Reportyorlar (44)
- 16 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Azər xəbəri alan kimi şöbəyə gəlmişdi. Həyəcanlı və bir o qədər də narahat idi. Telman ilk dəfə idi bir yerdə böyüyüb, qardaş bildiyi insanın üzünə bu anlar baxmağa cəsarət etmir, çiyinlərini əzən ağır bir yük daşıdığını zənn edirdi.
Buna rəğmən nə qədər çətin olsa da, vəziyyəti ehtiyatla ona izah etməyə çalışırdı:
– …İlkin versiya qəzanın gecə yarısı baş verməsidir. Çox güman ki, həmin ərazidə yaşayan kənd sakinləri yanğınsöndürmə məntəqəsinə xəbər veriblər. Mən hadisə yerinə çatanda avtomobil çoxdan söndürülmüş olsa da, bir qismi tamamilə yanıb kül olmuşdu. Avtomobilə baxış keçirən zaman meyitlərin arasında bir körpə cəsədi də aşkarladıq. Onun bir yaşdan kiçik olduğu güman edilir. Bədəninin 70 faizi demək olar ki, yandığı üçün cəsəd tanınmaz hala düşüb. Bu isə bizim işimizi dəqiq söz deməkdə bir qədər çətinə salır. Ola bilsin ki, bu ehtimal yanlış olsun, qardaşım. Əmin olmaq üçün DNT analizi edilməlidir. Cəsəddən götürülmüş nümunə ilə sənin qan nümunən məhkəmə bioloji şöbəsində laborator analiz edilməlidir. Yalnız bundan sonra müəyyən etmək olar ki, həmin cəsəd övladına məxsusdur, yoxsa yox. – Dərindən nəfəs alıb, söhbətə bu sözlərlə yekun vurmaq istədi. – Buna görə də dəqiq rəy bildirmək üçün məhkəmə-tibb ekspertizasının cavabını gözləməliyik. Bu mütləqdir.
Azər ürək çırpıntıları ilə dostunu dinlədiyi bu müddətdə dinib-danışmaq iqtidarında olmadı. Başını şiddətlə sıxılan yumruqlarının üstünə qoyub, səssiz dayandı.
Telman gəlib onun başı üzərində dayandı:
– İnşallah, yanılmış olarıq, dostum.
Həftələr sonra
…Aradan keçən bu günlər ərzində
ev əhlinin nə gecəsi vardı, nə gündüzü. Nigaranlıq, təlaş və həyəcan hamını əldən
salmışdı.
Mən isə artıq ruh kimi gəzib-dolanırdım.
Aradan keçən hər saat canımdan bir can ayrılırdı sanki. Məni bir an olsun tərk etməyən qorxu, həyəcan bir az da güclənir, qüvvəm tükənir, ümidim can verirdi. Həftələrdir hər saniyə ölüb dirilə-dirilə xəbər gözləyirdim.
Azər bu gün səhər evdən çıxan idi, hələ
qayıtmamışdı.
Bu intizarla qulağım səsdə idi ki, gözləmədiyim halda Fatimə gəldi. Bacımı görən
kimi həyəcanla atamı xəbər aldım. Vəziyyəti ilə maraqlandım.
Fatimə üzgün baxışlarla üzümə baxdı:
– Elə eyni. Dəyişən heç nə yoxdur.- dedi.
Qüssəli bir ah çəkib dua etməyə başladım.
***
…Bu gün ekspertizanın rəyi bəlli olacaqdı. Telman Azərə özü zəng vurub şöbəyə çağırmış, cavabın bəlli olduğunu xəbər vermək üçün onunla şəxsən görüşmək istədiyini bildirmişdi.
Və bu dəqiqələrdə Azərin atası ilə birlikdə kabinetdə onu gözlədiklərindən xəbəri vardı. Amma dəhlizdə yubanır, ayaqları dalınca getmirdi. Sonunda bunun mənasız olduğunu dərk edib, kabinetə yollandı.
O, içəri daxil olanda Azər burada tək
idi. Hövsələsiz bir şəkildə barmaqlarını durmadan masanın üzərinə döyəcləyir,
fısıldayırdı.
Telmanın diqqətini çəkən ilk nüans da məhz onun əllərinin titrəməsi oldu. Peşəsindən
dolayı daşıdığı məsuliyyətin necə çətin olduğunu o, bir daha hiss elədi.
