Firuzə Davudqızı
***
…Aydanı divana uzadıb üzünə su vuraraq oyatmağa çalışırdılar ki, bu vaxt həyətin qapısı açıldı. Nadir dilxor halda, yorğun və yuxusuz bir əhvalla həyətə daxil oldu. Dünənki şuxluğundan, gümrahlığından onda əsər-əlamət qalmamışdı. Sanki bir günün içində yüz il qocalmışdı.
Şahnaz onu görəndə əlini dodaqlarına aparıb sarsılmış halda yenidən hönkürdü.
Nadir həyətə atdığı ilk addımda nəsə baş verdiyini hiss elədi. Qardaşını burada görüb onun üzündəki ifadədən, evdəki ab-havadan bir bədbəxtlik baş verdiyinə əmin oldu, narahatlığı daha da artdı. Addımlarını yeyinlətdisə də ayaqlarını dalınca sürüməyə gücü çatmadı. Ürəyində Allahı köməyə çağırıb son qüvvəsini topladı. İrəli yeridi. Həyat yoldaşını, qızlarını göz yaşlarına boğulmuş, Aydanı huşsuz vəziyyətdə görəndə ürəyi yerindən oynadı. Narahat baxışları bir-bir hamının üzündə gəzdi:
– Nə baş verib?
Oqtay sinəsini odlayan yanıqlı bir ah çəkdi. Qardaşının sualına iztirab içində cavab verdi:
– Sən elə bir iş tutubsan ki, ömrünün sonuna qədər dəridən-qabıqdan çıxsan da əvəzini ödəyə bilməyəcəksən, qardaş. Lap belə kəlləndən keçmiş də olsan, bu müsibətin günahı sənin boynuna yazıldı, mühakiməsi bir ömür boyu səninlədir.
– Açıq danışın görüm, nə olub. – Nadirin səbri tükəndi, narahatlığı daha da artdı.
Oqtay daha sözü uzatmadı:
– Nəvən oğurlanıb! Sənin evindən! Sənin ovcunun içindən! Bilirsənmi bu nə deməkdir?
Nadirin qulaqları uğuldadı. Yer ayağının altından qaçdı. Həmin dəqiqə Şahnaza tərəf getdi:
– Harda idin? Hara baxırdın?
– Nadir, mən…
Nadirin ona çəkdiyi qəfil şillənin səsi hamını yerində dondurdu. Şahnaz əlini üzünə tutub yıxılmamaqdan özünü zorla saxladı. Məqbulə ilə Kübra dərhal irəli yeriyib qolundan yapışdılar.
– Deməli, mən olmasam sən ailəyə belə sahib çıxacaqsan! – Nadir qeyzlə bağırdı.
Oqtay qardaşının qolundan tutub onu Şahnazdan aralı saxladı. Nadir hiddətlə təkrar bağırdı:
– Nə cavab verəcəm mən o kişiyə! Nə bəraət qazandıracam? Dillən, cavab ver!
Şahnazın dinib-danışmağa halı olmadı.
– Hər ikiniz günahkarsınız! – Oqtay qardaşını qınadı. – Hər ikiniz! Səni evdən götürüb aparırlar, dindirirlər, bir sutka KPZ-də qalırsan, ancaq bir qardaş kimi mənə xəbər etməyə lüzum görmürsən! Başa düşmürsən ki, sənə tələ qurulub? Planın əsas hissəsi səni aradan götürmək imiş!
– Ata!
Göz yaşları yanaqlarını yuya-yuya onu haraylayan qızının səsinə geri çevrilən Nadirin sanki ömründən on ilini aldılar.
– Ata, qurban olum, kömək elə!
Qızının pərişan halı, talan olmuş baxışları, naləsi, fəryadı Nadiri bir daha alt-üst etdi. Övladının qarşısında özünü günahkar sayıb büzüşdü, kiçilib yumağa döndü. Üzündə əzablı bir ifadə ilə stula çökdü.
– Dayanıb gözləməklə heç nə əldə edə bilməyəcəyik, nə qədər ki, gec deyil, bir iş görmək lazımdır! – Oqtay qardaşını tələsdirdi.
Nadir iki əlli başını sıxıb, səssiz dayanmışdı. Tamam çarəsizlik içində, bu işlərdə nabələd adam təki nə edəcəyini, nə deyəcəyini, haradan və kimdən başlayacağını bilmirdi. İlkin ehtimalla bu pisliyi ona edənin Zakir olduğunu düşünür, ağlına ondan başqası gəlmirdi. Lakin bunu dilinə gətirməyə cürəti çatmırdı.
