Əlirza Balayev,
Əməkdar jurnalist
Fikrət Əmirov zamanın bir daha yetirməyəcəyi dahi sənətkarlardandır. Heç şübhəsiz, bəstəkarın “Sevil” operası, “Min bir gecə” baleti, simfonik muğamları Azərbaycan musiqi sənətinin zirvəsində qərarlaşmış və dünyada tanınan möhtəşəm əsərlərdir.
Sənətşünasların yekdil fikrinə görə, “Sevil” müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ olmuş və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirmişdir.
Fikrət Əmirov yazırdı ki, “Mən Cabbarlının əsərlərinə vurğunam. Ancaq ən çox xoşuma gələn “Sevil” pyesinə olan məhəbbət onu mənim tərcümeyi-halıma yazmışdır. Mən “Sevil” operasını əzbərləyə-əzbərləyə ona musiqi yazmışam və hər gün də Cəfər Cabbarlının qarşısında hesabat vermişəm. Yəni hər musiqi parçasından sonra “görəsən bu, Cəfərin xoşuna gələrdimi?” deyərək, öz-özümə fikirləşmişəm.” (Fikrət Əmirov. Musiqi aləmində. Bakı, 1983, səh.43).
Operanın ilk tamaşası 1953-cü il dekabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında olmuşdur. Tamaşanın quruluşunu Mehdi Məmmədov vermişdi. Dirijor Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli idi. Tamaşanın bədii tərtibatını Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İzzət Seyidova yerinə yetirmişdilər. Baş rolların ifaçıları Vera Abişeva (Sevil) və Rəşid Behbudov (Balaş) idi.
Mən “Sevil” operasının tamaşasına ilk dəfə ötən əsrin 60-cı illərində tələbə ikən baxmışam. 1970-ci ildə yüksək sənətkarlıqla çəkilmiş “Sevil” filminə də, nə zaman göstərilsə, maraqla baxıram. (Ssenari müəllifləri: Vladimir Qorikker, Andrey Donatov, Tələt Əyyubov; quruluşçu rejissor: Vladimir Qorikker; quruluşçu operator: Rasim İsmayılov. Baş rollarda Valentina Aslanova (Sevil) və Həsən Məmmədov (Balaş) çəkilmişdilər.) Əvvəlki illərdə diqqətimi cəlb etməyən bir məqam son vaxtlarda Balaşın ariyasını hər dinləyəndə sual doğururdu: əruz vəzninin çox da işlənməyən xəfif rəməl bəhrində olan beyt ariyaya hardan gəlib? Yaddaşa etibar etmək olmazdı, dəqiqlik üçün Xəzər Universitetində iş yoldaşım, Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqova xahişimlə operanın klavirini gətirdi.
“Gör nə günlərə qaldın,
Öz cəzandır, çək Balaş.
Hamının üzü döndü,
Axır qaldın tək, Balaş.
İndi neyləyim mən, ah,
Sevil görən hardadır?
O, bu evdən gedəli,
Görən nə haldadır?
Gör nə günlərə qaldın,
Öz cəzandır, çək Balaş.
Hamının üzü döndü,
Axır qaldın tək, Balaş.
Vermərəm könlümü bir dilbərə bundan sonra,
Olmaram mail o siminbərə bundan sonra.
Ah, Dilbər, bərbad etdin həyatımı,
Neçin uydum, düçar oldum bu afətə?
Özüm öz könlümü saldım zillətə,
Saldım öz ömrümü bu fəlakətə.
Özüm öz könlümü verdim Dilbərə,
Saldım öz ömrümü bu bəlalərə.
Neçin gəldim düçar oldum bu afətə?”
