Firuzə Davudqızı
***
…3 gün keçdi.
Hələ də bir xəbər yox idi.
Səhərə az qalırdı, evdə yenə də kimsənin gözünə yuxu getməmişdi.
Pəncərədən görürdüm onu. Azər həyətdə var-gəl edir, bir yerdə qərar tuta bilmirdi. Çox pərişan halda idi. Dinclik tapmırdı. Keçirdiyi hisslər simasında öz əksini tapmışdı.
Vüsəti tez- tez ona yaxınlaşan və yəqin ki, yemək-içmək təklif edən görürdüm. Azər hər dəfəsində əlinin bir işarəsi ilə imtina edir, onu geri göndərirdi.
Onun bu bədbəxt günümdə məndən üz çevirməsi dərdimi çəkilməz etmişdi. Bir xeyli vardı ki, otaqda tək idim.
Döşəmənin üstə oturmuş, başımı beşiyə söykəyib səssiz-sədasız göz yaşı tökməkdə idim ki, otağa gəldi. Yenə həb axtardığını anladım. Gərgin və hövsələsiz idi. Həmişəkindən daha çox. Bir neçə həbi bir udumda ağzına tullayıb gözucu, buz kimi soyuq baxışlarla məni süzdü. Quru və biganə səslə soruşdu:
– Nöş yatmayıbsan?
Sualı, xüsusilə də səsinin ahəngində sezdiyim eyhamı məndə qıcıq oyatdı. Çevrilib tərs-tərs onu süzdüm:
– Yadıma düşən yuxudur bəgəm?
– Hmm… – Azər gizli əsəbiliklə fısıldadı. – Həmin gecə bərk yatıbsan nədənsə.
– Bəsdir! – Özüm də hiss etmədən ona səsimi qaldırdım. – Onsuz da…
– Onsuz da nə! – Azər bu sözümə bənd imiş kimi daha da gərildi. Bir addım mənə doğru gəldi. – Saxlama ürəyində, de gəlsin!
Qəhər məni boğdu, dillənə bilmədim. Mənim yerimə o özü dilləndi:
– Səni əfv etməyə gücüm çatmır! Bilmirəm nə deyim, nə edim ki, hirsim soyusun! Ürəyim rahatlıq tapsın! Amma bu baş verənlərə rəğmən hələ də burada, bu evdəsənsə, deməli, bu qəzəbdən də güclü olan bir şey var ki, onun önünə keçə bilmirəm! Nəzərə al bunu!
Sözləri qulaqlarımda çaxan şimşək səsinə döndü. İlk dəfə idi ondan belə sözlər eşidirdim. İlk dəfə idi baxışlarında mənə qarşı belə dərin qəzəbə rast gəlirdim. Heyrətlə onu süzdüm:
– Deməli, heç düşünmədən məni göndərərsən hə, bu evdən?
Sualım onun qəzəbini bir az da coşdurdu. Sərt tonda:
– Sən mənim övladımı o evə aparıb əlimdən almaqlarına şərait yaratdın! – dedi. – Getməkdən imtina edə bilərdin! Bu yayı bağda keçirməsən də olardı!
– Azər, belə ağır sözləri dilinə gətirə bildiyinə təəccüb edirəm! – Göz yaşlarına boğularaq sarsılmış halda onu süzdüm.
– Həri, ağır sözlərdir, amma mənim bu an yaşadığım hisslərdən ağır ola bilməz!
– Necə yəni, mən öz körpəmi itirməyi gözə alacaq qədər ləyaqətsiz, şərəfsiz biriyəm?! Nə danışdığını dərk edirsən?
“Yox” mənasında istehza ilə dilini nırçıldadıb, başını buladı.
– Bilmirəm! Çünki başımı itirmişəm! Çünki burda əli-qolu bağlı gözləməkdən havalanmaq üzrəyəm! Çünki yarı canım kimlərinsə əlindədir! Və məni nə gözlədiyini bilmirəm! – O an əlinə nə keçdi bilmirəm, bir həmlədə hirslə divara çırpdı.
Diksinib, beşiyin tininə qısıldım, həyəcan içində titrəməyə başladım. Bununla belə səsimi çıxarmadım. Çünki artıq qarşımdakı insanın mənim sevib könlümü verdiyim Azər olmadığına dəqiq əmin idim. Başımıza gələn bu müsibət onu bir anın içində dəyişmişdi. Azər dəliyə dönmüşdü. Tanıya bilmirdim onu.
O isə eyni eyham və acıqla davam etdi:
– Elə bir od vurdular ki, ciyərimə, ömrümün sonunadək yandırıb kül edəcək məni, ağrı-acısı kiriməyəcək. Yanıb-yaxılıram, vurnuxuram, amma əlimdən heç nə gəlmir ki, bu od səngisün. – Sözlərinə bir neçə saniyə ara verib, gərginliklə nəfəs alıb-verdi. Təkrar dilləndi. – Bu günə qədər özümü aciz, gücsüz, qorxaq hiss etdiyim olmamışdı! İndi isə səksəkə içində tir-tir əsirəm! Ehtiyat edirəm! Qorxduğum xəbəri almaqdan, bir ömür boyu yarıcan qalmaqdan qorxuram! Sabahımdan, gələcəyimdən qorxuram! Həyatda heç vaxt, heç kəsin önündə sınmamışdım. Bunu yaxçı bilirdilər. Bu yolla sındırdılar məni! Diz çökdürdülər qarşılarında! – Sözünü güclə tamamladı, nəfəsi təngidi, sinəsi təlatümlə qalxıb-enməyə başladı. Ürəyi sözünə baxmadığı üçün özünə olan acığı, hiddəti ilə fısıldadı. Yumruğunu hirslə qapının tininə çırpdı.
Daha özümlə bacarmadım. Əllərimlə üzümü qapayıb için-için ağlamağa başladım. Çox keçmədən örtülən qapı səsinə başımı qaldıranda Azəri otaqda görmədim. Getmişdi. Bir neçə saniyə sonra üzündə həyəcan dolu ifadə ilə Dilarə qapıda göründü. Azərin getdiyinə əmin olandan sonra içəri keçib dərhal qapını qapadı. Yanıma gəlib oturdu, narahat halda üzümə baxaraq:
– Can, quzum, yenə ağlayırsan? Olmaya yenə dalaşdınız? Səsini eşitdim qaqaşın, – dedi.
Kövrəlib ona sarılaraq hönkürtü içində:
– Dözə bilmirəm, bacı, çox pis haldayam, – dedim. – Axı niyə hər şey üst-üstə gəlir?
– Can, ağlama qurban olum, keçib gedəcək. Hər şey yoluna düşəcək.
– Atam xəstəxanada o vəziyyətdə, amma mən yanına gedə bilmirəm… Araz haradadır, başına nə iş gəldi bilmirəm… Üstəlik qardaşıvın bu rəftarı, mənə tuşlanmış o düşmən baxışları… Tab gətirə bilmirəm, bağrım çatlayır. Bu gedişlə dəli olacam.
Dilarə bu halımı görüb, bir az da məyus oldu. Azərin qarasına:
– Eh, ay qaqaş, niyə belə edirsən axı? Olan onsuz da olub da, bir-birinizi üzüb, könlünü qırmağın nə mənası var? – dedi. Bununla belə saçlarımı sığallayıb, yenə də məni ovundurmağa çalışdı. – Yaxşı, sakit ol, bacı qurban sənə. İnşallah, atan da sağalacaq, Araz da tapılacaq. İnan mənə. – O, birdən mənə verməli olduğu sualı xatırlayıb, soruşdu. – Uşaq barədə demisən nəsə?
– Bunun yeridir bəyəm, eh, sən də. Görmürsən necə dəliyə dönüb?
