Prezident İlham Əliyev martın 11-də “Dini etiqad azadlığı haqqında” qanunda yenilikləri imzalayaraq tətbiqinə fərman verib. Novator.az bildirir ki, qanunda əsas yeniliyə görə, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərini Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edəcək.
Başqa yeniliyə əsasən, dini qurumun hüquqi ünvanı dəyişdikdə dövlətə bu barədə 10 gün müddətində məlumat verilməlidir.
Dəyişikliyə görə, dini qurumlar dövlət qeydiyyatına alınması üçün təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə olunmalıdır.
Digər yeniliyə görə, dini qurumların ianələri bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə də qəbul edilə bilər.
Prezident Nazirlər Kabinetinə dini qurumların ianə edilmiş pul vəsaitlərini qəbul etməsi qaydasını iki ay müddətində təsdiqləməyi tapşırıb.