Reportyorlar (47)
- 06 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Beşinci hissə
…Səhər oyanıb otaqda balama aid heç nə qalmadığını görəndə dəliyə dönmüşdüm.
Oğlumuzun beşiyini, onu itirəndən sonra yeganə təsəlli tapdığım, pir kimi, ocaq kimi sığındığım əşyanı Azərin otaqdan götürməsi mənə daha bir zərbə vurmuşdu.
O, mənim aqibətimdən narahat olduğu və məni düşündüyü üçün bu addımı atmış olsa da, mən özümü son ümidinə balta çalınmış bədbəxt kimi hiss edirdim. Və heç bir şəkildə ona haqq vermir, anlamaq istəmirdim. O, mənim asanlıqla sakitləşməyəcəyimi bilərək qollarımdan yapışdı:
–
Qulaq as, – dedi, – bir dinlə məni. – Onunla üzbəsurət əyləşim deyə israrla
təkid etdi. Və buna əməl edincə gözlərimin içinə baxa-baxa:
– İkimiz də uşaq deyilik, – dedi. – Həqiqəti qəbul etməkdən başqa çarəmizin
olmadığını da gözəl bilirik. İstəməsək belə, bu belədir. Əldən bir şey gəlməz
artıq! Geci-tezi qəbul etməliyik. Etmək məcburiyyətindəyik.
Təkrar kövrəldim. Sözlərindəki həqiqəti dərk etməyim məni sızım-sızım sızlatdı. Ağlamaqdan qızaran gözlərim yenidən göz yaşlarıyla doldu. O, mənim ağlayıb toxtamağa çalışmağımı səbirlə gözləyib, sonra eyni ahənglə təkrar dilləndi:
– Mən səni çox gözəl başa düşürəm. Amma məni də anlamağa çalış, başa düş. Bu otağa gəlməyə ürək etmirəm. O beşiyi burada hər görəndə, üstəlik, boş görəndə yarama duz basılır, ürəyim parçalanır. O zaman özümə bir az da acığım, qəzəbim tutur. Bir az da nifrət edirəm var olduğuma. Sən ağlayıb, qismən də olsa toxtaya bilirsən, çəkdiyin acı heç olmasa bir az xəfifləyir. Mənsə bunu edə bilmirəm. Edə bilmirəm də, başa düş. Çətindir mənə. Buna görədir ki, hər gün daha da yüklənirəm. Güclü görünməyə çalışdığım halda bu əzab keçən hər gün, hər dəqiqə artır mənimçün, dözülməz işgəncəyə çevrilir. – Sözlərinə dərin köks ötürməklə ara verən Azər gözlərini gözlərimdən qaçıraraq üzümə baxmadan sonsuz kədər içində: – Məni düz başa düş… Sizi də itirmək istəmirəm! – deyə etirafını sıxıla-sıxıla dilinə gətirdi.
Sonuncu kəlmələri elə dərin hüzn və elə sızıltı ilə dedi ki, baxışlarımı qaldırıb, kədərlə üzünə baxdım.
İlahi, dərd insanı bu qədər qısa vaxt ərzində nə hala salarmış… Mənimlə göz-gözə dayanmış, üzünə qəm ələnən, dərddən özünü unutmuş bu adam mənim Azərimə çox az oxşayırdı.
Sözləri, çəkdiyi ağrı-acı yıxılan dünyamı bir daha yıxdı, tar-mar etdi. Hisslərimə hakim ola bilməyib ona sarılaraq hönkür-hönkür ağlamağa başladım. Kimsəsiz qalmış biçarə kimi ona sığındım.
…Axşam tərəfi Azər işləri səbəbilə şəhərə qayıtmalı oldu. Mənimsə bu günədək yaşadığım ağır hisslər səhhətimdən təsirsiz ötüşmədi.
Ertəsi gün yuxudan məni bıçaq kimi kəsib-doğrayan, vücudumu qovuran dəhşətli sancılar oyatdı. Yatağın içində qıvranıb tab gətirməyə, səsimi çıxarmamağa cəhd etsəm də mümkün olmadı. Dodağımı dişlərimin arasında var gücümlə sıxaraq taxtdan endim. Qapıya üz tutmaq istədim, lakin bir neçə addımdan artıq irəli getmək imkanım olmadı. Rənanı harayladım.
