Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Hərbdə sualtı qayıqların kəşfi çox mühüm dəyişikliklərə, yeni vəziyyətlərə gətirib. 22 sentyabr 1914-ci ildə Almaniyanın sualtı qayığı qəflətən, gözlənilmədən Britaniya sularında peyda olur və o zaman güclü hərbi dəniz donanmasına sahib Britaniyanın 3 zirehli kreyserini cəmi 1 saat 15 dəqiqəyə batırır. 1500 britaniyalı həlak olur, Böyük Britaniya şok yaşayır. Sonra uzun zaman bu əməliyyat müzakirə olunur, haqqında araşdırmalar aparılır, İkinci Dünya savaşında da bu taktikaya əl atılır.
Günümüzün hərb güc nümayişlərində də belə taktikaya rast gəlinir. 2020-ci ildə ABŞ-ın sualtı qayığı Arktikada, Rusiya sərhədlərinin bir neçə kilometrliyində buzu yarıb üzə çıxdı. Rusiya bir neçə ay sonra Arktikada 3 sualtı qayıqla eyni taktiki gediş etdi.
Rəqibi hazırlıqsız yaxalamaq, heç kəsin gözləmədiyi məqamda və məkanda üzə çıxmaq taktikasından söhbət gedir.
Siyasətdə primitiv yanaşmanı, pafosu kənara qoysaq, bəzən, hətta tez-tez sualtı qayıq taktikasından istifadə etmək mümkündür. Ölkəmizin siyasi səhnəsi çox qarışıb, müxaliflik pafosa və ancaq bəlli simvolizmlərlə mübarizəyə dönüb. Halbuki müxaliflik tək mövcud vəziyyətin təhlili və tənqidi deyil, həm də vəziyyətin dəyişməsi reseptinin təklifi və müzakirəsidir. Xalqımızın böyük bir hissəsinin siyasətdən kənarda qalmasının müxtəlif səbəbləri var, amma bunu tək hakimiyyətin basqıları, hədə-qorxuları ilə izah etmək doğru deyil. Əsas məqamlardan biri heç bir inandırıcı resept olmadan “bunlar pisdir, biz gəlsək, yaxşı olacaq” yanaşmasıdır. Pisi hamı görür (İlham Əliyevin daxili, yəni iqtisadi, sosial siyasəti bərbaddır), amma nəyin, necə, nə zaman yaxşı olacağına inandırmaq gərəkdir. Azərbaycan siyasətində məhz bu çatışmır, kimsə məhz siyasi çərçivədə taktiki və strateji addımlar ataraq əsl siyasət müstəvisi yaratmağa çalışırsa, dərhal primitiv siyasi “elita” söhbəti simvolizmə və pafosa çəkib mənasızlaşdırır.
Məsələn, “İlham Əliyev niyə rus “sülhməramlılarını” ölkəyə buraxdı?” deyənlər “biz olsaydıq, bunun əvəzinə nə edərdik” sualına cavab verə bilmirlər. Ya da, məsələn, bizim partiya dəfələrlə Qarabağ mövzusunda hakimiyyətin doğru addımlar atdığını, Qarabağ mövzusunda xarici siyasəti düzgün qurduğunu deyib, bunu əsaslandırıb – amma primitiv düşüncəli bəziləri yalandan bizim bütün xarici siyasəti bəyəndiyimizi deyirlər. Əvəzində isə özləri bu məsələdə nə edərdilər – bunu izah edə, ortaya arqument qoya bilmirlər.
İndi ölkədə siyasi həyat durğunluq nöqtəsindədir, heç bir proses (seçki, referendum və s.) yoxdur, ağıllı siyasi partiyalar, təşkilatlar növbəti siyasi dalğalara, seçkilərə, yeni siyasi çağırışlara hazırlaşmalı, obrazlı ifadə etsək, sualtı qayıq kimi bəzən gözə görünmədən, dərinliklərə enərək öz işlərini keyfiyyətlə, ardıcıl görməlidir ki, zamanı yetişəndə, siyasi proseslər başlayanda heç kimin gözləmədiyi yerdə üzə çıxıb öz hədəflərinə çatsınlar.
Siyasət budur, siyasi taktika və strategiya belə qurulur, 30 ildir həm hakimiyyət, həm də bəzi müxalif qüvvələr siyasəti bəsitləşdirib hay-küyə çeviriblər. Xalq da bunu görür, bilir, hiss edir, ona görə də siyasi proseslərdən uzaq durmağa çalışır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış