Vacib olan duyğuları tərbiyələndirməkdir
- 12 Mart 2022
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
5-ci sinif üçün ədəbiyyat dərsliyinə (müəlliflər: Afət Süleymanova, Təranə Bağırova, İlhamə Muradova) dair qeydlər
Fəxri Uğurlu
Bəri başdan deyim ki, dərslikdəki bölgülər mənə həm qüsurlu, həm anlaşılmaz göründü. Əvvəla, bölgülərin nəzəri-filoloji prinsiplər üzrə aparılması, əsərlərin də bu prinsip əsasında qruplaşdırılması 5-ci sinfin səviyyəsinə uyğun deyil. İkincisi, həmin prinsip üzrə bölgünün özü də düzgün aparılmayıb. Dərslikdəki mövzular iki başlıq altında qruplaşdırılıb: “Bədii əsərlərdə təsvir”, bir də “Bədii əsərlərdə nəqletmə”. Birinci başlıq altında təqdim olunan birinci hissənin adı isə belədir: “Bədii əsərlərdə ideyanın müəyyən edilməsi”. Halbuki ideyanın müəyyənləşdirilməsi təsvirdən də, nəqletmədən də fərqli bir məsələdir. Həm də hissəyə girişdə söhbətin təsviri mətnlərdə ideyanın müəyyən edilməsindən getdiyi bildirilir. Belə çıxır ki, müəlliflərin “nəqletmə xarakterli” deyə qruplaşdırdıqları mətnlərdə ideya ola bilməz?..
Birinci bölmədə təqdim olunmuş üçüncü hissə “Bədii əsərin hissələri”, ikinci bölmənin ikinci hissəsi isə “Nəqletmə xarakterli əsərlərin quruluşu” adlanır. Bunların ayrı-ayrı bölmələrdə verilməsi, zənnimcə, məntiqsizdir. Ondansa bədii mətnlərdə strukturun nə demək olduğunu sadə dillə izah edən ayrıca bir bölmə yaratmaq olmazdımı? Həm də sonuncu hissənin o cür adlandırılması nəyi ifadə edir – məgər “nəqletmə xarakterli” olmayan əsərlərin, yaxud poetik nümunələrin quruluşu olmurmu? Bir sözlə, dərslikdə həm bədii nümunələrin, həm də nəzəri mülahizələrin təqdimi çox qarmaqarışıq, nizamsız, xaotikdir.
Zənnimcə, müəlliflər ədəbi-bədii örnəkləri folklordan, şifahi xalq ədəbiyyatı nümunələrindən başlamaqla xronoloji ardıcıllıq üzrə təqdim etsəydilər, dərsliyə istər milli, istərsə də dünya ədəbiyyatı klassiklərinin say-seçmə əsərlərini, iyirminci əsr uşaq ədəbiyyatının parlaq nümunələrini salmış olsaydılar, daha uğurlu nəticə alınardı. Bədii ədəbiyyata dair ilkin nəzəri bilikləri də həmin mətnlər üzərində şagirdlərə öyrətmək olardı.
Əvəzində nə görürük: şifahi xalq ədəbiyyatının nə olduğunu bilməyən şagirdlərə folklor örnəkləri tədris olunur (həm də janrların öyrənilməsi kontekstində yox, başqa kontekstdə). Dillər əzbəri olan dastanlarımızın, zəngin klassik poeziyamızın (ələlxüsus da aşıq şeirinin) üstündən sükutla keçilir, R.Əfəndiyevin iki nağılını, bir də A.Şaiqin “Sinifdənxaric oxu” bölməsində verilmiş “Kiçik qəhrəman” hekayəsini çıxmaq şərtilə milli klassiklərimizin uşaqlar üçün yazdıqları parlaq əsərlərə dərslikdə yer tapılmır, planetdəki bütün təhsilli uşaqların tanıdığı dünya uşaq ədəbiyyatı klassiklərinin isə (Andersen, Qrimm qardaşları, Hofman, Perro, Raspe, Kerrol, Miln, Kiplinq, Barri, Mark Tven, Lindqren, Qotsi, Rodari…) adı belə çəkilmir. Adama elə gəlir ki, müəlliflər dərslik üçün materialları təsadüfi seçmə üsulu ilə, heç bir sistemə, konsepsiyaya əsaslanmadan toplayıblar. Bunun nəticəsində dərslik bədii-estetik baxımdan zəif, sönük əsərlərlə doldurulub. Əgər bu, ədəbiyyat dərsliyidirsə, burada ilk növbədə mükəmməl ədəbi nümunələrə yer verilməlidir. O nümunələr əsasında şagird nəzəri biliklərə də yiyələnə bilər.