Şahnaz xanım arada bir fürsət tapıb Nəriman kişini kənara çəkmişdi. Ehtiyat tədbiri olaraq xəbərdarlıq edir, həyəcanla pıçıldayırdı:
– Dünən bağa gələn qonaq barədə Nadirin xəbəri olmasın. Başa düşdün məni? Qətiyyən!
– Xanım, axı soruşsalar…
– Mənə diqqətlə qulaq as, kişi! – Şahnaz xanım Nərimanın sözünü ağzında qoyub, ona üzünü bozartdı. – Başımıza müsibət gəlib! Görürsən ki, nə haldayıq! Bu həngamənin içində istəmirəm Nadir bundan xəbər tutsun. Uyğun bir zamanda mən özüm məsələni izah edəcəm. Yerli-yataqlı danışacam hər nə olubsa. Açığını bilmək istəyirsənsə, qorxuram! Başımıza elə bir bəla açarlar ki, yerlə yeksan olarıq. Əks halda bu qədər adamın həyatına sən cavabdehsən! Başa düşdün?
Nəriman çıxılmaz vəziyyətdə qalıb nə deyəcəyini bilmədi. Başını aşağı saldı.
…Bir qədər sonra Ənvər Səməndərlə birlikdə qudasının bağında oldu. Rəngi meyit rəngində idi.
Nadir hələ də oturduğu yerdə qalmışdı. Başını qaldırıb qudasının üzünə baxa bilmirdi. Üzünün tərini silə-silə, qudasının qarşısında ölüb dirilə-dirilə bu sözləri deyə bildi:
– Ölmüşəm, yerdən götür, qardaş. Üzüqarayam yanında.
***
…Mərdəkana qayıtdıq.
Qayınatamın evində yer yerindən oynamışdı. Xəbəri alan hər kəs burada idi. Təkcə Azər yox idi. Deyilənə görə, o, baş verənlərdən hələ xəbərsizdi. Mən isə dörd gözlə onun yolunu gözləyirdim. Varlığını yanımda hiss edib bu acıya davam gətirə bilmək üçün saniyələri sayırdım.
Dilbər xanımın nə halda olduğunu təsəvvür etmək heç də çətin deyildi.
Ağlayıb özünü həlak edirdi. Dilindən tez-tez bu sözlər duyulurdu:
– Cəzamız bitməyibmiş, Ənvər, bitməyibmiş! Cəzanın ən böyüyünü fələk bu günümüzə saxlayıbmış!
Heç bir təsəlli, deyilən heç bir söz onun dərdini yüngülləşdirməyə, ürəyinə sakitlik, çəkdiyi əzaba aramlıq gətirməyə təsir etmirdi. Bir yandan da mənim hayıma qalmışdı.
Mən… Xoşbəxtliyin var olduğuna yenicə inanmaq istədiyim anda xoş günü əlindən alınan…
Analıq sevincini doya-doya yaşamadan körpəsi qucağından yoxa çıxan, bədbəxt olmuş ana…
Yorulub əldən düşəndə səsimi qısa müddətə kəssəm də, Arazın ətri-qoxusu burnuma gələndə, yoxluğunu acı bir gerçəklə dərk edəndə yenidən nalə qoparıb, dəli kimi çığırırdım. Son dəfə əlində oynatdığı oyuncağını əlimdən yerə qoymurdum. Bu mənə Arazdan qalan, onunla keçirdiyim son gecənin nişanəsi idi. Barmaqları gəzmişdi bu oyuncağın üzərində, nəfəsi dəymişdi. Baldan şirin dodaqlarının tamı qalmışdı bu oyuncaqda. İndi mən ən dəyərli bir əmanət kimi bərk-bərk ondan yapışmışdım.
Dilarə yanımdan ayrılmasa da, bu vəziyyətimdə mənə yalvarmaqdan, məni ovutmaqdan başqa əlindən heç nə gəlmirdi.
– Bacı, qurban sənə, körpəni düşün. Axı o da var. İstəyərsən bəgəm, ona bir zərər gəlsin? – O özü də göz yaşlarına boğulduğu halda, məni sinəsinə sıxıb, yenə də bütün səyi ilə mənə ümid verməyə çalışırdı. – Bax, görərsən, inşallah, bir xəbər çıxacaq.
Mən bütün bu sözləri azı bəlkə yüz dəfə eşitsəm də, yenə eyni sözü təkrarlayıb göz yaşı tökürdüm:
– Arazı istəyirəm! Qucağıma alım, ətrini duyum, başqa heç nə.
– İnşallah, can, o da olacaq. Amma sən özünü bu qədər həlak etsən xəstələnərsən. Özünü ələ al.