O, mənim çağırışıma hövlnak özünü qapıdan içəri salanda mən əlimlə qarnımı tutub ikiqat qalmış, göz yaşlarına boğulmuşdum.
Rəna məni bu vəziyyətdə görəcəyini ağlına gətirmədiyi üçün çaşıb qaldı.
– Xanım, nə olub sizə? Aman Allah!
Ona cavab verə bilmədim, eləcə ağrı-acı içində qıvrandım.
Rəna təxminindən əmin olmaq üçün onu şübhələndirən bir neçə sual verib, qolumdan yapışdı, həyəcanla üzümə baxdı.
Məni taxtın kənarında əyləşdirib, yerimdən tərpənməməyi tapşıraraq özü ildırım sürəti ilə otaqdan çıxdı. Dəhlizdən həyəcanlı səsi duyuldu:
– Dilbər xanım!
…Həmin gün məni heç yubatmadan xəstəxanaya həkim əllərinə çatdırdılar…
Rusiya
Ötən günlər ərzində
Öz malikanəsində kefi-damağı cağ olan Feliksin həmin gün xüsusi qonağı vardı.
O, hovuzda ikən hovuz kənarında açılmış masanın arxasında ayaqlarını ayaqlarının üzərinə aşırıb əyləşmiş hündürboy, gözəl simalı, incəbel, sarışın qız halından məmnun ifadə ilə onu seyr edirdi. Bir xeyli sonra Feliks sudan çıxdı. Xidmətçinin əlində hazır saxladığı xalatı əyninə geyinərək masaya yaxınlaşdı. Qızın yanında əyləşib yerində yayxandı. İstifadə etdiyi narkotik maddənin təsiri ilə dumanlanmış şüuru, xumarlanıb süzülən gözləri məst halda:
– Тебе не скучно? (Darıxmırsan ki?) – deyə mənalı-mənalı onu süzdü.
Qız mavi göz bəbəklərindən ehtiras yağan alovlu baxışlarını onun üzünə dikib, gülümsündü:
– Абсолютно нет. (Qətiyyən.)
Onun həyat dolu, yaşamaq şövqü ilə baxan gözləri, təravətli bədəni gəncliyini çoxdan geridə qoymuş, qəlbinin atəşi illər əvvəl sönmüş qocanı riqqətə gətirdi. Yaşına uymayan bir əda ilə əlini qızın çılpaq buduna vura-vura adəti üzrə ağır-ağır güldü:
– Отлично! (Əhsən!)
Kefi bir az da kökəldi.
Bu vaxt digər xidmətçi masaya yaxınlaşıb Həmidin gəldiyini, görüşmək istədiyini xəbər verdi. Felikslə öz aralarında səlis Azərbaycan dilində danışan oğlan Həmidin ismarıcını da ona elə bu dildə çatdırdı:
–
Vacib bir məsələ barədə danışmaq istədiyini söyləyir.
Feliks xidmətçini əlinin işarəsi ilə geri göndərib, qıza baxdı:
– Я должен оставит тебя на несколько минут. (Səni bir neçə dəqiqə yalnız
buraxmalı olacam.)
– Хорошо, нет проблем (Olsun, problem deyil.) – Qız bunu çöhrəsindən silinib getməyən təbəssümlə, normal qarşıladı.
– Будь как дома. (Özünü evindəki kimi hiss elə.) – Qızın incə, zərif əlini ovcunun içinə alıb, öpüş qonduran Feliks qalxıb məkanı tərk elədi. Masadan ayrılan kimi simasındakı mülayimlik bir anda sərt ifadə ilə əvəz olundu.
Qonaq otağına keçib gözləməyə başladı. Bir neçə saniyə sonra qapıda görünən Həmid içəri keçmək üçün izn istədi. Əliboş gəlməmişdi. Feliksin işarəsi ilə onun hüzuruna gəlib, ədəb-ərkanla salam verdi. Feliks ciddi ifadə ilə:
– Xeyirdir, Həmid, belə bivaxt gəlməkdə? – deyə maraqlandı.
