Paralel xətlərin kəsişməsində
- 18 May 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Lev Tolstoyun “Anna Karenina” romanı haqqında
Fəxri Uğurlu
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxt olur”.
Elə ilk cümlədəncə paralelizm, kontrast, qarşıqoyma. Xoşbəxt ailə, bədbəxt ailə. Tolstoy haqq yolunun, həqiqətin, Allahın birliyinə inanırdı. Xoşbəxtlik də Tanrı kimi bir olur, bir cür olur, bədbəxtliyinsə növləri, çeşidləri sonsuzdur. Doğru olanın bir yolu var, qalan bütün yollar yalana, fəlakətə, cəhənnəmə sürükləyir.
“Anna Karenina” romanının ideya-məzmunu da, kompozisiyası da başdan-ayağa bu təzad, bu paralellik üzərində qurulub. Əsərin iki başlıca süjet xətti eynən dəmir yolların bir cüt polad relsi kimi bir-birinə sürtüşmədən paralel uzanıb gedir, hərçənd bu xətlərin kəsişdiyi, bir şəbəkəyə qoşulduğu düyün nöqtələri də var.
Tolstoy “Anna Karenina”nı özünün ilk romanı sayırdı, görünür, janr etibarilə daha çox dastan, epopeya olduğundan “Hərb və sülh”ü bu cərgəyə qatmırdı. Əvvəlcə Lev Nikolayeviç təqribən “Madam Bovari” kimi, təxminən elə o həcmdə birxətli əsər, yəni Annanın qəziyyəsini yazmağı düşünürdü, sonradan yazıçının planı dəyişdi, romana bir roman da əlavə olundu, əsərin həm həcmi, həm də ideyası genişləndi. Floberdən fərqli olaraq Tolstoyun qatarı bir rels üstündə şütüyə bilməzdi, çünki o özü də sələfi kimi birqat yox, ikiqat dünyada, iki cahanda yaşayırdı, ondan ötrü ölüm heç də həyatın sonu deyildi – onun şərə, əcələ, yoxluğa alternativi vardı.
***
“Anna Karenina” quruluşuna, üslubuna görə dünyanın ən mükəmməl, oxunmasına görə ən populyar romanlarından sayılır. Dostoyevski ədəbi məclislərdə bu roman haqqında vəcdlə danışır, müəllifi “incəsənətin allahı” adlandırırdı. Tolstoy deyirdi ki, “Hərb və sülh”də xalq ideyasını, “Anna Karenina”da isə ailə ideyasını rəhbər götürüb. Əlbəttə, bunlar yetərincə geniş, yayğın anlayışlardır – yazıçı hər iki halda fəlsəfi roman yazıb, sadəcə, birində öz ideyasını ümumxalq həyatının, o birində ailə həyatının fonunda sınaqdan keçirib. İdeya yeni olmasa da, Tolstoy ona dövrünə yaraşan yeni don biçib, yeni nəfəs verib.
Əsərdə bədii simmetriya, paralelizm qanunlarına əvvəldən sona qədər riayət olunur. İki başlıca süjet xəttindən biri Anna-Vronski, o biri Levin-Kiti xəttidir. Göründüyü kimi, birinci cütlükdə qadının, ikinci cütlükdə kişinin adı öndə çəkilir. Romanın sərlövhəsinə baxmayaraq bu kitabda sözün ənənəvi mənasında baş qəhrəman yoxdur (“Hərb və sülh”də də təxminən belədir), şərti olaraq Anna ilə Levini aparıcı personajlar kimi təqdim eləyə bilərik, ancaq Vronski ilə Kiti də əhəmiyyətinə görə onlardan geri qalan deyil. Bu iki cütlüyü ortaq məxrəcə gətirən Oblonskilər ailəsidir – Anna Kitinin bacısının, Kiti isə Annanın qardaşının baldızıdır. Kareninanın qardaşı Stiva Oblonski həm Konstantin Levinin, həm də Aleksey Vronskinin dostudur. Başlanğıcda məlum olur ki, Vronski Kiti Şerbatskaya ilə evlənməyə namizəddir, hələ rəsmiləşməsə də, artıq çoxları perspektivli gənc zabiti qızın adaxlısı sayır. Amma Vronski evlənmək təklifində bulunmağa hələ tələsmir, əslində onun bu yöndə ciddi bir niyyəti də yoxdur.
Bu biri yandan Levin də kənddən Moskvaya belə bir niyyətlə, təkliflə gəlib. Tərs kimi onun gəlişi çox namünasib vaxta düşüb – dostu, gələcək bacanağı Oblonskinin evində hər şey baş-ayaq çevrilib, Stivanın ailəsi dağılmaq üzrədir. Annanın Peterburqdan Moskvaya gəlməkdə məqsədi də qardaşının çoxuşaqlı ailəsini qorumaqdır. Bunu bacarırsa da, gəlişiylə Anna öz ailəsinin dağılmağının bünövrəsini qoyur. Levin isə, tərsinə, mənfi cavab alır, ancaq bu cavab onun gələcək nikahının təməl daşı olur: Vronski Annaya vurulur, bundan sonra Kitinin ayrı variantı qalmır.
Anna Peterburqdan Vronskinin anasıyla bir vaqonda gəlir, anasını qarşılamağa çıxmış Alekseylə onlar ilk dəfə dəmiryol vağzalında qarşılaşırlar. Elə ilk görüşdən, ilk baxışdanca fələyin amansız çarxı işə salınır. Həmin gün bəd hadisəylə yadda qalır – böyük bir külfətin başçısı olan vağzal qarovulçusu qatarın təkəri altında əzilib ölür. Annaya bu hadisə çox pis təsir göstərir, qadın bunu nəhs əlamət kimi yozur. Romanın sonlarında görürük ki, bu faciə Annanın başına gələsi fəlakətin anonsudur.
***
Anna Kareninanın qardaşı Stiva Oblonski həyatsevər, yeyib-içən, deyib-gülən adamdır, bir sözlə, hedonistdir. Ərinin fransız qulluqçuyla əlaqəsindən xəbər tutandan sonra beş uşaq anası (tezliklə biri də olacaq) arvadının boşanmaq istəməsi onu narahat eləsə də, Dollidən dönə-dönə bağışlanmaq diləsə də, Stiva əməlindən bilmərrə peşman deyil, şorgözlüyə görə vicdan əzabı çəkmək hissi ona yaddır. Hər iki potensial bacanağıyla xoş münasibət saxlasa da, Kitinin onlardan hansına ərə gedəcəyi Stivanı elə də maraqlandırmır. Ancaq qayınanası-qayınatası çoxdan iki cəbhəyə bölünüb – ana qızının Vronskiyə, ata Levinə getməsinin tərəfdarıdır. İkitirəlik ailəyə çat salıb, hərçənd sonda ananın sözü üstün gəlir. Kiti özü də Vronskiyə hayıl-mayıldır, yalnız balda adaxlısının Annayla necə oynadığını görəndən sonra qızın heyranlığına bulud çökür.
Adından göründüyü kimi, Levin avtobioqrafik obrazdır, bir az da “Hərb və sülh”dəki Pyer Bezuxova qohumluğu çatır. O, eynən müəllifin özütək anasını, Vronski isə atasını güclə xatırlayır. Levindən ötrü anasının xatirəsi müqəddəsdir, o, gələcək ömür yoldaşının da anasına bənzər olmasını, isti ailə ocağı qalamasını arzulayır. Vronskinin oğluyla arası sərin olan anası isə gəncliyində çoxlu eşq macərası yaşamış, oğlunun məhəbbətinə də kübar əyləncə kimi baxan tamam alayı tipdir. Varlı aristokrat Vronski cəmiyyətdə ən perspektivli gənclərdən sayılır, kənddə yaşayan mülkədar Levin haqqında isə ümumun fikri budur ki, artıq otuz iki yaşını adlamış bu adam özünə heç bir karyera qura bilməyib, yəni fərsizin biridir.
