Reportyorlar (51)
- 04 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Salehin idarə etdiyi maşın sürətlə irəliləməkdə idi. Yol uzunu dünyadan və nə yaşadığından xəbərsiz olan körpəni izləyə-izləyə ünvana çatmağa tələsən Saleh bir qədər sonra səfirliyin önündə maşını saxladı. Baxışlarıyla ətrafı yoxladı. Agent gözə dəymirdi. Çox güman ki, hələ gəlib çıxmamışdı.
Roza ilə görüşə getməmişdən bir neçə saat əvvəl Salehin onunla belə bir söhbəti olmuşdu:
– Mənim adım hallanmamaq şərtilə körpəni sahibinə çatdır. Səfirlikdə sənə nişan verdiyim şəxsin yanına get, sənə bu işdə mütləq kömək edəcəklər. Bir də təkrar edirəm, mənim adım olmasın. Sən məni görməmisən, tanımırsan. – Saleh ona kömək etdiyini Azərin bilməsini istəmirdi.
Agent onu diqqətlə dinləyib:
– Aydındır. Dediyiniz qaydada həll edəcəm. Buna tam əmin ola bilərsiniz, – dedi.
Saleh söhbətin mövzusunu hafizəsində bir də çək-çevir edib, hövsələsiz halda maşının pəncərəsindən küçəyə boylandı. Agentin izi-sorağı yox idi. Daha bir neçə dəqiqə keçdi.
Saleh
vaxtın azlığından burada çox yubana bilməyəcəyini anlayırdı. Qərarlı bir
şəkildə körpəni qucağına alıb maşından endi. Lakin maşının qapısını örtüb
yanından ayrılmağa macal tapmadı. Bu anda haradansa sürətlə gələn, gecənin özü
kimi qara rəngli bir avtomobil peyda oldu. Arxa qapısı təlatümlə açıldı.
Əllərində dəyənəklərlə yerə tökülən üzü maskalı, iri cüssəli bir neçə nəfər
quzğun kimi başının üstünü aldılar. Nə olduğunu anlamağa çalışana kimi boynunun
ardına dəyən zərbədən Salehin qolları boşaldı. Bununla belə körpəni əlindən
yerə salmamağa cəhd etdi. İkinci zərbədə müvazinətini itirib, dizləri üstə yerə
çökdü. Və bu zaman iri bir əl irəli uzanıb körpəni onun qolları arasından
götürdü. Saleh son gücünü toplayıb həmin adamın biləyindən yapışdı. Mane olmağa
çalışdı. Kürəyinə dəyən növbəti dəyənək zərbəsində o, üzü üstə yerə sərildi.
Gödəkcəsinin boynundan yapışıb onu sürüyərək maşından xeyli aralıya çəkib
gətirdilər. Bu andan təpik və dəyənək zərbələri onu göz açmağa qoymadı. Canının
ağrısına rəğmən Salehin bütün fikri körpənin yanında qalmışdı. Aldığı hər
zərbədə nəfəsinin kəsildiyini hiss etsə də, onu kötəkləyən adamların ayaqları
arasından körpəni ondan alan adamın iti addımlarla bir az irəlidə saxlanmış
başqa bir avtomobilə doğru getdiyini gördü. Əyləşən kimi aradan çıxdılar. Bu
vurhavurda həmin avtomobilin nömrəsiz olduğu da gözündən yayınmadı.
Digərləri xeyli sonra yerdə hərəkətsiz qalmış, başı partlayıb, ağzı-burnu qana
bulaşmış Salehdən əl çəkdilər. Gəldikləri qaydada maşına əyləşib gözdən
itdilər.
Aradan nə qədər keçdiyini bilməyən Saleh xeyli sonra maşına doğru getmək istədi. Sızıldayan bədənini daşımağa gücü çatmasa da, qüvvəsini toplayıb buna cəhd etdi. Yerdən qalxmaq istədi, alınmadı.
Ətrafda kimsə gözə dəymirdi.
