Vahid Qazi
20 yanvar günü səhər obaşdan şəhərə xəbər yayılar ki, gecə Bakıya qoşun girib, milləti qırıb, küçələr meyitlə doludur, ölənlərin çoxu da tələbədir.
“O, mitinqlərdən yığılmırdı. Onu da öldürüblər”. Atamın reaksiyası belə olub. Dərhal da üz tutub poçta. Ağdam poçtunda da iynə atsan yerə düşməz – hamı Bakıyla danışıb yaxın adamından xəbər tutmaq istəyir. Uzun növbədən, neçə saatın basabas gözləntisindən sonra, nəhayət, axşama yaxın poçtdakı telefon budkalarından birinə girə bilir. Hansı qohumla danışırsa, “Burda idi, indi getdi”, “Salamatdır, bayaq danışdım” sayaq söz eşidir, amma “Burdadır, al danış” deyən olmur.
Təlaş içində evə dönür, anama “Yüz faiz o da ölən tələbələr arasındadır, mənə demirlər” deyib maşına oturur, birbaş Bakıya.
Yazıq anam başına xeyli arvad yığıb mənə yas tutur.
Mən də Papanində kirayə qaldığım otaq yoldaşlarımla Salyan kazarması yolunda gördüklərimizin şokunda. Neçə gündür rus əsgərləri kazarmadan çıxmasın deyə darvazanın qabağında keşik çəkirik. Hisin-pasağın içində. Dedik gedək yuyunaq, dincələk, gecə yenə gələk. Gecə də…
Şıxovda hərbçilər yolu bağlayıb, Bakı qeydiyyatı olmayanı buraxmırlar. Atam yanvarın 21-də səhərə doğru maşını bır yerə atıb neçə avtobus dəyişir, günortadan keçmiş bir zülmlə gəlir əmimgilə. Mən də əmimin təkidiylə onlara gəlmişəm.
…Zəng çalındı. Qapını açan əmimin səsi: “Boy, Pərviz, qəfil hardan belə?” “Ölüb, heyləmi? Hansınızdan soruşuram “Burdaydı, getdi” deyirsiniz, aldadırsınız”.
Atamın səsinə qapıya yüyürdüm. Məni gördü. İlahi, üzündəki o ifadə nə idi! Az qaldı kişinin dizi qatlana. Qucaqlamaq istəyəndə sifətimə möhkəm bir şillə çəkdi. Səsi xırıldadı. Sonra boynuma sarıldı. Öpəndə üzüm islandı. Ağlayırdı.
Atam sərt adam idi, istəyini heç vaxt büruzə verməzdi. Həmin gün ilk kəz onun məni necə sevdiyinə şahid oldum, sən demə, dəli bir eşqlə sevirmiş məni.
Uşaq vaxtı yüngül kötəyini az yeməmişəm. O axşam həm də atamın son şilləsini daddım. Dünyanın ən şirin şilləsini.
***
20 yanvar tək mənim yox, elə hamımızın sevgi və şillə daddığı gündür. Şilləni o günəcən özümüzün bildiyimiz ordudan aldığımız kimi sevgini də xalq olaraq bir-birimizdən aldıq.
22 yanvar günü 100 minlərlə insanın bir-biriylə sevgi paylaşdığını mən də gördüm. Şəhidlərin dəfninə atamla gedəndə…
P.S. 19 yanvar gecəsi bizi qıran rus əsgərlərinin balaları 30 il sonra 9 noyabr gecəsi qəfil Qarabağa soxuldular. Görünən odur ki, onlarla işimiz hələ bitməyib!
20 yanvar 2021
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün paytaxt Bakıda qırğın törədib, 131 nəfər öldürülüb. Yanvarın 25-i Neftçalaya, 26-sı Lənkərana da qoşun yeridilib, hərbi təcavüz qurbanlarının sayı 147-yə yüksəlib.
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair