İlin sonu: yazıçılar nə düşünür?
- 28 Dekabr 2020
- comments
- Novator.az
- Posted in ManşetŞərh
2019-cu ildə 2020-ci ili necə təsəvvür edirdiniz? Gələn illərdə 2020-ni necə xatırlayacağınızı düşünürsünüz? Ümumiyyətlə uğursuz və yaxud uğurlu il anlayışı varmı, yoxsa insanlar bu yozumu özlərinə bəraət qazandırmaq üçün uydurublar?
Novator.az saytı bu suallarla yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
Rəşad Məcid:
– 2019-da 2020-nin adi il olacağını fikirləşirdik. Çinin Uhan şəhərində koronavirusla bağlı müəyyən narahatlıqların ortaya çıxdığından xəbərim vardı, amma virusun belə sürətlə pandemiyaya çevrilib bizi evə qapadacağını, bu miqyasda fəsadlar törədəcəyini düşünmürdüm.
2020-ci ilin bizim zəfər ilimizə çevrilməsi möcüzə oldu. Hər il və il sonu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı dualarımız, arzularımız əskilməzdi, ancaq torpaqlarımızın 2020-ci ildə azad olunacağını, düzü, təsəvvür etmirdim. Əlbəttə, həmişə bu barədə fikirləşirdim, xəyallara dalırdım, ancaq bu tarixin 2020-də, özü də pandemiya dövründə baş verəcəyini düşünmürdüm.
Torpaqlarımızın işğalçılardan azad olunması, bayrağımızın Şuşaya sancılması ilə 2020-ci il tarixə düşdü, böyük zəfər ili oldu.
İnsan yaranandan ümidlə yaşayır. Bunsuz yaşamaq çətin olar. Ona görə ta qədimdən adamlar, məsələn, ulduz bürcləriylə talelərinə, gələcəyə işıq salmaq istəyiblər, uğurlu-uğursuz illər kimi bölgülər aparıblar, əfsanələrlə ümidləri əlaqələndirməyə çalışıblar. Amma şübhəsiz ki, ilin yaxşı olması daha çox ətrafdan asılıdır. Hesab edirəm ki, əsas amil insanın içindəki enerjisi, ruhi vəziyyətidir. Hər şey adamın özündən asılıdır. Əgər sən nikbin və əzmkarsansa, mübarizsənsə, arzulara çatmaqdan ötrü zəhmət çəkirsənsə, mütləq bunun bir nəticəsi olur. Amma passiv, ümidsiz, arzusuz qalanda il lap yaxşı, bərəkətli olsa belə yenə pozitivlər həyatına yol tapmır.
Tezliklə pandemiyanın yoxa çıxması arzusu ilə hamının qarşıdan gələn yeni ilini təbrik edirəm. İnsanların ünsiyyətə, bir-birini görməyə çox ehtiyacı var. Bu istək, bu ehtiyac 2020-də daha çox hiss olundu. İlin sonundayıq, arzu edirəm ki, gələn il biz dostlarımızla, yaxınlarımızla, arzuladığımız insanlarla tez-tez görüşüb ünsiyyət qura bilək. Həm də bu ünsiyyət Şuşada, Laçında, Ağdamda, işğaldan azad olunmuş bütün torpaqlarımızda gerçəkləşsin!
İlqar Əlfioğlu:
– 2019-da ağlıma da gəlməzdi ki, növbəti ildə bu dərəcədə radikal dəyişikliklər baş verəcək. Elə bilirdim 2020 də illərdən biri olacaq. Amma il başlanana yaxın artıq müharibənin havası qulağımıza dəyirdi. Müəyyən mənbələrdən, hadisələrin gedişatından prosesin başlandığı hiss olunurdu.
Mən 2020-ci ili gələcəkdə həyatımın ən gözəl illərindən biri kimi xatırlayacam. Əvvəla, bu il savaşımız qələbə ilə bitdi. Bu həm də qlobal çağırışlara, o cümlədən pandemiya, xəstəliklərlə bağlı çağırışlara bir cavab oldu. Hesab edirəm ki, biz bu ilkin məşqi keçdik. İndi inkişaf elə səviyyədədir ki, artıq texnologiya, həyat sanki sənin ixtiyarından çıxıb, daha çox kiminsə buyruğuyla idarə olunur. Və gələcəkdə biz bununla daha tez-tez rastlaşacağıq. 2020-ci il bizim üçün həm də bu baxımdan çox qiymətlidir.