Anamın da halı, vəziyyəti heç xoşagələn deyildi. Tez-tez özündən gedir, həkim müdaxiləsindən sonra özünə gəlsə də gözlərini bir nöqtəyə zilləyib, üzündə əzablı bir ifadə ilə soyuqdan donan adamlar tək titrəyirdi…
Bayaqdan naləmi – fəryadımı duyan anam nəhayət ki, mənə yaxınlaşmağa özündə güc tapa bildi. Üzündə qüssəli ifadə, saçlarımı sığallayıb:
– Özünü ələ al, bir az sakitləş. Sən belə etdikcə mən ölüb-dirilirəm, – deyə məni qucaqlamaq istədi.
Bilmirəm niyə, amma daxilimdən qopan qəribə bir hisslə onun əlini saçlarımdan götürüb geri çəkdim. Mənə toxunmasına icazə verməyən bir tövrlə çəkdiyim əzabın ağırlığından ona:
– Ana, get, xahiş edirəm, get. Tək qalmaq istəyirəm, – dedim.
– Qızım, sakit ol, səni başa düşürəm…
– Sən məni heç vaxt başa düşə bilməzsən! – Özüm də hiss etmədən ona səsimi qaldırdım. – Çünki çəkdiyim acıdan xəbərin yoxdur!
Dilbər xanım bir yandan ağlasa da, heyrətlə məni süzdü. Astadan:
– Qızım… – deyə mənə eşitdirdi. – Eyibdür.
Qayınanamın yanında məndən gördüyü sərt münasibətə pərt olan anam doluxsunmuş halda:
– Kim istərdi ki, belə olsun? Hardan ağlımıza gələrdi? – deyə təkrar mənə sarılmaq istədi.
İnadla əlinin altından çıxıb qayınanamın ağuşuna atıldım, ona sarılaraq göz yaşları içində anama eşitdirdim:
– Uzaq durun məndən! Kimsəyə ehtiyacım yoxdur! Evdən bayıra çıxmasaydım, Araz indi yanımda idi.
Mənim tənə dolu kəskin sözlərim, üstəlik, anamı rədd edib hər kəsin gözü önündə qayınanamdan yapışmağım Şahnaz xanımı göydən yerə vurdu. Daha heç bir söz demək iqtidarında olmadı. Kövrəlib ağlaya-ağlaya otağı tərk elədi.
Qayınanam mənə olan narazılığını, iradını məndən də gizlətmədi:
– Qızım, anandır o qadın sənün! Ana ilə bu necə rəftardır? O da ən az sənin qədər acı çəkir, üzülür. Olmaz belə!
Danışmaq yerinə sızıldaya-sızıldaya ağladım.
Saatlar sonra
…Hava limanının çıxışında Azər Ceyhunla Rəşidi görüb, təəccübləndi. Hər ikisi dilxor və məyus görünürdülər. Bu Azərin diqqətindən yayınmadı. Onlara çatıb, hər ikisinin əlini sıxdı.
– Hara belə, atam, səfər var?
Ceyhun qıyğacı Rəşidi süzdü, dillənməyib baxışlarını yerə dikdi. Cavabı onun ixtiyarına buraxdı. Rəşid naəlac qalıb Azərin sualına özü cavab verməli oldu:
– Səni gözləyirdik.
– Məni? Nə olub, xeyirdir? – Azər maraq içində dostlarını süzdü.
Ceyhunla Rəşidin oğrun baxışları yenə bir-birinin üzündə gəzdi. Rəşid vəziyyəti ələ alıb:
– Gedək, yolda danışarıq da, – dedi.
Maşına əyləşib yola düzəldilər.
Azər dostlarının yol boyu sözü ordan-burdan salıb söhbəti uzatdıqlarını, əslində heç o əhvalda olmadıqlarını artıq hiss etmişdi. Zorla sakit görünməyə çalışsalar da üzlərinin ifadəsində gizlətmək istədikləri, lakin müvəffəq ola bilmədikləri matəm havası vardı.
Bir qədər sonra Rəşidin maşını Mərdəkana sürdüyünü görəndə Azər:
– Şəhərə sür, mənim studiyada bir-iki saatlıq işim var, – dedi.
Rəşid köks ötürüb güclə dilləndi:
– Evə getsən yaxçı olar, brat.
Azərin ifadəsi dəyişdi. Qaşları çatıldı:
– Niyə ki? – Şübhə ilə soruşdu.
Dostları cavab verməkdə yenə çətinlik çəkdilər. Heç birinin səsi çıxmadı.