Bununla belə soyuqqanlı görünməyə çalışdı. Dostu ilə əl sıxışıb, keçib öz kreslosunda
əyləşdi. Masanın üzərində bir-birinin üstünə qalaqlanmış istintaq materialları
olan qovluqlara göz gəzdirib, özünü bir xeyli məşğulmuş kimi göstərdi. Əslində
isə öz-özlüyündə sözə necə başlamağı götür-qoy edib, vaxt qazanmağa çalışırdı.
Səbrinin kəməndi qırılan Azərin bundan artıq gözləməyə taqəti qalmadı:
– Nəyi gözləyirik, brat? – Dözümü, hövsələsi bitib-tükənmiş halda dostunu süzdü. – Məni gözlətmə də, atam, başıma nə iş gəlib, qısa və konkret deginən bilim. Onsuz da vəziyyətim bir vəziyyət deyil, acınacaqlıdır.
Telmanın üzü tutqun ifadə aldı.
Sözü uzatmağın yersiz olduğunu bir daha anlayaraq birbaşa mətləbə keçmək qərarına gəldi. Baxışlarını önündəki sənədlərdən çəkmədən köks ötürüb, güclə dilləndi:
– Mən… təəssüf edirəm, qardaşım. İnan mənə, heç istəməzdim belə bir gün gəlsin ki, mövzusu bu qədər ağır və üzücü olsun. Ağlıma gətirməzdim…
Azəri təlatüm sardı. Varlığından dəhşətli bir giziltinin keçdiyini aydın hiss elədi. Rəngi avazımış halda dostunun üzünə baxmağa, onu dinləməyə davam etdi. Bu sözlərin xoş xəbər almayacağının ilk siqnalı olduğunu başa düşsə də, ümidini itirmək istəmirdi.
Telman bunu görsə də daha gözləmədi. Hadisə yerindən əşyayi-dəlil kimi götürülüb şəffaf bükülüyə qoyulmuş, kənarında yanıq izləri görünən bez parçasını ona göstərdi.
– Övladına aid bu cizgidə, bu rəngdə nə vaxtsa belə bir örtük olub, qardaşım? Xatırlayırsan belə bir şey?
Azər talan olmuş ifadə ilə son gücünü toplayıb gözucu Telmanın ona göstərdiyi bükülüyə baxdı. Görən kimi tanıdı. Dillənməyə halı olmadığı üçün qüssə içində yüngülcə başını tərpətdi.
Telman əmin halda:
– Bu barədə sənə keçən dəfə məlumat verməliydim, vermədim. Çünki haradasa özüm də, az da olsa ümidli idim. Əfsus ki, belə olmadı, – dedi. Məyus halda əlavə etdi. – Bu örtüyün üzərində övladının DNT nümunələri ilə uyğun gələn saç teli aşkarlanıb.
Azər bunu duyanda çəkdiyi əzab üzündə əks olundu. Bu şəkildə də Telmanı dinləməyə məcbur qaldı:
– Bundan əlavə ekspert və həkim rəyləri də təsdiq edir ki, həmin cəsəd yüzdə-yüz övladına məxsusdur. – Fikrini tamamlamağa tələsən Telman sözünü bitirər-bitirməz özünü daşıdığı ağır yükü yerə qoyar kimi hiss etdi. Eyni zamanda verdiyi xəbərlə dostunun çiyinlərinə necə ağır bir dərd yüklədiyini də anladı. Amma əlindən heç nə gəlmədi.
Bu məqamda Ənvər, Səməndər və bir neçə hüquq mühafizə orqanı əməkdaşı kabinetə daxil oldular. Azər atasının üzünə baxan kimi onun məsələdən artıq xəbərdar olduğunu anladı.
…Dəqiqələr sonra onlar morqun önündə dayanmışdılar. Ceyhunla Rəşid də burada idilər.
Azər körpəsinin cəsədini görmək, son dəfə ona baxmaq istəyirdi.
Səməndər bunu biləndə astadan Ənvərə etiraz etdi:
– İcazə vermə, qardaşım, davam gətirə bilməz. Lazım deyil, – dedi.
Ənvər dinib bir söz deyə bilmədən qovrula-qovrula ah çəkdi. Səməndər bunu görüb, özü Azərin qolundan yapışdı:
– Oğlum, lazım deyil. Razı deyiləm bu mənzərə ömürlük yaddaşında qalsın.
Azər hər sözünə hörmətlə yanaşıb, boyun əydiyi Səməndəri ilk dəfə olaraq dinləmək istəmədi:
– Əgər bir balaca xətrim-hörmətim varsa yanıvızda, mane olmayın. Görmək istəyirəm, – dedi. Qolunu Səməndərin əlindən çıxarıb, milis işçisi ilə içəri daxil oldu.