“Oxudan əvvəl”, “Oxu zamanı”, “Oxudan sonra” təlimatlarını oxuyan 5-ci sinif şagirdinin başını itirəcəyinə şübhəm yoxdur. Bu təlimatlar şagirdin fikrini mətn üzərində cəmləməkdən daha çox onun diqqətini yayındırmağa, onu həyəcanlandırmağa xidmət edir. Sanki uşaqlara belə bir göstəriş verilir: kəmərlərinizi bağlayın, gözlərinizi qırpmayın, nəfəs dərməyin, indi siz bir hekayə oxuyacaqsınız. Hələ mətni oxumağa başlamamış şagirdə mətnə aid suallar yağdırmaq, mətndə nədən bəhs olunacağına dair fərziyyələr irəli sürməyi ondan istəmək, elə oxu prosesinin ortasındaca mətndə nəql olunanları eşidib-bildikləri ilə əlaqələndirməyi şagirddən tələb etmək hansı metodiki zərurətdən irəli gəlir?
Bir sıra mətnlərin əvvəlində “Sizcə, bu hekayədə nədən bəhs edilə bilər?”, “Əsərin qalan hissəsində müəllif daha nələri təsvir edəcək?” tipli sualların qoyulması da təəccüb doğurur. Belə çıxır ki, 5-ci sinif şagirdi iki-üç cümlədən, yaxud üç-dörd misradan sonra yetkin bir qələm adamının əsər üçün qurduğu planın detallarını görə bilər. Bu tipli suallar uşaqların bədii zövqünü yox, münəccimlik qabiliyyətini yoxlamağa xidmət göstərir.
Ümumiyyətlə, sualların mətnin oxunuşundan sonra verilməsi daha məntiqlidir. Özü də hər mətnə dair konkret suallar qoyulmalıdır. Bu zaman şagird hər sualla bağlı mətni bir daha gözdən keçirməyə məcbur olar ki, bu da tədris olunan bədii nümunənin daha yaxşı mənimsənməsinə gətirər.
Səh.23-də müəlliflər şeirə tərif verirlər: “Şeir fikrin vəznli, obrazlı, qafiyəli ifadəsidir.” Düzgün tərif deyil, çünki həm heca, həm də sərbəst vəzndə yazılmış qafiyəsiz şeirlər də çoxdur. Daha sonra heca vəznində yazılmış şeirlər haqqında deyilir ki, “həmin şeirlərin birinci misrasında neçə heca varsa, qalan misralarda da o qədər sayda heca olmalıdır. Bir misrada 5, 7, 8, 11, 12, 16 heca ola bilər”. Bu da doğru deyil, çünki müəllif eyni bir şeirdə heca vəzninin müxtəlif ölçülərindən yararlana bilər, belə nümunələr saysız-hesabsızdır.
Süleyman Rüstəmin sovet dövrü dərsliklərindən üzübəri tədris olunan “Azərbaycana gəlsin” şeiri, məlumdur, sovet Azərbaycanına həsr olunub. Odur ki, şagirddə haqlı sual yarana bilər: əgər o zaman hər şey belə gözəl olubsa, ata-babalarımız bu quruluşu niyə dağıdıblar? 5-ci sinif şagirdini indidən belə saxtakarlığa öyrətmək yolverilməzdir. Elə həmin S.Rüstəmin “müddəti başa çatmamış” başqa bir şeirini dərsliyə salmaq bundan uğurlu variant olardı.