Dilarə mənə haqq verib, təəssüf içində başını tərpətdi.
– Düzünü bilmək istəyirsənsə, heç demək fikrim də yoxdur. – Əlimin bir toxunuşu ilə gözümdən axan yaşı sildim. – Uşaq üçün mənə acıyıb, rəhm eləsin?
Dilarə bu cavabımdan razı qalmayan ifadə ilə məni süzdü. Mən isə fikrimə aydınlıq gətirməyə çalışdım.
– İnanmıram daha bizimçün hər şey əvvəlki kimi olsun. İnanmıram.
– Dəli olmusan, ay qız? Belə danışıb adamı zorla özündən çıxarma da. O indi özü də bilmir nə deyir, nə danışır. Bilmir hirsini kimə töksün. Narahatdır, həyəcan keçirir, təşviş içindədir. Özün də dedin ki, dəliyə dönüb. Doğrudur, düz eləmir, buna görə haqq vermirəm ona. Çünki sən də eynən o hissləri keçirirsən. Bunu anlamalı və səni başa düşməlidir. Amma gəl, düzünü danışaq da, qaqaş dünənəcən sənə belə münasibət göstərirdi ki? Əlbəttə, yox! – Diqqətlə üzümə baxdı. – Keç təqsirindən! Siz indi bir-birinizə daha sıx bağlanmalısınız. Sizə yaraşan məhz budur, bir-birinizdən üz çevirib qopmaq yox.
Bu zaman qapının döyülməsi ilə Dilarə sözünü yarıda kəsməli oldu.
Səadət xala idi.
***
…Göy üzü hələ işıqlanmamışdı.
Azər dözməyib, yenidən dostu Telmanın yanına – şöbəyə getdi.
Cəmi iki saat əvvəl ayrıldıqları üçün Telman onu görəndə təəccübləndi:
– Azər? Niyə gəldin, qardaşım?
Azər üzündəki əzablı ifadəni, səsinin ahəngindəki iztirabı ört-basdır edə bilməyib:
– Brat, mən çox bərbad haldayam, – dedi. – Açıq deyirəm. Çox pisdir bu dəqiqə vəziyyətim! Evdə qərar tuta bilmədim. Niyə bir xəbər yoxdur axı?
Telman dostunun üzündəki ifadəyə, rənginə-ruhuna baxıb onu başa düşsə də, yalan danışıb, ümid vermək istəmədi:
– Gözləyirik hələ ki. İnşallah, bir xəbər alan kimi mütləq biləcəksən. Bir balaca səbrini bas, təmkinli ol. Bilirəm, başa düşürəm, amma inan mənə, bu dəqiqə gözləməkdən başqa əldən bir şey gəlməz.
Azər talan olmuş halda divana çökdü. Saçlarını daraqlayıb, iki əlli başını sıxdı:
– Bacarmıram!
Telman əlini dostunun çiyninə qoyub yüngülcə sıxdı. Azər özü də hiss etmədən iztirablı bir səslə bu an nə hiss etdiyini dilinə gətirməyə başladı:
– Çəkdiyim əzabın ağırlığından ətrafımdakılara zərər verməyə başlamışam. Bu gedişlə itirəcəklərim qazancımdan çox olacaq, qardaşım. Özümü tanıya bilmirəm, qüssədən yerlə yeksanam. Qarşımdakı insanda günah, səhv arayıram, halbuki tək günahkar özüməm. İmkan verməməli idim getmələrinə! Mane olmalı idim! Çünki son vaxtlar nələrlə üzləşdiyimi görürdüm. Hər nə qədər hədə-qorxu gəlsələr də, buna atamın evində cürət etməzdilər, etmirdilər də. Amma orada əlləri ilə qoymuş kimi götürdülər. Özüm öz əlimlə göndərdim uşağı! İndi də cəzamı çəkirəm!