Vronskidən əli üzüləndən sonra dərin sarsıntı keçirən Kitini valideynləri depressiyadan çıxarmaq üçün xaricə aparırlar. Burada o, bir rəfiqəsinə qoşulub xəstələrə, əlillərə yardım göstərir, köməyə möhtac olanların qayğısını çəkir. Ancaq handan-hana başa düşür ki, bu fədakarlıq onun içindən gəlmir, çəkdiyi qayğıların, göstərdiyi mərhəmətin arxasında sevgi durmur, anlayır ki, onun fədakarlığı sünidir, qondarmadır. Levindən ikinci dəfə təklif alanda Kiti həmin təklifi tərəddüdsüz qəbul eləyir, bundan sonra sevgidən doğan gerçək fədakarlığın, səmimi qayğıkeşliyin nə olduğunu duymağa başlayır. Tolstoy bizə hər duyğunun, hər əməlin əslini saxtasıyla müqayisədə göstərir. Bu paralellik, bu simmetriya romanın ideyasını anlamaq üçün oxucuya yön verir.
Toy tədarükünə böyük həvəslə girişən Levin imanında hələ tərəddüdlü olsa da, müqəddəs sayılan dini nikah prosesinin bütün xırdalıqlarına əsl mömin sədaqətiylə riayət eləyir. Tolstoy bu prosesin detallarını incəliyinə qədər göstərir, kəbinin əhəmiyyətini, sakrallığını oxucunun gözündə böyütməyə çalışır. Bütün bunlar Levinin dinə, Allaha inamını cilalayan, onun imanını kamilləşdirən müqəddəs ayinlər kimi təsvir olunur. Kitabın sonunda o bizdən ruhunu dünyanın ruhuna qatmış mömin Tanrı bəndəsi kimi ayrılır.
***
Annanın qanuni əri Aleksey Aleksandroviç Karenin də dindar adamdır, həm Allah, həm cəmiyyət, həm də ailə qarşısında borcuna, öhdəliyinə müqəddəs vəzifə kimi baxır. Arvadı onu nifrətlə “hökumət maşını” adlandırsa da, Karenin dövlətin dayağı olan yüksək çinli məmurlardan biridir, cəmiyyətdə böyük hörməti var. Anna özündən az qala iyirmi yaş böyük olan bu zəngin adama səkkiz il əvvəl bibisinin araçılığıyla ərə gedib.
Karenin intizamlı dövlət xadimi, nümunəvi ailə başçısıdır. Əlbəttə, o, eşq əhli, sevgi bahadırı deyil, gözəl-göyçək arvadına dediyi ölçülü-biçili xoş sözləri də ərlik borcundan irəli gələn öhdəlik kimi dilə gətirir, bununla belə qəti əmindir ki, onların kəbini göydə kəsilib. Annanın yasaq eşqdən məst olduğunu görən Karenin onu ayıltmağa çalışsa da, artıq iş-işdən keçib, arvadı onun indiyəcən görmədiyi nöqsanlarını sezməyə, ona nifrət eləməyə başlayıb: deməyəsən o, yemək yeyəndə ağzını marçıldadırmış, qulaqları da şəlpə kimi sallanırmış. Tolstoy Annanın ehtirasdan bərq vuran bənizini zülmətdə alov saçan qorxunc yanğına bənzədir, yazır ki, Anna qaranlıqda gözlərindən qopan qığılcımları elə həmin gözləriylə görürdü. Vronskinin atdan yıxıldığı cıdır səhnəsindən sonra ərinə xəyanətini boynuna alan Anna ona nifrət bəslədiyini açıq izhar eləyir, bununla da Kareninin ictimai xarizmasına ağır zərbə vurur, onun üstündə əsdiyi nüfuzunu ölümcül yaralayır.
