Firuzə Davudqızı
***
…Azər gərgin halda eyvana çıxdı, pilləkənə çöküb oturdu. Əlacı hər yerdən, hər kəsdən üzülmüş, çıxış yolları bağlanmış bir şəkildə başını əllərinin arasına alıb, dərin köks ötürdü. İxtiyarsız olaraq çəkdiyi bu ah sinəsini yandırdı.
Bu zaman çiyninə toxunan əlin təmasından başını qaldırdı. Və başının üstə dayanmış əməliyyat müvəkkili Telmanı gördü.
Telman keçib onun yanında əyləşdi. Diqqətlə uşaqlıq dostunu süzüb:
– Darıxdırma özüvü, – dedi. – Bilirəm necə çətindir səninçün. Amma inan mənə, bu ağır günlər ötüb keçəcək.
Azər təkrar köks ötürdü. Telman bunu görsə də geri çəkilmədi:
– Hər şey öz nəzarətim altındadır. Axtarış tədbirləri davam etdirilir, tezliklə bir xəbər alacağımıza ümid edirəm.
Azər Həsənovu dinlədiyi bu məqamda həyətə daxil olan Kazımovu gördü. Bir az da gərildi. Qulağı Telmanda olsa da, gözünü Kazımovdan çəkməyən Azər onun bu an riyakar və məkrli görünən hər bir davranışını, hərəkətini izlədikcə hiddəti ölçüyə gəlmədi.
Kazımov onunla birlikdə elə indicə milis idarəsindən gələn Ənvərə müraciətlə deyirdi:
– Yerin altını üstünə çevirib harada olsa tapacağıq, qardaşım, əmin ol. Təmkinini qoru, səbirli olmağa çalış. O tək sənin deyil, mənim də nəvəmdir. Mənə zərbə vurulmuş kimi sayıram bu saat özümü. Ürəyim od tutub yanır. Bu işdə əli olan kim varsa kimliyindən asılı olmayaraq öz layiqli cəzasını alacaq.
Azər dillənib bir söz deməmək üçün özünü zorla saxladı. Çarəni buradan uzaqlaşmaqda görərək Telmana işarə edib, onunla birlikdə küçəyə çıxdı.
***
Elə həmin gün axşam tərəfi aldığımız başqa bir xəbər bizi üzdü. Atam infarkt keçirmiş, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Anam daha burada dayanmadı, şəhərə qayıtdı.
Dərd gələndə batmanla gələr deyənlər necə də haqlı imişlər. Bilmirdim öz dərdimə yanım, yoxsa atamın halına üzülüm. Ağlayıb sızlamaqdan başqa əlimdən heç nə gəlmirdi.
***
Həmin axşam Oqtay xəstəxanadan çıxıb hisslərinə hakim ola bilməmiş, birbaşa Zakirin evinə gəlmişdi. Qarşısında dayanıb onu saran əsəblə Zakirə bağırırdı:
– Sənin əməllərinin cəzasını nə vaxta qədər günahsız insanlar çəkəcək?
Zakir səs-küyü duyub gələn xidmətçiləri bir baxışı ilə geri göndərib, qaynının qarşısında təmkinini qorumağa səy göstərdi:
– Bağırma. Səsivin tonunu aşağı sal, aydın danış görək nə olub. Mənim evimdə, mənim qarşımda sən məninən bu tonda danışa bilməzsən!
– Kiminlə harada nə cür danışmağım məndən yox, qarşımdakı insandan asılıdır. Buna özün şərait yaratmısan, özün! – dedi.
Zakir məzəmmətlə başını buladı, köks ötürdü. Onun bu rahatlığı Oqtayı bir az da gərdi. Əllərini masaya dayaq verib kürəkəninin gözlərinin içinə baxa-baxa üsyan etdi:
– Körpə qundaqdan nə istədin, vicdansız! Necə sığışdırdın bunu özünə?
