Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus Saleh Rüstəmov aclıq aksiyasını davam etdirir.
Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Saleh Rüstəmov aksiyaya noyabrın 6-da başlayıb, noyabrın 8-də onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bəyan olunub.
Noyabrın 10-da “Turan”a danışan vəkil Bəhruz Bayramov Saleh Rüstəmovla görüşdüyünü, məhbusun halsız vəziyyətdə olduğunu deyib. Vəkilin sözlərinə görə, Saleh Rüstəmov aclıq aksiyasını həbsdə qanunsuz saxlanması, noyabrın 5-də verilən amnistiyaya düşməməsi, ailəsinin mülkünün müsadirə edilməsi ilə əsaslandırır: “O, aclığın 10-cu günündən sonra quru aclığa keçəcəyini dedi”.
Bəhruz Bayramov qeyd edib ki, Saleh Rüstəmovun ya əfv sərəncamı, ya da Ali Məhkəmə Plenumunun qərarı ilə azadlığa buraxılmasına hüquqi imkanlar var.
Saleh Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışıb. Birinci Qarabağ müharibəsinin veteranıdır. Gədəbəyin Başkənd kəndinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Milli Məclisin 5 noyabr 2021-ci il iclasında amnistiya qərarı qəbul olunub və dərhal qüvvəyə minib. 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya bir çox məhkumun müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilməsini nəzərdə tutur. Saleh Rüstəmov ağır cinayətə görə məhkum olunduğu üçün amnistiya aktı ona şamil olunmayıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli Saleh Rüstəmovun aclıq aksiyası keçirməyə məcbur olduğunu yazır: “O, gənc yaşlarında Azərbaycanın istiqlal mübarizəsinə qoşulanda dövləti, milləti vecinə almayanlar indi oliqarx, yüksək vəzifə sahibi olublar. Qarabağ savaşı başlayanda Saleh bəy yenə də sinəsini ilk qabağa verənlərdən oldu. Qardaşlarını, əmisi, dayısı uşaqlarını, bütün dost və qohumlarını başına yığıb Qarabağ savaşına könüllü qoşulanda vətəni, milləti saymayanlar yenə də öz şəxsi həyatlarını yaşayırdılar, özlərinə kiçik biznes qururdular. Sonradan həmin adamlar da böyük sərvət, vəzifə sahibinə çevrildilər.
Saleh bəy bu ölkənin torpaqları üçün vuruşdu, strateji əhəmiyyətli Başkəndi bu ölkəyə qazandıranlardan biri oldu. Ancaq indi erməni terrorçulara humanistlik göstərən hakimiyyət Saleh bəylə daha qəddar davranır. Onu Zəfər Günü münasibətilə qəbul edilən amnistiyadan da kənarda qoydular. İndi Saleh bəy çarəsizlikdən aclıq edir. Millətinin vicdanına üz tutur. Rejimin Saleh bəyə qərəzi məlumdur. Bəs millətimiz necə, dövləti, milləti naminə hər cür fədakarlıq etmiş bu gerçək qəhrəmanı qorumaq, xilas etmək üçün səfərbər olunmağa hazırdırmı?”
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”