Telman onu diqqətlə dinləyib, keçib yanında əyləşdi. Dostunu bu əzabdan qurtarmaq üçün inam dolu bir səslə:
– Səbirli ol, – dedi. – Yaxşı olacaq hər şey! Sənə söz verirəm!
***
Daha iki gün keçdi.
O səhər yenə vanna otağında halım bərbad idi, öyüyüb qusmaqdan ikiqat qalmışdım.
Artıq zəiflik və halsızlıqdan güclə ayaq üstə dayanırdım. Ağlamaqdan gözlərimdə nəm qalmamışdı.
Neçə gün idi nə çörək yeyir, nə su içirdim. Bu ağır günlərdə məni tək qoymayan, yanımdan ayrılmayan Dilarə hər dəfə quruyub çatlamış dodaqlarımı görəndə bardağı su ilə doldurub mənə uzadır, qınayırdı:
– Al iç. Özünə yazığın gəlmir, heç olmasa uşağı düşün, fikirləş ki, bətnində bir can daşıyırsan.
O gecə sonuncu dəfə su istəmişdim. İndi kim mənə su içmək təklif etsə dəliyə dönürdüm:
– Mən su iç demə! – Acığımı heç bir günahı olmayan Dilarənin üstünə tökərək ona çəmkirirdim. – Daha bundan belə su da zəhər dadır mənimçün. Araz ac-susuz ikən mən burda yeyib-içə bilmərəm. Neçə dəfə təkrar etməliyəm?
Yazıq qız halımı-tövrümü görüb, daha səsini çıxarmırdı. Çünki bu həyatda məni məndən gözəl anlayan yeganə insan idi.
Nəhayət, bir qədər sonra bütün qüvvəmi toplayıb, vanna otağından çıxaraq otağa doğru yol almışdım. Dəhlizdə başımın fırlandığını hiss edib divardan yapışdım, nəfəsimi dərəndən sonra yoluma davam etdim. Kimsənin gözünə görünmədən tez özümü otağa çatdırmaq istəyirdim.
İçəri addım atanda Azəri Arazın beşiyinin yanında dayanmış gördüm. Əlində Arazın köynəyi vardı. Burnuna tutmuşdu. Ürəyinin odu az da olsa səngisin, nisgili xəfifləsin deyə, oğlumuzun ətrini-qoxusunu köynəkdən alırdı. Nə qədər əzab çəkdiyi buradan belə aydın görünürdü.
Bu mənzərə onsuz da yarpaq kimi əsən bədənimə dəhşətli bir uçuntu gətirdi. Gözlərim doldu. Çarəsizliyimizə, düşdüyümüz vəziyyətə, başımızın üstünü heç ummadığımız anda alan bu müsibətə ondan xəbərsiz sızım-sızım sızladım.
Sözləri və davranışları ilə qəlbimə yara vurub, könlümü qırsa da, onunla dərdimiz bir idi. Hər ikimiz eyni acını çəkir, eyni əzabı yaşayırdıq. Buna görə onu çox gözəl anlayır və bu an nə hiss etdiyini yaxşı bilirdim. Hərçənd o, məni anlamasa da. Anlamaq istəməsə də.
Bütün gecəni evdə olmayan Azərin nə vaxt qayıtdığını bilməmişdim.
O, mənim gəldiyimi hiss edən kimi özünü yığışdırdı. Köynəyi sakitcə beşiyin içərisinə atıb otaqdan çıxmaq istədi. Gəlib yanımdan keçəndə ixtiyarsız olaraq qolundan yapışdım. Çevrilib mənə baxdı. Məni və bu günlər ərzində nə hala qaldığımı sanki indi gördü. Üzü qəribə bir ifadə aldı. Əslində o da məndən geri qalmırdı. Üzünü saqqal basmışdı, gözlərinin altı şişib tuluqlanmış, rəngi solmuşdu. Yuxusuzluq, dərd, qəm, fikir öz izini çoxdan buraxmışdı simasında. Həmin Azər deyildi.
