rəhbərliyi vasitəsilə onun qarşısına qəti tələb kimi qoydu. Pasternaka imtina ərizəsi yazdırdılar, ancaq Nobel komitəsinin üzvləri bunun məcburi gediş olduğunu bildiklərinə görə qərarı dəyişmədilər. Ardınca böyük sənətkarın edam prosesinə start verildi – onu ittifaq üzvlüyündən çıxardılar, vətənpərvər sovet zəhmətkeşlərinin “mən Pasternakı oxumamışam, ancaq ona dərin nifrət bəsləyirəm” tipli çıxışları amansız mühakimə prosesinin şüarına çevrildi. Kreml ideoloqları əsəri ölkədən xaricə ötürməyini müəllifə bağışlamadılar, onu yediyi yeri batıran donuza bənzətməkdən belə utanıb çəkinmədilər. Motivləri əsasında hələ altmışıncı illərdə dünya şöhrətli film çəkilmiş (sonra başqaları da çəkiləcək) dünya şöhrətli roman SSRİ-də yalnız 1988-ci ildə işığa çıxarıldı.
Amma onda Stalin erası bitmişdi artıq, tarix kitablarında o illər yumşalma dövrü adlanır. Bəlkə də ellər atası sağ olsaydı, “Doktor Jivaqo”nun bəxti açılardı, necə ki, bu kitabdan heç də az “antisovet” olmayan “Sakit Don”un çapına rüsxət vermişdi. Şoloxov qədər olmasa da, rəhbərin Pasternaka münasibəti pis deyildi, arada ona zəng vurur, şairlə məsləhətləşirdi. Şübhəsiz, ədəbi fəhmi güclü Stalin Pasternakın dahi olduğunu bilirdi, ona görə də onunla adına bağlı epoxanın ən böyük ustası kimi başqalarına nisbətdə ehtiyatlı davranırdı. Rəhbərin kəshakəs dövründə Boris Leonidoviç xüsusi təqibə, təzyiqə, sıxıntıya məruz qoyulmamışdı, aclıqla imtahana çəkilməmişdi, gümüş dövrün başqa azman şairləri – Mandelştam kimi bir misraya görə gedər-gəlməzə göndərilməmişdi, Mayakovski, Yesenin kimi yaradıcılığının göz qamaşdıran çağında intihara sürüklənməmişdi. Doğrudur, özündən iyirmi iki yaş kiçik sevgilisi (romandakı Lara obrazının prototipi), könül rəfiqəsi Olqa İvinskaya (əlbəttə, şairlə yaxınlığına görə) 1949-cu ildə qondarma ittihamla beş il həbs cəzası almışdı, bununla da böyük ədibin əlli ildən çox üstündə əsdiyi məsum vicdanına çətin qatlana biləcəyi yük vurulmuşdu, ancaq bu da hələ ən pis aqibət deyildi. Daha betəri irəlidəydi.
Stalindən sonrakı dönəm Pasternak üçün ikiqat ağır keçdi, onun ən qara günləri ellər atasından sonra başlandı (ola bilsin, bu məsələdə rəhbərin ona kiçik rəğbəti də böyük rol oynayıb). Bəzi ədəbiyyatşünasların “əsrin ana kitabı” saydığı bir romanın müəllifi haqq qarşısında bu böyük xidmətinə görə xalq qarşısında çarmıxa çəkildi, vətənində olmazın təhqirlərə, söyüşlərə, şər-böhtana, ağır mənəvi terrora məruz qaldı, vətəndaşlıqdan çıxarılmaqla, ölkədən qovulmaqla hədələndi.
Əlbəttə, bu üzündən baxanda o üzü görünən büllur şair ürəyi bu qədər gülləyə sinə gərə bilməzdi. Pasternak qısa zamanda sağalmaz xəstəlik tapdı, əcəl müjdəçisi sürətlə şairin canına kök atıb, böyük sənətkarın başıbəlalı cismini onun ətinə-qanına yerikləyənlərin əlindən aldı. Edam baş tutdu.
