Reportyorlar (48)
- 13 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Bakı
Körpəmi itirmək təhlükəsi ilə üz-üzə idim. Bu təhlükə sovuşub normal vəziyyətə qayıdana kimi xəstəxanada, həkim nəzarəti altında və yataq şəraitində günləri başa vurmalı idim.
Ginekoloq Nüşabə xanım Dilbər xanımın rəfiqəsi idi. Şikayətimi dinləyib, müayinə edəndən sonra tibbi yardım göstərdi. Və narahatlıqdan özünə yer tapa bilməyən, həyəcandan rəngi ağarmış Dilbər xanıma baxaraq toxtaqlıq verdi:
– Dilbər, qurban sənə, öz nəzarətim altındadır. Narahat olma, can, hər şey yaxşı olacaq.
Həkimin onu arxayın etmək üçün dediyi bu sözlər belə Dilbər xanımın narahatlığını, təşviş və həyəcanını aradan götürmədi.
…Həmin gün məni palataya yenicə köçürmüşdülər ki, anam qapıda göründü. Təlaş və nigarançılıq dolu ifadə ilə iti addımlarla yanıma gəldi. Diqqətlə məni süzüb:
– Necəsən? Özünü necə hiss edirsən? – dedi. Saçlarımı sığalladı. Əlini yanağıma toxundurdu. – Ağrın çoxdur?
Mən bütün bu sualların əvəzində narazılıqla ona baxdım:
– Ana, niyə gəldin? – Xasiyyətinə bələd idim, istəmirdim söz-söhbət böyüsün, könül qırılsın. Sualım onun ört-basdır etməyə çalışdığı gərginliyini bir anda üzə çıxardı.
– Necə yəni, niyə gəldin? Anaya verilən suala bax da. Burada dayananlar bəgəm məndən çox yanır sənin halına? Onlar üzülürsə, mənim ürəyim yanır səninçün.
Dillənməyib, taqətsiz halda üzünə baxaraq köks ötürdüm. O isə alnımın, üzümün tərini silə-silə:
– Gör nə hala qoydun özüvü. Bir inadın ucbatından düşdüyün vəziyyətə bax. Səni tanıya bilmirəm. Necə solmusan, bir dəri qalmısan, bir sümük. – Ah çəkib, başını buladı. – Bir də bu çıxdı.
– Ana, onsuz da… – “ağrı-acı içindəyəm” demək istədim, dilimin ucundan geri qaytardım. – Belə danışıb… – Sözümü heç cür bitirə bilmədim, qəhər məni boğdu.
Anam tərs-tərs üzümə baxdı. Başqa sual verdi:
– Bəyzadə haradadır bəs? Var xəbəri ki, xəstəxanadasan?
Azərə eyham vurduğunu bilsəm də, səsimi çıxarmadım. O isə öz sualını özü cavablandırdı. Çiyninə saldığı ağ xalatı özünə xas əda ilə çəkib düzəldə-düzəldə, hikkəli-hikkəli dedi:
– Hə də, mən də nəyi qoyub nədən danışıram. Hardan bilsin ki? Kişinin daha vacib işləri var. Kim bilir, indi haradadır. Nə bəla gəzir özünə.
– Ana…
– Kəs! Əbəs yerə onu müdafiə eləmə! – Mənə qəzəbi tutmuş anam üstümə çəmkirdi. – Bütün günahların hamısı ərindədir. Bunu özü də gözəl bilir. Mən bu saat Tamilla xanımla əlaqə saxlayaram. O özü səni müayinə etsin. Əgər vəziyyət ümidverici deyilsə, götürsün uşağı. Daha neyləyəsiyik ki?
Onsuz da bərbad olan halımda anamın rəhm etmədən dilinə gətirdiyi bu sözlər bir az da talan etdi yaralı qəlbimi. Məni ağlamaq tutdu. O, bunu görsə də dediyi sözlərin mahiyyətini sanki anlamırmış kimi laqeydliklə:
– Üzmə özünü bu qədər. Mənə vacib olan sənin canıvın sağlığıdır. Uşaq nə vaxt istəsən olar.
