Reportyorlar (45)
- 23 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Mərdəkan
Fatimə Dilarə ilə söhbətə dalmışdı ki, bu anda salonda qopan səs-küyə hər üçümüz diqqət kəsildik.
Dilbər xanımın səsi idi. Fəryad içində çığırır, ağlayırdı. Dərhal yerimdən qalxıb qapıya doğru getdim. Dilarə qapıda mənə çatıb iradla:
– Ay qız, sən hara? – dedi. – Dayan bir görək.
Onlar birlikdə salona yüyürdülər.
Mən qulağım səsdə, ürəyim təşviş içində xəbər gözləyərkən bu səs-küyü duyub, necə sakit dayana bilərdim burda? Ayaqlarımı dalımca sürüyə-sürüyə salona üz tutdum. Bura gələndə Dilbər xanımı təsəvvür etmədiyim şəkildə gördüm. O, səsi gəldikcə çığırır, nalə çəkirdi. Bir yanında bacısı Səadət, o biri yanında baldızı Ruqiyyə əllərini, qollarını ovuşdura-ovuşdura az qala yalvarırdılar:
– Dilbər! Dilbər özünü ələ al, sakit ol!
– Gəlini düşün, ona rəhmin gəlsin!
Tanıdığım bütün qadınlar göz yaşlarına boğulmuşdular. Yerbəyerdən ona səslənib ovundurmağa, sakitləşdirməyə çalışırdılar, lakin Dilbər xanım bu an kimsəni duyacaq, dinləyəcək halda deyildi. Su gətirdilər, o, imtina etdi.
Səssiz-sədasız onları seyr edir, titrəyirdim. Ürəyimə qara şübhə dolmuşdu, lakin səsimi çıxara bilmirdim. Qəhər boğazıma tıxanıb, nəfəs almağa qoymurdu.
Səadət xalanın gözü mənə sataşanda ifadəsi dəyişdi. Dərhal qızı Dilarəyə gözünü ağardıb, ona məni göstərdi. Dilarə göz qırpımında yanıma gəldi. Qoluma girib:
– Bacı qurban, gəl sən məninən, – deyə məni buradan aparmağa tələsdi.
– Ana niyə bu haldadır? – Şübhə ilə ona baxdım.
– Neçə günün ağrı-acısıdır, birdən halı pisləşdi. Sən getmə ora, yaxşı, quzum?
Otağa keçdik. Dilarənin verdiyi cavaba inana bilmədim. Pəncərədən həyətə boylandım. Həyətə yığılan kişilər hər günkündən daha qəribə əhval-ruhiyyədə idilər. Mənə məlum olmayan bir sirr gizli idi ifadələrində, daldıqları sükutda. Üzlərinə qəm ələnmişdi. Kimisi siqaret tüstülədir, kimisi baxışlarını yerə dikib, lal-dinməz durmuşdu. Onların arasında nə qayınatamı, nə də Azəri görməyib təəccübləndim:
– Azər qayıtmayıb ki?
Dilarə boğuq güclə dilləndi:
– Yox, can. Heç Ənvər dayı da gəlməyib.
Geri çevriləndə Dilarəni doluxsunmuş halda gördüm.
– Məni burda nöş dustaq etmisiniz? – Narazılıqla onu süzüb, təkrar qapıya doğru getmək istədim. Qarşıma keçib, yolumdan saxladı.
– Vallah-billah, həyəcanlanmayasan deyə, bacı qurban. Ana tapşırdı. Bir azdan gedərik də, qoy bir az sakitləşsin ortalıq. Mənə inanmırsan, aa…
Hövsələsiz bir şəkildə ah çəkdim.
Bir qədər sonra həkim çağırdılar. Dilbər xanım vurulan iynənin təsiri ilə daha özündə olmadı.
Yanına gedib saçlarını sığalladım. Onun başına toplaşan qadınları sorğu-sual etdim, amma kimsə mənə dəqiq bir söz demədi.
Hər kəs baxışlarını məndən qaçırır, üzümə baxmağa ehtiyat edirdi.
Özlərini qəribə aparmaları məni daha da şübhələndirir, işin əslini bilmək üçün Azərgilin gəlib çıxmasını gözləyirdim.
Heç demə olan artıq olubmuş…
***
Oğlunun başı ucundan ayrılıb, qəm-qüssə içində palatadan çıxan Ənvər dəhlizdə nəfəs dərib, özünə gəlməyə çalışdı. Bu anlar onu sıxan duyğu elə güclü idi ki, hissləri ilə heç cür bacara bilmirdi.