Günlərdir bir evdə olsaq da, bir-birimizin üzünü çox az görürdük. Azər günün çox hissəsi milis idarəsində, orda-burda olurdu.
Mənim onu yolundan saxladığımı anlasa da, əslində belə deyildi. Bu an gözlərimin önünə qara pərdə enməkdə idi və mən yıxılmamaq üçün ona dayaqlanmaq istəyirdim. Var qüvvəmlə qolunu sıxıb, buraxmadan ayaq üstə dayanmağa çalışırdım.
Özüm də bilmədim bu sözləri nə vaxt dilimə gətirdim. Taqətsiz halda, zəif səslə:
– Sənin gəlib çıxmanı bir bilsən necə həyəcanla, nəfəsimi dərmədən gözləmişdim. Elə bilirdim gəlişinlə mənə güc verəcəksən. Can verən ruhumu bir anda dirildəcəksən. Məni bu dəhşətli hisslərin əlindən çəkib qurtaracaqsan. Çünki sən həmişə mənim qəhrəmanım olmusan. Çünki sən məni bu həyatda hər zaman hər şeyin gözəl olacağına inandırmısan. Mənə güc, mənə inam vermisən. Arxa-dayaq bilmişəm səni özümə. Azər yanımdadırsa, Azər əlimi tutubsa, deməli, bütün çətinliklərə sinə gərə bilərəm düşünmüşəm. Səni tanıdığım gündən bu düşüncə ilə yaşamışam. Sən isə… Gəldin. Amma necə gəldin… Hər şeyi gözünü qırpmadan bir anda yerə vurub çiliklədin.
Azər diqqətlə məni dinləyirdi. Gözlərimin içinə baxa-baxa haldan-hala düşür, talan olurdu. Qəm yuvasına dönmüş gözləri qızarıb yaşdan pərdələnmişdi, amma o, var qüvvəsi ilə özünü sıxıb durmuşdu, buna heç cür imkan vermirdi. Lakin mən onun qədər güclü ola bilmirdim, çünki artıq gücüm qalmamışdı. Göz yaşlarım sel olub axır, yanaqlarımı yuyurdu. Bununla belə susmurdum:
– Günahkar bilib cəza verirsən, amma heç düşünmürsən ki, sənsiz bu əzabın öhdəsindən gəlməyə gücüm çatmır. Qüvvəm indidən tükənib. Ruhum çoxdan köç edib. Məni tək-tənha qoyma bu yükün altında. Nəfəsim kəsilir. Sən də buraxma əllərimi. Sən də əzab vermə mənə.
Azər yanıb yaxıla-yaxıla köks ötürüb, udqundu. Üzündə əzablı bir ifadə dolandı. Bunu gördüyüm halda yenə susmadım:
– Bilmirəm bu pisliyi mənə kim elədi. Bilmirəm. Mənə məlum deyil, amma Tanrı agahdır. Bunu edən öz doğmam belə olsa onu əfv etməyəcəm! Tanrı da əfv etməsin! Çünki nəfəs almıram artıq, can verirəm! – Son dəfə bütün qüvvəmi toplayıb sözümü bitirməyə çalışdım. – Əgər o gecə atam həbs olunmasaydı, Arazımın başına bu iş gəlməyəcəkdi. Bunu sən də gözəl bilirsən ki, atam mənimçün canından keçər! Bilirsən! Əminsən! Necə ki, bu dəqiqə mənə görə canı ilə əlləşir. Əgər onu da itirsəm…
Azər sözlərimin mənasını göydə tutdu. Məni necə yaraladığını dərk etdi.
Mən isə daha bundan artıq davam gətirə bilmədim, müvazinətimi itirib tirtap yerə sərildim. Otağq gözlərimin önündə tərsinə çevrildi.
…Bilmirəm aradan nə qədər keçmişdi. Məni özümə Azərin səsi gətirdi. O, həyəcanla mənə səslənir, ayıltmağa çalışırdı.
