Təsir, yoxsa oğurluq?
- 16 Aprel 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Sənətdə bunları seçib ayırmaq elə də asan deyil
Fəxri Uğurlu
Ədəbi təsirlə ədəbi oğurluğu qarışdırmaq olmaz, hərçənd bunları bir-birindən ayırmaq elə də asan deyil. Məsələn, Onore de Balzakın “Qorio ata” romanının Şekspirin “Kral Lir” faciəsindən ilhamlandığına mənim şübhəm yoxdur, hər iki əsərdə insana xas ən ali duyğulardan sayılan nəsil instinktinin necə kor, necə amansız, necə tragik bir hiss olduğu göstərilir. Bəşəriyyəti bu günə gətirib çıxaran bunca möhtəşəm instinkt, atalıq duyğusu adını çəkdiyim əsərlərdə faktiki ifşa olunur.
Məşhur “Oblomov” romanının müəllifi Qonçarovun Budda fəlsəfəsindən, Qərbin Buddası adlandırılan böyük alman filosofu Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” traktatından xəbəri olub-olmadığını bilmirəm, ancaq romanı hər iki fəlsəfi sistemə illüstrasiya kimi də nəzərdən keçirmək olar. Qonçarovun buddizmdən, Şopenhauerdən təsirlənmədiyinə inanmaq çətindir, hərçənd görkəmli ədəbiyyatşünaslar bu barədə qəti bir söz demirlər.
Eyni sözü Turgenev barəsində də söyləmək olar (bu məsələyə əvvəlki yazılarımın birində yüngülcə toxunmuşdum). “Atalar və oğullar” romanı onun gəncliyində Avropa ədəbi-fəlsəfi mühitində böyük populyarlıq qazanmış alman filosofu Maks Ştirnerin “Təkcə və onun mülkü” traktatına sözlə çəkilmiş illüstrasiyaya bənzəyir. Ştirner anarxizm fəlsəfəsinin banisidir, adını çəkdiyim traktat onun yeganə əsəridir. Otuz yaşlarında məşhurlaşıb, Feyerbax kimi böyük filosof atasına məktubunda onu dövrün ən parlaq zəkası adlandırıb, profildən cızılmış tək rəsmi Engelsin fırçasından çıxıb. Sonralar qeybə çəkilib, unudulub, faciəli ömür yaşayıb, nəhayət, əlli yaşında dünyadan səssiz-səmirsiz köçüb. Özü də Ştirner siyasi anarxizmin yox, individual anarxizmin carçısıydı – eynən Turgenevin qəhrəmanı Bazarov kimi. Müəllif onu nihilist adlandırsa da, Bazarov aşkar bir anarxistdir. Mən Turgenevin Ştirneri oxuyub-oxumadığını bilmirəm, axtarsam da, bununla bağlı bir fakta rast gəlməmişəm, ancaq o da məlumdur ki, İvan Sergeyeviç gəncliyində XIX əsrin başqa bir məşhur anarxisti Bakuninlə dostluq eləyirdi, Hegelin fəlsəfəsini mükəmməl səviyyədə mənimsəmişdi, Şellinqlə yaxın münasibəti vardı. Bütün bunları nəzərə alsaq, onun da Ştirnerdən xəbərsiz olduğuna inanmaq çətindir.
“Qorio ata” romanında onunla eyni pansionatda qalan tələbə dostu Jan Jak Russoya istinadla baş qəhrəman Rastinyaka təxminən belə bir sual verir: əgər sənə uzaq Çində yaşayan hədsiz qoca, hədsiz varlı bir mandarini yalnız ürəyində bunu arzulamaqla öldürüb onun var-dövlətinə yiyələnmək imkanı verilsə, bu arzunu qəlbinə buraxarsanmı? Balzakın əsərində məsələ açıq qalır. Həmin suala Dostoyevski təqribən otuz il sonra “Cinayət və cəza” romanında xristianlığın baş ehkamına əsaslanmaqla cavab verir. Rus yazıçısı İsa təliminin praktiki effektivliyinə skeptik yanaşan fransız həmkarlarına (Viktor Hüqonu çıxmaqla) sübuta yetirməyə çalışır ki, cinayət baş verdiyi anda cəza mexanizmi də işə düşür, ona görə də halal yaşamağın gerçək xristian kimi yaşamaqdan ayrı yolu yoxdur.
Ədəbiyyatda modernizmin bayraqdarlarından olan Marsel Prustun yeddi cildlik “İtirilmiş zamanın sorağında” adlı subyektiv epopeyası böyük fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anri Berqsonun zaman konsepsiyası üzərində qurulub. Ziqmund Freydin, Karl Yunqun ədəbiyyatın, incəsənətin yenilənməsinə böyük təkan verdiyi də heç kimə gizli deyil – daha bir modernizm bayraqdarı Coysun “Uliss” romanından tutmuş Tomas Mannın, Hessenin, Kafkanın, Folknerin (düzdür, o, Freydi oxumadığını deyirdi), Heminqueyin əsərlərinəcən. Herman Hesse yazırdı ki, Freydin psixoanalizi, Yunqun analitik psixologiyası məndən ötrü getdiyim yerə çatmaq üçün körpü rolunu oynayır, çayı adlayandan sonra mən o körpünü partladıram. Ziqmund Freydin traktat diliylə şərh elədiyi ata kompleksi Frans Kafkanın əsərlərində dərin bədii ifadəsini tapıb. Kafkanın Freydlə bağlı nəsə dediyini xatırlamıram, ancaq əminəm ki, hər iki “ataşünas” eyni uğurla bir-birinə bol material verə bilərdi. Kafkanın ekzistensializm fəlsəfəsinin banisi sayılan XIX əsr Danimarka filosofu Sören Kyerkeqorun “Qorxu və əsməcə” əsəriylə tanış olub-olmadığını da bilmirəm, fəqət bu iki dahinin həm düşüncəsi, həm də taleyi arasında elə bir yaxınlıq var ki, Kafkanın reinkarnasiya nəticəsində yenidən dünyaya gəlmiş Kyerkeqor olduğuna inanmaq istəyirsən.