Dözməyib əlimi əlinin içindən çəkdim.
– Ana, get, tək qalmaq istəyirəm. – Göz yaşları içində üzümü yastıqda çevirəndə palatanın qapısı ağzında dayanan Dilbər xanımı gördüm. O, yerində quruyub qalmışdı. Üzünün ifadəsindən anamın sözlərini eşitdiyini anladım. Özündə güc taparaq irəli gəldi. Bacardıqca təmkinli davranmağa çalışaraq:
– Şahnaz xanım, – dedi, – körpənin qətlinə fərman vermək sizin həddinizdirmi? Buna nə haqla qərar verirsiniz? Necə ürək edə bilirsiniz?
Anam qudasının səsinə çevrilib təkəbbürlü baxışlarla onu süzdü:
– O haqla ki, mənə qızım lazımdır. Kimsəyə güvənə bilmirəm artıq.
Anamın belə kəskin və açıq danışığı Dilbər xanımı bir daha sarsıtdı. Bununla belə özünü sındırmayıb qudasının fikrinə zidd olaraq dedi:
– Nüşabə xanım kifayət qədər savadlı və təcrübəli həkimdir. Lazım olan yardımı da göstərib. Allahın izni ilə hər şey öz qaydasında olacaq. Əks halda, mən razı ola bilmərəm gəlinimə, yaxud nəvəmə bir ziyanlıq gəlsün.
Anam hikkəli-hikkəli onu süzüb, sözünü kəsdi:
– Sizinçün yaxşı həkim ola bilər, amma mən onun nə savadına, nə təcrübəsinə bələd deyiləm. Göz görə-görə qızımın əldən getməsinə sakit yanaşa bilmərəm. Bu saat götürüb aparıram!
Anamın hikkəsi, hökmü qarşısında sıxıla-sıxıla, oğrun baxışlarla qayınanamı süzdüm. Xəcalət hissi məni sıxdı.
Anam sanki bura mənə görə deyil, coşub-daşan nifrətini, onu boğan kin-küdurətini tökməyə gəlmişdi. Mən bir bəhanə idim onun üçün. Dilbər xanım məyus nəzərlərlə onu süzməyə davam edərək:
– Şahnaz xanım, hamımız narahatlıq içindəyik. Həyəcan keçiririk. Siz özünüz də bunu gözəl bilirsiniz ki, bu qıza bu vəziyyətdə stress, həyəcan, gərginlik olmaz. Bunu düşünmək yerinə, görün nələr danışırsınız, – dedi.
Dilbər xanımın mələk səbri, təmkini, hər şeyə rəğmən mülayim rəftarı anamı özündən çıxardı.
– Bu qız sənin oğlunu tanıyandan sonra həyəcanın, stresin nə olduğunu bilib.
Dilbər xanım təəssüf hissi ilə anamı süzüb, başını buladı, yenə də təmkinini qorumağa çalışdı:
– Şahnaz xanım, bura bu söhbətlərin nə yeri deyil, nə məqamı.
Anam susmadı. Sonsuz nifrətlə:
– Məqamı çoxdan çatıb! Hələ çox səbir edib susmuşam! Görəsən oğlun qəbul edir ki, nələrə səbəb olub? Pəhləvan kimi kişi xəstəxanalıq oldu, birini məzara göndərdi, bu da qızımın halı. Buyurun tamaşa edin. Allah daha betərindən qorusun.
– Ana! – Yerimdə dikəlib, titrəyə-titrəyə ona səsimi yüksəltmək məcburiyyətində qaldım. – Ana, bəsdir!
Dilbər xanım gözləri dolmuş halda palatanı tərk elədi. Anam bunu gözləyirmiş kimi çevrilib qanlı-qanlı üzümə baxdı:
– Bədbəxtliyinə səbəb olan insanlar üçün anana bağırırsan? Afərin! Bərəkallah!