Özünü hər nə qədər buna hazırladığını düşünsə də, yaşadığı bu ağır anların təsiri və məkanın özünə məxsus ab-havası bura atdığı ilk addımda onu sıxdı. Bununla belə fikrindən daşınmadı.
Milis işçisi mələfənin arasını açanda Azər gördüyü mənzərə qarşısında sarsıldı. Üzü əzablı bir ifadə aldı. Davam gətirə bilməyib, gözlərini yumaraq bərk-bərk sıxdı.
Mələfənin arasında yanmış körpə meyitinin onun övladı olduğunu bilməsi, bu həqiqəti qəbul etmək ona asan başa gəlmədi. Ürəyi sinəsindən çıxacaqmış kimi təlatümlə vurmağa, nəfəsi daralmağa başladı. Son ümid işartısı da bu andan etibarən söndü. Yer-göy gözündə tərsinə dönüb, dünya aləm zülmətə qərq oldu.
Hönkürməmək üçün özünü zorla tutub durdu. Barmaqları ixtiyarsız olaraq masanın kənarını sıxdı.
– Möhkəm ol!
Azər Kazımovun səsini duyanda yanında olmasının fərqinə indi vardı. Onun səsi qulaqlarını yandıran şapalaq səsinə bənzədi. Bu an özünü tonqala atılıb diri-diri yanırmış kimi hiss elədi. Belə bir gündə görmək istədiyi ən son insan idi Kazımov. Amma artıq bunun nə yeri, nə də məqamı deyildi.
– Gəl gedək! Təmiz havaya çıx! Gəl-gəl! – Kazımov kədərə bürünmüş bir ifadədə, onu güc-bəla ilə masadan ayırdı.
Azər rəngi ağarmış, dünyası yıxılıb
yerlə bir olmuş vəziyyətdə dəhlizə çıxdı. Burada atasını, Səməndəri və digərlərini
görüb hisslərini cilovlasa da, bu vəziyyətdə çox dayana bilmədi. Birbaşa çıxışa
doğru tələsdi. Üzünə zillənən narahat baxışlar altında məkanı tərk elədi.
Atasının qarşısında göz yaşları axıtmağa həya edib, çarəni çıxıb getməkdə
gördü.
Ənvər oğlunun rəngindən, üzünə bir anda ələnən qəm havasından məsələni anladı.
Talan olmuş halda skamyaya çökdü.
Həyətə, oradan da xəstəxananın çıxışına doğru addımlayan Azər artıq güclə addım atır, ayaqlarını zorla dalınca sürüyürdü. Bu an şüuru, beyni iflic vəziyyətdə idi. Hiss etdiyi tək şey, bu an tab gətirməyə hünərsiz qaldığı acı və iztirab idi.
Nəfəsinin get-gedə daraldığını, havasının çatmadığını hiss edib, yoluna davam edə-edə köynəyinin yaxasını bir-iki düymə açdı. Amma kar etmədi. Əlini ixtiyarsız olaraq ürəyinin üstünə apardı. Ovcunun içində sıxıb, bu şəkildə davam etdi. Bu anlar o, qəlbini deşən acıdan qurtulmaq üçün tənha bir yer arayır, hər kəsdən və hər şeydən, həyatın özündən belə uzaq olmaq istəyirdi.
Arxada kimsə ona çatmağa tələsirdi.
Lakin o, daha heç kimlə maraqlanmırdı. Yolun yarısında üz vermiş müsibətə dözməyib yeri-göyü inlədən, ətürpədən bir səslə, yanıb yaxıla-yaxıla bağırmağa başladı. Daha ətrafda insanların diqqətini çəkə biləcəyi belə gözünə görünmürdü. Bu dərdin ağırlığına tab gətirə bilmədən səsi gəldikcə, nəfəsi çatdıqca bağırmağa davam etdi. Ürəyini soyutmaq, qəzəbini, hiddətini dəf etmək üçün bir üsyan idi bu. Bu hayqırış tezliklə yanıqlı bir hönkürtüyə çevrildi.
Ceyhunla Rəşid onun bu ürək parçalayan halına dözməyib, qaçaraq addımlarla yanına yetişdilər. Ovutmaq istədilər. Ceyhun mütəəssir halda :
– Qardaşım, səbirli ol! – dedi, kəlməsi dodaqlarında sındı, bu acını xəfiflədəcək, bu dərdə məlhəm ola biləcək başqa söz tapa bilmədi.