***
“Doktor Jivaqo” təpədən-dırnağa xristianlıq motivlərinə boyanmış, İncil ilmələriylə toxunmuş bir sənət əsəri, söz xalısıdır. Müəllifin atası – dövrünün adlı-sanlı rəssamı, Rilkenin məşhur portretinin müəllifi Leonid Pasternak dini-konfessional mənsubiyyətinə görə musəvi (iudaist) olsa da, oğlu İsa Məsih təliminə tapınmışdı (yeri gəlmişkən, mühafizəkar yəhudilər dünyanın ən böyük yəhudilərindən olan Boris Pasternakı çox da sevməzlər), özünü qatı pravoslav sayırdı, hətta belə bir söz (bəlkə də şayiə) yaymışdı ki, guya uşaq vaxtı kilsədə xaç suyuna çəkilib, hərçənd bununla bağlı əldə daşdan keçən bir fakt yoxdur. Onun baş qəhrəmanının adı da İncilin əski rus dilindəki bir ayəsindən götürülüb: “Xristos – Sın Boqa Jivaqo”. Yəni Məsih – diri, ölməz, əbədi Tanrının oğludur. Doğrusu, mən gəncliyimdə “Jivaqo”nun yəhudi-ivrit mənşəli soyad olduğunu düşünürdüm.
Doktor Jivaqo həm müəllifin alter-eqosu, həm də İsa peyğəmbərin iyirminci əsrin birinci yarısında qanlı-qadalı tarix səhnəsində zühura gəlmiş növbəti təcəllasıdır. O həm şair, həm də həkimdir, eynən İsa Məsih kimi Allah bəndələrinin həm ruhuna, həm cisminə şəfa vermək qüdrəti var. Müəllif avtobioqrafik çalarlarla zəngin qəhrəmanını iki amansız savaşın, üç qanlı inqilabın odlu-alovlu meydanlarından, xaraba dəhlizlərindən adlatmaqla xristianlığın mənəvi qüdrətini bir daha sınaqdan keçirir, Jivaqonun timsalında eynən böyük sələfləri – Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi İsa peyğəmbəri öz dövrünə çağırır, onu öz vətənində dünyaya gətirir (kitaba əlavə olunmuş Jivaqonun dəftərindəki 25 şeirdən biri – “Milad ulduzu” buna ən parlaq misaldır), ona öz zamanının libasını geyindirir, onu öz qövmünün dilində danışdırır.
Pasternakın məqsədi qəhrəmanlarını konkret hərbi-siyasi hadisələrin, tarixi kataklizmlərin qoynuna atıb konkret epoxaya qiymət vermək, bəlli tarixi dönəmi dəyərləndirmək deyil (təəssüf ki, sosrealizm tənqidinin gizli sexində bunu anlamamışdılar, anlasaydılar, bəlkə romana bir az təhəmmüllə yanaşardılar), tam tərsinə, həmin hadisələrin, kataklizmlərin fonunda öz personajlarını, ələlxüsus baş qəhrəmanını təcrübədən keçirib, çarmıxına səcdə qıldığı (bir məktubunda yazırdı ki, heç vaxt “Xristos” sözünü kiçik hərflə yazmayıb) iki min illik din-iman şəhidinə yeni nəfəs vermək, öz idealının ölməz camalını bəşər oğluna yenidən göstərməkdir.
Bir daha vurğulayıram: “Doktor Jivaqo” romanını yazmaqda Pasternakın yaradıcı məqsədi bəlli insanların timsalında dövrün sosial-siyasi-mənəvi mənzərəsini yaratmaq yox (hərçənd bu kitabı belə oxuyan, belə yozan da tapılar), qadalı zamanın, bəlalı məkanın fonunda min-min ağır sınaqla üzləşən, ömrünün sükanını əldən buraxan insanların Allahla Şeytan arasında var-gəl eləyən qəlbinin mənzərəsini çəkib göstərməkdir.
***
Doktor Jivaqo obrazının avtobioqrafikliyini bir az geniş mənada anlamaq lazımdır. Pasternak özü deyirdi ki, Jivaqonu o, mənsub olduğu ədəbi nəslin, rus poeziyasının gümüş dövrünü yaratmış mahir söz ustalarının – Aleksandr Blokun, Vladimir Mayakovskinin, Sergey Yeseninin, üstəlik özünün ümumiləşmiş obrazı, şərikli siması kimi düşünüb.
