Reportyorlar (46)
- 30 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Azər taxtın kənarında əyləşib dizlərinə dirsəklənmişdi. Ürəyi dərddən partlamaq dərəcəsində idi. Aydanın qapının arxasından duyulan naləsi onu bir az da talan edirdi. Eşitməmək üçün hər iki əliylə qulaqlarını qapadı. Belə ağır duyğuların əlində vuruşmaqda ikən onunla üz-üzə dayanıb həqiqəti söyləməyə gücü çatmır, özünü buna hazır hiss etmirdi. Amma ayrı yolunun olmadığını da gözəl bilirdi. Aydanın inadını, israrını görüb, sonda ayağa qalxdı. Naəlac qalıb açarı burdu, qapını onun üzünə açdı.
***
…Qapı açılan kimi özümü həyəcanla içəri atdım. Qarşısında dayanıb nəfəsim təngiyə-təngiyə:
– Niyə məndən qaçırsan? – soruşdum. – Əlinə nə olub?
Azər gözlərimin içinə baxa-baxa susdu. Cavab vermədi.
– Araz hanı bəs? Dedilər ki, xəbər çıxıb. Nöş gətirmədin?
Azərin solmuş rəngi bir az da soldu. Dillənmədi. Daha da təlaşlandım.
– Azər, bir söz de. Onsuz da nəfəsim kəsilir, taqətim qalmayıb. Yalvarıram, bir söz de.
Mən sonsuz həyəcan içində ondan cavab gözlədiyim halda onun nəzərləri bir anlıq açıq qalmış qapıya tərəf yönəldi. Bir daha alt-üst oldu. Şübhə içində dərhal geri çevrildim. Dilbər xanımı gördüm. Ağlamaqdan qızaran gözləri yenidən göz yaşları ilə dolmuşdu. Azərlə baxışlarının dili ilə danışdılar. Ürəyimi qara qorxu aldı, titrəməyə başladım. Eyni sualı bir də təkrar verdim:
– Niyə gətirmədin Arazı?
Azər yanıqlı bir ah çəkdi. Güclə dilləndi:
– Daha gözləmə! – dedi. Kəlmələr sanki dilini-dodağını yandırdı, daxilən keçirdiyi hisslər üzündə əks olundu.
Sarsılmış halda gözlərimi onun üzündən ayırmadan sual verdim:
– Necə yəni gözləmə?
Azər bu an ürəyi sinəsindən çıxacaq həddə, boğula-boğula nəfəs alır, xəbəri mənə çatdırmağın yollarını arayırdı. Münasib bir söz, kəlmə seçirdi ki, tab gətirə bilim.
Amma heç bir seçilmiş söz bu dərdin ağırlığından böyük və təsirli ola bilməzdi. O, sualımı cavablandırmağa məcbur qaldı:
– Arazı deyirəm, daha gözləmə!
Donmuş vəziyyətdə bir xeyli üzünə baxdım. Sözün mənasını ağlımda, şüurumda çözələyib dərk etməyə çalışdım. Və təəssüf ki, anladım. Ürəyimin odunda isinib məni yandıran göz yaşlarım yanaqlarıma süzüldü. İniltili bir səslə:
– Azər, yalvarıram sənə, yalandır de! Yalandır de! İzini tapa bilmirik de! İstədiyin bütün sözləri de, amma həyatda yoxdur kəlməsini dilinə gətirmə!
Bu sözlərimlə Azərin əzablarına əzab əlavə olundu. Gözlərini əzab içində yumub, sıxdı. Və mənə baxmağa cəsarət etməyən bir ifadə ilə sızıldadı. Kəlmələr boğazında ilişib qala-qala, onu boğan qəhər nəfəsini kəsə-kəsə:
– Kaş ki… kaş ki, sən deyən kimi olardı. Kiçik bir şans, kiçik bir ümid. Hər şeydən, ən əsası canımdan keçməyə razı olardım, amma deyəydilər ki, nəfəs alır, – dedi.
– Yox! Yox! Yoooxx! – deyə fəryad
qopardım. Yaxasından yapışıb, var gücümlə silkələməyə, üsyankar bir səslə
hayqırmağa başladım. – Ölüsünü istəyirəm! Ölüsünü gətir! Ölüsünü gətir deyirəm
sənə! Öz gözlərimlə görməsəm, əsla inanmaram! – deyə dəhşət içində çığırırdım.
