Bədbəxtlikdən biz SSRİ-ni də görmüşük. O dövləti bir partiya idarə eləyirdi, onun əleyhinə çıxmaq rəsmən cinayət sayılırdı.
İndi siyasi müxalifətin qadağan olunduğu tək-tük ölkə var, qalan ölkələrdə müxalifətin olmasına, onun fəaliyyət göstərməsinə qanunla icazə verilir, hətta müxalifətin olmaması qanunsuz sayılır.
SSRİ totalitar dövlət idi, ona görə də müxalifəti qanunla qadağan eləmişdi. İndi bəzi keçmiş sovet respublikalarında, eləcə də Azərbaycanda avtoritarizmdi, yəni müxalifət qanunla qadağan deyil, amma hakimiyyətin təqibi altındadı.
Müxalifətin qanunla qadağan olunması totalitarizmdi. Müxalifətin qanunla qadağan olunmaması, amma onun hakimiyyətin təqibi altında olması avtoritarizmdi. Bunların heç birinin olmaması demokratiyadı.
Siyasi müxalifətin qanuniləşməsi totalitarizmə, qanuni müxalifətin təqiblərdən qurtulması avtoritarizmə son qoyur. Günümüzün yaxşı demokratiyası belə başlayır.
Müxalifətin qanuniləşməsi, leqallaşması, onun dövlət səviyyəsində tanınması, birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçilməsi, sonra da onun hakimiyyət səviyyəsində tanınması, müxalifətin hakimiyyət uğrunda açıq mübarizə aparmasına imkan verilməsi siyasi tarixin illər uzunu min bir əzab-əziyyət hesabına qazandığı və hələ başa vura bilmədiyi böyük uğurlarından biridi. İndi bu tarixin başa çatmasına, bu uğurun başa vurulmasına bir ovuc totalitar dövlət və bir qucaq avtoritar hakimiyyət mane olur. Belə bir vaxtda, dünya demokratiyası üçün hələ totalitarizmin, Azərbaycan demokratiyası üçün hələ avtoritarizmin problem olduğu bir vaxtda partiyadaxili müxalifəti leqallaşdırmaqdan danışmaq bəlkə də yerinə düşmür. Amma yeni tarix heç vaxt köhnənin qurtardığı yerdən başlanmır, yeni tarix həmişə köhnənin hələ yerində durduğu vaxtda yetişir.
Azərbaycanda partiyadaxili müxalifət siyasi partiyalar yaranandan həmişə olub, indi də var, sabah da olacaq. Bu da təbiidi, siyasi partiya – hakimiyyətdədisə hakimiyyətdə olan, müxalifətdədisə hakimiyyətə can atan adamların birliyidi. Siyasi ehtirasın güclü olduğu belə bir yerdə siyasi qruplaşmanın olması təbiidi. Təbiidi, amma heç də həmişə leqal, açıq deyil.
Bizdə partiyaları asanlıqla totalitar və avtoritar olanlara bölmək mümkündü, demokratik adlandıra biləcəyimiz partiyalarda da bu demokratiya hələ zəifdi, tam deyil. Aydın məsələdi ki, burda ölkədəki avtoritarizmin, siyasi partiyaların fəaliyyətinə törədilən maneələrin, seçkilərin saxtalaşdırılmasının ciddi rolu, təsiri var. Amma məsələ tək bunda da deyil. Bizdə partiyadaxili demokratiyaya yanaşma başqa cürdü, ölkədaxili demokratiyaya yanaşma kimi deyil. Mən demirəm ki, bu pisdi, səhvdi, eləcə deyirəm ki, başqa cürdü. Ölkə demokratiyasına münasibətimiz belədi ki, seçkini udan hakimiyyətə, uduzan müxalifətə çevrilməlidi, müxalifət hakimiyyət uğrunda mübarizəsini davam elətdirməlidi. Yəni demokratiyanı biz ölkə miqyasında belə təsəvvür eləyirik ki, hakimiyyət-müxalifət bölgüsü olmalıdı və qətiyyən hesab eləmirik ki, müxalifət olmamalıdı. Partiyadaxili demokratiyaya gələndəsə biz hakimiyyət-müxalifət qarşıdurmasını (partiya daxilində hakimiyyət və müxalifətin qarşıdurmasını) parçalanma, dağılma adlandırırıq. Hətta bəziləri hesab eləyir ki, partiyada ümumiyyətlə qruplaşma olmamalıdı, bəzilərisə hesab eləyir ki, qruplaşma ancaq partiyada seçki keçiriləndə ola bilər, seçki başa çatan kimi qruplaşmaya da son qoyulmalıdı. Belə çıxır biz müxalifəti ölkə demokratiyası üçün məqbul bir institut sayırıq, partiyadaxili demokratiya üçünsə bunu ancaq ötəri, müvəqqəti bir təzahür olanda məqbul bilirik. Amma partiya da bir cəmiyyətdi, onun daxilində daimi hakimiyyət institutu var, deməli, onun daxilində daimi müxalifət institutu da ola bilər.