Gözlərimi heysiz halda güclə açıb ona baxdım. Keçirdiyi həyəcan öz şəklini baxışlarında, üzünün ifadəsində tapmışdı.
O, saçlarımı sığallayıb arxaya hamarlayaraq birdən məni yataqdan qaldırdı və gözləmədiyim şəkildə bağrına basdı. Bu vəziyyətdə bir xeyli tamam sakit dayandı. Təkcə alıb-verdiyi nəfəsini və şiddətlə döyünən ürəyinin guppultusunu duyurdum.
Günlər sonra
Kazımov şöbəyə yenicə çatmışdı ki, əməliyyat müvəkkili Telman Həsənov gərgin halda kabinetə daxil oldu. Və hisslərini cilovlaya bilməyib əsəblə:
– Siz nə etmək fikrindəsiniz, yoldaş Kazımov? – dedi. – Zəhmət olmasa izah edin, mənim də xəbərim olsun.
– Ədəb-ərkan xatirinə adam bir salam verər, Həsənov. Səhər hələ indi açılıb, üz-üzə gələndə “Sabahınız xeyir” deyərlər.
Həsənov Kazımovun bu rahatlığına, açıq istehzasına daxilən hiddətləndi, hirsini boğmağa çalışdı, dodaqları səyridi. Onun əhval-ruhiyyəsini gözucu izləyən Kazımov kresloda yerini rahatlayıb, laqeyd səslə soruşdu:
– Nə olub yenə?
Telman irəli gəldi.
– Mənim dünən gecə həmin məhəlləyə təyin etdiyim adamlar gecə ilə bir başqası ilə əvəz olunub. Mənə bunun sizin təşəbbüsünüz və göstərişinizlə edildiyi məlumat verildi. Səbəb?
– Hmm, bu məsələ… – Kazımov biganəliklə dodaqlarını büzdü. Daha sonra sınayıcı nəzərlərlə Telmana baxdı. – Səbəb aydın deyil? İşlərinin öhdəsindən gələ bilmirlər. Ayaq üstə mürgüləyirlər.
– Mən şübhəli bilinən həmin şəxsin izinə artıq düşmüşdüm, yoldaş Kazımov! Onun vasitəsilə körpənin yerini təyin etmək su içim kimi asan başa gələcəkdi. Amma bu gün həmin şəxs necə olubsa duyuq düşüb, izini itirib. Bütün planlarım alt-üst oldu.
– Deməli, işini düzgün qurmayıbsan. – Kazımov iradla Telmanı süzdü.
– İlk dəfə deyil əməliyyat həyata keçirirəm, yoldaş Kazımov. Burada düzgün getməyən nəsə var, amma bu mənim işi necə qurmağımla əlaqəli deyil.
Kazımov qıyğacı baxışlarla tərs-tərs Həsənovu süzdü:
– Sözüvün mustafasını de.
– Mən kifayət qədər açıq danışdığımı hesab edirəm. Biz Azərlə bir-birimizə qardaş deyib, bir yerdə böyümüşük. Bu işin sonunda canımdan keçmək bahasına da olsa onun övladını tapacam. Kəsdiyimiz duz-çörəyə and olsun ki…
– Biz nə etmişik, Həsənov, baş kəsməmişik ki. – Kazımov tənbeh edici nəzərlərlə onu süzüb, sözünü kəsdi. – Biz də duz-çörək kəsmişik də. Mən Ənvəri tanıyanda sən hələ anadan olmamışdın, atam balası, mənə dostluq dərsi keçmə. Ağıllı ol.
Telman dözmədi:
– Körpənin dünən gecəyə qədər Bakıda olduğunu bilirdiniz! Bəlkə harada gizlədildiyini də! Amma bir tədbir görmədiniz!