Səməndər dəhlizdə Kazımovla yanaşı dayanmışdı. Ənvəri görüb, söhbətə son verdilər.
Ənvər ayaqlarını güclə dartıb sürüyə-sürüyə ağır addımlarla gəlib dostlarının yanında dayandı. Üzünü Səməndərə tutub, dərddən yanıb yaxılan bir səs tonu ilə:
– Əgər bu illər ərzində kəsdiyimiz duz-çörəyin sənin yanında bir dəyəri varsa, məni özünə dost, qardaş hesab edirsənsə, bu işin sonuna çıx, Səməndər! Bunu səndən vəzifə borcun kimi deyil, bir heysiyyət məsələsi kimi tələb edirəm! – dedi.
Kazımov pörtdü. O dura-dura Ənvərin Səməndərə müraciət etməsi onu açıq-aşkar pərt elədi. Lakin belə bir gündə bunu üzə vurmağı yersiz bilib, özünü sındırmadı.
– Mənə istintaq belə davam etdi, belə başa çatdı deyib, bəhanələr gətirməyin! Bu mənə maraqlı deyil! Bu işi kim sifariş verib, mənə onu tap! Balalarımı bu hala salan biqeyrət hər kimdirsə, onu sən mənim bu əllərimə verginən! – Ənvər titrəyən əllərini hiddətlə sıxdı, yumruğa döndərib silkələdi. – Öz intiqamımı özüm alım, Allaha həvalə edib qiyamətədək gözləməyim!
Səməndər dostunu ovundurmaq istədi:
– Qardaşım…
Ənvər ona ikinci kəlməni işlətməyə imkan yaratmadan hiddət və qəzəblə:
– Onun kimliyi maraqlıdır mənə! Eşidirsən?! Bilməliyəm görüm, kimə görə körpəni o vəziyyətə saldırıb! Mənə görəmi? Oğluma görəmi? Hansı birimizin cəzasını çəkdi o günahsız körpə?! Bir səbəb olmalıdır da, izah etmək üçün!
Kazımov qızarıb-bozardı, narahat göründü. Lakin bütün səyi ilə bunu bəlli etməməyə çalışdı.
– Bundan agah olmadan bu dünyadan getsəm, qəbrim od tutub yanacaq! Əgər bilib məndən gizlədəsi olsan səni əfv etmərəm, bilmiş ol!
Səməndər gözucu Kazımovu süzüb, dilxor halda başını buladı.
– Özünü kişi hesab edirsə qarşıma çıxardı. Cəsarəti çatmadı ki, qarşımda sözünü desün, körpəni hədəf aldı?
Kazımov başını aşağı salıb, fısıldadı. Dilinin kilidi nəhayət ki, açıldı:
– Ənvər, qardaşımsan, hər şey inşallah ortaya çıxacaq. Səbirli ol, – dedi.
Bu sözlər Ənvərin yaralı bağrını bir az da dağladı. Zəndlə Kazımova baxdı. Kazımov bu baxışlar qarşısında uzun müddət davam gətirə bilməyib, gözlərini dostunun gözlərindən qaçırdı. Ənvər dərdi sinəsini yandırıb odlaya-odlaya:
– Kürəyimə xəncər saplanıb, Kazımov! Namərdcəsinə! Bu məqamda mən necə səbirli ola bilərəm? Hansı səbirdən, hövsələdən danışırsan sən?!
Kazımov Ənvərin səsinin ahəngindəki rəsmiliyə, adətinin əksinə ona qardaş deyə xitab etmədiyinə xüsusilə diqqət etdi. Səbəbini anlamayan bir ifadə ilə qıyğacı Səməndərə baxdı, rəngi bir az da boğuldu. Lakin daha bir söz demədi.
***
…Axşam tərəfi idi. Evdə hələ də cansıxıcı bir sükut, bitib-tükənməyən nigaranlıq hökm sürürdü.
Dilarə Fatiməni mətbəxə çəkib, ürək ağrısı ilə pıçıldadı:
– Sən bacıya bildirmə hələ ki. Gözləyək, Azər gəlsin. Ata deyir, uşağı artıq dəfn ediblər. Bayaq Dilbər xalanın da halı buna görə xarablaşdı. – Sözlərini güclə tamamlayan Dilarə davam gətirə bilməyib hönkürdü.
Heyrət içində onu dinləyən Fatimə göz yaşlarına boğuldu.
– Yazıq bacı! Necə dözəcək bu dərdə?