– Üzr istəyirəm, istirahətinizə mane oldum, amma gəlməsəm olmazdı. – Feliksin təbiətinə, xarakterinə artıq illərdir bələd olan Həmid sözü uzatmayıb, birbaşa mətləbə keçdi. – Bakıdan sizinçün sovqat göndəriblər, şef.
Feliks duruxan kimi oldu. Qaşları çatıldı. Nə sovqat?
– Vaxtilə yaxşılığınız keçmiş yaxın bir dostunuz bunu dəyərləndirib, yaxşılığa yaxşılıqla cavab verib. – Həmid bunu deyib, qapı arxasında dayanan xidmətçiyə işarə etdi. Xidmətçi qucağında körpə ilə içəri daxil oldu.
Feliksin üzündəki ifadə kimi baxışları da öz mənasını dəyişdi. Həmid onun əhval-ruhiyyəsini izləyə-izləyə körpəni xidmətçidən alıb, onu yola saldı. Qapı örtüldükdən sonra məsələyə aydınlıq gətirdi:
– Əhmədovun nəvəsidir. Nəslinin davamı! Gələcəyi! – Son sözləri xüsusi vurğu ilə dedi.
Feliks zəndlə uşağı süzüb, qıyğacı Həmidə baxdı.
– Bəs, mən axı bu gələcəyin beşikdəcə boğulduğunu eşitmişdim…
– Haqlısız! – Həmid şeytani bir təbəssümlə izah etdi. – Xeyirxah bir əl işlərin gedişini dəyişib.
Feliks düşüncəli göründü, fısıldadı:
– Ümid edirəm, arxanda iz buraxmamısan, Həmid. Bilirsən ki, mən təmiz iş tərəfdarıyam. Naşılıqla atılan addımı sevmirəm.
– Sizdən göydə uçan quş da şübhələnmir, şef. Bakıda bu məsələ ilə bağlı tamam ayrı fikirdədirlər. Başqa mülahizələr yürüdürlər. Çünki şübhələr tamam başqa istiqamətə yönəlib.
Bütün diqqəti körpədə olan Feliks keçib kresloda əyləşdi. Həmidi sonadək dinləməyə səbir edə bilməyib, sözünü ağzında qoydu. Şəhadət barmağının işarəsi ilə körpəni göstərib:
– Yaxın gətir görüm, – dedi.
Həmid
ağasına sadiq qul ədası ilə dərhal deyilənə əməl elədi. Körpəni saplağından
tutulmuş üzüm salxımı kimi Feliksin gözü önündə, onunla burun-buruna saxladı.
Zəhmətini qiymətləndirən, nəhayət ki, bir xoş söz, tərifnamə eşidəcəkmi deyə
nəzərlərini Feliksin üzünə zilləyib, onun verəcəyi reaksiyanı gözlədi. Feliks
adəti üzrə soyuqqanlı göründü.
Onun rəğbətini qazanmaq, razı qala bilməsi üçün dəridən-qabıqdan çıxıb, özünü
oda atan tərəfdaşlarına o, bütün bunların müqabilində uzun sükutdan sonra eləcə
“Əmrimi gözlə” deyərdi. Çünki tərif yağdırmağı və tərif yağdıranları heç
sevməzdi. O, dövrünün ən amansız və qorxulu quldur başçılarından biri idi.
Qorxusuzluğu onu digər cinayətkarlardan fərqləndirirdi. Feliksin öz prinsipləri
vardı. Heç vaxt titul arxasınca qaçmır, özünü oğru dünyasına sübut etməyə
çalışmırdı. Yeganə arzusu çoxlu pul qazanıb yenilməzliyini sübut etmək idi. Bu
yolda o, həm dost, həm də düşmən itirirdi.