Kazımov halını pozmadı. Tamam sakit halda, təmkinlə:
– Bu işin sonuna çatıb körpənin yerini də, özünü də tapa bilərsən, amma bunun nəticəsi səninçün ağır olar, oğul bala. Özüvə yazığın gəlsin. Sənin Zakirə dişin batmaz. Özüvü havayı yerə ağır-yüngül eləməginən. – Kazımov bilərək Zakirin adını çəkdi. Telmanın fikrini özündən yayındırıb ağlını bir müddət məşğul etmək onun işlərini nizama salacaqdı.
– Zakir? – Telman eşitdiyi adın heyrəti, təəccübü içində karıxdı.
Kazımovun razı halda dodağı qaçdı:
– Əməliyyat müvəkkili ola bilərsən, amma görürsən ki, uşaqsan hələ. Öyrənəcəyin çox şey var. Dikbaşlıq eləməkdənsə, məsləhət istə.
Telman qaşları çatılmış halda fikrə getdi.
– Noldu, atam, fikirli göründün. Kələfin ucunu itirdin, ya dolaşdı?
Telman şübhə ilə Kazımovu süzdü:
– Xeyr, – dedi. – Dolaşmadı, tam əksinə.
Kazımov zəndlə Həsənovu süzərək mətləbə keçdi:
– Körpəni axtarıb-aramaqla vaxtını hədər etməkdənsə, səni körpəyə aparacaq adamların izinə düş. Gələk birinci əsas məsələyə: Zakir bir həftədən artıqdır Bakıda yoxdur. Bir fikirləş, niyə? Çünki bu iş baş verən zaman hamı bir nəfər kimi onu ölkə xaricində bilib, bu işlə əlaqəli sanmasın. İkincisi, dostunun qayınatası, Zakirin qaynı Nadir niyə uşaq oğurlanmazdan bir gün əvvəl həbs olunub? Nə səbəbə? Həbs olunubsa, bəs niyə 24 saat tamam olandan, yəni uşaq oğurlanandan az sonra azad buraxılıb? Nə dəyişdi, nə baş verdi ki?
Telmanın üzünün ifadəsi dəyişdi. Lakin danışmağa tələsmədi. Öz-özlüyündə bütün suallara cavab arayıb, daşları bir-bir yerinə oturtmağa çalışdı. Kazımov bunu gördüyü halda davam etdi:
– Bu plan, əlbəttə, dünən cızılmayıb. Çoxdan baş sındırırlar bu işin üstündə. Gəldik üçüncü və ən vacib məsələyə: Zakirə bu işdə kömək edəcək yeganə adam vardı və həmin o məchul şəxs Ənvərə və onun ailəsinə o dərəcədə kin bəsləməli idi ki, Zakirin istəyinə boyun olsun. Sən əvvəlcə bu müəmmanı çöz, sonra körpənin dalınca düş. Görürsən ki, sənə məlum olmayan nə çox nüans var!
Qapının döyülməsi ilə Kazımov söhbəti yarıda kəsməli oldu:
– Gəlin, – dedi.
Növbətçi milis qapıda göründü. İçəri keçib salam verdikdən sonra məruzə elədi:
– Yoldaş rəis, bu dəqiqə növbətçi hissəyə bir məlumat daxil olub. Qubadan Rusiya istiqamətində hərəkət etməkdə olan VAZ–21099 LADA markalı avtomobil qəza törədib. Qəzanın gecə yarısı baş verdiyi ehtimal olunur. Avtomobildə olan sərnişinlərin arasında bir körpənin də olduğu aşkarlanıb. Böyük ehtimalla, bu avtomobil bizim izində olduğumuz avtomobildir.
Həsənov həyəcan içində Kazımovu süzdü. Daha gözləmədi. Milis zabiti ilə birlikdə iti addımlarla kabineti tərk elədi. Və hadisənin təfərrüatını öyrənmək üçün əməliyyat qrupu ilə birlikdə dərhal hadisə yerinə yollandı.
(Ardı var)