Azər onu saran hisslərin təsiri altında yumruğunu bütün gücü, hirsi ilə durmadan divara çırpırdı. Bu an çəkdiyi ağrı-acının dərəcəsi ölçüyə gəlmirdi. Boğazının damarları irilənə-irilənə, səsi gəldikcə bağırır, heç cür sakitləşə bilmirdi:
– Mənim ucbatımdan, mənə görə oldu! Mənə görə!
Vurduğu zərbələrdən artıq əlinin üstü parçalanmışdı, qanı süzülürdü, amma o, bunu hiss etmirdi.
– Azər! Yaxşı da, atam! Bəsdir özüvə belə zülm elədin! – Ceyhun onun önünə keçərək dostunu qucaqlamışdı, mane olmaq istəyirdi. Lakin müvəffəq ola bilmirdi. Belə olan halda onunla eyni anda Azəri yerində saxlamağa çalışan Rəşidə səsini qaldırdı:
– Tut da, ala, imkan vermə!
Rəşid məcbur qalaraq Azərin biləyindən yapışıb qolunu zorla dala qanırdı, onun özünə zərər verməsini bu şəkildə əngəlləmək istədi. Eyni zamanda da qollarını Azərin belinə dolayıb, onu dilə tutmaq istədi.
– Belə eləmə! Qardaşımsan, eləmə belə, qurban olum! Səni başa düşürük, bilirik çətindir. Özüvü ələ al.
İndicə gəlib çıxan Təbriz qaçaraq özünü yütirib onların yanında dayandı. Ürək ağrısı ilə dostunu süzdü. Qüssə dolu bir səslə:
– Brat, sənə qurban olum, bilirəm nə desək də kifayət etmir. Çəkiləsi dərd deyil. Amma bir atanı da düşün! Gör nə vəziyyətdədir? Möhkəm olmağa çalış! – dedi.
Azər bu an kimsəni dinləyəcək halda olmadığından dartınıb əllərindən çıxmağa cəhd etdi. Buna nail ola bilməyəndə dostlarını bir-bir süzərək odlana-odlana səsini qaldırdı:
– Kişilikdir bu?! Mənim heyfimi körpədən çıxmaq. Kişilikdir?! Gücü qundaqdakı körpəyə çatırsa dağılsın belə dünyanı! – Onlarla az qala əlbəyaxa olan Azər növbəti cəhddə dostlarının əlindən qurtulmağı bacardı. Yaşadığı acının dəhşəti ilə bu an o, yaralı pələngə dönmüşdü, qarşısına keçən hər şeyi, yeri-göyü dağıdırdı. Eyni hiddət və qəzəblə üsyan etdi:
– Niyə bu qədər səbirlisən, ya Rəbb! Niyəəəə?! Niyə bu qədər haqsızlığa göz yumursan?! Bir səs ver! Bir səs ver, varlığını danmayım! Niyə mən yox! Niyə?! Sənə almağa can lazım idi?! – Yumruğunu qəzəblə sinəsinə döyəclədi. – Mən vardım, mən!
Ceyhun, Təbriz və Rəşid təkrar irəli yeridilər. Təkrar onu dilə tutub sakitləşdirməyə çalışdılar, amma bir faydası olmadı.
Ceyhun onu zəbt edə bilməyəcəklərini anlayıb, kömək çağırdı. Tibb işçilərinin yardımı ilə uzun cəhddən sonra Azəri zorla palatalardan birinə salmağa müvəffəq oldular. Əl-qolunu tutub, əlində şpris hazır dayanmış tibb bacısına yaxına gəlməsini işarə etdilər.
Azər bundan imtina edir, müqavimət göstərir, inadla çıxıb getmək istəyirdi. Ona bunu etməsinə heç cür imkan verməyən tibb işçilərinə o, hiddətlə bağırırdı:
– Buraxın da, ala, buraxın!
– Bu halda heç yerə gedə bilməzssən! – Ceyhun təkrar ona eşitdirdi.
Bu məqamda tibb bacısı həkimin göstərişi ilə iynəni Azərin damarına sancdı. Məhlulu hələ də vurnuxmaqda olan Azərin bədəninə yeritməyi birtəhər başa çatdırıb, dərhal kənara çəkildi.
Azərin nəfəsi təngiyir, bütün bədəni lərzəyə gələrək titrəyirdi. Hönkürtüsünü boğazının damarlarında əritsə də, ürəyini odlayan göz yaşı gözlərində dayanmadı, gicgahına süzüldü.
Ceyhun bunu gördü. Qəhərləndi. Durmayıb dəhlizə çıxaraq iki əlli üzünü qapadı.
Tibb bacısı Azər özündən gedəndən sonra əlinin zədələnmiş nahiyəsini təmizləyib, yardım göstərməyə başladı.
(Ardı var)