Sürünə-sürünə, çox çətinliklə maşının təkərlərinin dibinə gəlib çıxa bildi. Qolunu qaldırıb qapıya doğru uzatdı. Əli dəstəyə çatmadı. Canına yayılan ağrının şiddətindən üz-gözünü turşudan Saleh bir qədər toxtamağa çalışıb, yenidən cəhd etdi. Dördüncü cəhddə barmaqlarının ucunda dəstəyə toxuna bildi. Güc-bəla ilə qapını açmağa müvəffəq olmuşdu ki, bu dəm lap yaxınlıqda daha bir avtomobilin dayandığını hiss elədi.
…Gözlərini açıb özünə gələndə yarı qaranlıq dörd divar arasında idi.
Əllərinin və ayaqlarının kəndirlə altındakı stula bağlandığını anladı.
Harada olduğunu və aradan nə qədər keçdiyini bilməyən Saleh burada tək olmadığını hiss eləyirdi. Qulağına hıçqırıq səsi gəlirdi. Son gücünü toplayıb gözlərini açdı. Göz qapaqlarında sanki tonlarla ağırlıqda yük vardı. Hiss etdi ki, üzünün bir tərəfi şişib tuluqlanıb.
Otağın görüntüsü gözü önündə ləngər vurur, Saleh harada olduğunu heç cür aydınlaşdıra bilmirdi.
Həbsxana kamerasına bənzəyən bu məkanın tavanı, döşəməsi və divarları betondan ibarət idi. Kiçik nəfəslikdən içəriyə zəif işıq süzülürdü. Qışın dondurucu soyuğu vardı içəridə. Əyni nazik olduğu üçün üşüməyə başladı. Alıb-verdiyi nəfəslə soyuq hava ciyərlərinə dolanda onu öskürək tutdu. Vücudunu silkələyib, keyiyən yaralarını oyatdı, bədəninin hər nöqtəsinin sızıldadığını canına yayılan ağrılardan bildi.
Bu məqamda qaranlıqdan gələn hıçqırıq səsi yanıqlı bir hönkürtüyə çevrildi. Və Saleh Rozanı görməsə də səsindən tanıdı. O, oğlanın özünə gəldiyini görüb, yanına gəlməyə can atdı. Lakin Salehə bir neçə addım qalmış qollarına vurulmuş zəncir onu sərt şəkildə geri çəkdi. Buna baxmayaraq Roza həyəcanla ona səsləndi:
– Saleh!
Saleh onu eşitdiyini büruzə verdi. Roza bunu görən kimi demək istədiyi sözləri pıçıltılı səslə dilə gətirdi:
– Mən səni satmadım! And içirəm ki, satmadım! Onlar məni izləyirlərmiş… çoxdan… Hələ malikanədə ikən şübhəyə düşüb, məni izləmək üçün adam təyin ediblər. Körpəni sənə verdiyimi də görüblər.
Roza nəfəsini dərib, onları eşidən olmadığına əmin olandan sonra təkrar dilləndi:
– Sənə kömək etməyi mən özüm istədim. Əvəzində məni nə gözlədiyini bilə-bilə bu addımı atdım. Biləndə ki, körpə onun övladıdır… – Sözün bu yerində qadın için-için ağladı, onu boğan qəhərdən qurtulandan sonra davam etdi. – Üstəlik, sənin körpəni xilas etmək məqsədin mənə cəsarət verdi. Əgər bunu sənin hədə-qorxun hesabına etmiş olsaydım, bəlkə də canımı qurtarmaq üçün səni ələ verərdim. Çünki burada ölümü də adama şərtlə verirlər. Amma gördüyün kimi mən buradayam. Və üstəlik, belə acınacaqlı vəziyyətdə… – Roza bir yandan göz yaşı töksə də, sözün bu yerində acı istehza ilə güldü.
Saleh qadının bu etirafları niyə, nə üçün dilə gətirdiyini düşünüb aydınlaşdıracaq halda deyildi. Sözlərini eşitsə də, səsi-səmiri çıxmadı. Çünki daha nəsə deməyin bir mənası yox idi.
Bu vaxt qapının qıfılı şaqqıldadı. Həmid qapıda göründü. Roza onu görən kimi dərhal çəkilib öz yerində dayandı, ürkək baxışlarla gözlərini Həmidin üzünə zillədi.