Sözü ağzında qaldı. Bu an heç gözləmədikləri halda mətbəxə gələn Aydan onların ağladığını görüb, şübhə ilə hər ikisini süzdü. Qızlar onu görən kimi özlərini yığışdırmağa çalışsalar da, gecikmişdilər. Aydan tutqun baxışlarını qızların üzündən çəkmədən sual verdi:
– Nə olub?
Bir anlıq onun söhbətə qulaq şahidi olduğunu və hər şeyi duyduğunu düşünən qızlar bu sualdan sonra qəribə də olsa rahat nəfəs aldılar. Hələ ki, qorxduqları olmamışdı. Hələ ki…
Dilarə vəziyyətdən çıxmaq üçün bilmədi nə səbəb gətirsin. Ağlına gələn ilk sözləri dilinə gətirdi:
– Xalanı elə görməyim mənə pis təsir etdi, özümə gələ bilmirəm. Onu heç vaxt bu əhvalda görməmişdim.
Aydan bu cavaba inanmamış kimi göründü. Eyni şübhə və narahatlıqla təkrar sual verdi:
– Məndən nə gizlətməyə çalışırsınız?
Dilarə dərhal özünü toplayıb:
– Yox, qətiyyən, gözəlim, heç də belə düşünmə, – dedi.
Aydan qüssəli və bir o qədər də gərgin halda gileyləndi:
– Qardaşın nöş gəlib çıxmadı axı?
Fatimə bacısının bu sözlərini duyanda daha dözmədi. Hisslərinin onu ələ verəcəyindən ehtiyatlanıb, dərhal mətbəxi tərk elədi. Eyvana yüyürdü. Eyvanda için-için ağlamağa başladı. Bu vaxt həyətdə dayanmış bir nəfərin ona baxan baxışları qızı duruxdurdu. Gözlərinin yaşını silib, özünü toplamağa çalışdı. Onu haradasa gördüyünü xatırlayırdı, amma bu ankı əhval-ruhiyyə ilə yadına sala bilmirdi. Oğlan bir neçə addım irəli gəlib, ahənginə matəm çökmüş bir səs tonu ilə:
– Xanım, bir bardaq su verərdiniz zəhmət olmasa, – dedi.
Bu Vüqar idi. O, Fatiməni eyvanda görən kimi tanımışdı. Fatimə onun kədərli çöhrəsindən, qızarmış gözlərindən bir az əvvəl ağladığını başa düşdü. Mətbəxə keçib, arabir hıçqıra-hıçqıra bardaqlardan birini götürdü. Su ilə doldurub təkrar eyvana çıxdı. Vüqar başını pilləkənin məhəccərinə söykəyib dayanmışdı. Çiyinləri xəfifcə titrəyirdi. Fatimə aşağı enib onun yanına gəldi. Sakit və hüznlü bir səslə:
– Buyurun, – dedi.
Vüqar üzünü çevirib Fatiməni yanında görəndə gözündən süzülən yaşları əlinin bir toxunuşu ilə tez-tələsik silib, özünü ələ almağa çalışdı. Köks ötürdü. Bardağı qızdan alıb, suyu başına çəkdi.
Bu müddətdə Fatimə səbəbini bilmədiyi bir maraqla Vüqara, onun gipsə qoyulub boynundan asılan qoluna nəzər salmağa başladı. Və birdən onu harada gördüyünü, kim olduğunu xatırladı.
Vüqar bardağı ona qaytarıb təşəkkür etmək istəyəndə gözləri qızın gözlərinə tuş gəldi. Kövrək anında öhdəsindən gəlməkdə çətinlik çəkdiyi güclü bir hiss qəlbini titrətdi. O, bu qarşılaşmanı, bu ünsiyyətin reallaşmasını çox xəyal edib, çox arzulamışdı, lakin belə ağır bir gündə nəsib olacağını ağlına belə gətirməmişdi. Fatimənin göz yaşlarına boğulmuş halda ona verdiyi suala Vüqar fikirdən ayrıldı. Çaşqın halda Fatiməni süzdü:
– Necə?
Fatimə qəmgin ifadə ilə sualını bir də təkrar etdi:
– Soruşuram Azər qardaş indi haradadır ki? Nöşün evə gəlmədi?