İli ən çox dəyərləndirən hadisə, sözsüz ki, torpaqlarımızın geri alınması oldu. Güman edirəm ki, bizim Qarabağ dərdimizin miqyasından danışmağa gərək var, çünki bu bizim ümumi dərdimiz idi. Haradasa 30 il ildir bu hadisələrin içində yaşayırıq. Mən də proseslərin ilk günündən hadisələrin içində olmuşam. Konfliktin ilk simptomlarını müşahidə etmişəm. Daima işğalın bitməsini arzulayan bir adam kimi indi şükür edirəm ki, bu günlərə sağ-salamat gəlib çıxdım. Bir an da olsa şübhə etmirdim ki, nə vaxtsa Qarabağı geri qaytaracağıq, amma son bir-iki ildə düşünürdüm ki, ola bilsin, mən o günü görə bilməyim. Bu günü görmək xoşbəxtliyi mənə də nəsib oldu.
Böyük qələbənin miqyasını daha heç nə bizim gözümüzdə kiçildə bilməz. Əminəm ki, gələcəkdə 2020-ci ildən danışanda, hətta şəhid verən insanlarımız, qazilərimiz və ailələri, bu ili böyük həyəcanla yaşayan insanlarımız belə böyük mənada 2020-ni özləri üçün qələbə ili sayacaqlar. Çünki bunu çoxdan gözləyirdik, illərlə hər birimiz ürəyimizdə Qarabağın bədəlini hesablayırdıq. Yəqin çoxları indi etiraf edər ki, hərə bir rəqəm deyirdi, nə qədər şəhid verəcəyimiz barədə hər kəsin ürəyində, öz övladları da daxil, ehtimali rəqəm, say var idi. Və bu rəqəmlər indikindən qat-qat böyük rəqəmlər idi. Hər kəs deyirdi ki, nə olur-olsun, təki Qarabağ işğaldan azad olunsun. Şəxsən mən elə bir rəqəm, elə bir itki sayı düşünürdüm ki, onu təsəvvür edəndə belə adamın gözü qaralırdı. Mən də razıydım ki, biz bu itkini verək, təki gələcək nəsillər sakit və xoşbəxt yaşasınlar və onlar 2020-ci ili özlərinin qələbəsi, hətta daha sonra doğulan uşaqların qələbəsi kimi qeyd etsinlər. Bu baş verdi.
Qələbənin dəyərini bilmək lazımdır, qələbəni aşağılamaq olmaz, qələbə hamımızındır. Bu qələbəyə hamımız şərikik. Bir-birimizi 2020-ci il münasibətilə təbrik edək, pandemiya sadəcə bir naxış idi, oldu keçdi…
Təbii ki, uğurlu il anlayışı fərdlər üçündür. Ümumən uğurlu, uğursuz il yoxdur. Ola bilər ki, qlobal bir müharibə faktoru ilə bağlı il uğursuz görünsün, amma bu da ancaq qlobal hadisələrdən dolayı uğursuz il hesab edilə bilər, şəxsi həyatda isə o il kimlər üçünsə uğurlu ola bilər. Ayrı-ayrı fərdlərin başına gələn hadisələrin prizmasından yanaşsaq, heç bir ili ümumiləşdirib uğurlu və yaxud uğursuz adlandırmaq mümkün olmayacaq.
İllər bir-birindən gözəldir. Allah bizləri yer üzünə müəyyən bir həyatı yaşamağa gətirib, bu da bir sınaqdır. Məncə, ili, fəsli uğurluya, uğursuza bölmək düzgün yanaşma deyil, hamısı gözəldir. Biz gözəl olanda il də gözəl olur, yox, əgər biz gözəl deyiliksə, yaradılışa qəsd ediriksə, deməli, heç bir ilimiz gözəl ola bilməz.
