Varlığımızın evini abadlaşdıraq
- 01 Aprel 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fəxri Uğurlu
Dil millətin başlıca atributudur. Dil yoxsa, millət də yoxdur. Şairlərin, yazıçıların, söz üstündə əsənlərin əməyinə rişxəndlə baxanlara demək istərdim ki, varlığınızı onlara borclusunuz, onların çörəyini yeyirsiniz, çünki əgər milli ədəbiyyatımızın qol-qanad verdiyi bu dil olmasaydı, bu dilin hesabına anlaşan, qardaşlaşan bu xalq da, qazancını sizə yedirən dövlət də olmayacaqdı. Vətəni qabağına qoyub tərifləmək, milləti mədh eləmək vətənpərvərlik deyil; vətəni, milləti gerçəkdən sevənlər onun dilinin keşiyində duranlar, onun mənəviyyatına qarovul çəkənlərdir. Bir yazıçı ana dilində gözəl yazırsa, demək, böyük vətənpərvərdir; vacib deyil ki, vətənin gözəlliklərindən, millətin qüdrətindən dəm vursun. Əsl qələm adamı ölkəsini, xalqını, keçmişini tənqid hədəfinə çevirirsə belə, ana dilinin sərhədlərini genişləndirdiyinə görə bir nömrəli patriotdur. Dahi Markes deyirdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Yəni inqilabı tərənnüm eləmək yox, ana dilində yaxşı yazmaq!
Azərbaycanın müstəqilliyinə qovuşması dilimizdə də əksini tapmalıydı. Məsələn, Türkiyədə olduğu kimi: sultanlığın yerini cümhuriyyət tutandan sonra ölkədə Dil Qurumu yaradıldı, türk dili gəlmə sözlərdən arınmağa başladı, osmanlıca dönüb oldu türkcə. Bizsə müstəqilliyimizin otuzuncu ilini geridə qoysaq da, hələ dilimizə ciddi şəkildə, ən yüksək səviyyədə əl gəzdirməmişik. Ərəb dili lüğətimizi hələ də işğal altında saxlayır, fars kəlmələri sözlüyümüzdə yerli-yersiz at oynadır. Demirəm bunları bir günün içində silib ataq, yox, gəlmə sözlərə alternativlər yaradıb dövriyyəyə buraxaq; xalqın dilinə yatacaqsa, vətəndaşlıq qazanacaq. İsimlərimiz öz mövqelərinin çoxunu işğalçıya çoxdan təhvil veribsə də, feillərimiz dilimizin keşiyində bu günəcən qeyrətlə durub, hətta bu xidmətinə görə Elmlər Akademiyasının Dilçilik İnstitutunun girişində feilimizə qızıldan heykəl qoyulmasını da təklif eləmişəm. Bir zamanlar fars dilinin feil sistemini belə zədələmiş ərəb dili türk dilinin feillərinə bata bilməyib. Ana dilimizin indiyə diri qalmasına görə, ilk növbədə, qəhrəman feillərimizə borcluyuq. Feil müqavimət göstərməsəydi, ərəb işğalının qarşısında duruş gətirə bilməzdik. Yüz illər sürən işğaldan sonra, nəhayət, feildən isim yaratmaq hesabına dilimizin lüğət tərkibində əməlli-başlı təmizlik işi aparıb, ərəb işğalından qalma dil xarabalıqlarının ən azı bir qismini abadlaşdırmaq olar. Məsələn, “təyyarə” ilə paralel “uçaq” da işlətsək, dünyamı dağılar?
