Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
- 30 Yanvar 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Yanvarın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin mühakiməsi davam etdirilib.
“Turan”ın məlumatına görə, məhkəmə zalında prosesi izləyənlər arasında ABŞ və Rusiya səfirliklərinin nümayəndələri də olub. Rusiya tərəfdən prosesi səfirliyin konsul şöbəsinin müşaviri Vladimir Timoşenko izləyib.
Məhkəmə qarşısına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli çıxarılıb.
29 yanvar prosesində şahidlərin ifadələri dinlənib.
Şahid Tural Mehdixanov bildirib ki, 2016-cı ildən başlayaraq Rusiyadan Bakıya pul köçürüb. 2016-cı idə Vidadi Rüstəmliyə 4 min dollar, 2017-ci ildə 4 min dollar və 175 min dollar verib.
Vidadi Rüstəmli deyib ki, 175 min dollar ona ev almaq üçün göndərilib.
Müdafiə tərəfinin suallarını cavablandıran Tural Mehdixanov etiraf edib ki, istintaqın əvvəlində işə təqsirləndirilən şəxs qismində cəlb olunubmuş.
Digər üç şahid – Elçin Əsgərbəyli, Cavid Məsimli və Cavanşir Abuşov Rusiyada kiçik bizneslə məşğul olduqlarını bildirib. Onlar qeyd ediblər ki, bir neçə dəfə mobil telefon vasitəsilə Rusiyada bank hesabına 1000-3000 rubl (20-60 manat) məbləğində pul köçürüblər.
Cavid Məsimli deyib: “Ramazan ayı idi, öz maaşımdan siyasi məhbus ailələrinə kömək üçün 3000 rubl pul köçürdüm”.
Cavanşir Abuşov isə beş ay ərzində hər dəfə 1000 rubl (20-22 manat) məbləğində yardım etdiyini bildirib.
Məhkəmə iclasından sonra AXCP sədri Əli Kərimli jurnalistlərə bildirib ki, proses hakimiyyətin ifşası ilə nəticələnir: “Bu şəxslərə çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Guya çirkli pulların bankdan kənar vasitələrlə daşınması baş verib. Pulları fərdi yolla çatdırmaqla məşğul olan adam bu gün məhkəmədə ifadə verdi ki, onun işi məhz budur. Rusiyadan kimə pul çatdırmağı deyirmişlərsə, aparıb ona nağd şəkildə pul çatdırırmış. İndi bu işlə məşğul olan adam şahid kimi ifadə verir, peşəkar olaraq neçə illərdir Moskvadan Bakıya qeyri-qanuni pul köçürmələri etdiyini söyləyir. Pul köçürmələrini həyata keçirən adam azadlıqdadır, amma ondan burada öz halal pulunu alan adam həbsdədir”.
Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.
Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.
Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.
İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.