Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
- 30 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Aprelin 29-u Bakı Apellyasiya Məhkəməsində hakim Ramiz Bayramovun sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmlinin və partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun şikayətləri üzrə ilkin baxış olub.
Novator.az bildirir ki, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və AXCP Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli də həbs ediliblər.
Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzası kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.
“Turan”ın məlumatına görə, aprelin 29-u ilkin baxış zamanı məhbusların vəkilləri apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi üçün vəsatət qaldırıblar. Müdafiəçilər həmçinin hər üç şəxs barəsində həbs qətimkan tədbirinin apellyasiya baxışı dövründə ev dustaqlığı və ya girov müqabilində ev dustaqlığı cəzası ilə əvəz edilməsini istəyiblər. Vəsatətlərin heç biri təmin olunmayıb.
İş üzrə məhkəmə baxışı mayın 8-nə təyin edilib.