Xəyanəti əfv etmədiyi üçün ətrafına yığdığı quldurlar ondan çəkinirdilər. Bundan əlavə, Feliksin KQB-də dostlarının olduğu da dəstədə artıq bir çoxlarına məlum idi. Feliks illər əvvəl bir təsadüf nəticəsində Həmidi kəşf etmiş, onu gələcək oğru kimi öz dəstəsinə gətirmişdi. Onun amansızlığı və aqressivliyi Feliksin diqqətini cəlb etmiş və Həmid oğru dünyasının incəliklərini Feliksin dəstəsində öyrənmişdi. Həmidin öz qurbanını öldürmək üsulu onu zəhərləmək idi. Və o, bunun öhdəsindən məharətlə gəlirdi. Buna görə də Feliks ona “Əqrəb Həmid” ləqəbini vermişdi.
Ən çətin bir işin nəticəsini də hər zaman soyuq ifadə ilə qarşılayan Feliks indi də daxilən nə hiss etdiyini büruzə vermədi.
Amma bu gün Həmidin fikrincə belə olmamalı idi. Çünki bu gün adi bir gün deyildi. Bu gün bəlkə də həyatı boyu istədiyi bir fürsət düşmüşdü əlinə. Əhmədovun nəvəsi, necə deyərlər, canı onun əlində idi. Bütün bağlı qapıları bu vasitə ilə açmağa imkan yaranmışdı.
Həmid bu düşüncələr içində ikən Feliksin nəzərləri körpənin boynundan asılmış boyunbağına sataşdı:
– Bu nədir?
– Əhmədovun nəvəsi olduğunun isbatıdır. – Həmid qalib bir əda ilə gülümsündü. Boyunbağını körpənin boynundan götürüb Feliksə uzatdı.
Feliks bir medalyondakı fotoşəklə, bir də körpəyə baxıb, ağır-ağır başını tərpətdi. Körpə ilə köhnə dost kimi danışmağa başladı:
– Neyləyək biz sənin bu babanla? Bilirsənmi üzümüzə nə qədər qapı bağlatdırıb? Neçə köhnə yaraların qaysağını qoparıb?
Bu
vəziyyətdə, havadan asılı qalmaqdan sıxılan körpə əl-qol atmağa başladı.
Dodaqlarını büzüb ağlamağa hazırlaşdı. Feliks boyunbağının zəncirini körpənin
gözü önündə yelləyib, onun diqqətini özünə cəlb etməyə, sakitləşdirməyə
çalışdı. Və buna nail olanda eyhamla
dodağı qaçdı:
– Belə, şahin balası! Nə qədər ki, qanadların çıxmayıb, uçmağı bacarmırsan, səni qorumalıyıq. Amma elə ki pərvazlandın, şığımağı öyrəndin, dağların zirvəsi səni tanıdı, bax, o zaman mənimçün gözlərini oyub gətirəcəyin ilk ovun atan olacaq! Hələ ki, növbə atandadır. O da yaxın vaxtlarda babanı mənim hüzuruma gətirəcək! Kimsənin önündə əyilməyən, qürurunu sındırmayan o məğrur baban dizlərimə qapanacaq! Çırağını söndürməyim deyə inim-inim inləyib, yalvaracaq!
Feliks sözünü bitirib Həmidə körpəni buradan aparmasını və planda olan növbəti işlərin qısa vaxt ərzində həyata keçirilməsini göstəriş verdi. Həmid qapıya üz tutanda o, bir də xəbərdarlıq etdi:
– Dörd gözlə qoruyun! Belə yağlı tikəni hər zaman qızıl məcməyidə süfrənə gətirməzlər, Həmid. Qorumaq lazımdır ki, yeməsini də biləsən!
Həmid daha burada yubanmadı. Körpəni də götürüb malikanədən ayrıldı.
Feliks körpəni Fransada yerləşən erməni diasporuna verməyi nəzərdə tutmuşdu. Lakin bu qərarını ən yaxın adamı olan Həmiddən belə gizlin saxlayırdı. Məqamı çatanda xəbərdar etməyi düşünürdü.
İşlərinin yolunda getdiyinə, bəxtinin üzünə güldüyünə razılıqla gülümsünüb, yüksək əhval-ruhiyyədə qonağının yanına qayıtdı.
(Ardı var)