Doğrudur, sənətdə belə bənzərliklər birbaşa təsirə uğramadan da baş verə bilər. Məsələn, onuncu əsr ərəb şairi, məşhur mərsiyyələr müəllifi Əl-Mütənəbbinin bu misrasına baxaq: “Gerçəkdən ölüm də qətlin bir növüdür”. Elə bil min il sonra yazılası “Məhkəmə” romanının anonsudur. Kafkanın əsərində də hər kəs mühakimə olunur, hamıya ölüm hökmü kəsilir. Bəs hökmü verən kimdir? Qərb ədəbiyyatşünasları bunun adını səmavi kanselyariya, göylər səltənətinin dəftərxanası, yerin-göyün sahibinin yazğısı, fərmanı qoyurlar. Ancaq klassik Şərq poeziyasında bunun daha tutarlı adı var: fələk! Kafkanın zəhmli, qəzəbli, əzici tanrısı xilaskar deyil, qarşısında “qorxu və əsməcə” duyduğun, Allahdan çox Şeytana bənzəyən bədheybət bir varlıqdır, ona görə də ona Tanrı adından çox fələk adı yaraşır. Fələkdənsə qurtuluş yoxdur.
Xaqani XII əsrdə dünyanın faniliyini, taxt-tacın, sərvətin, ehtişamın gəldi-gedərliyini nəzmə çəkmək üçün bir zaman Sasani şahlarının paytaxtı, iqamətgahı olmuş, Şərq poeziyasında faniliyin rəmzi sayılan Mədain xarabalıqlarına üz tutmuşdu. Ondan yeddi yüz il sonra başqa bir qitədən dünyaya, həyata eyni gözlə baxan Flober “Salambo” romanının süjetini, personajlarını eradan əvvəl romalıların hücumu nəticəsində viran qoyulmuş, Qərb ədəbiyyatında fanilik rəmzi sayılan Karfagenin abad, möhtəşəm çağlarına aparıb çıxarmışdı. Əlbəttə, bu iki ədəbi fakt arasında birbaşa asılılıq yoxdur, ancaq bu, bizim iki əsər, onları dünyaya gətirən iki düşüncə arasında paralellik aparmağımıza mane ola bilməz.
Qabriel Qarsia Markesin “Vəbalı çağda sevgi” romanında qəhrəmanın ara-sıra baş çəkdiyi ümumxananın sahibi deyir ki, eşq atəşini söndürmək üçün onun “məbədinə” gələnlərdən qalan əşyaları, paltarları toplayıb saxlayır, məqsədi də nə vaxtsa bir eşq muzeyi yaradıb topladıqlarını sərgiyə düzməkdir. Bu cümləni oxuyanda dərhal yada “Məsumiyyət muzeyi” düşür: olmaya Pamuk romanın ideyasını Markesdən çırpışdırıb? Hərçənd o, əsərinin qaynaqları sırasında Markesin romanının adını çəkmir, ancaq nə biləsən? İşdir, sübuta yetirilsə, bunu oğurluqmu saymalıyıq, təsirmi? Elə həmin Orxan Pamukun “Qara kitab” romanında İvan Karamazovun uydurduğu “Böyük inkvizitor” hekayəsinin diricə iqtibası var. Bəlkə mövzu tükəndiyindəndir ki, köhnə mövzular yenidən emal olunur? Köhnələrin bu şəkildə təzədən istehsala buraxılmasına nə ad qoyulmalıdır?
Bu sualların asan cavabı yoxdur. Təqribən otuz il bundan qabaq o dövrdə poeziyası indikindən də populyar olan Ramiz Rövşənin nəğmələrinin havası üstündə bütöv bir şair ordusu meydana çıxmışdı. Ancaq onların mütləq əksəriyyəti o meydanda şair kimi qala bilmədi, çünki Ramizi təqliddən o yana gedə bilmədilər. Herman Hessenin “Siddhartha” povestində bu məsələ öz həllini yaxşı tapıb: Buddanı yamsılamaqla nurlanmaq, nirvanaya çatmaq mümkün deyil, bundan ötrü gərək Buddanın yetişdiyi məqama öz yolunla, öz ayağınla gedib çıxasan. Yoxsa sən öz həqiqətinə yox, özgənin həqiqətinə tapınmış olacaqsan, öz səsinlə yox, özgənin səsiylə oxumuş olacaqsan, öz sözünü yox, özgənin sözünü danışacaqsan.
Sənətdə təsirlənmək də belədir – əgər sənə təklif olunan beyin məhsulunu həzmi-rabedən keçirib öz beyninin malına çevirə bilməsən, ömrün boyu yedəkdə gedəcəksən. Öz yolunu tapa bilməyən, ya da yolundan azan belələrini çox görmüşük – dəbdə olan beş-üç yazıçını tez-tələsik gözdən keçirib qələmə sarılanları, öz səsiylə oxumayanları, öz sözünü danışmayanları, söz-sənət məbədinə dal qapıdan girmək istəyənləri deyirəm. El içində genələ-genələ gəzsələr də, sənət məbədindən çoxdan qovulduqlarını, o qapıların bir də heç vaxt üzlərinə açılmayacağını yaxşı bilirlər. Onlara acımaqdan başqa bir münasibət göstərmək insafsızlıq olar. Allah rəhm eləsin!
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Hörmüzdün səltənətinə xoş gəldiniz!