İkinci doğuşunu ağır keçirən Anna yatağında ölümlə əlləşəndə hər iki Aleksey (yəqin deməyə ehtiyac yoxdur ki, Tolstoy bu personajlardan birinə başqa ad da tapa bilərdi) onun başının üstünü kəsdirir. Dərd onları birləşdirir, hər ikisi hüzn içində Annanın sayıqlamalarını dinləyir, qadının əzab-əziyyətlə can verməsini aciz-aciz seyr eləyir. Anna ərindən bağışlanma diləyir, onun müqəddəs insan olduğunu söyləyir. Mərhəmət hissi Kareninə güc gəlir, Vronskiyə boşanmaqdan vaz keçdiyini, sona qədər ailəsinin yanında olacağını bildirir.
Anna yuxusunda görür ki, iki əri var, onlar üçlükdə mehriban yaşayırlar. Bu epizod dünya ədəbiyyatının ən maraqlı, həm də ən müəmmalı səhnələrindən biridir, Tolstoyun bununla nəyə işarə vurduğunu anlamaq çətindir. Görünür, Anna bu kişilərdən birinə cismi, o birinə ruhuyla bağlıdır. Təsadüfi deyil ki, o, sevmədiyi Karenindən doğduğu oğlunu divanə kimi istəsə də, sevdiyi Vronskidən olan qızına biganə yanaşır.
Kareninin qərarından sonra Vronski özünə qəsd eləməyə cəhd göstərir, amma güllə onu ölümcül yaralamır. Hər ikisi sağalandan sonra aşiqlər bir-birinə qoşulub İtaliyaya gedirlər, Annanın ərinə mərhəməti yenə qəlbindən silinir. Karenin ona məhrəm dostluq münasibəti göstərən mövhumatçı sektant qadın Lidiya İvanovnanın təhrikiylə boşanmaqdan qaçınır, Annanı qeyri-müəyyən vəziyyətdən çıxarmağa tələsmir. Kareninin dindarlığıyla Levinin inancını tutuşduranda görürük ki, birinci Allaha, müqəddəsliyə sırf rasional mülahizələrlə, ağılla, məntiqlə, ikinci isə dəruni inamla, intuisiyayla, qəlbən bağlıdır. Ona görə də din, inanc Levini xilas eləyə bilir, Karenini isə yox.
***
Tolstoy Levinlə Kitinin sevgisini ruhani izdivac kimi qələmə verməyə çalışır. Bundan ötrü o, istedadının qüdrətiylə Kitinin ruhunu Levinin qəlbində əritməyə girişir. Kiti artıq ərini sözsüz-sovsuz anlamağa, onun kimi, hətta onun əvəzinə düşünməyə alışıb, onun ayrılmaz parçasına çevrilib (Platondan üzübəri məhəbbət fəlsəfəsinin klassik düsturu budur: özünü başqasında tapmaq). Levin xəstə qardaşının harayına tələsəndə Kiti yenə ondan aralanmır, acılı-şirinli hər məqamda ərinin yanında olmağı özünə müqəddəs borc bildiyini təkidlə sübuta yetirməyə çalışır. Qardaşının ölümündən bərk sarsılan Levini arvadı müjdələyir. Bir neçə ay keçmiş onların oğlu dünyaya gəlir. Levin bu iki ilahi akt – qardaşının ölümüylə övladının doğumu arasında qəribə bir uyğunluq, oxşarlıq, doğmalıq görür (daha bir paralellik, simmetriya). Aydındır ki, müəllif bununla hər iki aktın bir ilahi metamorfozun iki qütbü, o dünyayla bu dünya arasında gediş-gəliş, alış-veriş olduğuna işarə vurur.