Pasternakın baş qəhrəmanında Mayakovski ilə Yesenindən nəsə tapmaq çətin olsa da, Blok haqqında bunu deyə bilmərik. Bəlkə də bu obrazda Blokun daha çox payı var, nəinki müəllifin. Əvvəla, Blok da Pasternak kimi dini duyğulardan vəcdə gələn mistik şairdir (ki, o iki gözəl şair haqqında bunu demək olmaz); ikincisi, Pasternakın Bloka böyük məhəbbəti vardı, hətta deyərdim ona pərəstiş eləyirdi, romanda da (o cümlədən baş qəhrəmanın münasibətində) bu, özünü aydın büruzə verir; üçüncüsü, Jivaqo da Blok kimi çox yaşamır, onun yer səyahəti 41 ildən də az ömür sürmüş Blokdan vur-tut üç il artıq çəkir.
Məncə, əlavə arqument dalınca qaçmağa ehtiyac yoxdur, bu qədər yetər. Bir sözlə, Doktor Jivaqo başının üstündə Məsihin kölgəsi dolaşan, bir üzü Bloka, bir üzü Pasternaka bənzəyən calaq obrazdır. Bu kitab müəllifin fiziki ömrünün yox (hərçənd buradan da romana az şey sıçramayıb), mənəvi həyatının tərcümeyi-halıdır.
***
Pasternak deyirdi ki, öz romanını Dikkens, Dostoyevski ənənələrinin üstündə qurub. Bu bədii-fəlsəfi ənənəni təxminən belə xarakterizə eləmək olar: bir obyektə iki, üç, bəzən daha artıq bucaqdan baxış.
Adətən birincisi xristian yanaşması, dini-mistik baxış olur. Buna qarşılıq müəllif əsərə şeytani-bioloji impulslarla hərəkətə gələn güclü demonik fiqur da gətirir – Tanrıyla İblis, ruhla materiya, eşqlə ehtiras, sevgiylə nifrət arasındakı mübarizəni simvolizə eləmək üçün. Bununla da yazıçı insan vücudunda, qəlbində, beynində gedən mənəviyyat savaşının modelini yaradır.
Bəzən obyektin çoxbucaqlı, çoxüzlü indikatorunda İblisin üçüncü (dördüncü) sifətini də sərgiləmək üçün daha bir kamera işə salınır. Dostoyevskinin “İdiot” romanından danışanda bu məsələyə toxunmuşduq. Demişdik ki, Nastasya Filippovna romanda subyekt deyil, obyektdir – üç, belə demək olarsa, sevginin, üç tip münasibətin, üç dünyagörüşün obyekti, üç xəttin hədəfi: ruhani-intuitiv xətt (Mışkin), irrasional-instinktiv xətt (Roqojin), bir də praqmatik-realist xətt (İvolgin).
Eynən Pasternakın romanında da Lara Gişar (sonradan Larisa Antipova) üç cür münasibətin, üç növ əsarətin, üç həyat tərzinin arasında sərgərdan dolanır, üç dərdə giriftar olur. Əvvəlcə onu varlı advokat, haqq-hüquq alverçisi Komarovski tələyə salır. Anasının oynaşı on altı yaşlı Laranı da məşuqəsinə çevirir, belə görünür ki, şeytan vəkilinin madam Gişarla yaxınlığı hər şeydən çox onun yeniyetmə qızına yol tapmaq üçünmüş (eynən Nabokovun “Lolita” romanında olduğu kimi).
Heç bir haqq-ədalətə (ironiya burasındadır ki, özü də hüquq müadfiəçisidir) inanmayan, din-iman tanımayan, axirətə, əbədiyyətə bel bağlamayan Komarovski (soyadından göründüyü kimi, insan qanı içməklə dolanır) məqsədinə çatmaq üçün bütün vasitələrə əl atmağa, Dostoyevskinin Roqojini sayaq varından-pulundan keçməyə hazır sinikdir. Ancaq o, Roqojin kimi çılğın, impulsiv, ehtiraslı tip deyil, daha çox şəhvət düşkünüdür. Pulunun qədrini bilir, aldığı verdiyindən qiymətli olmasa, qəpiyindən keçməz. O, yaxşı həyat dərsi almış, ağlına maya qoymuş bir yırtıcıdır, beləsi nə qədər ağıllı-kamallı olarsa, cəmiyyət üçün bir o qədər böyük təhlükə törədər.