Həmid gözucu Salehi süzüb, yubanmadan Rozaya doğru getdi. Qollarındakı zəncirin qıfılını açdı. Məzəmmətlə:
– Ax, Meri! Meri! Sənə demişdim də! Mən sənə xəbərdarlığımı etmişdim. Dinləmədin!
Roza şübhəyə düşüb, təlaşlandı:
– Hara aparırsan məni?
Həmid qolundan yapışıb onu getməyə tələsdirdi, cavab vermədi. Roza bir gözü Salehdə geri dartındı:
– Səndən soruşuram! Hara gedirik? Nə qərar çıxardınız mənim barəmdə?
Həmidin üzündə həqarət dolu bir təbəssüm dolandı:
– Öz başıva elə xatalı bir iş açmısan ki, ölüm səninçün mükafat olar yalnız. Təkcə bunu deyə bilərəm. Qurd gəlib.
Rozanın üzü vahiməli ifadə aldı. Həmidin ayaqlarına düşdü:
– Əgər bir cəza verəcəksinizsə, mənim cəzamı sən ver. Özün öldür məni, amma Qurda təhvil vermə!
Saleh Rozanın təlaşını, təşvişini, aman dilədiyini görüb başa düşdü ki, Qurd – kiməsə verilmiş ləqəbdir. Və o, hər kimdirsə burada ixtiyar və hökm sahibidir.
– Özü yıxılan ağlamaz, Meri! Bu gününü dünən düşünməli idin, gecdir artıq.
Bu məqamda qapıda mülki geyimdə sarışın simalı, dolu bədənli bir nəfər göründü. Həmid onu görən kimi özünü yığışdırdı. Rozanın isə sarı bənizi bir az da saraldı. Saleh bütün diqqətini toplayıb gələn adamın kim olduğunu aydınlaşdırmağa çalışdı. Tanıya bilmədi.
Gələn adam üzündə sərt ifadə, zəhmli-zabitəli nəzərlərlə Salehə baxdı. Bütün diqqətlər Salehə yönəldiyi bir məqamda o, əlinin dalıyla Rozaya bir şillə çəkdi. Roza bu zərbədən ixtiyarsız olaraq çığırıb müvazinətini itirərək Salehin ayaqları altına sərildi. Oğlanın ayaqlarından yapışıb imdad edər baxışlarla gözlərinin içinə baxdı, çarəsizlik içində hönkürdü.
Ondan kömək istəyən bu qadının Roza olduğuna Saleh bu an inanmaqda çətinlik çəkdi. Qadının üz-gözü döyülməkdən tanınmaz halda idi. Əynindəki geyimi cırıq-cırıq idi, burnundan, partlamış dodağından hələ də qan süzülürdü. Bu mənzərə qarşısında Salehin kəndirlə bir-birinə bağlanmış əlləri sıxılıb-açıldı. Lakin əlindən heç nə gəlmədi. Gərginliklə nəfəs alıb-verməyə başladı.
Bütün bunlar cəmi bir neçə saniyə çəkdi. Gələn adamın qəzəbli səsi Rozanın canına təlatüm saldı:
– Rədd eləyin bunu gözümün önündən! – deyə onunla birlikdə içəri daxil olmuş iri cüssəli oğlanlara əmr elədi. Onlar dərhal Rozanı yerdən qaldırıb sürüyərək kameradan çıxardılar. Saleh onun çığırtısını səs qulaqlarından itənə qədər eşitdi.
“Qurd” ləqəbli bu adam qanlı-qanlı Salehi süzərək gəlib qarşısında dayandı. Lampanı yandırıb işığı Salehin üzünə tutdu. Gözləri qamaşan Saleh üzünü yana çevirdi. Bu vəziyyətdən olduqca narahat göründü.
Qurd ağır addımlarla onun ətrafında dolanmağa başladı. Razı halda başını tərpədib, daha sonra Həmidin ona uzatdığı stulda əyləşərək Salehi süzməyə başladı. Handan-hana sonsuz nifrətlə:
– Məhz bu mənzərəni görmək üçün nələrdən keçmişəm, bir bilsən! – dedi. – Neçə uzun illər bu yolda kimlərlə, necə əjdahalarla mübarizə aparmışam, bir təsəvvür eləsən. – Köks ötürüb, Həmidlə danışırmış kimi Salehə eşitdirdi. – Şikarımız özü öz ayağı ilə gəlib tələyə düşüb. Doğrudan da gözəl mənzərədir. – Üzünü təkrar Salehə tutdu. Qanlı-qanlı onun gözlərinin içinə baxaraq: – Çox istərdim, atan məhz bu mənzərəni görsün. İllərdir bu günün arzusu, xəyalı ilə yaşamışam, – dedi.
Saleh gərgin görünsə də, səsini çıxarmadı. Qurd sualı bu dəfə məhz ona ünvanladı:
– Nə deyirsən, çağıraq gəlsün? Üzündəki ifadəni, nə hisslər keçirəcəyini öz gözlərimlə görmək istəyirəm.
Saleh üzünə düşən gur işıqda Qurdun üzünü seçməyə çalışdı. Diqqətini cəmlədi. İlk baxışda bu adamın rus millətindən olduğunu zənn etsə də, ləhcəsindən zənnində yanıldığını anladı. Bir cani kimi dindirilməsi, sıxışdırılması onu hiddətləndirdi. Şübhə içində soruşdu:
– Kimsən sən?
Qarşısında dayanmış adamın dodağının eyhamla qaçdığını hiss elədi. Sualını gərginliklə bir də təkrar etdi:
– Kim olduğuvu de, bilək! Oğrusan, ya müstəntiq? Məni hansı hüquqa əsasən dindirirsən?
Qurdun ona zillənmiş baxışları öz mənasını dəyişdi:
– Oğru var ki, həbs edilir, oğru da var qorunur. Bunlar ayrı-ayrı işlərdir. Sualları isə mən verirəm burda, sən deyil. Amma sualına cavab alacaqsan, əmin ol!
Arada çox da uzun sürməyən sükut yarandı. Qurd gözlərini Salehin üzündən çəkmədən yenidən dilləndi:
– Məlum olur ki, atan sənin üçün sözün həqiqi mənasında çox şey edib. Sadalamaq istəmədiyim çox şey. – O, Salehin üzərindən aşkar edilib götürülmüş silahı oğlanın gözü önündə yellədi. – Bunlar az şey deyil. Sovet adamı üçün, xüsusilə də qanun keşikçisi üçün qətiyyən az şey deyil. Bircə tərbiyə və ədəbdən kasıbsan. Ala, mən elə bilirdim sən dayıların kimi böyük-kiçik yeri bilən, ədəb-ərkanlı oğlansan. Məsəl var da, igid oğul dayısına çəkər. Yanıltdın məni, çox heyif. Atanın oğlusanmış.
– Həri, atamın oğluyam. Ədəb-ərkanı isə lazım olan yerdə, qanan və layiq olan adam üçün istifadə edirəm.
Qurd eyhamla gülümsündü. Və birdən Salehə var gücü ilə şillə çəkdi. Sifətinin bir hissəsini tutan və od vurub odlayan şillənin təsiri ilə üz-gözünü turşudan Saleh özünü toplamağa çalışırdı ki, Qurdun qəzəbli səsi qulaqlarını uğuldatdı:
– Əmin Ənvərlə, oğlu barədə ödənəcək bir hesab var! Sən bu işdən nə məqsəd güdürsən ki, ortada quyruq bulayırsan? Atana arxayınsan, yoxsa bekarçılıqdan bəla gəzirsən özüvə? Yox, bəlkə nişanlını əlindən alıb, sənə kələk gəldiyi üçün əmin oğluna təşəkkür etmək fikrində idin?
Söz Salehin ürəyinə bıçaq kimi saplandı. Yerində hiddətlə qurcalandı. Dartınıb qalxmaq, onu vurmaq istədi, amma bu cəhdi boşa çıxdı. Dişlərini gərginliklə bir-birinə sıxdı.
Qurd hədəfə vurduğunu görəndə pozulan əhvalı düzəldi.
– Nə edək biz səninlə? Cənazəni atana göndərək, yoxsa qulağına pıçıldayaq ki, yoldaş general, oğluvun ipini yığ? Məsləhət sənün, seçimini et, biz də o şəkildə hərəkət edək.