Sərhədlər söküləndən bəri dilimiz Türkiyə türkcəsinin də basqısına uğrayıb. Qohum dilin müdaxiləsi yad dilin işğalından təhlükəlidir. Qardaş olsaq da, Türkiyə xalqıyla Azərbaycan xalqı ayrı-ayrı xalqlardır, Türkiyə türkcəsiylə Azərbaycan türkcəsi ayrı-ayrı dillərdir. Saysız-hesabsız sözlər var ki (almaq, götürmək, axtarmaq, tapmaq, düşmək, subay, bekar, uşaq, baba…), onlarda bir anlamda, bizdə başqa mənada işlənir. Televiziya aparıcısı verilişinə qonaq çağırdığı müğənniyə “sizdən bir mahnı alaq” deyəndə istəyirsən soruşasan ki, qonaq mahnısını neçəyə satır? Sosial şəbəkələrdə heç kim “məndən şikayət olunub” demir, hamı “məni şikayət ediblər” yazır. Türk serialları savadsız evdar qadınların da leksikonunu dəyişib, daha heç kim “filan” demir, hamı “falan” deyir. Gəlin Molla Pənah Vaqifin bu bəndlə başlayan məşhur şeirində “filan”ı “falan” eləyək, görək necə səslənir:
Başına döndüyüm toy adamları,
Siz də deyin toya gələn oynasın,
Adını demirəm, eldən ayıbdır,
Filankəsin qızı filan oynasın…
Belə gözəl dilin yiyəsi öz dilində niyə danışmaq istəməsin? Sovet dönəmində rus sözləri, ifadələri dilimizin meydanına soxulmuşdu, indi də özümüzdə qarşılığı olan türk kəlmələri arxa qapıdan leksikonumuza dürtülür. Millətin özünə, öz dilinə, mədəniyyətinə, bütövlükdə varlığına sevgisi tam bərqərar olunmayınca bu mərəzdən qurtulmaq mümkün deyil. Mən özünəvurğunluqdan, özünə mübtəla olmaqdan yox, özünü sevməkdən danışıram, bunları əsla qarışdırmaq olmaz.
Əcnəbi sözlər, ifadələr bir yana, dilimizi yad qəliblərin, kalkaların əsarətindən qurtarmağa da böyük ehtiyac var. Bu əsarət siyasi əsarətdən betər, ondan qat-qat uzunömürlüdür. Rusiyadan otuz il qabaq ayrılmışıq, ancaq rus dilindən qalma çərçivələrdən, rus qrammatikasının məngənəsindən hələ də çıxa bilməmişik. Nəticədə “çoxsaylı”, “çoxdəfəlik” kimi “bic” kəlmələr, “qadın zorakılığı”, “qadın sahibkarlığı”, “narkotiklərin qanunsuz dövriyyəsi” kimi qondarma söz birləşmələri dilimizə yol tapıb.
“Və” bağlayıcısını ərəbdən, “ki” bağlayıcısını farsdan çox işlədirik. Orta məktəblər üçün dil, ədəbiyyat dərsliklərini bədii cəhətdən zəif, sönük mətnlərlə doldurmuşuq. Dünya uşaq ədəbiyyatı klassikləri qalıb qıraqda, pul verib ona-buna “əsər” yazdıran ədəbi dələduzların, nimdaş vətənpərvərlik bayrağına bürünmüş söz-sənət dəllallarının şəkilləri dərslik səhifələrinə gec partlayan minalar kimi düzülüb. Uşaqlara saxta pafoslu vətənpərvərlik şeirləri oxutmaqdansa bir yaxşı bayatı, qoşma, gəraylı əzbərlətmək daha faydalıdır – bu, onların vətənpərvərlik duyğusunu min qat yaxşı itiləyəcək. Çünki beyin öz şirəsini dildən alır, böyük filosof Haydegger demişkən, dil varlığın evidir. Başqa bir böyük filosof Vitgenşteyn isə deyirdi ki, mənim dünyamın sərhədləri dilimin sərhədləriylə üst-üstə düşür.
Dili sadə xalqdan öyrənmək lazımdır. Dil qrammatikanın yedəyində getməməlidir, tam tərsinə, qrammatika dilin ardınca sürünməlidir. Yazı dili şifahi dilə mümkün qədər yaxın olmalıdır. Son illər rəsmi yazı qaydaları o günə salınıb ki, bəzən bir sadə cümlədə neçə söz varsa, hamısından sonra vergül qoymalısan. “-mışdır” kimi vaxtı keçmiş şəkilçilər arxivə göndərilməlidir. Məncə, dördvariantlı “-dır” şəkilçisinin son hərfini kəsib atmağın məqamı da çoxdan yetişib. Türkiyəli bu şəkilçiləri danışığında işlədir, ancaq Azərbaycan xalqı yüz illərdir belə danışmır.
Ümumiyyətlə, dilimizin qrammatikasının xüsusən də morfologiya sahəsində köklü islahata ehtiyacı var. Dil inkişafda olan orqanizmdir, zaman keçdikcə onun gövdəsinə ağırlıq salan çürük qol-budağı budanır, kökü bir az da dərinə işləyir.
Bəs bütün bu işlərlə kim, nə vaxt məşğul olacaq, el diliylə yazı dilinin arasındakı uçurumu kim dolduracaq?
Sual ritorik deyil…
Mənbə: Yeniazerbaycan.com
Zamanın çağırışını dinləmək zamanı