Bu beytin “Sevil” pyesi əsasında operanın librettosunu yazmış görkəmli şair Tələt Əyyubova məxsus olmadığı aydın idi. Ən əvvəl ona görə ki, onun leksikonunda “siminbər” (farsca – bədəni gümüş kimi ağ, gözəl bədəni olan) sözü ola bilməzdi. Ümumiyyətlə, bu söz klassik Azərbaycan poeziyasında gözəllərin vəsfində nadir rast gəlinən sözlərdəndir. Həm də beyt kontekstə görə elə ustalıqla seçilib ki, Balaşın əhval-ruhiyyəsini gözəl ifadə etməsi ilə yanaşı, beytdəki ümumi isim “dilbər” də ifada xüsusiləşərək, əsərin qəhrəmanı Dilbərə aid olur.
Vaxt ötdükcə ədəbiyyatçı, musiqiçi dost-tanışlarla görüşəndə, yaxud zəngləşəndə bu sualı onlara verirdim. Tələt Əyyubova məxsus ola bilməyəcəyini təsdiqləsələr də, müəllifinin kim olduğunu bilmirdilər və üstəlik yarıciddi, yarızarafat məni qınayırdılar da ki, işin-gücün qurtarıb?
Nəhayət, Novruz tətili günlərində həmmüəllifi axtarıb tapmaq qərarına gəldim. Dilinin sadəliyi (“siminbər” istisna olmaqla) və Tələt Əyyubovun, Fikrət Əmirovun müasiri olması mülahizəsinə görə əvvəlcə Vahidin qəzəllərinə baxdım. Yox idi. Beyt, üslubuna görə, Nəsimi qəzəllərindən uzaq idi. Füzulidə də tapılmadı. Qalırdı Seyid Əzim (ona görə ki, beyt məhz məşhur şairlərin birindən götürülə bilərdi) və tapıldı (Seyid Əzim Şirvani. Əsərləri. Üç cilddə. Azərbaycan SSR EA Nəşriyyatı, Birinci cild, 1967, s.62). Həm də beytlər arasında fərq üzə çıxdı.
Vermənəm könlümü bir dilbərə bundan sonra,
Olmanam aşiq o siminbərə bundan sonra.
Feillərdəki fərqi nəzərə almamaq olar. Ancaq ariyada “mail”, orijinalda “aşiq”dir. Burada iki mülahizə ola bilər. Məlum olduğu kimi, klassiklərin müxtəlif nəşrlərində nüsxə fərqləri olur. Ya belədir, ya da musiqinin tələbinə görə söz dəyişdirilib ki, bu barədə mütəxəssislər fikir söyləyə bilər.
Yazını bitirmişdim ki, telefon zəngi oldu. Uzun illər ərzində Türkiyədə yaşayıb işləyən, musiqili tamaşalar üzrə Azərbaycanda yeganə mütəxəssis-rejissor, Türkiyənin musiqi mühitinə böyük töhfələr vermiş, Mersində opera və balet teatrı qurmuş və ən əsası Azərbaycan mədəniyyətinin xarici ölkələrdə yorulmaz təbliğatçısı, BMT-nin Sülhməramlı səfiri, Azərbaycanın Xalq artisti, yaxın dostum Əflatun Nemətzadə idi. Beytin kimə məxsus ola biləcəyi sualını ona da verdim. “Bilmirəm” söyləyəndən sonra maraqlı bir məlumat verdi. Dedi ki, “həyatının son illərində Fikrət müəllimlə bir neçə dəfə evində görüşəsi oldum, hər dəfə də stolunun üstündə Seyid Əzimin kitabını görürdüm, Seyid Əzimdə axtar.” Dedim ki, tapmışam, özü də məhz Seyid Əzimdə. Buradan belə ehtimal etmək olar ki, ariyaya əlavəni Fikrət Əmirov özü etmişdir.
Və burdan bir mühüm həqiqət də bir daha özünü göstərir. Dahi sənətkarların yaradıcılıq çeşməsinin gözü heç vaxt tutulmur, yüz illər sonra da çağlayır, onlardan istifadə olunur. Seyid Əzim Şirvaninin özünün də yazdığı kimi:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Mart, 2022