Firuzə Davudqızı
Yeddinci bölüm
…Günlər sonra böyüklər yığışıb Fatiməni Vüqar üçün istəməyə getdilər.
Bu qədər ağrı-acıdan sonra, nəhayət, valideynlərimiz xoş bir səbəb üçün bir araya gələcəkdilər. Bu xeyir iş həyatın təkcə qəm-qüssədən ibarət olmadığının isbatı idi.
Qəribə bir sevinc bürümüşdü varlığımı. Mən hər kəsdən çox həyəcanlıydım. Vüqarla Fatiməyə görə çox sevinirdim.
Eyni zamanda da elçilərin xoş xəbərlə qayıdacağına, sevənlərin qovuşacağına ümid etmək istəyirdim. İstəyirdim toy-büsat olsun. Üzümüz gülsün artıq.
Dilbər xanımgil yola düşəndən bir qədər sonra Rəna Azadı da özüylə götürüb aparmışdı. Vüsətlə mətbəxdə baş-başa verib söhbət edirdilər. Bunu fürsət bilib mən də salona üz tutdum. Azər Arazla birlikdə idi. Araz son günlərdə yeni bir adət tapmışdı, əlbəttə, atasının təşəbbüsü ilə….
Azər onu ayaqlarının üstündə oturdub əllərindən yapışaraq yelləncək əvəzi yellədirdi.
Ayağını uşaqla birlikdə havada ahəstə-ahəstə qaldırıb-endirdikcə vəziyyətindən xeyli məmnun olan və özünə yeni bir əyləncə tapmış Arazın şirin gülüşü salonu bürüyürdü.
Divanda Azərin yanında əyləşdim. Onları seyr elədikcə dodaqlarım qeyri-ixtiyari təbəssümlə doldu.
Onun bütün diqqəti Arazın yanında olsa da, arada bir dəfə zəndlə üzümə baxdı. Baxışlarının mənası, üzünün ifadəsi dəyişdi. Sonra diqqəti yenidən ayağının üstündə oturub onu silkələyən eyni hərəkətləri təkrar etməsini istəyib tələsdirən Araza doğru yönəldi. Bir qədər Arazla maraqlanıb məşğul olandan sonra:
– Bəs edər də, qardaşımsan, insaf elə, – dedi. Və uşağı ayağının üstündə göz qırpımında havaya qaldırıb belindən yapışdı. Qucağında oturtdu. Araz yenə dinc durmadı. Gah mənim qollarıma gəldi, gah atasına geri qayıtdı. Diqqəti özünə çəkməyi bacarırdı. Barmaqlarını atasının qaşının üstündəki çapığa toxundurub tez də geri çəkərək toppuş dodaqlarını büzüb uzada-uzada özünəməxsus tərzdə bunu mənə izah etməyə çalışdı:
– Ufff… ufff…
Məyusluğunu ifadə edər tərzdə üz-gözünü turşutdu.
Bu anda Azərlə baxışlarımız toqquşdu. İkimiz də həmişəki kimi deməyə söz tapmadıq.
Son günlər Araz bunu tez-tez təkrar edirdi. Atası onu qucağına alan kimi ilk işi zəndlə həmin çapığı yoxlamaq və eyni kəlməni təkrar etmək olurdu. Hissiyyatlı uşaq idi. Diqqətindən isə heç nə yayınmırdı. Sərbəst danışa bilməsə belə duyğularını ifadə etməyi gözəl bacarırdı.
Azər onun əl çəkmədiyini görüb qucaqlayaraq boynundan, boğazından öpdü.
Bu vaxt qapı zəngi çalındı. Azərlə bir-birimizə baxdıq. Atasıgilin qayıtdığını zənn edən Azər təəccübləndi:
– Belə tez?
Çiyinlərimi çəkdim. Vüsət qapıya getdi. Və tezliklə Vüqarla qayıtdı. Dostunu görməsiylə Azəri təbəssüm sardı.