Azər ayaq üstə ölmüşdü sanki. Gözlərimin içinə baxa-baxa susurdu, daha
dinib-danışmağa gücü çatmırdı.
Bu zaman kimsə məni qucaqladı.
Hönkürtülü bir səslə yalvarmağa
başladı:
– Bacı, qurban olum, özüvü ələ al!
Dilarənin səsi idi. Onun hönkürtüsünə qayınanamın və bütün yaxınların hönkürtüsü qarışmışdı. Amma mənim çəkdiyim acı bu an o qədər böyük və dəhşətli idi ki, naləm, fəryadım bütün səsləri üstələyirdi. Zəbt edə bilmirdilər. Dırnaqlarım Azərin yaxasına sancılmış bir halda çığırırdım. Sonda bütün qüvvəm tükəndi, gözlərim önünə qatı bir zülmət çökdü. Bundan sonrasını xatırlamıram.
***
…Axşam düşmüşdü. Azər bir xeyli vardı ki, mətbəxdəki stullardan birində oturub qalmışdı. Əlləri ilə başını sıxıb, sükuta qərq olmuşdu. Onu saran hisslərin təsiri ilə nəfəsi yenə təngiyirdi.
Bu vaxt Dilarə mətbəxə gəldi. Azəri belə görüb, ehtiyatla ona səsləndi:
– Qaqaş, yaxşısan?
Azər cavab vermədi.
– Bilirəm ki, səhərdən bir qurtum su da içməyibsən. Aydan da o vəziyyətdə. Heç olmasa sən güclü dayan, onun bundan belə sənə daha çox ehtiyacı var.
Azərin səsi-səmiri çıxmadı. Xeyli keçəndən sonra cibindən götürdüyü həbləri yuvasından çıxarıb, ağzına atdı.
– Dayan bir su gətirim. – Dilarə qrafinə əl atdı.
Lakin Azər əlinin işarəsi ilə ehtiyac olmadığını bildirib, həbləri udmağa çalışdı. Qurumuş boğazından güclə keçən həblərin təmasından üz-gözünü yüngülcə turşutdu.
– Özüvü zəhmətə salma, daha su da keçmir boğazımdan.
– Qaqaş, qurban olum sənə. – Dilarə kövrəldi. Azərin boynunu qucaqladı. – Özünə qəsd eləmə. O qıza rəhmin gəlsin.
Bir qədər sonra Aydan yenə də fəryad içində çığırmaqda idi. Sakitləşmədiyini görəndə məcbur qalıb həkim çağırmalı oldular.
Dilarə onun səsini duyduqca:
– İlahi, bu qıza yardım et,
toxtaqlıq ver! – deyib, həyəcanla Azərə baxırdı.
Azər sonda dözməyib yerindən qalxdı. O, mətbəxdən çıxanda Dilarə də ardınca
düşdü.
Dəhlizdə tibb bacısı ilə üz-üzə gəldilər. Sual yağan nəzərlərlə onu süzüb, irad bildirdi:
– Yardım göstərmək fikrində deyilsiz? Yəqin görürsünüz də nə vəziyyətdədir. Soruşmaq eyib olmasın, nəyi gözləyirsiz?
– Yardım etmək istərdim, amma xanımınız hamilədir, cavan oğlan, bağışlayın, belə olan halda əldən bir şey gəlməz.
Azər duruxan kimi oldu. Həmin anda gözucu Dilarəyə baxdı. Dilarə kövrək baxışlarını xalası oğlunun üzündən qaçırıb daha burada dayanmadı, Aydanın yanına yollandı.
Tibb bacısı onun üzündəki ifadədən indi xəbər tutduğunu başa düşdü. Lakin eyni ciddilik və təmkinlə sözünə davam etdi:
– Ona bu an yalnız mütləq şəkildə psixoloji yardım alması və sizin dəstəyiniz kömək edə bilər. Ayrı yolu yoxdur. Üzrlü sayın. – Bunu deyib, Azərdən ayrıldı, getməyə hazırlaşdı.
Azər tutqun ifadə ilə bir addım geri gedib, arxasındakı divara söykəndi. Bir övladının ölüm xəbərini alıb, digərinin varlığından xəbər tutmaq talan olmuş qəlbini sızım-sızım sızlatdı. Qeyri-ixtiyari Aydanın sonuncu dəfə telefon danışığı zamanı ona “Sənə bir xəbərim var!” deməsini xatırladı. Alt-üst oldu.