Zakirin üzünün ifadəsi dəyişdi, qaşları düyünləndi:
– Nə körpə? Nə danışırsan sən? Ayağınıza daş toxunsa məndən bilib üstümə qaçmağa adət etmisiniz deyəsən. Əlində əsasın olmadan məni necə ittiham edə bilirsən? Nə haqla?
– Sənin kimi bişərəf, alçaqdan bunu gözləyirəm çünki! Əlindən gələn işdir! – Oqtay odlana-odlana dilləndi.
Zakirin rəngi-ruhu dəyişdi. Sərt tonda:
– Həddini bil! – dedi, barmağını qeyzlə silkələdi. – Məhz sizin, qardaşın Nadirlə sənin mənə şərəfsiz, ya da alçaq deməyə heç bir şəkildə haqqınız çatmır! Çünki özünüzü yetərincə sübut etmiş sayılırsınız!
Oqtay bu sözlərə qarşılıq olaraq əsəbi halda başını tərpətdi. Nifrətlə Zakirin gözlərinin içinə baxaraq:
– Haqlısan! – dedi. – Yerdən göyə kimi haqlısan! Çünki biz sənin cavabını 20 il bundan əvvəl verməli idik. Çox nahaq yerə ağsaqqal, ağbirçək sözü dinlədik, bacımızı nəzərə aldıq! Çox təəssüf! – Onu saran qəzəblə sözlərini güclə tamamladı. – Qardaşım bu dəqiqə ölümlə vuruşur! Bilinmir sağ qalacaq, ya yox. Tab gətirə bilmədi bu müsibətə! Heç bir təqsiri olmadığı halda günahkar vəziyyətə düşdü. Bu qədər günahın cavabını necə verəcəksən? Sənin heç insanlığın, vicdanın yoxdurmu? Bu qədər bədbəxtliyə səbəb olub, necə belə rahat nəfəs ala bilirsən?
Zakir qaynının ittihamlarını üzündə tutqun ifadə ilə qarşıladı:
– Alacağım intiqam üçün mən hələ məqam gözləyirəm, Oqtay! Amma nifrətim nə qədər böyük olsa da, buna getmərəm! Böyükləri dura-dura mənim körpə ilə işim olmaz! Görünür, ya qardaşın, ya da qudası kiminsə ayağını tapdayıblar, cavablarını da alıblar.
Oqtay ağzını doldurub daha nə isə demək istəyirdi ki, bu zaman göz yaşlarına boğulmuş bacısını gördü. Onun söhbətə qulaq şahidi olduğunu üzündəki ifadədən hiss elədi. Zivər təlaşla irəli gəldi:
–
Kimin nəvəsindən söhbət gedir, Nadirin? – Əlini dodaqlarına apardı, gözlərindən
yaş süzüldü. – Nadirə nə olub, Oqtay? Danış! Gizlətmə!
Oqtay gərginliklə nəfəs alıb-verərək məyus halda başını aşağı salıb, susdu.
Zivərin həyəcanı, verdiyi sual Zakirin yarasına duz basdı sanki. Qatı düşməninin adını duymuş kimi üzü daha sərt ifadə aldı. Qəzəbini boğa bilməyib çəmkirdi:
– Sənə nə!
Zivər bu yerdə daha dözmədi. Ürəyi qüssədən parçalana-parçalana üsyankar bir səslə:
– Necə yəni sənə nə, Zakir? Qardaşımdır o mənim! – dedi. Sözünün davamını gətirə bilməyib, hönkürdü.
Zakir kin-küdurətli ifadə ilə nəzərlərini Zivərdən çəkmədən eyhamla sual verdi:
– Qardaşındır? – Ağır hərəkətlə yerindən qalxdı. – Başına açdıqları oyunları nə tez yaddan çıxardın?
Zivər bu baxışlar qarşısında titrəsə də geri çəkilmədi. Bütün qüvvəsini toplayıb cavab verdi:
– Uşaqlar dil tapa bilmədilər, Nadirin nə günahı var burda?
Zakir qanlı-qanlı Zivəri süzdü.