– Təxmin etməliydim bizim quldurlardan biri olacaq bu gələn.
Vüqar həyəcanlı bir şəkildə salona gəldi. Salam verib, Arazı qucağına aldı.
– Nə olub, nə tövşüyürsən?- Azər maraq içində dostunu süzdü.
– Evdə dayana bilmədim, qaqaş…
– Ünvanı səhv salmamısan ki?
– Düppədüz gəlmişəm, heç nigaran qalma. Böyüyümsən, qərdeşimsən, sənin yanıva gəlməliyəm də ala. – Arazı öpüb-əzizlədikdən sonra giley-güzara keçdi. – Mən özüm gəlməsəm maraqlanmırsan bu oğlan necədir, neyləyir? Taleyi həll olunur axı. Zəng vurub bir kefini xəbər alım. Allaha da xoş getsün, bəndəyə də… Vaxtilə belə dəstək olmuşduq sənə begəm?
Azər kefini pozmadan həmişəki məzə ilə:
– Bahoo… Elçi dedün, göndərdik getdilər də… – dedi.
Vüqar narazılıqla başını bulayıb, bu dəfə mənə şikayətləndi:
– Gəlinbacı, az qalıb ki, qohum olaq… bu kişinin mənə münasibətinə bir bax da. Özü də belə həssas məqamda. Eehh…
– İnşallah deginən atam, inşallah! – Azər güləş ifadə ilə yenə Vüqara sataşdı.
– Sən nəhs gətirməsən alınar. – Vüqar tərs baxışlarla dostuna baxdı.
– Mən neyləyim ala, qızın sahibi var.
– Mən neyləyim… mən neyləyim… Söz tapıb özüyçün. – Vüqar deyindi. Birdən Azadı xatırlayıb məndən onu xəbər aldı. Rənadan Azadı bura gətirməsini istədim və çox keçmədi ki, o, Azadı gətirib Vüqara verdi. Daha sonra əlində məcməyi yenidən salona qayıtdı. Çayları süfrəyə düzüb getdi.
Vüqar Azərlə söhbət edə-edə bir yandan da uşaqları dindirib-danışdırmaqda idi ki, Azər dostunu süfrəyə dəvət etdi:
– Buyur əyləş. Çayını iç, darıxdırma özünü!
– Həyəcandan boğazım quruyub, brat, amma hərini almayınca su da içən deyiləm, nahaq zəhmət çəkmə.
– Sən məni dinlə də.
Gülüşdülər.
Həmin axşam vaxtın necə keçdiyini hiss etmədik. Qapı zənginə gedən Vüsət tezliklə qayınatamgilin qayıtdığını xəbər verdi. Az sonra Dilbər xanım üzündə məmnun ifadə ilə salona daxil oldu. Vüqarı bizdə görməsi isə onun sevincinə sevinc qatdı. Qarşısına yeriyən, onunla salamlaşan Vüqarı doğmalıqla bağrına basıb:
– Allah bəxtəvər eləsün sizi, oğlum! Allah mübarək eləsün! – deyə öz balası kimi ona xeyir-dua verdi. Vüqar pörtüb qızardı. Baxışlarını yerə dikdi, lakin bəxtiyarlığı açıq-aydın göründü.
Dilbər xanımın sözlərindən məsələni anlayıb gözlərimin içi gülə-gülə Azərə baxdım. Onun da kefi duruldu. Üzü güldü. Əlini şəstlə dostunun əlinə vurub onu qucaqladı.
– Xoşbəxt olun!
– Sağ ol, brat!
Dilbər xanım gülərüzlə nəvələrini dindirib çağıraraq keçib divanda əyləşdi. Uşaqları da yanına çəkdi. Hər birini ayrı-ayrılıqda öpüb qoxuladı. Şirin sözlərlə, “Noğulum-nabatım! Şəkərim, balım! Nənə darıxıb sizünçün! Qurban olaram sizə elə!” deyə-deyə gah Arazı, gah da da Azadı oxşamağa başladı.