Bəs paralel cəbhədə bu zaman nə baş verir? Anna ilə Vronski arasında münasibət gün-gündən gərginləşir. Belə görünür, Anna boşanmağa bir o qədər maraq göstərmir. Bunun səbəbləri üzərində çox baş sındırmaq olar, ancaq mənə elə gəlir başlıca səbəb qadının içində getdikcə böyüyüb metastaz verən günah duyğusu, cəza istəyidir. Onunla evlənmək naminə Vronski bütün karyerasından, gələcəkdə özünü gözləyən rütbələrdən, təltiflərdən imtina eləyir, fəqət Anna yenə narazıdır. Vronski qadına “indiki vəziyyətində” teatra getməməyi məsləhət görəndə Anna onu eşitmir, nəticədə riyadan, məkrdən don geyinmiş kübar cəmiyyətin linçinə məruz qalır. Qadının höcətliyi, tərsliyi, hikkəsi get-gedə dözülməz həddə çatır, şübhə, qısqanclıq onun içini yeyir. Vronski onunla təmkinli davranmağa çalışır, amma artıq bunun faydası yoxdur, Annanın qəsdinə duran mübhəm güc onun bütün içini sarıb, sinirlərinə dolaşıb, beynini qapsayıb. İndi yalnız çoxdan verilmiş hökmü icra eləmək qalıb.
Bundan əvvəl Levin də həyatın qapısına açar tapmadığına, ömrünə məna verə bilmədiyinə görə intihara güclü meyil göstərirdi, eynən bir vaxt Tolstoyun elədiyi kimi tüfəngini, boğazına dolaya biləcəyi kəndiri gözündən gizlədirdi. Fəqət İsa təliminə tapınması, ruhunun dünyaya açılması, qəlbinin qəlblərə toxunması, əbədiyyətin dadını duyması onu acı aqibətdən yayındırır. Annanın isə artıq belə bir alternativ enerji mənbəyinə əli çatmır, onun məhəbbəti mənəvi əsasdan məhrum qalıb, hərçənd nə onu, nə Vronskini əxlaqsız, pozğun saymaq olmaz. Onların faciəsini daha dərindən duyaq deyə Tolstoy bu parlaq cütlüyü bizə var gücüylə sevdirir, hətta o dərəcədə ki, Annayla Vronskinin birliyi əvvəl-əvvəl oxucuya Levinlə Kitinin evliliyindən daha təbii, daha şirin, daha səmimi gəlir.
***
Bəs nədir onların suçu? Kəbindənkənar əlaqəyə girməkmi? Boşanmaq indiki qədər asan olsaydı, onların əli xoşbəxtliyə çata biləcəkdimi? İnanmıram Tolstoyun verdiyi mesajı belə primitiv üsullarla çözələmək mümkün olsun.
Anna intihara getməklə Vronskinimi cəzalandırır, ya özünümü? Axı onların sevgisi cəsarətdən, fədakarlıqdan, məhəbbətin gətirdiyi min cür mənəvi nemətdən xali deyildi. Nəydi bəs çatışmayan? Faciəni ictimai basqının üstünə atsaq, yenə də məsələni sadələşdirmiş olarıq.
Bir məqamda Anna duyur ki, artıq Aleksey ona dərin nifrət bəsləyir, hiss eləyir ki, o, Vronskiyə daha heç nə verə bilmir, onu sevindirə, xoşbəxt eləyə bilmir. Ehtiras soğulduqca münasibət də bitir. Ancaq onları bir-birinə yalnız ehtirasmı bağlayırdı? Bu, ehtirasdırsa, bəs onda sevgi necə olur?