– Haqlısınız! Bir günahkar varsa, o da mənəm! – deyə səsini bozartdı. – Məni məhşər ayağına çəkmək öz günahlarınızı, təqsirinizi bilməkdən daha asandır sizinçün! Çünki eyiblərinizi görmürsünüz!
Oqtay sözə qarışdı:
– Düşmənçilik edəndə kişi kimi edərlər, Zakir, belə namərdliyə yol verməzlər! Buna necə haqq qazandırmamızı umursan bizdən? Körpənin nə günahı var burda?
– Bu mənim işim deyil dedim sənə! – Zakir əsəbi tonda səsini qaldırdı. – Gedin harada səhv buraxdığınızı yaxşı-yaxşı fikirləşin! Etməmişəm deyirəm, amma edəcəm. Nə vaxtsa bir gün! Bunu gizlətmirəm.
Zivər ərinin məqsədi, planları sarıdan heyrətlənmiş halda az qala yalvardı:
– Zakir… Bəsdir, Allahın qəzəbindən qorx, balalarımız var.
Zakir hiddətlə Zivərə baxdı. Bu anlarda əsəbi zəncir gəmirsə də, təmkinini min bir cəhdlə qorudu, demək istədiklərini dilinin ucundan geri qaytardı.
Oqtay bacısına tuşlanmış təhdidedici baxışları görərək həqarətlə kürəkənini süzdü:
– Özünü bu qədər güclü sanma! Bir gün bu əməllərin üçün cavab verəcəyin məqam gələcək, bunu unutma! Bu dünya çox sirrə sirdaş olub, çox həqiqəti ört-basdır edib, amma gizlini aşkara çıxaran, haqqı nahaqqa satmayan Tanrı var, yadından çıxmasın.
Bu anda hər üçü indicə Rusiyadan qayıdıb evə gələn Salehin səsinə geri çevrildilər.
Saleh təəccüb içində valideynlərini və dayısını süzərək sualı hər üçünə ünvanladı:
– Nə baş verib?
Oqtay Zakirin nə deyəcəyini gözləmədən üzünü çevirib qapıya üz tutdu. Onun getdiyini görən Zivər qardaşının dalınca düşdü. Lakin yarı yolda Zakirin əmiranə səsi onu yerində dayanmağa məcbur etdi:
– Nə etdiyini sanırsan sən?
Zivər az qala inlədi:
– Zakir, mən qardaşımı bu vəziyyətdə ata bilmərəm. İcazə ver onu görüm.
– Ata bilməzsən? Çox əcəb! – Zakir sərt tonda, amiranə tərzdə dedi. – O zaman bu qapıdan çıxıb bir daha geri qayıtmırsan! Günahsız qardaşın sənə sahib çıxar!
Ərinin belə kəskin və sərt danışığı Zivəri bir daha sarsıtdı. Heyrət içində onu süzdü.
– Zakir.
– İtil, gözüm görməsin səni!
Saleh qanıqara halda gah atasına, gah da anasına baxdı. Tamam dilxor oldu.
Zivər üzünü çevirib ağlaya-ağlaya qardaşına yaxınlaşdı. Oqtay məzəmmətlə Zakiri süzsə də, məcbur qalıb onun qərarı ilə razılaşmalı oldu. Əlini bacısının çiyninə qoyub:
– Evində qal, gəlmə. Mən özüm xəbərdar edəcəm səni, – dedi.
Saleh məsələdən baş açmayıb, dözməyərək yenə sual verdi:
– Ata, nə olub? Anamla nöş belə rəftar edirsən?
Zakir yenə qanlı-qanlı Zivəri süzdü, fısıldadı.
– Əhəmiyyət vermə sən. Kefini pozmağa dəyməz. Bunlar hamısı bir bezin qırağıdırlar.
Atasının cavabı Salehi qane etmədiyi üçün onun yanından ayrıldı. Anasına yaxınlaşdı. Onun gözlərindən sel olub axan yaşları barmaqlarının bir toxunuşu ilə silib, diqqətlə üzünə baxdı:
– Dayı niyə gəlmişdi? Nə baş verib? Niyə bu haldasan?
Zivər oğlunun narahat halda ard-arda verdiyi suallar qarşısında tab gətirə bilməyib hönkürərək ona sarıldı. Saleh çaşıb qalsa da məsələni anlamaq üçün anasının sakitləşməsini gözlədi. Əllərini onun saçlarında gəzdirə-gəzdirə:
– Yaxşı da, sakitləş… Danış görüm, nə olub, – dedi.
Zivər hıçqırıqlar içində:
– Dayının vəziyyəti pisləşib, xəstəxanaya çatdırıblar. Oqtayın halından, danışığından anladım ki, vəziyyəti olduqca ciddidir. Saleh, oğlum, əgər ona bir şey olsa, getmədiyim üçün bir ömür boyu özümü bağışlamaram! – Zivər sözünü güclə bitirirdi, yenidən göz yaşlarına boğuldu.
Saleh gözləmədiyi bu xəbərə məyus oldu. Anasını ovundurmaq üçün darmadağın olmuş fikrini toplayıb söz axtarmaqda ikən Zivər:
– Səndən bir təvəqqəm var, oğlum! Get, dayına baş çək, – dedi. – Mənə ondan bir xəbər gətir, yoxsa burda xiffətimdən öləcəm.
– Ana… – Saleh tamam çaşbaş qaldı. Etiraz etmək üçün uyğun bir söz aradı. Amma olmadı.
Zivər onun nə demək istədiyini üzünün ifadəsindən, səsinin ahəngindən oxuyub dillənməyə qoymadı:
– Nə olur olsun, o, sənin dayındır oğlum, böyüyündür. Əgər mənə hörmət edirsənsə, sözümü yerə salmayacaqsan.
Saleh anasının bu sözləri qarşısında çıxılmaz vəziyyətə düşdü, gözlərini yumub, əzab içində sıxdı. Narazılıqla fısıldadı.
Yaxşı bilirdi ki, bu dəqiqə xəbəri alan hər kəs, xüsusilə də bütün qohumlar xəstəxanadadırlar. Saleh isə bunu bilə-bilə ora gedib dayısının ailəsindən kiminləsə üz-üzə gəlməyi qəti surətdə istəmirdi. Lakin anasının sözündən çıxa bilməyib, bu addımı atmaq onun üçün nə qədər çətin olsa da, keçib maşına əyləşdi. Xəstəxanaya yollandı.
Xəstəxanaya çatıb, növbətçidən dayısının hansı şöbəyə gətirilməsi ilə maraqlandı. Məlumat aldıqdan sonra reanimasiya şöbəsinə tələsən Saleh dəhlizin sonunda tini burulmaq istərkən Türkanla üz-üzə gəlib duruxdu. Rəng verib, rəng aldı.
Onu
bir dəfə görmək üçün hər şeydən keçməyə razı olan, günləri, ayları sayan Türkan
indi qarşısında dayanan Salehin gəlişinə inanmaqda çətinlik çəkir, heyrətlə onu
süzürdü. Yaşanan bu qədər hadisədən sonra o, yenə də burada idi, gəlmişdi. Hər
kəsə və hər şeyə rəğmən gəlmişdi.
Bilmədi taleyin bu gərdişinə üzülsün, yoxsa belə ağır günlər yaşayarkən
məlhəmini tapmış adam kimi qanadlanıb uçsun.
Türkanın baxışları qarşısında özünə belə izah edə bilmədiyi qəribə hisslər keçirib sıxılan Saleh özünü toplayıb, boğazını arıtladıqdan sonra nəhayət dillənə bildi:
– Dayının vəziyyəti necədir?
Bu anlar iki hissin əlində çaşbaş qalsa da kədəri sevincinə üstün gələn Türkan bu suala hönkür-hönkür ağladı:
– Atam əlimizdən gedir! Vəziyyəti çox ağırdır!
Saleh onu bu əhvalda görəndə çətin vəziyyətdə qaldığını aşkar hiss etdi. Əlini uzadıb Türkanın qoluna toxunmaq, onu ovutmaq istədi. Lakin kənardan görən olar deyə son anda fikrindən daşınıb əlini geri çəkdi. Əvəzində bu sözləri dilinə gətirdi:
– Yaxşı olar, inşallah. Qorxutma özünü.