– Ana, yalvarıram sənə, çıx get! Mənə görə də narahat olma! Get! Çəkdiyim əzab mənə artıqlaması ilə bəs edər! – Göz yaşları içində, nəfəsim daralmış halda hiddətlə təkrar etdim. – Get!
***
Şahnaz qızının yanından ayrılıb digər xəstəxanaya, Nadirin yanına qayıdanda dəhlizdə gözləmədiyi bir nəfərlə rastlaşdı. Hətta bu təsadüf onun narahat ruhuna vəsvəsə gətirdi. Rəngi qaçdı, əli-ayağı titrəməyə başladı.
Kimsəyə
bəlli etməsə də uzun müddətdir ona rahatlıq verməyən, yuxularını kabusa çevirən
qorxu və təşviş onu yenidən öz ağuşuna aldı.
Nadirin vəziyyətini öyrənmək üçün gələn və qaynı Oqtayla dəhlizdə dayanıb söhbət
edən bu adam Kazımov idi. Baxışları toqquşanda o, Şahnazın təlaşa qapıldığını
aydın hiss elədi. Onu hər şəkildə ələ verən əhval-ruhiyyəsini görüb, sirli və
sınayıcı nəzərlərlə Oqtaydan xəlvət zəndlə qadının gözlərinin içinə nüfuz etdi.
Qurbanını baxışları ilə öldürən yırtıcı kimi bundan hədsiz zövq alan Kazımovun
simasında həmin anda güclə sezilə biləcək eyhamlı bir təbəssüm, qalib bir ifadə
dolandı.
Şahnaz ayaq saxlamadan onların yanından ötüb dəhlizin sonuna doğru tələsdi. Tini burulub arxasındakı divara söykənərək özünə gəlməyə çalışdı. Elə bu anda Fatimənin səsinə diksinib, əlini ürəyinin üstünə apardı. Fatimə anasının qəribə əhvalına çaşıb qalaraq:
– Ana, yaxşısan? – deyə təəccüblə onu süzdü. – Səsləndim, eşitmədin.
Şahnaz cavab vermək iqtidarında olmadı. Özünü ələ almağı xeyli çəkdi. Fatimə eyni nararatlıqla bir də soruşdu:
– Nə olub sənə? Niyə belə titrəyirsən?
Şahnaz bu dəm öz hayına qaldığından bu sualları da cavabsız qoydu. Fatimə isə marağını boğa bilməyib, növbəti sualı verdi:
– Bacı necə idi?
Bu sual Şahnazı sifətinə qəfil çırpılan şillə kimi yandırıb-yaxdı. Əzabı minə qatlandı. Bütün hirsini qızına tökdü:
– Bilmirəm! Bilmirəm! Az sual verginən!
Fatimə mat-məəttəl anasına baxdı, daha dinmədi. Son zamanlarda anasının olduqca gərgin, daim narahat və düşüncəli olmasını həyatlarında ard-arda yaşanan bədbəxtliklərlə bağlayıb, çox dərinə getmək istəmədi.
Bu kabusun bir ömür boyu davam edəcəyinə Şahnaz xanım artıq şəkk-şübhəsiz əmin idi.
***
Bir neçə gün sonra Dilbər xanım yanımda ikən, palatanın qapısı açıldı.
Azər idi. Rəngi ağarmış, baxışlarında nigaranlıq donub qalmış bir halda içəri daxil oldu.
Onu görən kimi yerimdə dikəldim. Sevinc və həyəcanım bir-birinə qarışdı. Bir anlığa dərdimi unutdum.
Dilbər xanım oğlunun üzündəki ifadəni görüb, qarşısına yeridi.
Azər gah mənə, gah da anasına baxaraq sual verdi:
– Burada xeyir ola? Nə isə olub?