Romanın yeddinci hissəsi Annanın özünü qatarın altına atmasıyla başa çatır, ancaq “Madam Bovari”dən fərqli olaraq “Anna Karenina”ya qəhrəmanın ölümüylə xitam verilmir, ilk cümlədən təməli qoyulan paralelizmə, simmetriyaya əsərin sonuna qədər riayət olunur. Sonuncu – səkkizinci bölümü romanın epiloqu da saya bilərik. Vronski ilə Levin bu hissədə iki yol ayrıcındadır: biri özü üçün heç bir məna daşımayan müharibəyə yollanır, o biri kəşf elədiyi yeni dünyanın nemətlərindən barınmağa başlayır.
Vronski Balkanlara slavyan qardaşlarını qorumağa yox, ölməyə gedir. Tolstoy onun sonrakı aqibətini bizə danışmasa da, aydındır ki, Vronski bu səfərdən salamat qayıtmayacaq. Beləliklə, Annanın intiharı həm özünün, həm də sevdiyi insanın axırına çıxır – bu, faktiki həm intihar, həm də qətl aktıdır. Onların yetim qalan övladını, Seryojanın ögey bacısını isə, əlbəttə, rəhmdil Aleksey Aleksandroviç bəsləyib böyüdəcək.
***
Bir daha vurğulamaq istərdim ki, romanın o zamana qədər görünməmiş unikal kompozisiyası var. Paralel süjet xətlərinin aparıcı fiqurları olan Anna ilə Levin əsər boyu yalnız bir dəfə, o da təsadüfən görüşürlər: arvadını yükünü yerə qoyması üçün Moskvaya gətirən Levin dostu Stivanın təkidiylə onun bacısının ziyarətinə gedir. Bu birinci-sonuncu görüşdə romanın iki başlıca qəhrəmanı arasında maraqlı dialoq yaranır, hər ikisi bir-birinə xoş təsir bağışlayır, həyatdan, sənətdən həvəslə danışırlar. Şirin söhbət hər ikisinin duyğularına sığal çəkir. Anna Kitiyə sayğı-sevgi dolu salam göndərir, onun qarşısında günahını anladığını bildirir.
Qəhrəmanların bu görüşü – görüşdən çox ayrılığa bənzəyir. Annanın ölümünə sanılı günlər qalıb, qarşı cəbhədə isə tezliklə yeni insan dünyaya gələcək.
Bundan sonra Anna qardaşıgilə gedəndə orada Kiti ilə rastlaşır, keçmiş rəqibinə Levini tərifləyir. Bəzən Annanın hərəkətlərini belə yozurlar ki, qadın şeytani bir ehtirasla Kitini qısqandırmaq, Levinin səadətinə haram qatmaq, Vronskinin acığına onda özünə maraq oyatmaq niyyəti güdür. Müəllifin mövqeyi də aşağı-yuxarı belədir. Mən nədənsə bu yozuma inana bilmirəm; məncə, Anna Levini öyməklə Kiti qarşısında suçunu yüngülləşdirməyə çalışır, ona demək istəyir ki, Vronskidən əlin üzüldüyünə çox peşman olma, sənin getdiyin oğlan ondan qat-qat üstündür.
Bu, əlbəttə, mənim subyektiv yozumumdur. Məncə, biz böyük yazıçıların özlərindən çox onların yazdıqlarına inanmalıyıq.
***
Bu epizodları oxuyanda ağıla istər-istəməz belə bir sual damır: görəsən Levinə qismət olsaydı, Anna özünü xoşbəxt sanardımı, ruhunu qoymağa yer tapardımı?