Bu vaxt Fatimənin gəldiyini görüb, Türkanın qarşısından dərhal bir addım geri çəkildi.
Fatimə kədərə bürünmüş bir səslə bibisi oğluna salam verdi. Saleh başını tərpətməklə dayısı qızının salamını alıb, gözucu hələ də ağlamaqda olan Türkanı süzdü. Fatimə bir gözü Salehdə, bacısının qolundan tutub asta səslə:
– Hara gedirdin? – deyə maraqlandı.
– Su içmək istəyirdim. Nədir, olmaz?
– Şahin gəldi. Sonra irad tutmasın. – Fatimə bacısını xəbərdar etdi.
Türkanın bu sözlərə acı istehza ilə dodağı qaçdı. Hirsli-hirsli soruşdu:
– Niyə gəlib ki? Kədərimə tamaşa eləməyə? Necə əzab çəkdiyimi görüb həzz almağa?
– Yaxşı, bəsdir. – Fatimə narazılıqla dillənib, gözucu yenə Salehi süzdü. Təəssüf hissi ilə dodaqlarını bir-birinə sıxdı. Saleh özünü bu sözləri duymamış kimi göstərib, Fatiməyə sual verdi:
– Hamı burdadır?
– Həri, çoxu gedib hələ. – Fatimə bu suala cavab verərkən Salehin “Hamı” deyərkən əslində kimi nəzərdə tutduğunun fərqinə varmadı.
Saleh qızlardan ayrılıb yoluna davam etdi.
Təxmin etdiyi kimi bütün yaxınları burada idi. Reanimasiya şöbəsinin gözləmə zalına yığılan qohumlar onu gördükləri zaman sanki dərin bir quyuya daş atıldı. Kimsə cınqırını çıxarmadı.
Kimisi təəccüblə, kimisi bu addımı atdığı üçün ona razılıqla baxırdı. Salehin gəldiyini görməsi Şahnazı daha da kövrəltdi.
Saleh yaxınları ilə ötəri salamlaşıb, keçib divanda, dayısı Oqtayın yanında əyləşdi. Kimsənin üzünə baxmadan qaşları düyünlənmiş halda tutqun ifadə ilə soruşdu:
– Həkim nə deyir?
Oqtay bu suala başını bulayaraq köks ötürməklə cavab verdi.
Saleh ona maraqlı olan ikinci sualı vermək üçün bir daha özünü topladı. Qohumlarının bütün diqqətinin hələ də onda olduğunu bildiyi halda bunu görməzliyə vurub asta səslə xəbər aldı:
– Nə səbəbdən bu vəziyyətə düşüb? Nə baş verib ki?
Bu zaman Türkanla Fatimə gəlib yanlarından keçərək bir qədər irəlidə, Şahnazın yanında əyləşdilər. Salehin baxışları qeyri-ixtiyari hələ də arabir hıçqıran, ağlamaqdan gözləri qızarmış Türkana tərəf yayındı. Onun əzab içində qovrula-qovrula göz yaşı axıtdığını, qüssədən necə talan olduğunu izləməkdə idi ki, dayısının səsinə fikirdən ayrıldı.
– Nəvəsi oğurlanıb. Bilmirdin?
Salehin ifadəsi göz qırpımında dəyişdi. Gözləmədiyi cavaba təəccübləndi:
– Necə yəni, oğurlanıb?
– Oğurlanıb da. Bunun necəsi var ki? Neçə gün keçib, nə xəbər var, nə ətər. Elə bil iynə olub yerə batıb uşaq. Nadir də neynəsün, tab gətirə bilmədi. Necə tab gətirsin. Qan düşdü iki qohum arasına. Söz-söhbətin biri qurtarmamış, o biri başlandı. Allah axırını xeyir eləsün, amma ağlım kəsmir.
Saleh marağını boğa bilməyib, növbəti sualı verdi:
– Türkanın övladı mən biləni çox böyük olmaz. Neçə yaşı var?
