“Qanun” Nəşrlər Evi Con Manın “Səlahəddin: həyatı, əfsanəsi və islam imperiyası” və İskəndər Palanın “Babildə ölüm, İstanbulda eşq” kitablarını çap edib.
Con Man
“Səlahəddin: həyatı, əfsanəsi və islam imperiyası”
Səlahəddin Əyyubi XII əsrdə Orta Şərqdə parçalanmış müsəlman dünyasını yenidən birləşdirən, islam aləminə böyük təhlükə yaradan Xaç yürüşlərinin qarşısını alan və 88 ildir xristian əsarətində olan Qüds şəhərini səlibçilərdən təmizləyərək yenidən ələ keçirən tarixdəki ən böyük liderlərdən biridir.
Comərdliyi, tabeliyindəki bütün din və millətlərdən olan xalqlara qarşı tolerantlığı, dostuna, düşməninə daim hörmətlə yanaşması, döyüş və zor tətbiqinə sonuncu çarə kimi baxması onu nəinki müsəlman Şərqində, eləcə də bütün Qərb və xristianlar arasında sevimli qəhrəmanlardan birinə çevirib.
İngilis tarixçi və yazar Jon Man kitabda Səlahəddin Əyyubinin həyatını uşaqlıq illərindən ölümünə qədər çox fərqli üslubda təsvir edib. Müəllif Səlahəddinin hakimiyyətə necə gəldiyini, yürütdüyü siyasətlə parçalanmış müsəlman torpaqlarını necə birləşdirdiyini və nəhayət, ən böyük zəfəri Qüds şəhərini necə azad etdiyini detallı formada gözlərimizdə canlandırır.
Bu gün Yaxın Şərqdə, Orta Şərqdə baş verənləri daha yaxşı başa düşmək, hadisələrə tarixin daha geniş pəncərəsindən baxmaq üçün bu kitab əvəzolunmaz mənbədir. Həmçinin müsəlman dünyasının ən böyük qəhrəmanlarından olan Səlahəddin Əyyubinin həyatını qərbli tarixçi və yazarın qələmindən oxumaq xüsusilə maraq yaradır.
Dünyaca məşhur ingilis tarixçi və yazar Jon Man əvvəllər “Röyters” agentliyində jurnalist kimi fəaliyyət göstərib. 1941-ci ildə doğulmuş yazar dünyanın bir çox dillərinə tərcümə olunmuş 20-ə yaxın tarixi əsərin müəllifidir.
Kitabın satış qiyməti: 10.90 AZN
İskəndər Pala
“Babildə ölüm, İstanbulda eşq”
“Babildə ölüm, İstanbulda eşq” romanında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasında Babil müdriklərinin kosmosla bağlı iyirmi üç min illik sirrinin necə şifrələnməsindən və bütün dünyanın Osmanlı sultanına hədiyyə edilən bu əlyazmanı ələ keçirmək, şifrələri açmaq üçün əsrlərlə necə çalışdığından bəhs edilir.
Kitabın satış qiyməti: 12.90 AZN