Saleh onu saran əsəbdən nəfəsi təngiyə-təngiyə Qurdu süzdü. Onu parçalamaq istəyi, inadı ilə çırpındı. Özü də hiss etmədən səsini qaldırdı:
– Kimsən, ala, sən?!
Qurd diqqətlə onu süzüb, təmkinlə:
– Mən kiməm! Hmm… – Dodaqlarını gizli məna ilə büzüb fısıldadı. – Yerində verilmiş məntiqli sualdır. Cavan oğlan, sən məni tanımamaqda haqlısan, çünki dünənki uşaqsan. Həyatının da çox hissəsi xaricdə keçib. Amma atan məni gözəl tanıyır. Özü də dünən yox, düz 40 il əvvəldən tanıyır. – Qurd stulda yerini rahatlayıb gövdəsi ilə işığın bir hissəsini tutdu. – O ki qaldı sənin məsələnə, sən mənim bostanıma daş atmısan. Bu yersiz hərəkətin ki var, üzüqara elədi məni qardaşların yanında.
Niyə belə sıxma-boğmaya salınması Salehə bir daha aydın oldu. Onun körpəni nəzərdə tutduğunu gözəl bilsə də, özünü bilməzliyə vurdu. Kinayəli-kinayəli gülüb, istehza ilə:
– Sənin bostanın çoxdan daşlanır, day-day. Buna görə məndən inciməyin yeri yoxdur. Meyli vardı, mən də könlünü qırmaq istəmədim.
Həmid bu qədərini gözləmədiyi üçün heyrəti üzünün ifadəsində donmuş halda, rəng verib, rəng ala-ala Qurda baxdı.
Qurd yerindən sıçrayıb iki əlli Salehin yaxasından yapışdı. Qəzəblə gözlərinin içinə baxaraq səsini göyərtdi:
– Həddivi bil, küçük! Sözü ora-bura çəkmə! Səni qurd süfrəsində qurdlara yem edərəm, sümüklərini atana bir-bir saydıraram!
Saleh ağır-ağır başını tərpədib, istehzalı təbəssümlə:
– Bilirəm, çox şey edə bilərsən. Buna həm imkanın var, həm fürsətin, – dedi. – Düz eşitdimsə əgər, dedilər ki, ləqəbin Qurddur. Bir söz deyim, incimə, day- day. Ləqəbin Qurd ola bilər, amma yerişin çaqqal yerişidir. Mənim atamsa çaqqallarla dostluq eləmir, çağırışına da durub gəlsün. Özüvü zəhmətə salma.
– Haqlısan. – Qurd tamam sakit halda əllərini onun yaxasından çəkdi. Salehi təbdən çıxarmaq üçün qərəzli-qərəzli dedi:
– Heyvana hörmətsizlik olmasun. Sənin atan çaqqaldan daha səviyyəsiz, daha alçaq, şərəfsizin öndə gedənidir. Qatildir. Cinayətkardır. Əli qana bulaşmış cəlladdır. Çiynindəki ulduzları qazana bilmək üçün bir bilsən nə evlər yıxıb. – Sonuncu kəlmələri kini, qəzəbi ölçüyə gəlməyən bir hiddətlə dedi. – Sənin atan mənim nişanlı qardaşımı öldürüb!
Bu
sözlər Salehin qulaqlarında bomba kimi partladı. Duyacağını ağlından belə
keçirmədiyi sözlərə donub qaldı.