Yolunda getməyən həyatımızın yeni bir tufana, qasırğaya rast gəldiyi şübhəsi onu təlaşlandırmışdı. Özünün də bir vaxt dediyi kimi artıq səksəkə içində yaşayırdı.
Məlum
oldu ki, o, Mərdəkana gedib bizi evdə görməyincə Rənadan burada olduğumuzu
öyrənib, yubanmadan şəhərə üz tutub.
Dilbər xanım nə baş verdiyini ona üstüörtülü izah etdi:
– Narahat olma, oğlum, düzəlir yavaş-yavaş. Nüşabə xanım dedi nəzarətim altında qalsın, ona görə saxladı.
Azər məsələni anladı. Rəng verib, rəng aldı.
Dilbər xanım oğlunu narahatlığa əsas olmadığına əmin edəndən sonra bizi tək qoymaq üçün palatadan çıxdı.
Azər yaxın gəlib mənə doğru əyildi, saçlarımdan öpdü:
– Yaxşısan?
Sualı məni kövrəltdi. Qərib yerdə doğmasını görən adam sayağı qollarımı boynuna dolayıb, onu özümə sıxdım. Ətrini, qoxusunu acgözlüklə burnuma çəkib xeyli buraxmadım.
Sanki bir neçə gün deyil, illərdir onu görmürdüm. Ondan ayrı keçən bu günlərdə özümü tək-tənha, yalqız hiss edirdim.
Sualına cavab vermədiyimi görən Azər qollarımı boynundan götürüb diqqətlə üzümə baxdı. Səssiz-sədasız ağladığımı bu zaman gördü. Çöhrəsi tutqun ifadə aldı. Stul götürüb çarpayının kənarında əyləşdi.
– Vəziyyət nə vaxtdan belədir?
Gözümün yaşını silib, cavab verməli oldum:
– Sən gedən günün səhərindən.
– Hmm… – Azər günləri zehnində hesablayıb dodağını büzdü. – Mənə xəbər etmək lazım deyildi ki?
– Ana istəmədi narahat olasan.
Azər bu cavabımla fikirli göründü. Fısıldadı.
Onun əlimdən tutduğu əlini özümə doğru çəkib ürəyimin üstünə sıxdım.
– Azər!
Baxışları gözlərimə tuşlandı. Fürsəti əldən verməyib dərhal dilləndim:
– Məni apar burdan! Evə getmək istəyirəm!
Üzünün ifadəsi dəyişdi. Təəccüblə:
– Bir halda ki, vəziyyət belədir, üstəlik, həkim də belə məsləhət bilir, evə niyə?
– Burda qalmaq istəmirəm! – İnadla dillənib, sonra da az qala yalvardım. – Söz verirəm, yerimdən tərpənən deyiləm, nə deyilibsə ona əməl edəcəm. Apar, xahiş edirəm! Burada, bu iynə-dərman qoxuyan divarların arasında qalmağa bir az da davam eləsəm, sıxıntıdan daha pis vəziyyətə düşəcəm, xəbərin olsun.
Azər bir söz demədən köks ötürdü. Bunu gördüyüm halda yenə əl çəkmədim. Əlini sıxaraq onun fikrini özümə yönəltməyə çalışdım:
– Azər, evi istəyirəm! Qurban olum, məni burada qoyub getmə!
Azər çıxılmaz vəziyyətdə qalıb narazılıqla başını buladı. İsrarımı görüb, həkimlə danışacağına söz verdi.
Mən isə bu qədər israr edərkən ona açıb deyə bilmirdim ki, əslində anamdan, onun tənəli sözlərindən qaçıram.
Qucaqlarında körpələri ilə dəhlizdən keçən cavan anaları görüb, boş qalmış qucağımda balamı axtarıb sızlamağın dəhşətindən, hər körpə səsinə diksinib balamı xatırlamağın sonsuz kədərindən, bitib-tükənməyən iztirablardan qaçıram.
Deyə bilmirdim… Eləcə israr edirdim…
(Ardı var)