– Türkanın övladı yoxdur. Kiçik qızındır.
Saleh verdiyi suala peşman olaraq tutulub qaldı. Rəngi boğuldu. Özünü açıq-aşkar pərt hiss elədi. Aydanın övladı olmasından bu günədək xəbərsiz idi. Bu xəbər onu alt-üst etdi, yarasının qaysağını qopardı. O, bayaqdan Aydanın da burada olduğunu düşünüb, haldan-hala qalır, onunla üz-üzə, göz-gözə gəlməmək üçün hissləri, duyğuları, mənliyi və qüruru ilə açıq mübarizə aparırdı. Qohumlara tərəf xəlvətcə də baxmağı özünə sığışdırmırdı. Bunu etsə özünü yaralanmış qüruruna xəyanət etmiş kimi duyacaq, özünü aldatmış olacaqdı.
Beləcə, daxilində tufanlar, qasırğalar qopduğu bu dəqiqələrdə zahirən tamam soyuqqanlı görünməyin ona necə baha başa gəldiyini özündən başqa kimsə bilmirdi. Bu ağır hissin öhdəsindən gələ bilmək üçün o, bütün gücünü səfərbər etmişdi.
Bir qədər sonra ayağa qalxıb:
– Yaxşı, mən gedim də. Gələcəm, – dedi. Dayısı razılıq etdi. Saleh ondan ayrılıb yola düzəlmək istəyirdi ki, hamıdan kənarda dayanmış cavan bir oğlanın kin-küdurətlə onu süzdüyünü gördü. Tanımadığı bu oğlanın ona tuşlanmış nifrətli baxışlarının səbəbini anlamağa çalışdı. Amma baş açmadı. Uzaqlaşıb, xəstəxananı tərk etdi.
Həmin oğlanın Türkanın əri Şahin olduğunu Saleh bir müddət sonra biləcəkdi.
Yol boyu dayısı ilə aralarında keçən söhbətin mövzusu qulaqlarında səsləndi. Atasının hiddətli baxışları gözünün önündən çəkilib getmədi.
Çox suala cavab aradı, tapmadı.
Evə gəlib çatanda anasının yatmayıb onu gözlədiyini gördü.
Zivər Salehi görən kimi həyəcanla ayağa qalxdı. Oğlunun qarşısına yeridi.
Saleh anasını üzməmək üçün hələ yolda ikən düzüb-qoşduğu cavabı ürəyində bir də özünə təkrar edib, üzünə arxayınlıq yağan bir ifadə verdi:
– Narahat olmaginən, düzəlir yavaş-yavaş.
– Doğru sözündür? – Zivərin ifadəsi bir anda dəyişdi. Göz bəbəklərində ümid qığılcımı parladı.
– Palataya köçürsünlər, apararam öz gözünlə görərsən.
Zivər rahat nəfəs aldı, minnətdarlıq hissi ilə oğluna sarıldı. Ağız dolusu Tanrıya şükür etdi. Daha sonra marağını boğa bilməyib, sual verdi:
– Bəs uşaqdan nə xəbər var, ay Saleh? Nə deyirdilər?
Salehin üzü tutqun ifadə aldı. Bununla belə özünü bilməzliyə vurdu:
– Hansı uşaq?
– Dayının nəvəsini soruşuram da. Oğurlanıb dedi Oqtay.
– Bilmirəm. O barədə maraqlanmadım. – Saleh soyuq səslə dedi.
– Tapılar, inşallah! Körpədir, Allah özü kömək olsun! – Zivər məyus halda dua etdi. – Fəqir qardaşımın başı qalmaqaldan açılır bəgəm? Yarandığı gündən dərd çullanıb çiyinlərinə. Allah canına qıymasın!
Saleh növbəti sualı eşitməmək üçün yorğun olduğunu bildirib, qanıqara halda otağına tələsdi.