Doğrusu, Levinlə Kitinin ideal birliyi mənə bir az süni, qondarma gəlir – qarşıdakı illərdə Lev Nikolayeviç özü də qənaətlərini dəyişəcək, əlli yaşına qədər örnək, ideal saydığı ailə modelini şübhə altına alacaq, üstəlik “Kreyser sonatası” kimi nikahın fiziologiyasını, kəbinin müqəddəsliyi illüziyasını ifşa eləyən dəhşətli əsər yazacaq. Hələliksə onun xəyallarının qanadı qırılmayıb, Levinin evdən, ailədən qaçıb kiçik bir stansiyaya sığınacağı gün hələ üfüqdə görünmür…
Məncə, Vronski ilə Kitinin evliliyi, ideal olmasa da, nümunəvi bir ailənin təməlini qoyardı. Anna ilə Levinin birliyi də mənəvi əsasdan məhrum olmazdı, çünki hər ikisi vicdanlı, namuslu insandır. Bəli, Anna Karenina məhz namuslu, qeyrətli, sevib-sevilmək istəyən, sevdiyinə sədaqətli qadındır, o, sağ-solundakı kübar xanımlar kimi yalan, riya içində yaşamaq, həm ərinin, həm də məşuqunun arvadı olmaq istəmir. Anna könlünü yalnız sevdiyi insana təslim eləmək, dürüst yaşamaq istəyir, neyləsin ki, siftədən bəxti gətirməyib, sevgidən yarımayıb. Qismətlər dolaşıq, talelər qarışıq düşüb, heç kimə doğma bəxti əl verməyib. Bəlkə də vaxtında Levinlə yolları kəsişsəydi, zavallı, gözəl Annanın başı müsibət çəkməzdi.
Belə götürəndə Vronski də şərəfli, dürüst, fədakar, mərd, bir sözlə, cəngavər xislətli oğlandır, intəhası onların birliyi mənəvi dayağını itirəndən sonra duruş gətirmir. Ümumiyyətlə, bu romanda pis adam, demək olar, yoxdur, sadəcə yerlər dəyişik düşüb.
Söz-sənət xiridarları dəmiryol stansiyasına gedən Annanın sonuncu daxili monoloqunu haqlı olaraq dünya nəsrində şüur selinin ilk örnəyi sayırlar. Başdan-başa şeytani bir nihilizmlə, ölümcül pessimizmlə, həyata, Allaha üsyanla yüklənmiş bu səhifələri lap neçənci dəfə vərəqləsən belə yenə heyrətlənməmək mümkün deyil. Elə bil o sətirləri bir kərə özünü öldürüb sonradan dirilmiş adam qələmə alıb. Kitabın sonunda Tolstoy Levinin daxili monoloqunu buna qarşı qoyur. Annanın monoloqu cəhənnəm vəsvəsəsi, Levinin monoloqu cənnət nəğməsidir. Biri ölümə, yoxluğa, o biri dirilişə, əbədiyyətə aparan yürüşün himnidir.
***
Lev Tolstoyun dörd-beş illik fasiləsiz zəhməti hesabına başa gəlmiş “Anna Karenina” romanını zamanında heç də hamı heyranlıqla qarşılamamışdı. Ədəbiyyatın missiyasını ictimai bəlaları tənqid atəşinə tutmaqda görən Nekrasov, Saltıkov-Şedrin kimi ədiblər Tolstoyu bu əsərə görə məsxərəyə qoyur, onun azman zəhmətini yerə vurmaqdan, ona qıymaqdan çəkinmirdilər. Ancaq onları qınamaq olmaz, onlar Lev Nikolayeviçin baş vurduğu dərinliklərdən xəbərsiz idilər, dayaz sularda üzürdülər.
Bu yüz əlli ildə nə qədər texniki yeniliklər, ixtiralar, kəşflər köhnəlib, ancaq “Anna Karenina” yenə təzə-tər qalıb, hələ də təravətini itirməyib. Son yüz ildə bu romanın uğurlu-uğursuz onlarla kino versiyası yaranıb, hələ də yaranmaqdadır, yenə də yaranacaq. Bu, həm də onu göstərir ki, böyük, üstəlik orijinal ədəbiyyat yaratmaq hər cür elmi kəşfdən, texniki ixtiradan daha çətin, daha qəliz məsələdir. Məşhur filmdə məşhur aktyorun dediyi kimi – həm qəlizdir, həm də vacib…
“Yeni Azərbaycan” qəzeti