Səh.32-də şagirdlərə Azərbaycan bayrağı mövzusunda esse yazmaq tapşırılır, daha sonra essenin necə yazılmasına dair təlimatlar verilir. Əminəm ki, nəinki şagirdlər, lap peşəkar yazıçılar belə, hətta esse janrının banisi Monten də bu tapşırıq-təlimatları oxuyandan sonra çaşıb qalar, heç nə yaza bilməzdi. Əvvəla, təlimatlar özü çox dolaşıq, mənasız, üstəgəl primitivdir. Məsələn, bunu oxumaqla kim nə yaza bilər: “İdeyanı yarada bilən fikirlərə diqqət edin. Əvvəlcə baş verən hadisənin səbəbini göstərin, sonra ondan irəli gələn nəticəni təqdim edin. İdeyanı yaradan fikirlər üzərində bir daha düşünün…” Bu, həm tavtologiya, həm də cəfəngiyyatdır!
Esse bədii janrdır. Əgər hər hansı janrda əsər yaratmağın vahid resepti olsaydı, onu Yazıçılar Birliyinin divarından asardılar, hər kəs də həmin təlimatları oxuyub mükəmməl əsər yaradardı. Elə yazıçı var əsəri başdan-sona nəql eləyir, eləsi var axırdan başlayıb əvvələ qayıdır, eləsi də var mətləbin, yaxud hadisənin düz ortasından başlayır. Yaxud: yazıçı var ki, nə isə yazmaq üçün əvvəlcədən hazırlıq görür, qeydlər aparır, plan tutur, yazıçı da var ki, bunların heç birinə əməl eləmir. İndi bunların hansı birini əsas götürüb demək olar ki, yazı məhz belə yazılmalıdır? Müəlliflərin verdiyi bu “təlimatlar” şagirdin azad düşüncəsinin qarşısını almaqdan başqa bir işə yaramır. Bu ona bənzəyərdi ki, ədəbiyyat nəzəriyyəsini çox mükəmməl öyrənmiş bir insan öz nəzəri biliklərini tətbiq etməklə mükəmməl bədii əsər yaratsın. Halbuki həyatda belə hadisələr, demək olar, baş vermir; yəni adətən yaxşı əsəri biri yazır, mükəmməl nəzəriyyəni isə bir başqası yaradır. Yaradıcı işdə heç bir resept ola bilməz, yalnız şagirdə istiqamət vermək olar ki, bu işi də müəllimin öhdəsinə qoymaq, zənnimcə, yetər.
Səməd Vurğunun “Azərbaycan” şeiri də (səh.37-39) sovet Azərbaycanını vəsf edir. Bundan əvvəl də dediyim kimi, bu tip şeirlərin demokratik, hüquqi dövlətdə, qloballaşan dünyada böyüyən uşaqlara oxudulmasının faydası yoxdur. “Ağdaş pambığı”, “Şəki ipəyi”, “Lənkəran limonu” bu gün poeziyanın yox, bazar münasibətlərinin predmetidir. İndi bu cür şeirlər yalnız reklam mətni kimi işə yaraya bilər. Bu gün hansısa şair hansısa tacirin ölkəyə gətirdiyi malları, yaxud hansısa iş adamının istehsal fabrikini vəsf eləyən şeirlər yazsa, gülməli görünməzmi? Uzağa getməyək, elə S.Vurğunun dərsliyə salınası onlarla dəyərli şeiri var…
Tofiq Bayramın “Ən gözəl” şeiri də (səh.28) sovet Azərbaycanına həsr olunub. Şairin ana vətəni hansı bayram münasibətilə təbrik elədiyi aydın deyil. Mətnin məzmunundan görünür ki, bu şeir Azərbaycanda sovet hakimiyyətinin qurulmasının (28 aprel) hansısa ildönümü günü qələmə alınıb.
Yuxarıda deyilənlər Əliağa Kürçaylının dörd bəndlik “Bakı” şeirinə (səh.46) də aiddir. Maraqlıdır, görəsən, müəllim 5-ci sinif şagirdlərinə “Nəğməsidir zavodların fit səsi” misrasının mənasını necə izah etməlidir?