Vüqar cavab vermək üçün bütün qüvvəsini topladı. Nə baş verdiyini qıza deməyi məsləhət bilməyib, başqa sözlə əvəz etdi:
– Gələr, narahat olmayın. – Qısa sükutdan sonra əlavə etdi. – Mən xəbərsiz idim. Bir xəbər varmı deyə gəlmişdim. Burda öyrəndim ki… – Onu boğan qəhərdən sözünü bitirə bilməyən Vüqar eyvanın bir küncündə sahibsiz qalmış, az müddət əvvəl Araz üçün alıb gətirdiyi oyuncaq maşına baxıb, yenidən doluxsundu. Bu həyətdə Azərlə etdiyi zarafatlar, Arazı necə əzizləyib oynatdığı gözü önündə canlandı. Yanıb yaxıla-yaxıla:
– Qərdeşimə bu rəva deyildi! – dedi. – Rəva deyildi!
Bir qədər sonra Fatimə ondan ayrılıb, pilləkəni yuxarı qalxdı. Evə keçmək istərkən səbəbini özünün də anlamadığı bir hisslə çevrilib Vüqara baxdı. Artıq həyətə toplaşan kişilərin yanına qayıtmış Vüqarın bütün diqqəti hələ də onda idi.
Ertəsi gün
…Günortadan keçmişdi. Darvazanın önündə dayanan maşın səsinə Vüsət oturduğu skamyadan ayağa qalxdı. Çox keçmədən qapıda görünən Azər ayaq üstə gəzən bir ölü kimi, ağır addımlarla həyətə daxil oldu. Ardınca da onunla bərabər gəlmiş atası, dostları və Səməndər gəldilər.
Vüsət irəli yerisə də Azərin rəngi-ruhu, əhval-ruhiyyəsi qarşısında söz deməyə cürət etmədi. Həyətə yığılan dost-tanış, qohum da eləcə.
İztirablı bir baxışla evə tərəf baxan Azər son qüvvəsini toplayıb, irəli yeridi. Pilləkənə doğru getdi. Onun gəldiyini Dilbərə xəbər vermişdilər. Oğlunu dəhlizdə qarşılayıb, ona sarılaraq hönkür-hönkür ağlamağa başladı. Azərin əlinin tənziflə sarıldığını görəndə daha da sızladı.
***
… Azərin gəldiyini bilən kimi salona yüyürmüşdüm.
Qəribə burasıdır ki, daha nə Dilarə, nə Səadət xala, nə də digərləri mənə mane olmamışdılar. Eləcə kövrəlib ağlamağa başlamışdılar. Buna şahid olmaq mənə qorxunc həqiqətin artıq qaçılmaz olduğunu sezdirmişdi.
Ürəyim şiddətlə vura-vura, təşviş və qorxu içində salonun girişində dayanıb, Azərin yaxına gəlməsini gözləyirdim. Əl-ayağımın titrəməsini artıq saxlaya bilmirdim. Dilbər xanımın yanıqlı səsi, hönkürtüsü bütün ümidimi yerlə bir etmişdi. Arabir Dilarənin pıçıltıya bənzər səsi gəlirdi qulağıma:
– Bacı qurban sənə, sakit ol, yaxşı?
Azər anasından ayrılıb kimsənin üzünə baxmadan, kimsə ilə kəlmə kəsmədən ağlaşan qadınların arasından keçib otağa doğru tələsdi. Gedərkən gözucu mənə doğru elə baxdı ki, bu baxış məni sümükləriməcən sızlatdı. Rəngi solmuşdu, gözlərinin iç qıpqırmızı, baxışları hüznlü idi. Üstəlik, əlinin zədələnmiş olması məni silkələyib, sanki yuxudan oyatdı. Həyəcanla ətrafıma yığılan qohumlara baxaraq:
– Nə baş verib? – deyə ixtiyarsız olaraq səsimi qaldırdım.
Kimsə dillənmədi. Bu sükutda təkcə Dilbər xanımın ah-fəğanı duyuldu. Burada dayanmayıb otağa doğru getdim. Amma içəri keçə bilmədim. Azər qapını içəridən bağlamışdı. Bir bədbəxtlik baş verdiyinə daha heç bir şübhəm qalmadı. Məni ağlamaq tutdu.
Bir əlim cəftədə, o biri əlimlə qapını döyə-döyə Azəri səsləməyə, qapını açsın deyə yalvarmağa başladım. Bilirdim səsimi duyur, amma nə üçünsə əməl etmirdi. Onun belə etməsi məni dəliyə döndərdi. Daha evdəki böyükləri belə nəzərə almadan bağrımı odlayan ağrı-acının təsiri ilə səsimi yüksəltdim.
Dilarə və Səadət xala yanıma gəldilər. Hərəsi bir tərəfdən sakit olmağı xahiş etsə də kimsəni dinləyəcək halda deyildim.
(Ardı var)