Cəza hökmü qüvvəyə mindi
- 10 May 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Bakı Apellyasiya Məhkəməsi Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu həbsdə saxlayıb.
Novator.az bildirir ki, 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayın 8-də Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və AXCP Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli də həbs ediliblər.
Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
Bu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzası kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.
Hökmdə Saleh Rüstəmlinin qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.
Müsadirə olunan əmlakların bir qismi paytaxt Bakıdadır. Yasamal rayonunda 2, Xətai rayonunda 1 mənzil müsadirə olunub.
Gədəbəy şəhərində Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına olan ikimərtəbəli qeyri-yaşayış sahəsi; Saleh Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına 0,5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi; Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus fərdi yaşayış evi; 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi; fərdi yaşayış evi; 0,6 hektar torpaq sahəsi; 0,5 hektar torpaq sahəsi; 0,2454 hektar həyətyanı torpaq sahəsi müsadirə olunub.
Müsadirə olunan digər əmlaklar bunlardır: Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına Abşeron rayonunun Novxanı kəndində 0,1 hektar, Qobu qəsəbəsində 0,08 hektar torpaq sahələri; Gədəbəy-Novosaratovka şosesinin kənarında 0,5 hektar torpaq sahəsi; Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına Gədəbəy rayonunun Qumlu massivində 0,1 hektar torpaq sahəsi.
27 fevral hökmündən şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi mayın 8-də yekun qərar çıxarıb. Əvvəlki hökm dəyişməyərək qanuni qüvvəyə minib.
Azadliq.org-un məlumatına görə, prosesdə çıxış edən Saleh Rüstəmov heç bir cinayət törətmədiyini vurğulayıb.
Aqil Məhərrəmli cinayət işinin siyasi sifariş əsasında, AXCP-nin fəaliyyətinə əngəl yaratmaq məqsədilə quraşdırıldığını deyib.
Babək Həsənov ittihamları AXCP sədri Əli Kərimlini cəzalandırmaq üçün düzülüb-qoşulduğunu, partiyanın və Milli Şuranın qarşısını almaq məqsədi daşıdığını qeyd edib.