Sabir Əhmədli bizim ən dəyərli yazıçılarımızdan biri olsa da, ixtisarla verilmiş “Şəhidlər xiyabanı” hekayəsi (səh.64) həm dil-üslub, həm də mövzu baxımından 5-ci sinif şagirdi üçün hədsiz ağırdır. Üstəlik, mətndə getmiş “cada”, “bordür” kimi sözlərə izah verilməyib.
“Ana laylası” (səh.92) mətninin birinci hissəsi ilə ikinci hissəsinin ideya-məzmun baxımından bir əlaqəsi yoxdur. Birinci hissədə cavan meşəliyin salınmasından, quşların, heyvanların burada məskunlaşmasından, onların bala qayğısı çəkməsindən danışılır. İkinci hissədə isə meşə sakinlərinin layla üstündə mübahisəsi düşür. Mətnin adında ifadə olunmuş məzmuna da məhz ikinci hissə uyğun gəlir, yəni birinci hissə olmasaydı belə, ikinci hissə bu məzmunu özündə ehtiva edərdi. Birinci hissənin isə ideya-məzmunu bir qədər fərqlidir, əslində, bu hissə bir başqa – daha maraqlı bir hekayənin başlanğıcı ola bilərdi.
“İki ana” (səh.100) hekayəsində Gülyazın göyü harada yığdığını xüsusi qabartmağa ehtiyac yoxdur, bu, əsərə əlavə nəsə vermir. Yox, əgər müəlliflər “Küdrü” sözünü saxlamağı vacib biliblərsə, onda mətnin sonunda bu coğrafi məkanın harada yerləşdiyi barədə məlumat da verməli idilər.
“Qaranquş əfsanəsi” (səh.113) mətninin ilk abzasında zamanlar qarışdırılıb. Mətndə anlaşılmazlıq var, çobanın “sarıqdan açıldığı” (əslində, adamı sarıqdan yox, sarığı adamdan açarlar) deyilsə də, bundan əvvəl onun tutulduğu, cəzaya məhkum olunduğu barədə heç bir məlumat verilmir.
“Şir və tülkü” (səh.116) nağılı da məzmunca çox bəsit, primitivdir. Tülkünün yaxşılıq əvəzində şirə nə üçün pislik elədiyi, çaqqalın nə səbəbə şirə can yandırdığı heç bir şəkildə açılmır. Burada nə isə bir açar-söz, açar-cümlə, açar-hadisə olmalıydı. Tülkünün əməli ya onun xisləti, ya da keçmişdə baş vermiş hansısa bir hadisə ilə əlaqələndirilməliydi.
Mətnə aid tapşırıqda isə (səh.119) deyilir ki: “…şir və tülkü obrazlarına xas olan xüsusiyyətləri müəyyən edin. Həmin xüsusiyyətləri insanlar və xalqlar üzərinə köçürməklə münasibətini bildirin”. Dərsliyə belə bir tapşırığın salınması biabırçılıqdır. Demək, 5-ci sinif şagirdi insanları, xalqları “şir”lərə və “tülkü”lərə bölməlidir! Bunun ardınca gələn məntiqi nəticə budur ki, “şirlər” yaşamalı, “tülkülər” məhv olmalıdır. Halbuki burada söhbət xalqlardan və insanlardan yox, insandakı müsbət-mənfi xüsusiyyətlərdən gedir; ləğv edilməli, aradan qaldırılmalı olan da ayrı-ayrı xalqlar, insanlar deyil, insanı gözdən salan, cəmiyyət üçün problemlər yaradan həmin mənfi cəhətlərdir.
İnşa yazmaq üçün şagirdlərə yeddi-səkkiz mərhələdən ibarət 6 səhifəlik (səh.132-138) təlimat verilir. Sanki şagird inşa yox, doktorluq dissertasiyası yazmalıdır. Verilən təlimatlar isə az qala hüquqi sənəd dilində yazılmış quru, cansıxıcı, yadda qalmayan söz yığınından başqa bir şey deyil.