Sonra üzünü mənə tutub, üzündə xoş təbəssüm elçilikdən danışmağa başladı. Maraqla onu dinləməyə başladım. Atamın verdiyi qərar – iki sevən gənci ayırmamaq addımı məni məmnun etmişdi. Gözümün nuru, başımın tacı atam! Mərhəmətli qəlbi həmişə ədalətli qərarlar çıxarırdı. Anamın iradına, təzyiq göstərməsinə rəğmən sonda yenə öz ağlının, ürəyinin hökmünə səs verirdi.
Sənsiz bir günüm olmasın, ata!
…Bir neçə gün sonra Vüqarla Fatimənin nişan mərasimi oldu.
Rəna uşaqları geyindirməkdə Dilbər xanıma kömək edirdi. Dilbər xanımın nəvələrini oxşayan şirin sözləri onun otağından tez-tez duyulmaqda idi. Azad sakit və üzüyola idi, lakin Arazın öhdəsindən gələ bilmirdilər. Köynəyini güc-bəla ilə yenicə geyindirmişdilər ki, o, əllərindən çıxıb yüyürərək salona üz tutmuşdu. Babasına can atırdı. Kişi onu görcək gümrah səslə:
– Xilas ola bildin, atam? Gəl görüm bura! – dedi.
Rəna dalınca getmişdi. Araz isə inad edib babasının qucağından enmək istəmirdi. Kişinin heç vaxt duymadığım gülüşünü, qəhqəhəsini eşidirdim bu gün. Nəvəsinin şeytanlıqları onun kefini yaman kökəltmişdi.
Bir sözlə, evimiz bu gün çox səs-küylü idi.
Aynanın qarşısına keçib hazırlanmaqda idim ki, baxışlarım ixtiyarsız olaraq güzgüdən mənə tuşlanmış iri qara gözlərin sehrinə yönəldi. Təbəssümümü boğa bilmədim. O, yanıma gəlib saçlarımdan öpdü. Güzgüdən zəndlə üzümə baxmağa başladı.
– Səni ilk dəfə o eyvanda gördüyüm gün anlamışdım ki, mən illərdir məhz səni axtarırammış… Səni gözləyirəmmiş…
Sözləri çoxdandır sızlayan yarama məlhəm kimi gəldi, üzümdə təbəssüm yaratdı. Buna qarşılıq olaraq:
– Mənim səni gözlədiyim kimi! – dedim. Ayaqlarımın ucunda qalxıb üzündən öpdüm. Gözlərimi gözlərindən çəkmədən davam elədim. – Elə bir gün yox idi ki, xəyalını gözlərimdə canlandırmayım. Hər gün dua edirdim ki, sən Bakıya qayıdasan. Biz qarşılaşaq. Səninlə üzbəüz dayanmağı, kim bilir, nə qədər xəyal etmişdim.
Azərin mənim etiraflarıma gözləri qıyıldı, gülümsündü.
– Deməli, dua edirdin…
– Əlbəttə, edirdim. – Gülərüzlə gözlərinin içinə baxaraq ona sarıldım. – Və nə yaxşı ki, dualarım qəbul oldu! Sən gəldin! Biz bu gün bir yerdəyik!
Belimə doladığı qollarını bir az da sıxdı. Daha da məhəbbətlə qucdu məni.
– Həmişə bir yerdə olacağıq. Həmişə! Sən mənə dünyanın ən qiymətli iki nemətini bəxş etmisən! Məndən bəxtiyar insan varmı bu dünyada? Üstəlik bu gün qardaşımın şad günüdür. İkiqat sevincliyəm. Onu xoşbəxt görmək mənimçün nəyə desən dəyər. Ceyhunun toyunda nəsib olmadı mənə, heç olmasa Vüqarda layiqincə iştirak etmək fürsətim olsun.
Ona haqq verərək təsdiqlədim.
Bir qədər sonra biz artıq atamgildəydik.