***
Aradan bir neçə gün keçmişdi.
Amma sakit keçməmişdi. Çünki bu fırtına heç vaxt səngiməyəcəkdi. Həyat mənə Arazın yoxluğunu sübut etsə də, mən bunu heç vəchlə qəbul etmək, inanmaq istəmirdim.
O gecə… Hər gecə olduğu kimi Arazın köynəyini sinəmə sıxmışdım. Yanımda olduğunu hiss etmək üçün ətrini duya-duya yatıb yuxulamaq istəyirdim. İtirmək qorxusu mənə necə güc gəlmişdisə, bir əlim də Azərin başımın altında olan əlindən yapışmışdı.
Onun saçlarımda gəzən əlinin təması yorğun gözlərimə yuxu gətirməkdə idi. Dəqiqələr sonra o, yatdığımı zənn edib, qolunu ehmalca başımın altından götürdü. Körpəmin sinəmə sıxdığım geyimini barmaqlarımın arasından çəkib almaq istəyirdi ki, mən gözlərimi açmadan ovcumu daha bərk sıxıb yumdum.
Azərin duruxduğunu hiss etdim. Naəlac qalıb öz yerinə uzandı. Saniyələr sonra dərin bir ah çəkməsi yaralı qəlbimi elə sızlatdı ki… Amma səsimi çıxarmadım.
Aradan nə qədər keçdi bilmirəm. Mən hələ də oyaq idim.
Açıq pəncərədən içəri vuran mehlə bərabər qulağıma yaxınlıqda ağlayan bir körpə səsi doldu. O andaca gözlərimi açıb, yarıqaranlıq otaqda səsi dinləməyə başladım. Ürəyim şiddətlə çırpındı. Səs hələ də duyulmaqda idi. Hətta getdikcə daha aydın eşidilirdi. Eynilə Arazın səsinə bənzəyirdi. Yataqdan sıçrayıb qalxaraq otaqdan çıxıb, birbaşa həyətə yüyürdüm. Həyətin ortasında bir anlıq ayaq saxlayıb, səsin gəldiyi istiqaməti müəyyənləşdirəndən sonra darvazaya doğru ayaqyalın qaçmışdım. O anın mənə vermiş olduğu hisslə Arazın qapının arxasında olduğunu sanırdım. Qapını dartışdırıb açmağa cəhd edirdim ki, elə bu vaxt qaçaraq addımlarla özünü mənə yetirən Azər:
– Neynirsən, ay qız, sən?! – Çevik bir hərəkətlə əlində tutduğu mələfəni mənə bürüyüb, vücudumu qapadı. Eyni zamanda da baxışları ilə ətrafı yoxladı. Vüsətin həyətdə ola biləcəyindən ehtiyatlanıb, iradla gözümün içinə baxdı.
Mən evdən gecəliklə çıxdığımı yalnız bu an görüb anladım. O, qolumdan yapışaraq:
– Eyibdür. Görən olsa nə fikirləşər? – dedi. – Gedək.
Ayaqlarımı yerə dayaq verib, özümü inadla geri çəkdim.
– Araz burdadır! Eşidirsən, səsi gəlir! Sağ olduğunu bilirdim! Bilirdim!
Bu sözləri eşidən Azərin üzü sarsılmış ifadə aldı. Yəqin ki, ağlımı itirdiyimi düşündü. Ürəyindən keçənləri onun üzünə deyərək özümdən çıxdım.
– Elə baxma mənə, dəli olmamışam! Əminəm! O səs mənim Arazımın səsidir! O özüdür!
Azər ağlayan körpə səsinə diqqət edib, məyus ifadə ilə məni evə aparmağa çalışdı. Lakin onu dinləmədim. Çılğın bir hərəkətlə sinəsindən vurub geri itələyərək əlindən çıxdım. Eyni həyəcan və israrla qapını dartışdırmağa davam etdim. Övladımın həsrəti ilə necə yanıb tutuşurdumsa dırnaqlarımla yeri eşirdim. Gücüm yetmədiyi halda az qalırdı darvazanı yerindən çıxarım. Necə çırpındığımı alt-üst olmuş bir əhvalla seyr edən Azərin ayaqlarına düşüb yalvarırdım:
– Aç qapını! Yalvarıram aç! Balamı görüm! Bilirəm, ordadır!