Qurban Yaquboğlu:
– Başa vurmaqda olduğumuz il yəqin tək mənimçün yox, hamıdan ötrü sürpriz bir gələcək oldu. İlin başlanğıcında 2020-nin təsəvvürlərdə cızılan rəsmiylə virusun fırçasında ortaya çıxan gerçək təsvir arasında müdhiş fərqdən danışmağa söz çatmaz. Dünyanın bütün informasiya vasitələrinin ağız-ağıza verib daha tünd rənglə yaratdığı korona xofu, ölüm təşvişi və sonda az-çox adaptasiya… Nə yaxşı ki, tək insan orqanimzində yox, insan psixologiyasında da vəziyyətə uyğunlaşmaq mexanizmi var.
Ancaq ilin ən böyük hadisəsi mənə və inanıram hər bir kəsə görə Qarabağda baş verdi. Azərbaycan coğrafiyasında son 30 ildən bəri ən böyük hadisə məhz Qarabağda ola bilərdi və orda da oldu! Söhbət işğal altında olan rayonlarımızın, o cümlədən Şuşanın azad olunmasından gedir.
Məsələnin yalnız bir fərdə, ola bilsin, təkcə mənə aid orijinal tərəfi də var. Bu, mənim düşüncəmdə son 30 ildə hadisələr, proseslər, siyasətçilər barədə formalaşmış məlum dünyagörüşün birdən-birə dəyişməsi, insanlara, siyasətçilərə verilən “yaxşı-pis” anlayışının tərsə çevrilməsiydi. Pul dəyişimindəki kimi qəfil əsginazlar qiymətdən düşdü, yeni kağızlar məna və dəyər kəsb elədi. Biz nədən ictimai-siyasi proseslərə sadə, bəsit süjetlər kimi, siyasətçilərə isə kolxoz personajları sayağı yanaşmışıq?.. 2020-ci ili mən böyük dəyişiklik ili kimi xatırlayacam.
2020-ci ilin bir özəl cəhəti də beynimizə pərçimlənmiş bəlli “uğurlu-uğursuz il” qəlibinin sıradan çıxmasıdır. Bir yandan korona sözünün yaratdığı xof, digər tərəfdən dron sözünün ifadəsindən beynimizin aldığı sevinc, qələbi həzzi…
Mən, əlbəttə, içərisində olduğum mikrodünya haqda danışdım, böyük dünyanın olayları, zənnimcə, hələ pis səmtə gedir. Dünya probemlərə əlac axtarmaqdan çox əlacı başqalarına problem yaratmaqda görür. Bu, yaxşı deyil. Bir qədər idealist yanaşma olsa da, deyim ki, dünyaya işığın ilkin işartıları Qafqazdan, türk dünyasından sıçrayır (vaxtilə əks qütbdə dayanmış ölkələrin yeni əməkdaşlq arayışları, düşmənlərin birgəyaşayış imkanları və sair). Bu, etnik nikbinliyin təhrifli coşğusu kimi qəbul olunmasın, rica edirəm.
Oqtay Əhmədov:
– Hər ilin sonu – Yeni il qabağı, qismət olsa, gələn ilin daha uğurlu, daha çox şad xəbərlə keçəcəyinə ümid edirəm. Hətta bu gələn ilin bəlkə başdaşımda ölüm tarixinə çevrilə bilmə ehtimalını da istisna etmədən yenə hansısa möcüzəvari, yaxşı mənada fövqəladə bir hadisənin baş verəcəyinə gözləntim olur.
2020-ni gələcəkdə necə xatırlayacağımı indidən heç təsəvvürümə də gətirə bilmirəm, çünki xain pandemiyayla qol-qola ömrümüzə təşrif buyuran bir ili yaşayıb sağ-salamat başa vurmaq lazımdır. İnşallah, ömür vəfa etsə, 2022-ci ildə 2020 haqda təəssüratlarımı bölüşərəm.
Mənə görə, illərin uğurlusu, uğursuzu olmur. Hər şey nisbidir dünyada. Yaxşı olardı ki, uydurma anlayışlara söykənib “özlərinə bəraət qazandırmaq” istəyənlər uğursuz adlandırdıqları ilin “uğursuz” alınmasına aparan obyektiv və subyektiv amilləri, səbəbləri, atdıqları addımları, etdikləri hərəkətləri soyuq başla araşdırıb özləri üçün ibrətamiz nəticə çıxarsınlar.
Oqtay Qorçu