Niyə də olmasın? Mənə elə gəlir, partiyadaxili müxalifətləri leqallaşdırmaq, onların bir institut şəklinə düşməsinə yol açmaq gərəkdi. Bunu, əlbəttə ki, yalnız daxili demokratik seçkisi olan partiyalar eləyə bilər. Çünki yalnız belə partiyalarda hakimiyyət legitimdi və müxalifət də legitim fəaliyyət göstərə bilər. Məncə, öz içində demokratik seçkidən çəkinməyən, beləliklə, ölkə demokratiyasının indiki ağır vəziyyətində ölkənin demokratikləşməsi üçün də töhfəsini verən bir siyasi partiya çəkinmədən özündə “iqtidar-müxalifət” modelini tətbiq elədiyini də bəyan eləyə bilər. Qoy partiyadaxili seçkidə udan tərəf partiyanın hakimiyyətinə çevrildiyi kimi uduzan tərəf də müxalifətinə çevrilsin, seçkinin nəticəsi bəlli olandan sonra uduzan tərəf partiya daxilində müxalifətə keçdiyini bəyan eləsin, öz “müxalifətini” (fraksiyasını) formalaşdırsın, növbəti partiya seçkilərinə ardıcıl, açıq hazırlığını aparsın.
Partiyadaxili müxalifət açıq olandan sonra onun liderini elə açıq şəkildə də belə adlandırmaq olar: filan partiyada müxalifətin lideri. Filan partiyada müxalifətin üzvü. Filan partiyanın müxalifətçiləri… Qəribə səslənir? Düzdü, qəribə səslənir. Bəs bunun qəribə səslənməsinin səbəbi nədi? Partiyadaxili müxalifətlərin olmaması? Yox, partiyalar daxilində müxalifətlər var. Xüsusən də demokratik seçkisi olan partiyalarda. Bəs “partiya müxalifətinin lideri”, “partiya müxalifətçiləri” demək niyə qəribə görünür? Ona görə ki, bu müxalifət heç bir partiyada leqal deyil, açıq deyil. Deməli, gizlindi. Bir vaxt dövlət hakimiyyətlərinin müxalifətləri də beləcə gizli fəaliyyət göstərirdi, aşkara çıxa bilmirdi. Dövlət hakimiyyətinin müxalifətinin aşkara çıxması, leqallaşması siyasi münasibətlərə çox böyük faydalar gətirdi, münasibətləri səmimi, sağlam, hətta möhkəm elədi. Bu leqallaşma bütövlükdə cəmiyyətə – onun mənəviyyatına da, maddiyyatına da o qədər böyük fayda verib ki, həmin faydaları heç sadalayıb qurtarmaq mümkün deyil. Həm də bu faydaların bəzisi heç əvvəlcədən ağla gəlməyən, nəzərdə tutulmayan, yəni gözlənməz olub. Məncə, partiyadaxili müxalifətlərin leqallaşması da belə nəticələr verə bilər. İndi biz onun faydalarını sadalaya bilərik, ancaq inanıram: o elə faydalar verə bilər ki, bu indi bizim heç yuxumuza da girmir…
P.S. Bəlkə kimlərəsə elə gələ bilər ki, partiyada müxalifətin leqallaşması əgər həmin partiya hakimiyyətdədisə onun hakimiyyəti idarə eləməsinə, müxalifətdədisə hakimiyyətə gəlməsinə mane ola bilər. Bu düşüncə bir az mənim də beynimdə dolaşır. Amma o biri yandan da bu mənə dövlət hakimiyyətinə müxalifəti tamam yasaq eləyən totalitarizmdən və müxalifəti yasaq eləməsə də təqib eləyən avtoritarizmdən qalma bir düşüncə tərzi kimi görünür.
Azər Qaraçənli
16 sentyabr 2014-cü il