Qurd dediyi son sözlərin oğlanda necə təsir buraxdığını onun tutqun
çöhrəsindən, bir nöqtəyə dikilib qalmış sarsılan baxışlarından təxmin edib,
coşub-daşan nifrəti ilə davam etdi:
– Düz 20 il bundan əvvəl! Həmin qardaşım ki, həm yaşda, həm tutduğu vəzifədə məndən böyük idi. Hərbi xidmətdə ikən atanla bir-birini tanıyıblar. Sonradan bu tanışlıq dostluğa çevrilib. Məni də atanla qardaşım tanış edib. Toyuna bir həftə qalmışdı. Bir gün evə gəlib “Təbiət qoynunda bir restoranda dostlarla yığılacayıq” dedi, məni də özü ilə apardı. Həmin məclisdə sənin atan Zakir də vardı. Məclisin yarısında qardaşımla Zakir masadan qalxıb söhbət etmək üçün kənara çəkildilər. Özü də xeyli kənara. Mən isə dayın Nadirlə, onların kürəkəni Kamalla birlikdə masada qaldım. Aradan xeyli keçdi, onlar qayıtmadılar. Dayıngil bundan xoşhal olmayıb, onların dalınca getdilər. Çox keçmədən qardaşımı o vəziyyətdə gördüm. Al qan içində. Qollarımda can verdi. Toyu yasa döndü. Arzuları vardı, sevdiyinə qovuşmaq vardı, hamısı onunla birlikdə məzara getdi. Atan özünü təmizə çıxarmaq üçün and-aman elədi, ehtiyatsızlıqdan oldu, qəzadır dedi. Mən buna hələ də inana bilmirəm. İnanmaqda çətinlik çəkirəm. Onun günahını Kamal götürdü boynuna. Özü azadlıqda gəzə bilmək üçün neçə nəfərin həyatını korladı. Neçə nəfəri bədbəxt elədi. Bunu bir mən bilirəm, bir dayıların, bir də Kamal.
Bilirsənmi bunu sənə neyçün danışıram? Mən elə o vaxt and içdim ki, son nəfəsimə saniyələr qalsa belə intiqamımı sizin nəslin beşikdə yatan körpəsindən də alacam. Kimsəyə güzəştə getmərəm. Şükür Tanrıya, həmin gün yetişib. Amma bu hələ son deyil. Hələ çəkəcəkləriniz qabaqdadır. Bir-biriniz arasında su yerinə axan qana böyük məmnuniyyətlə tamaşa edəcəm.
Qardaşım
çox sirri özüylə məzara apardı, amma mən onun qisasını almadan məzara getmək
fikrində deyiləm. Sən isə…
Əgər buradan sağ çıxmaq, atanı bir də görə bilmək imkanın, fürsətin olsa, ona
təkcə Qurban Kazımov adını xatırlat, o səni maraqlandıran bütün suallara cavab
verəcək. Mənim kim olduğumu da, onu necə tanıdığımı da.
Saleh keçirdiyi hisslərin təsiri ilə dinib-danışa bilmək üçün özündə güc tapıb:
– Həmin gün nə baş verib, necə baş verib, kim günahkardır, kim günahsız, bu barədə heç bir fikir yürüdə bilmərəm, – dedi. – Ancaq öz planlarını sinənə döyüb belə şəstlə özün etiraf edirsənsə, üstəlik, qisas üçün beşikdəki körpəni hədəf seçmisənsə, deməli, sənin də günahkar saydığın atamdan fərqin yoxdur. Hətta ondan daha artıqsan. Kişinin düşməni kişi olar, ala. Düşmənçilik edəndə də kişi kimi edərlər. Qadından, körpədən heyif çıxmaq elə sənin kimisinə yaraşar! Şərəfsiz! Alçaq! Mənim davam həmin insanın özü ilədir, həll etmək lazım gələndə özü ilə təkbətək həll edərəm. Daha köməksiz körpədən intiqam alacaq qədər qeyrətimi, mənliyimi itirməmişəm! Əgər bu sənə rahatlıq bəxş edəcəksə, sənə olan borcumuzu ödəmiş olacaqsa, buyur, öldür məni! Öldür! Gözləmə! Təkcə buna üzülərəm ki, ölümüm nakişinin əlindən oldu!
Kazımovun
göz qırpımında əlinə keçirdiyi dəyənəklə ona vurduğu zərbədən Salehin gözləri
qaraldı. Stul qarışıq aşdı.
Kazımov onun özündən getdiyinə əmin olandan sonra dəyənəyi tullayıb, Həmidə
baxdı.
– Götürün! – dedi. – Nə etmək lazım olduğunu özünüz bilirsiniz. Dediyim qaydada yola salın!
Həmid onun nə demək istədiyini anında başa düşdü. Tamam ciddi halda:
– Oldu, rəis, – dedi. Bir az əvvəl Rozanı aparan oğlanları kameraya çağırdı.
(Ardı var)