…Azər maşından enərkən qapının girişində qonaqları qarşılayan qohumların arasında dayanmış adamı görüb duruxdu. Əvvəlcə gözlərinin onu yanıltdığını düşünsə də, atası ilə əl sıxıb doğmalıqla bir-birinə sarıldıqlarını görəndə heyrətini boğa bilmədi.
– Kamal dayı?!
Yerindən tərpənmədən bir xeyli onları izlədi. Yanılmırdı. O idi. O özü də Azərə baxırdı. Üzündə kədərli bir təbəssüm dolanırdı.
Azər Ceyhunun səsinə özünə gəldi.
– Gəl də, atam.
Azər ona qoşulub içəri addımlasa da, öz-özünə sual verdi.
– O hara, bura hara?
– Necə? – Ceyhun təəccüblə dostuna baxdı.
– Heç, elə-belə…
Yaxınlaşıb salam verdi. Əlini Kamala uzatdı. Kamal ört-basdır edə bilmədiyi bir kövrəkliklə Azərin əlini sıxıb onu bağrına basdı.
– Hər vaxtın xeyir, oğlum. Necəsən?
Azər çaşqınlığını üzərindən ata bilmədən sual yağan nəzərlərlə gah atasına, gah da Kamala baxaraq cavab verməli oldu.
– Şükür, salamatlıqdır. Sən necəsən, dayı?
– Siz yaxşı olasız. Əlhəmdüllilah!
Azər eyni ifadə ilə təkrar atasına baxdı.
– Tanışsız?
Ənvər buludlanmış baxışlarını Kamalın üzündə gəzdirib ağır-ağır başını tərpətdi.
– Kamal mənim təkcə dostum deyil, həm də qardaşımdır. Sən hələ dünyaya gəlməmişdən tanıyırıq bir-birimizi.
Azərin baxışları, ifadəsi dəyişdi. Zehnində bu müəmmanı çözməyə, bu qarışıqlığı özü üçün aydınlaşdırmağa çalışdı. Kamal onun bu an nə düşündüklərini üzünün ifadəsindən oxuyub gülümsündü:
– Bir gün bu barədə ətraflı danışarıq, oğlum!
Azər onun fikri ilə razılaşıb başını tərpətdi.
…Bu gün hamı sevincliydi, hamının üzü gülürdü. Tamarzı qaldığımız bu xoşbəxtliyin bitməməsini diləyirdim.
Vüqarın bacıları Fatimənin başına pərvanə kimi dolanır, əzizləyirdilər. Vüqarın isə sevincinə söz yox idi.
Ağsaqqalların xeyir-duasından sonra üzüklər taxıldı. Gənclərə xoşbəxtlik dilədilər. Vüqarla Fatimə bu anlarda çox xoşbəxt görünürdülər.
Yanımda dayanmış Türkan belimi qucub məni özünə sıxaraq qulağıma pıçıldadı:
– Şahnaz xanım həmişəki kimi yenə də nədənsə narazıdır, bir bax.
Bacımın sözlərinə məni gülmək tutdu. Türkan haqlı idi. Azərlə mənim nişanımda da eynən bu ifadə vardı üzündə. Lakin sonradan bunun heç də belə olmadığını anladım.
Bir qədər sonra Azər mənə yaxınlaşdı. Əlimdən tutub mənə nişanlı cütlüyümüzü işarə etdi. Birlikdə Vüqarla Fatiməyə yaxınlaşdıq. Söhbətə dalmışdılar. Bu gün dünya-aləm onların gözündə deyildi, bütün həyat öz rəngini, mənasını dəyişmişdi. Tanış hisslər, tanış duyğular idi…
Fatimənin üzündə bu gün güllər açmışdı. Sanki üstünə gün doğmuşdu bacımın. İşıq saçırdı. Mələk kimi gözəl idi. Bir zamanlar eşq və məhəbbəti yaxına buraxmayan, sevgiyə inanmadığını söyləyən bu qız indi məhəbbətlə öz yarına baxır, onu dinləyə-dinləyə bəxtiyarlıqla gülümsəyirdi. Bizi görən kimi hər ikisinin ifadəsi dəyişdi. Özlərini yığışdırıb gülərüzlə onlara yaxınlaşmağımızı gözlədilər.