Jivaqo da ağıllıdır, yüksək ranqlı peşəkar həkimdir, üstəlik böyük poetik istedadı var, Pasternak səviyyəsində şeirlər yazır. Fəqət onun ağlı da, istedadı da insanlara yalnız xeyir, fayda gətirir. Demək, ağıl özlüyündə başlıca dəyər deyil, məsələnin mahiyyəti ağılın, biliyin hansı mənəvi bazaya – xeyirəmi, şərəmi söykənməsindədir.
***
Komarovski Jivaqonun antipodudur, Jivaqo əbədi varlığın, Komarovski əbədi yoxluğun sədasıdır. Jivaqo inanır ki, nə vaxtsa öz bütünə, cənnətinə qovuşacaq, ancaq Komarovskini belə bir perspektiv gözləmir, onun o dünyası yoxdur, o hər zövqü-səfaya, hər nemətə bu dünyada çatmaq istəyir, cənnətə yoxluq aləmində girmək istəyir. Qazandığı nə varsa, hamısını yalan, riya, məkr hesabına qazanır; peşmanlıq, xəcalət, vicdan ondan ötrü quru sözlər, yad məfhumlardır. Bir sözlə, Komarovski – bu qansoran ditdili xalis şeytan fəhləsidir.
Paşa Antipov da imansız, travmalı, ancaq asketik tipdir, hər cəhətdən advokatın tərsidir. Fəqət onun askezası həyatdan, maddiyyatdan asılılığını azaltmağa yox, nifrətini körükləməyə yönəlib, bir suyu bolşevik, yaxud faşist liderlərinin asketizminə bənzəyir (heyvan əti yeməyən Hitler milyonlarca insanın ətini həzmi-rabedən keçirmişdi). Əlçatmaz gözəl bir qızın sevgisi belə onun nifrəti qarşısında acizdir.
Şəxsi həyatının ən böyük diləyinə yetişəndən – Larayla evlənəndən sonra o bu xoşbəxtliyi həzm eləyə bilmir, çünki beləsi xoşbəxtlik üçün yaranmayıb, o, xoşbəxtlik bildiyi bir şeyə can atanda belə bədbəxt olmaqdan ötrü bəhanə gəzir. Paşa sevgilisiylə yeni həyata başlaya, bir məşhur mahnıda deyildiyi kimi, həyatı sıfırlaya bilmir, arvadının keçmişi onun başından basır. Antipov bir az da Dostoyevskinin nihilist qəhrəmanlarına bənzəyir.
Rusiyada on illər boyunca dövran sürən bu nihilizm epidemiyası sonda inkarçılığın, yoxluğa etiqadın, heçliyə inamın, yalana səcdənin dövlət ideologiyası səviyyəsinə qaldırıldığı bolşevik imperiyasının (sözdə sosialist respublikaları ittifaqının) yaranmasıyla nəticələndi. Evdən qaçıb qırmızılara qoşulan Paşanın qəddar komissar olacağı əvvəlcədən bəlliydi. Bütün məşhur bolşevik liderləri kimi o da soyadını dəyişib Strelnikov qoyur. Fəqət onun atıcılıq məharəti sonda özünü dəqiq nişan alıb güllələməkdən savayı bir işə yaramır.
***
Nastasya Filippovna kimi Lara da infernal qadın tipidir. O, Komarovskinin yanında pula gedən fahişəyə, Antipovun yanında hər zülmə qatlaşmağa hazır olan fanatik inqilabçı arvadına, Jivaqonun yanında mələyə bənzəyir. Onun doktora bağlılığı nə tamahkar vəkillə, nə xəstəhal Paşayla yaxınlığına bənzəməz; bu, könüllü təslimiyyətdir, mömin bəndə öz bütünə, tanrısına məhz bu sayaq bağlanır. Şübhəsiz, onların məhəbbətində İsa peyğəmbərlə Maqdalı Məryəmin, knyaz Mışkinlə Nastasya Filippovnanın münasibətindən nələrsə var.