Zivər oğlunun ürəyindəkilərdən, nə hisslər keçirdiyindən xəbərsiz halda, dalınca baxa-baxa kədərlə:
– Allah sənin də həyatını nizama salsın, oğlum! Üzünün güldüyünü görüm, heç nə istəmirəm! – dedi, ah çəkdi.
***
…Ənvər baş verənlərə rəğmən bir qədər əvvəl qudasının vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getmişdi. Vəziyyət orada da ürəkaçan deyildi.
…Gecədən ötürdü, hərə öz evinə dağılmışdı. Cansıxıcı bir sükut, ağır bir hüzn ab-havası çökmüşdü bu evə.
Azər hələ də evə qalxmamışdı. Həyətdə ondan başqa atası Ənvər idi, bir də yaxın dostu Səməndər.
Azər atasıgildən aralanıb həyətin bir küncünə çəkilmişdi. Gözlərini bir nöqtəyə zilləyib, düşündüklərinin təsiri ilə sıxıntılı halda ixtiyarsız olaraq tez-tez köks ötürürdü. Dincliyi əlindən alınmışdı, nigaranlıq və iztirab içində dəqiqələri, saniyələri ötürməyə çalışırdı. Vaxt isə sanki donmuşdu. Sürünə-sürünə keçən hər dəqiqənin yükü yalnız qəm-qüssə, sıxıntı və əzab idi.
Onu məngənə kimi sıxan qarmaqarışıq fikirlərin, cavabsız sualların cəngində boğulurdu, havası çatmırdı. Bu xəbəri aldığı dəqiqədən ona rahatlıq verməyən, cavabını bilmədiyi yüzlərlə sual dolanırdı beynində. Dəli bir inadla ona bu pisliyi edənin kimliyini düşünür, arayır, lakin bir cavab tapa bilmirdi. Şübhələndiyi bir neçə nəfərdən başqa, məhz daha biri vardı. Və onun bir zaman hədə ilə dediyi sözlər Azərin yaddaşını silkələmiş, qəflət yuxusundan oyatmış kimi olmuşdu. “Bundan belə ehtiyatlı ol! Əlbət ki, bir gün ayağa qalxacam!” Bu sözlər indi qulaqlarında dəhşətli bir uğultuya dönmüşdü. Salehin bir zaman onu hədələməsinə rəğmən bu qədər irəli gedə biləcəyinə tam əmin olmasa da, şübhəsini də yenə bilmirdi. Tamam çaşbaş halda idi.
Bu məqamda istəmədiyi halda qulağına atasının səsi doldu:
– Qorxum bu gündən idi, qardaşım, bu da oldu. Çox dedim, az eşitdi. Axırı da bu. İndi oturub fikirləş ki fikirləşəsən mənə daş ha tərəfdən atılıb. Görüm, cavab tapa bilirsənmi? Ay tapdın a! Öz evini də yıxdı, mənim də. İndi gəl yaşa bundan sonra görüm, necə yaşayırsan, Ənvər! Ölən günündür, əli-qolu bağlı oturub burada xəbər gözləyirsən! Gör nə günlərə qaldıq. – Ənvər bunu deyib köks ötürdü, bir az da odlandı. – Yalvardım, a kişi, ilan dili çıxarıb yalvardım, xahiş etdim, hər tərəfli izah etdim ki, bəlkə qana, nəticə çıxara özü üçün. Başa düşmədi tərsin balası tərs! Eşitmədi məni!
O, oğlunun halına-təhrinə fikir verdiyi üçün vəziyyətinin ruhən ürəkaçan olmadığını görür, həyəcanı daha da artırdı. Səməndərlə danışsa da, bütün diqqəti oğlunda idi.
Azər bu sözlərdən sonra daha da dilxor oldu. Atasına haqq verdiyi üçün özünə olan acığı, hiddəti ilə üz-gözünü turşudub, fısıldadı.
Səməndər dostunu ovundurub nəsə dedi, amma Azər gerisini duymamaq üçün bir qədər də aralandı, siqaret çıxarıb alışdırdı. Yanıb yaxıla-yaxıla sümürüb bir əli ilə alnını sıxdı.
(Ardı var)