– Təbrik edirəm, gözəlim, xoşbəxt olun! – deyib, bacımın üzündən öpdüm.
Fatimə duyğulanmış halda mənə sarıldı.
– Bacım! Canım bacım!
Azər də dostunu qucaqladı. Sonra da Fatimənin əlini sıxdı.
– Xoşbəxt olun! – dedi. Hər ikisini süzüb sözlərinə davam etdi. – Sizə sözün həqiqi mənasında xoşbəxtlik və sakit həyat arzulayıram. İstədiyiniz, arzuladığınız kimi yaşamaq imkanınız olacaq sakit, firavan və xoşbəxtliklə dolu bir həyat! Nə olursa olsun bir-birinizdən vaz keçməməyi məsləhət görürəm sizə. Bir-birinizdən uzaqda olanda da qəlbiniz bir vursun. Xoşbəxt və yenə də xoşbəxt olun!
Gözlərim doldu. Bu həyatdan o qədər çəkmişdik ki… heç kimsəyə rəva bilmirdik fələyin bizə rəva bildiklərini…
Fatimə də Vüqar da minnətdar nəzərlərlə onu süzürdülər. Vüqar təkrar Azərə sarıldı. Əlini şəstlə dostunun kürəyinə vurdu.
– Qərdeşimsən.
Azər üzünü Fatiməyə tutub:
– İşdir, birdən nə vaxtsa könlünə dəyər, bir səhvi olar, zəng vurursan mənə, mən özüm barəsində ölçü götürürəm, – dedi.
Fatimə şeytan-şeytan gülümsünüb gözucu Vüqarı süzərək:
– Mütləq, – dedi. Vüqarın ona tuşlanmış incik baxışlarnı görməzliyə vurdu.
– Küsmüşəm, incimişəm söhbətini eşitmək istəmirəm. Danışdıq? – Azər dodaqlarında boğmağa çalışdığı təbəssümlə hər ikisinə eşitdirdi.
– Əlbəttə! – Fatimə Vüqarın da yerinə özü dilləndi.
– Aydındır. – Azər razılıqla gəncləri süzdü.
Beləcə deyib-gülməkdə idik ki, bu vaxt Türkan mənə yaxınlaşdı.
– Səni olar bir dəqiqə?
– Aha, buyur.
Türkan məni Fatiməgildən bir qədər kənara çəkib:
– Ana özünü pis hiss eləyir. Yaxşı deyil, – dedi.
Gözlənilməz cavaba təəccübləndim:
– Niyə? Neyçün?
Türkan kədər dolu ifadə ilə üzümə baxıb dinib-danışmadı. Onu belə görəndə narahat oldum:
– Nə olub axı?
Türkan susmağa davam edərək narazılıqla başını buladı. Mən Azərə:
– İndi gəlirəm, – deyib bacımla yuxarı, anamın otağına qalxdım.
Biz içəri keçəndə o, taxtında uzanmışdı. Məqbulə başının üstündə dayanıb onun qayğısına qalırdı. Anam doğrudan da yaxşı görünmürdü. Rəngi ağarmışdı, titrəyirdi. Baxışlarını tavana zilləmişdi, üzündə əzablı bir ifadə vardı.
Sonuncu dəfə aramızda olan söz-söhbətdən sonra o, bizə gəlmirdi. Araz tapılanda da gəlmədi. Demək olar ki, danışmırdıq. İndi onu belə bir vəziyyətdə görməyimlə ürəyimdə mərhəmət hissi baş qaldırsa da, bunu zahirə vurmaq istəmədim. Dayandığım yerdən onu süzüb Məqbuləyə sual verdim.
