Cəbhəçilərin istintaqı başa çatıb
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə üzvünün də adı keçən cinayət işinin istintaqı başa çatıb.
Söhbət Ali Məclisin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmliyə, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənova, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirliyə, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova və onun qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı başlanmış cinayət işindən gedir.
AXCP-dən Azadliq.org-a bildiriblər ki, ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib.
Partiyadan onu da vurğulayıblar ki, cəbhəçilər heç bir ittihamı qəbul etmirlər. Yaxın günlərdə qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işinin materialları ilə tanış olmalıdırlar. Ardınca cinayət işi məhkəməyə göndərilməlidir.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.
Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də saxlanıblar.
Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.
İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.