Azər narahatlıq içində onları süzüb, bir bədbəxtlik baş verdiyinə artıq əmin oldu. Yerində qurcalandı. Ağlına gələn bütün pis fikirlər səbəbilə onu sıxıntı basdı. Nəfəsinin daraldığını hiss etdi.
Məhəlləyə çatanda darvazanın önündə dayanan xeyli maşın, xüsusilə də təcili tibbi yardım və milis maşınları küçənin ta başından diqqətini çəkdi. Ürəyinə qara şübhələr dolmağa başladı. Həmin anda ağlına gələn ilk ehtimal atasının səhhəti ilə bağlı oldu.
Onun gəldiyini görən qonşu oğlanlardan biri içəri xəbər verdi.
Çox keçmədən Vüsət üzünə qəm ələnmiş ifadə ilə darvazanın önündə göründü.
Azər maşından enib onu qarşılayan Vüsətə sualı sualın ardınca verdi:
– Vüsət, nə olub? Nə baş verib? – Həyəcanla həyətə toplaşanlara baxdı. Tünlükdən gözü qaraldı.
Vüsət dillənməyə cəsarət etmədi. Başını aşağı saldı. Bunu görəndə Azərin artıq şübhəsi qalmadı. Atasının dünyasını dəyişdiyini sandı.
Addımlarını yeyinlədib “Atamdır?” deyə titrək səslə ona səslənsə də cavab gözləmədi. İti addımlarla həyətə keçdi. Həyətə yığılanlar arasında tərpəniş hiss olundu. Bayaqdan donub qalmış, sükuta qərq olmuş insanlar onu görəndə sanki canlandılar. Təlatümlü bir baxışla həyətdəki qohumlara, tanışa, qonşuya qaçaraq bir nəzər salan Azər qarşısına yeriyən Cəmilin ona nə dediyini duymadı. Pilləkəni iki-iki adlayıb yuxarı qalxdı. Evə keçdi.
Anasını və onun başına yığılan bütün yaxınlarını gözü yaşlı görəndə varlığı silkələndi. Özündə güc tapıb salona yığışanlara müraciətlə:
– Allah xatirinə biriniz nə baş verdiyini desün artıq!
Dilbərin dillənməyə halı olmadı, oğlunu görüb daha yanıqlı bir səslə ağlamağa başladı. Səadət nə baş verdiyini Azərə açıb söyləyəndə bu xəbər dünyasını tarimar etdi. Hər ehtimalı düşünmüşdü, bircə bu ağlına gəlməmişdi.
Daha burada dayana bilmədi. İti addımlarla onlara məxsus olan otağa doğru tələsdi. Qapıdan içəri atdığı ilk addımda bir daha sarsıldı.
Aydanı xəyal belə etmədiyi bir halda gördü. Hər şey gözündə yerlə bir oldu.
***
…Azər qapıda görünəndə, baxışlarımız toqquşanda əllərimi qucaqladığım dizlərimdən götürüb yerimdə dikəldim.
İlahi, üzündə bu an bir ifadə vardı ki, sözlə təsvir etmək qeyri-mümkündür. Göz bəbəklərində dağılıb viran qalmış həyatımızın əksini gördüm. O, sarsılmış halda mənə doğru gəldi. Və od tutub yana-yana:
– Elə bir səbəb gətir ki, sənə inana bilim! Sənə haqq verə bilim! – Son sözləri güclə tamamladı, səsi titrədiyi üçün dişlərini özünə olan hiddəti ilə bir-birinə sıxdı. Sinəsi şiddətlə qalxıb-endi.
Ağlar gözlərlə üzünə baxsam da dillənə bilmədim.
Susduğumu görüb, üstümə çəmkirən Azərin səsi tarıma çəkildi:
– İzah gözləyirəm!
Diksinən kimi oldum, bu günədək görmədiyim sərt rəftarına çaşıb qaldım. Göz yaşları içində qarşısında tir-tir titrədim.
Dilarə Azərin əhvalını, üzündəki ifadəni görüb araya girmək istədi.
– Qaqaş… sakit ol, qurban sənə, qız onsuz da…
– Mane olma! – Azər qolundan tutub onu otaqdan çıxararaq qapını örtdü. Yenidən mənə doğru gəldi. Gözlərimin içinə baxa-baxa qeyzlə səsini göyərtdi.
– Məsuliyyətsizliyinin səbəbini izah elə! Nə iş gəldi uşağın başına? Necə oldu? Danış!
Hıçqırıqlar içində hönkürdüm, yenə də dillənə bilmədim.
Azər tələbkar bir səslə:
– Sənin uşaqdan vacib nə işin ola bilər ki, uşaq gözüvün önündən yoxa çıxır, xəbərin olmur! – dedi.