– Nəyi var?
Məqbulə mənə cavab verənə kimi anamın səsimi duymasıyla üzündəki əzablı ifadə bir az da dərinləşdi. Hönkürdü.
– Ana! – Türkan yanına getdi. Əlindən tutdu. – Yaxşısan?
Yerimdən tərpənmədən talan olmuş ifadə ilə onu seyr edirdim. Dözməyib yenə sual verdim.
– Nə oldu? Nə baş verdi ki, halı pisləşdi?
Məqbulə mənə yaxınlaşıb dodağını dişlərinin arasında sıxa-sıxa çəkinə- çəkinə dedi:
– Uşağı gördü xanım. Ondan sonra belə oldu.
– Necə uşağı? – Keyimiş halda sual verdim.
– Araz balanı.
Anama baxdım. Ağlayırdı. Buna davam gətirə bilməyib yanına getdim. Əlimi əlinə toxundurub:
– Həkim çağırmamızı istəyirsən? – soruşdum. Əlləri buz kimi idi. Titrəyirdi.
Sualıma cavab verə bilmədi. Göz yaşları içində təkcə başını bulamaqla kifayətləndi.
“Nə edək?” mənasında sual yağan baxışlarla Türkana baxdım. O, Məqbuləyə:
– Atanı çağır, – dedi.
Anam buna etiraz əlaməti olaraq əlləri ilə başını tutub var qüvvəsi ilə sıxa-sıxa dedi:
– Tək qalmaq istəyirəm. Gedin, əzablarımla tək buraxın məni! Hamınız gedin.
Türkan mənə:
– Gedək, sakitləşsin, – dedi. Otağı tərk etməli olduq.
Araz babasının qucağında idi. Başı qarışmışdı. Azadın ağlamaq səsini duydum.
Qonaqlar əhval-ruhiyyəmin bərbad olduğunu hiss etməsinlər deyə birbaşa mətbəxə keçdim. Məqbuləyə Azadı yanıma gətirməsini tapşırmışdım. O, tezliklə uşağı gətirib mənə verdi. İxtiyarsız olaraq sual verdim:
– Ana neyçün Arazı görüb belə olsun ki?
Məqbulə çiyinlərini çəkdi.
– Bilmirəm, xanım. Uşağa qəribə nəzərlərlə baxırdı. Birdən ağlamağa başladı.
Qaşlarım düyünlənmiş halda onu dinləyirdim. Daha bir söz demədim. Elə bu vaxt mətbəxin qapısı yüngülcə döyüldü.
– Qızım, zəhmət olmasa bir bardaq su verərdiz.
Onu görən kimi tanıdım. Bu adam atamla bizə gələn həmin tanımadığım qohumumuz idi. Mən onunla heç ünsiyyət qurmamışdım. Lakin necə mədəni, mülayim və mehriban insan olduğunu artıq bilirdim. Məqbuləni gözləmədən bardaqlardan birini götürüb qrafindən su süzərək ona uzatdım.
– Buyurun, dayı.
Bütün diqqətinin məndə olduğundanmı, yoxsa ona müraciətimdənmi kişi duruxan kimi oldu. Gözləri daha dərdli, daha qüssəli baxdı. Amma tez də özünü toplayıb bardağı məndən aldı.
– Ay sağ olasan səni, qızım.
Suyu içib dərindən nəfəs alaraq minnətdarlıqla üzümə baxdı.
– Allah ömrünə bərəkət versün, qızım. Nə vaxtdır suyu belə ləzzətlə içməmişdim. Şərbət kimi gəldi. Heç kədər görməyəsən səni!
Bu təkcə minnətdarlıq deyildi, sanki atanın övladına xeyir-duası idi. Razılıq etdim. O, qolumun üstündəki Azada mehribancasına nəzər salaraq başına tumar çəkdi. Yanağını əliylə yüngülcə sıxıb, mətbəxdən çıxdı.
(Ardı var)