Nəhayət, sinifdənxaric oxu bölümündə təqdim olunmuş materialların da tam əksəriyyəti bədii cəhətdən zəif, sönük yazılardır. Məsələn, “Oğru” adlı hekayə (səh.182) patriotik pafosun, anti-erməni ritorikasının olduqca bayağı ifadəsidir. İki savadsız kəndli qadının tarix uğrunda savaşı adamda istehza doğurur. Erməni Siranuşun bir sınıq küp, bir-iki çürümüş sümüklə dünya tarix elminə təsir göstərmək əzmi isə istehza qarışıq bir həsəd də oyadır. Öz xalqı üçün tarix yaratmaq qayğısına qalan erməni qadının canfəşanlığı fonunda tarixçi ərinin tapıntısına kinayə ilə baxan azərbaycanlı qadının öz keçmişinə biganə münasibəti, yumşaq desək, heç də rəğbət oyatmır. Qorxuram bu hekayəni oxuyan 5-ci sinif şagirdi öz nənəmizin yox, erməni Siranuşun tərəfində ola, ona bəraət qazandıra.
Yazı ideoloji baxımdan olduğu kimi bədii cəhətdən də zəifdir. Təhkiyə qüsurludur. Burada insanı tərpədən bir cümlə, bir ifadə belə yoxdur. Dialoqlar sünidir. Məsələn, savadsız qarı məktəbli nəvəsi ilə belə danışır: “Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdu”.
Ermənini söyməklə, onu “pis, murdar, yaltaq, ikiüzlü, yalançı, satqın” adlandırmaqla şagirddə Vətənə sevgi oyatmaq olmaz. Bu metodla uşaqlarımızı “erməni xəstəliyinə” yoluxdura bilərik. Erməni təbliğatından əxz olunmuş üsullarla şagirdlərimizə sağlam vətənpərvərlik duyğusu aşılamaq mümkün deyil, heç lazım da deyil.
Həmin bölmədə bəzi müəlliflər (Gülhüseyn Hüseynoğlu, Hüseyn Arif, Məmməd Araz) nədənsə ayrı-ayrı səhifələrdə ayrı-ayrı əsərləri ilə təkrar təqdim olunurlar. Bu zərurət nədən irəli gəlir, bilinmir. Ondansa şagirdlərə yeni müəlliflər, yeni əsərlər tanıdılsaydı, doğru olmazdımı? Dünya uşaq ədəbiyyatı klassikləri bir yana, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Süleyman Sani Axundov kimi milli klassiklərimizin də dərslikdə adı çəkilmir. İlyas Tapdıq, Eldar Baxış, Ramiz Rövşən kimi bənzərsiz şairlərin uşaqlar üçün yazdıqları şeirlərdən, hekayələrdən, belə görünür, dərslik müəlliflərinin xəbəri yoxdur. Əli Kərim, Vaqif Səmədoğlu, Musa Yaqub, Məmməd İsmayıl kimi qüdrətli şairlərimizin poeziyasından 5-ci siniflər üçün ədəbiyyat dərsliyinə bir misra belə sıçramayıb. Əvəzində kitab uşaqlarımızın zövqünü korlamaqdan savayı bir işə yaramayan sönük, bayağı, təsirsiz mətnlərlə doldurulub.
Ədəbiyyat dərsliyi ədəbiyyatşünas, dil dərsliyi dilçi yetişdirmək üçün deyil. Uşaqlara esse yazmağın reseptini, uzun-uzadı nəzəri təlimatlar, bir sözlə, ağıl verməkdənsə onların zövqünü oxşamaq, duyğularını tərbiyələndirmək, onları gözəl mətnlərə dadandırmaq, mükəmməl bədii nümunələrin timsalında onlara ədəbi dilimizin gözəlliyni göstərmək, şirinliyini daddırmaq, başqa sözlə, ruh vermək gərəkdir. Bunu bacarsaq, sonradan ağıl özü o ruhun dalınca sürünəcək.
“Yeni Azərbaycan” qəzeti