Üzünün ifadəsi, səsinin tonu canıma qorxu saldı. Bir yandan göz yaşı töksəm də, bir yandan izah etməyə çalışdım:
– Yanımda yatırmışdım. Səhər yuxudan oyananda gördüm ki, yoxdur.
– Həri? – Qaşları düyünlənmiş halda məni dinləyən Azər acı istehza ilə gözlərimin içinə baxdı.
– And içirəm ki, belədir! – Ağlaya-ağlaya dilləndim.
– Ələ salmısan məni, ağəz? – Üstümə bağırdı. – Əbləhəm mən səninçün? Nədir, yoxsa burdan səfeh kimi görünürəm? – Onun gərgin səsi mənim hıçqırıqlara boğulan səsimi batırdı.
Qarşısında cücə kimi büzüşdüm, bir anlıq özümü kimsəsiz və müdafiəsiz hiss edib daha da kövrəldim.
– Sizi buradan aparmaqda məqsədi bu idi atovun? Buna çalışırdı?
Bu vaxt otağın qapısı hökmlə açıldı. Gözləmədiyimiz şəkildə anam içəri gəlib Azərə acıqla səsini qaldırdı:
– Adə, nə düşmüsən qızın üstünə, hə? Nöş dirəmisən bu qızı divara? Hansı ana istər ki, körpəsini itirsün?
Azər çəp-çəp anamı süzüb, dodağını dişlərinin arasında hiddətlə sıxdı. Onsuz da boğulmuş olan rəngi bir az da boğuldu. Anam isə onun sükutunu fürsət bilib susmadı, bütün nifrəti ilə davam etdi:
– Elə bilirsən bir tək sən əzab çəkirsən? Bir tək sən həyəcan keçirirsən? Başa düşdük, atasısan. Amma bu qız o körpəni dünyaya gətirib. Qızı məhşər ayağına çəkməzdən əvvəl bir yaxşı-yaxşı fikirləş ki, nə etmisən. Bəlkə elə sənin işlərinin ucbatından olub? Nə bilmək olar! Görəsən kimin xoşuna gəlməyən nə iş görmüsən ki, nəticəsi budur da.
Titrəyə-titrəyə bir Azərə, bir anama baxırdım. Bir anlıq öz dərdimi unutmuş, anamla kürəkəni arasında yaşana biləcək xoşagəlməz söhbətin təlaşına, həyəcanına qapılmışdım.
Azər anamın ona ünvanladığı bütün sözlərə zidd olaraq həqarətlə onu süzüb:
– Mənim anam bu otağa iznsiz girmir, siz nə ixtiyarla mənim yataq otağıma soxulursunuz? Bu azmış kimi söhbətə də müdaxilə edirsiniz! – dedi. – Çıxın bayıra!
Anam bu rəftarı gözləmədiyi üçün tutulub qaldı. Lakin yerindən tərpənmədi.
– Bu saat buranı tərk edin, dedim!
Azərin sərt tonda ikinci xəbərdarlığından sonra anam məzəmmətlə məni süzdü:
– Bərəkallah! Gör necə hörmətə mindirmisən də bizi. Xətrimiz necə də əziz imiş kürəkən yanında.
Azər bezib-usanmış halda:
– Hansı xətir-hörmətdən danışırsınız siz? – dedi. – Hörmət qaldı ki?
– Biz sənin düşmənin deyilik, sən öz düşmənini özün qazanmısan. Bizdə günah görmə.
Azər eyhamla cavab verdi:
– Bu dəqiqə elə bir vəziyyətə gəlib çıxmışam, dostum kimdir, düşmənim kim, ayırd edə bilmirəm. Siz yaxşısı budur dua edin uşağın başından bir tük əskik olmasın. Dua edin ki, tapılsın. Yoxsa böyük-kiçik nəzərə almayacam. Açıq deyirəm!
Sözün bu yerində Dilbər xanımın səsinə çevrildik. O, şahid olduğu mənzərə qarşısında pərişan bir əhvalla:
– Oğlum, adam yığılıb evinə sənin. Bu nə rəzalətdir çıxarırsan? – dedi, irad dolu baxışlarla oğlunu süzdü. Əslində bu sözlərin bütünlüklə anama ünvanlandığı açıq-aşkar bəlli idi. Sadəcə Dilbər xanım öz xanımlığını qoruyub o səviyyəyə enmək istəmirdi.
Azər bundan sonra daha bir söz demədi, əsəbi addımlarla otağı tərk elədi.
Anam isə hikkəli-hikkəli məni süzüb, yanımdan ayrıldı.
(Ardı var)