Bəzi tədqiqatçılar Laranın Rusiyanın obrazı olduğunu deyirlər. Əlbəttə, bu sayaq yozumun da bir qəbahəti yoxdur, ancaq belədə biz bütün dünyada maraqla oxunan bir romanı hansısa zaman-məkan kontekstinə salmış olarıq ki, bu da “Doktor Jivaqo”nun dəyərini xeyli azaldar. Laraya hansı ölkədə, hansı zamanda desən, prototip tapılar.
Komarovski sevgililəri aldatmacalarıyla inandırıb Laranı Jivaqodan ayıra bilir. Ancaq qızın ruhuna əl aparmağa onun heç vaxt hünəri, qüdrəti çatmayacaq, çünki o, ruhun yerini sadəcə bilmir, ruhun varlığından onun elmi-güman xəbəri yoxdur. Jivaqonun sevgi şeirlərinin lirik qəhrəmanına, ilahi gözəlliyin təcəssümünə çevrildiyi andan Laranın ruhu doktorun qəlbinə gəlin köçüb. Bu izdivac əbədidir, bu nikahı artıq heç kim, heç nə, hətta qəhrəmanın vaxtsız ölümü də poza bilməz.
***
Ədəbiyyat adamları arasında “Doktor Jivaqo” romanına münasibət birmənalı deyil. Məsələn, bədii yaradıcılığından savayı həm də çox maraqlı, eyni zamanda çox mübahisəli mühazirələriylə tanınan Vladimir Nabokov bu romanı zəif, miskin əsər sayırdı. Dünya şöhrətli Ernest Heminquey də kitabı bəyənməmişdi. Bir sıra tənqidçi romanda təsadüflərin həyatda olduğundan qat-qat artıq rol oynadığı fikrindədir. Kimi deyir Pasternak tarixi hadisələri qarışdırıb, anaxronizmə yol verib. Bir başqası da deyir ki, əsərdə personajlar hamısı bir cür, eyni tərzdə danışır. Bəziləri düşünür ki, Pasternaka Nobel mükafatının (həm də o tezliklə) verilməsi eynən Soljenitsının bu mükafata layiq görülməsi kimi siyasi qərardır. Bir qisim söz-sənət bilicisi də doktor Jivaqo tipli birinin kitabın sonunda onun adından verilmiş şeirləri yaza biləcəyinə inanmır.
Bu deyilənlərin hamısında həqiqət payı tapılar, ancaq ortada bu gün də aktuallığını itirməmiş roman var. Üstəlik, romanın sonunda yer almış şeirlər – Jivaqonun poeziya dəftəri ilk baxışdan yamaq kimi görünsə belə, əsərin bədii-fəlsəfi yükünün artmasında həmin şeirlərin böyük payı var. Bu dəftərdə yer almış 25 şeir Pasternak poeziyasının zirvəsidir. Jivaqonun qoyub getdiyi bu dəftər olmasaydı, biz onun mənəvi qələbəsinə inana bilməzdik, onu yer üzündən haqq dünyasına məğlub kimi, əliboş yola salardıq. Şeirdən çox möhtəşəm bir dini kitabın surələrinə bənzəyən bu mətnlər Əhdi-cədidin təfsiri kimi, lap elə iyirminci əsrin Zəburu, İncili kimi də oxuna bilər.
Sovet dövründə çapına otuz neçə il qadağa qoyulub deyə Pasternakın əsərinə sırf antisovet ədəbiyyatı nümunəsi kimi yanaşmaq düzgün olmaz. “Doktor Jivaqo” Tanrı ilə Şeytan arasındakı mürəkkəb münasibətə, daha doğrusu, müharibəyə işıq tutan dini-fəlsəfi romandır. Nə qədər bu müharibə bitməyib, Tanrı ordusunun sıralarında döyüşmək istəyən insan oğluna savaş taktikalarını öyrədən kitablara da ehtiyac olacaq. Pasternakın romanı belə kitablardan biridir.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?