Vüsət, Rəna və hətta Dilbər xanım da oyanıb həyətə enmişdilər.
Azər Rənaya məni burdan aparmasını işarə edəndə dəliyə döndüm. Ağlayıb etiraz etsəm də, əbəs idi. Əlimdən bir şey gəlmədi.
***
Qadınlar evə qalxandan sonra Vüsət süst halda skamyaya çöküb oturmuş Azərə hələ də eşidilməkdə olan körpə səsini işarə edib:
– Qonşunun nəvəsidir, – dedi. – İki gün olar gəliblər. Gəlin xanım onun səsini duyub.
Azərin səsi-sədası çıxmadı. Siqaret çıxarıb alışdırdı. Dərin-dərin sümürdü. Bir qədər keçəndən sonra özünü toplamağa çalışaraq:
– Get yatginən sən, yuxusuz qalma, – dedi.
Vüsət daha bir söz deməyib, sakit addımlarla Azərdən ayrıldı.
Dərdi ilə baş-başa qalan Azər nizamı pozulan həyatını bundan belə necə qaydaya salacağını, psixoloji cəhətdən böhran vəziyyət keçirən həyat yoldaşını bu uçurumdan necə xilas edəcəyini özü də bilmirdi. Aydın başla düşünüb çıxış yolu tapmaqda aciz qalmışdı. Ağlı-fikri uzun müddətdir darmadağın idi.
Bu düşüncələr içində siqaretin külünü barmağının bir həmləsi ilə yerə çırpıb, daraqladığı saçlarını çəngələdi. Dilxor halda fısıldadı. Bu anlarda eyvana çıxıb dayandığı yerdən onu seyr edən atasını görmədi.
Ənvər çətin günlər yaşayan oğlunun pərişan halına, düşdüyü vəziyyətə baxdıqca ömründən ömür getdiyini sanırdı. Gözünün önündə şam kimi əridiyini görməsi, dərdinə məlhəm tapa bilməməsi onu hər şeydən çox üzürdü.
…Azər o gecə həyətdə nə qədər yubandığını bilmədi.
Xeyli sonra evə qalxıb otağın qapısına yaxınlaşanda Dilbər xanım Aydanı sinəsinə sıxıb dilə tutur, özü isə səssiz-sədasız göz yaşı axıdırdı.
Aydanın yatıb yuxuya dalmasını səbirlə gözləyib, sonra içəri gəldi. Beşiyi yerindən qaldırdı. Anasının təəccüblü baxışları altında otaqdan çıxardı.
Bu an daxilən əzab çəksə də, soyuqqanlı görünməyə çalışaraq dəhlizdə Rənaya səsləndi:
– Vüsəti çağır bura.
Rəna onun sözünə əməl edib, dərhal Vüsətin dalınca yollandı. Bir neçə dəqiqə sonra Vüsət yeyin addımlarla gəlib Azərin qarşısında dayananda beşiyi artıq eyvana çıxarmış olan Azər nəfəsini dərib, ona:
– Bunu göz önündən götür, ortalarda görünməsün, – dedi.
Vüsət bir gözü beşikdə, məyus ifadə ilə başını tərpətdi:
– Oldu.
Azər daha burada dayanmayıb evə keçdi. Bu dəfə Rənaya öz tapşırığını verib:
– Uşağa aid otaqda nə varsa, səhər hamısını yığışdırırsan. Kiçik bir əşya belə qalmır, – dedi. – Aydındır?
Rəna onu diqqətlə dinləyib, sakitcə başını tərpətdi.
– Başa düşdüm. Narahat olmayın, – deyə cavab verdi.
Azər Rənadan ayrılıb salona keçdi. Divanda əyləşib canındakı təlatümü qovmağa, özünə gəlməyə çalışdı. Lakin o gecə səhərə qədər gözünə yuxu getmədi.
Bu həmin gecə idi ki, çox uzaqlarda, əl çatmayan, ün yetməyən bir diyarda anasını arayan bir körpə ağlamaqdaydı.
Durmadan, yanıqlı bir səslə ağlayırdı. Bu günlərdir belə idi…
Dördüncü hissənin sonu